HƏQİQƏTİN BİR ÜZÜ VAR, YALANIN MİN ÜZÜ

0
8604

Bir neçə vaxt bundan öncə dostum Telman Səmədov zəng vurub dedi ki, “Azadlıq” radiosunda Səməd Vurğun haqqında bir veriliş var, ona qulaq as. Mən həmin verilişi dinlədim və “Azadlıq” radiosu ilə bağlı bir olayı xatırladım.

Üstündən çox illər ötdüyünə görə dəqiq vaxtını bilmirəm, “Azadlıq” radiosundan mənə bir xanım zəng vurub dedi ki, “Koroğlu” dastanı haqqında veriliş hazırlayırıq və istəyirik siz orda iştirak edəsiniz. Mən söz verdim. Verilişin vaxtına hələ bir neçə gün varıydı. Həmin xanım hər gün iki dəfə zəng vurub mənim gəlib-gəlməyəcəyimi dəqiqləşdirirdi. Görünür, gələcəyimə çox da əmin deyildi.

Danışdığımız vaxtda mən “Azadlıq” radiosunun C.Cabbarlı küçəsində yerləşən ofisinə gəldim, həmin xanım məni qarşıladı, otağa apardı. Tanış olduq. Bu xanım indi S.Vurğun haqqında verilişi aparan Şahnaz Bəylərqızıydı. Qış ayıydı, paltomu soyundum, oturmaq istəyəndə açıq qapıdan gözüm dəhlizdə gəzən Seymur Baycana sataşdı. Soruşdum ki, Seymur Baycan burada nə gəzir? Şahnaz xanım dedi ki, o da “Koroğlu” haqqında danışacaq və mən ağzımı açmamış əlavə elədi:

-İslam müəllim, sizə bir dəqiqə vaxt veriləcək. Bir dəqiqə ərzində siz Koroğlunu tanıtmalısınız.

Mən soruşdum ki, bəs verilişiniz neçə dəqiqəlikdir ? Aparıcı xanım dedi ki, bir saatlıqdır. Mənim dalağım sancdı və soruşdum:

-Bəs o verilişdə əlli doqquz dəqiqə kimlər danışacaqlar?

Aparıcı xanım əlli doqquz dəqiqə özünün və Seymur Baycanın danışacaqlarını bildirdi. Bundan sonra hər şey mənə güzgü kimi aydın oldu və dedim:

-Şahnaz xanım, mənim sizin bir dəqiqənizdə də gözüm yoxdu. Elə altmış dəqiqənin hamısını Seymur Baycanla siz üz-üzə oturub danışarsınız. Mənim sizin böhtan və yalanlarınıza qulaq asmağa vaxtım yoxdu.

Mən paltomu geyindim, bu zaman orda işləyən Çingiz Sultansoyu çağırdılar ki, məni əyləsin. Ancaq məni orda artıq heç kim saxlaya bilməzdi. Mən getdim və heç o verilişə qulaq da asmadım. Sonra Əsəd Cahangir mənə dedi ki, verilişdə Seymur Baycan və aparıcı Şahnaz Bəylərqızı “Koroğlu” haqqında ermənilərin nəinki danışmadıqları, hətta ağıllarına belə gətirmədikləri böhtanlar söylədilər. Mən o vaxtdan “Azadlıq” radiosunun kimə və nəyə xidmət etdiyini yaxşı bilirəm.

İndi bu söhbəti elə-belə xatırlatmadım. “Azadlıq” radiosunun Səməd Vurğun haqqındakı verilişi də eyni məqsədlə hazırlandığından yalan və böhtanlara gen-bol yer ayrılmışdı.

Azərbaycan xalqının bir atalar sözündə deyilir: “Dostunu göstər, kim olduğunu deyim”. Bunu radio və televiziya verilişlərini hazırlayanlar haqqında belə demək olar: “Qonağını göstər, nəylə nəfəs aldığını deyim”. Burada böyük həqiqət var. S.Vurğun haqqında danışmağa Sərdar Cəlaloğlunu və Aqşin Yeniseyi çağıran aparıcının nəylə nəfəs aldığı, necə danışacağı, S.Vurğuna hansı böhtanları atacağı öncədən güzgü kimi görünür. Ona görə mən təkcə Sərdar Cəlaloğluna və Aqşin Yeniseyə yox, Azərbaycanın milli-mənəvi dəyərlərindən, dahi şəxsiyyətlərindən danışanların hamısına səslənirəm:

-Nədən danışacağınızın fərqinə varın. Hər şeydən öncə fikirləşin ki, Koroğlu, Səməd Vurğun və başqaları haqqında danışmağa sizin mənəvi haqqınız çatır, ya yox?! Danışdığınız böhtanlara, alçaldıcı sözlərə, hətta təhqirlərə görə, cavab verməli olduğunuzu da unutmayın.

Yuxarıda deyilənləri təsdiqləyən bir incə məqam odur ki, Sərdar Cəlaloğlu və Aqşin Yenisey redaksiyanın qonağı kimi studiyada əyləşiblər, əsas sözü onlar deyirlər. Akademik Nizami Cəfərov, vurğunşünas Aslan Salmansoy, şair Ələddin İncəli isə telefonla verilişə qoşulurlar. Əgər “Azadlıq” radiosu bu verilişi xoş niyyətlə hazırlasaydı, onda əksinə olmalıydı, yəni Nizami Cəfərov, Aslan Salmansoy və digər ədəbiyyatçılar studiyada oturub, əsas sözü onlar deməliydilər. S.Cəlaloğlu, A.Yenisey və digərləri isə istəsəydilər qoşula bilərdilər. Paradoks göz qabağındadır. Əsl həqiqət də bu paradoksdadır!

Mən bu yazıda Sərdar Cəlaloğluna və Aqşin Yeniseyə yerli-yataqlı cavab vermək fikrində deyiləm. Ancaq onların bəzi fikirlərinin necə ağ yalan olduğunu açmaq istəyirəm.

Öncə deyim ki, Sərdar Cəlaloğlu ədəbiyyat adamı deyil. Onun ədəbi zövqü də, poetik duyumu da, poeziya haqqındakı duyğu və düşüncəsi də Səməd Vurğunun ünvanına söylədikləri qədər dayaz və bəsitdir. Onun fikirləri məntiqdən çox məntiqsizliklə, ağıldan çox ağılsızlıqla, duyğudan çox duyğusuzluqla, obyektivlikdən çox qərəzlə yoğrulmuşdur. İçindəki qəzəb və nifrət o qədər güclüdür ki, otuz ilin siyasətçisi onu gizlədə bilmir. İkincisi, Sərdar Cəlaloğlu özünü az qala parlament qədər səlahiyyətli hesab edərək S.Vurğunun “26-lar” poemasından və “Vaqif” dramından imtina olunmasına hökm verir, onun fikri ilə razılaşmayanlarla qəti şəkildə barışmır. Üstəlik S.Vurğunu 37-ci il repressiyalarında günahlandırır, hətta əlində heç bir əsas olmadan Hüseyn Cavidi, Mikayıl Müşviqi güllələtdirdiyini söyləyir ki, bunun arxasında ciddi məsuliyyət dayanır. Sərdar Cəlaloğlu nə qədər qışqıra-qışqıra danışsa da, Səməd Vurğunun yaradıcılığına dərindən bələd olmadığı da aydın görünür.

O, Səməd Vurğunun “Mən nə Sanılıyam, nə də Cavadam, Onlara düşmənəm, onlara yadam” misralarını 37-ci il repressiyaları ilə bağlayır, halbuki bu şeir 1931-ci ildə Zəngili soyadlı birisinin şairin ilk kitabı haqqındakı məqaləsinə cavab olaraq yazılmışdır (bax: İslam Sadıq. “Mənəm bu dünyada bəlalar çəkən”. Səməd Vurğunun bir şeirinin yazılma səbəbi: “Ədəbiyyat” qəzeti. 29 iyul 2017-ci il).

Buradaca xatırlatmaq istəyirəm ki, Səməd Vurğun poeziyasının işığı gözlərini qamaşdıran qarovlar uzun illərdir ki, arxivlərdə şairin donosunu axtarırlar. Az qala bütün ömrünü bu işə sərf eləyən adamlar var. Lakin onların bu axtarışları indiyə qədər heç bir nəticə verməyib, hara və nəyə əl atıblarsa, əlləri boşa çıxıb. Bəs niyə? Çünki onların axtardıqları şey heç yerdə yoxdur. Buna baxmayaraq həmin adamlar yenə öz niyyətlərindən əl çəkmirlər, yeri oldu-olmadı köhnə valları təzədən oxudurlar.

Səməd Vurğuna atılan böhtanlara xalq inansın deyə daha çox onun Mikayıl Müşfiqi güllələtdiyini qabardırlar. Bu da onunla bağlıdır ki, çox cavan yaşında güllələnmiş Mikayıl Müşfiqin acı taleyinin yanğısı xalqın qəlbində böyük bir sevgiyə çevrilmişdir. İndi bir çoxları bu sevgidən Səməd Vurğuna qarşı ustalıqla istifadə etməyə çalışırlar. Ancaq belələri unudurlar ki, xalqın qəlbindəki iki böyük sevgini qarşı-qarşıya qoyub onlardan birini digərinin kölgəsində gizlətmək mümkün deyil.

1945-ci ilin əvvəllərində olub bu hadisə. Səməd Vurğun Moskvadan Bakıya M.C.Bağırovun vaqonunda gəlib. Yolda Mikayıl Müşfiqin azadlığa buraxılmasını ondan xahiş edib. Bakıya çatan kimi M.C.Bağırov MK-nın iclasını çağırır, Səməd Vurğunun məsələsini qoyur. Görün orda Səməd Vurğunu necə ittiham eləyir.

– Misal üçün cənab Səməd Vurğun Vəkilov! Bu bəy oğlunu-ağa törəməsini (təhqirə fikir verin-İ.S) bataqlıq içindən çıxarıb, insan ləyaqətinə mindirdik. İsti ocaq başında əyləşdirib uca-uca şöhrətlərə çatdırdıq. Adam eləyib, əsl adamlar sırasına qatdıq. O isə mundar ağa–bəy xislətini dəyişmədi… Bu günlərdə onunla Moskvadan gəlirdim. Vaqonuma dəvət eləmişdim. Heç bilirsiz, yolda nə xahişdə bulundu cənab Vəkilov?! Təpədən-dırnağa bizə düşmən, ən qatı əleyhdarlarımızdan biri, əks-inqilabçı şair Mikayıl Müşfiqi əfv etmək, azadlığa buraxdırmaq!… O Mikayıl ki, bütün şeirlərində müsavat ideyalarını tərənnüm etmiş və onun gizlin, həm də ən fəal təbliğatçılarından olmuşdur (Daha ətraflı bax: Vidadi Babanlı. Gizlinlər. Gerçək roman. II kitab. “Azərbaycan” jurnalı. Bakı. 2005. №1. s.91-99).

Arxivlərdə S.Vurğun haqqında M.C.Bağırovun ittihamlarla dolu nə qədər çıxışları saxlanılır. Səməd Vurğun dönə-dönə MK-nın iclaslarında M.C.Bağırovun bu cür ittihamlarıyla–güllələnmə hökmü ilə üz-üzə qalmışdır. İndi S.Cəlaloğlu M.Müşfiqin buraxılmasını M.C.Bağırovdan xaiş eləyən və buna görə az qala özü güllələnəcək Səməd Vurğunu Mikayıl Müşfiqin ölümündə günahlandırır. Görəsən S.Cəlaloğlu bununla nə qədər ağır günaha batdığını duyurmu?

Sərdar Cəlaloğlu arxivlərin bağlı olduğundan danışır, görünür, 1937-ci il repressiyaları ilə bağlı arxivlərdəki sənədlərin çoxunun artıq çap olunduğundan ya doğrudan da xəbərsizdi, ya da qatığın qara olmadığını göstərdiyinə görə, daha doğrusu, S.Cəlaloğlunun yalanlarını təsdiqləmədiyinə görə onlara bilə-bilə göz yumur. 1937-ci ildə güllələnənlərin çoxlarının istintaq işlərində Səməd Vurğunun adı hallanır. Sözsüz ki, bunları həbsdə olanlar yox, müstəntiqlər yazıb onlara qol çəkdiriblər. Məsələn, Bakıda yaşayan Səməd Vurğun guya Qubadlıda yaşayan Bəhlul Behcətin “yaratdığı” (əslində müstəntiqlərin uydurduğu) gizli təşkilatın üzvü olub.  Müstəntiqlər Səməd Vurğunu güllələmək üçün bu yolla “fakt” toplayırdılar. Hətta S.Vurğun 1937-ci ildə iki dəfə həbs olunmuşdur. Mikayıl Müşfiqin və Əlabbas Müznibin istintaq materiallarında bu barədə bilgilər saxlanılmışdır. Ayrı-ayrı vaxtlarda onların hər ikisi ifadə verərkən “Hazırda həbsdə olan S.Vurğun” ifadəsini işlətmişdir. Çox güman ki, Səməd Vurğunun adını həmin ifadələrə müstəntiqlər yazmışdılar. Əgər Sərdar Cəlaloğlu kimi düşünsək onda deyə bilərik ki, Mikayıl Müşfiq də, Əlabbas Müznib də Səməd Vurğunu satıblar. Ancaq mən belə düşüncələrdən çox uzağam və 1937-ci ilin acı havasını yaxşı duyuram. Ona görə də 1937-ci il repressiyalarından danışanlara və yazanlara məsləhət görürəm ki, mənim “Azərbaycanda 1937-ci il repressiyaları: Səbəb, məqsəd, nəticə” yazımı oxusunlar (“Ulduz” jurnalı. 2017, №3). Bu yazıda çox şeylərə aydınlıq gətirilmişdir. 1937-ci ildə biz çox şey itirmişik, qalanlar isə qazancımız olub. Səməd Vurğun niyə güllələnmədi deyə düşünənlər heç vaxt H.Cavidi, M.Müşfiqi, Ə.Cavadı və başqalarını sevə bilməzlər. Sərdar Cəlaloğlu Səməd Vurğun haqqındakı böhtanlarına (Səməd Vurğunun kiminsə haqqında donos yazmağı və ya ifadə verməyi böhtandan başqa bir şey deyil, çünki bu günə qədər həmin fikri təsdiqləyəcək bir dənə də fakt tapılmamışdır) xalqı inandırmaq üçün tez-tez kommunist partiyasından, Sovet dövlətindən, Stalindən, onun ideologiysından danışır. Özü də elə danışır ki, guya bunları ondan başqa bilən yoxdur. O, Səməd Vurğunun M.Ə.Rəsulzadənin adını çəkdiyi misralarını elə yana-yana oxuyur ki, guya M.Ə.Rəsulzadəni çox sevir. Ona görə guya deyirəm ki, M.Ə.Rəsulzadəni sevən adam öz böhtanına don geyindirmək üçün onun fikirlərini təhrif etməz. M.Ə.Rəsulzadənin fikirlərini təhrif etmək ona çox böyük sayğısızlıqdır. S.Cəlaloğlunun məhvinə hökm verdiyi “Vaqif” darmı haqqında görün M.Ə.Rəsulzadə nə yazmışdır:

“Buna baxmayaraq Azərbaycanın potensial mədəni qüvvələrinin fəaliyyətdən qalmadığına şahid oluruq. Sovet vətənpərvərliyinin kadrları içində belə Azərbaycanın özünəməxsus potensialı öz təsirini göstərməkdə və varlığını isbat üçün çalışmaqdadır. Son illərdə bir çox tərcümə ədəbiyyatı nümunələri yaranmışdır. Şərq və Qərb klassiklərindən bir çoxu Azərbaycan dilinə çevrilmişdir. Bunlar arasında Nizaminin bütün əsərləri, rus şairi Puşkinin “Yevgeni Onegin”, gürcü şairi Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” mənzuməsi mənzum olaraq türkcəyə tərcümə edilmişdir. Tərcümə əsərlərindən başqa orijinal əsərlər də yazılmışdır: bunlar arasında yuxarıda haqqında danışdığımız Səməd Vurğun Stalini idializə edən əsərlər yanında bir də “Vaqif” adlı mənzum dram yazmışdır. “Vaqif” XVIII yüzillikdə yaşamış məhşur Azərbaycan şairi Molla Pənah Vaqifin həyat və əsərlərindən ilham almaqla yazılmışdır. Ümumi sovet vətənpərvərliyinə rəvac verən son rus əsərlərindən öyrənməklə Azərbaycan vətənpərvərliyinə rəvac verən bu pyes çağdaş Azərbaycan səhnəsinin ən uğurlu əsəri sayılır. Səmədin dili, şairlik qüdrəti və vətənpərvərliyi necə anlaması haqqında bir fikir yaratmaq üçün onun bu mənzuməsindən bəzi beytləri birgə gözdən keçirək:

Şair Vaqif, məlum oldğu kimi, Ağa Məhəmməd şah Qacar ilə müharibə edən Qarabağ xanının vəziri idi. Pyesə görə, Qarabağ xanı məğlub olmuş, Məhəmməd şahın keyf məclisi qurulmuşdur. Vaqif tutularaq onun hüzuruna gətirilir. Şair icəri girərkən Qacara baş əymir.

Qacar – Aha, baş əymir hüzurumda bu!…

Şeyx – Yoxdur vidanında qanun qorxusu.

Qacar – (Vaqifə) – Şair, hökmdarın hüzurundasan.

Vaqif – Bunu sizsiz belə düşünürəm mən.

Qacar – Bəs baş əymədiniz?

Vaqif – Əymədim bəli!

Əyilməz vicdanın böyük heykəli…

Qacar – Qılınclar toqquşub iş görən zaman

Neylər dediyiniz quru bir vicdan?

Vaqif – Vicdan dedikləri bir həqiqətdir–

Beşiyi, yuvası əbədiyyətdir…

Qacar – Bəs zindan necədir, qaranlıq zindan?

Vaqif – Soyuq məzara da zinətdir insan…

Qacar – Aha, sınayırdım idrakinizi,

Doğrudan bir şair görürəm sizi.

Xoşbəxt xəlq eləmiş sizi yaradan!

Vaqif – Dünyada qalacaq yalnız yaradan!…

Qacar – Çox gözəl, çox gözəl, inanın ki mən

Sizin ruhunuzu sevdim ürəkdən.

Göylərə baş çəkən bu şanlı saray,

Göylərin busatı o ulduz, o ay, –

Sizə tapşırılsın bu gündən gərək.

Ancaq bir şərtim var…

Vaqif – Buyurun görək !

Qacar – Gərək fars dilində yazsın sənətkar.

Vaqif – Farsın Xəyyamı var, Firdovsisi var.

Nə çoxdur onlarda böyük sənətkar.

Azəri yurdunun oğluyam mən də,

Az-az uydururam yeri gələndə.

Qacar – Yaxşı, gəl əl götür bu inadından,

Bu qədər naşükür olmasın insan!

Vaqif – Aldada bilməmiş dünyanın varı

Bir məslək eşqilə yaşayanları!

Mən ellər bağında azad bir quşam,

Mənsəbə, şöhrətə satılmamışam!…

Vəzir – Yaxşı da… çarıqlı kiçik bir ölkə

Böyük Firdovsilər yaratdı bəlkə!…

Vaqif – Dayan… bu bağçanın hər bir bucağı

Neçə çiçək, neçə güllər bitirmiş.

Sizin güldüyünüz çoban torpağı

Nizamilər, Füzulilər yetirmiş.

(Məmməd Əmin Rəsulzadə. Çağdaş Azərbaycan ədəbiyyatı. Bakı. 1991. s.74-76)

Mən bu parçanı bilə-bilə bütövlükdə misal gətirdim ki, Sərdar Cəlaloğlu və ona qulaq asanlar yaxşı-yaxşı oxusunlar. M.Ə.Rəsulzadə “Vaqifi” “çağdaş Azərbycan səhnəsinin ən uğurlu əsəri” adlandırır, S.Cəlaloğlu onu məhv etməyə çağırır. M.Ə.Rəsulzadə “Azərbaycan vətənpərvərliyinə rəvac verən bu pyes” deyir, S.Cəlaloğlu Azərbaycan sözünün yerinə sovet deməklə fikri kökündən təhrif edir ki, bu da müəllifə çox böyük hörmətsizlikdir. M.Ə.Rəsulzadə “Vaqif” dramından yuxarıdakı parçanı misal gətirməklə “Səmədin dili, şairlik qüdrəti və vətənpərvərliyi necə anlaması haqqında aydın fikir yaradır”, S.Cəlaloğlu onun bu fikirlərini özünün qara duyğularına büküb hamını çaşdırmaq istəyir. M.Ə.Rəsulzadənin “Vaqif” dramına verdiyi qiymətdən sonra S.Cəlaloğlunun dediklərini açıqlamağa heç bir ehtiyac yoxdur. Əgər M.Ə.Rəsulzadəyə azacıq hörməti varsa, qoy onun yazdıqlarını bir də oxusun, fikirlərini təhrif etməsin, qəzəbinə, qərəzinə bir az qadağa versin.

M.Ə.Rəsulzadə dövrü də, zamanı da yaxşı duyurdu, ədəbiyyatımızı gözəl bilirdi, Səməd Vurğunun böyüklüyünü də görürdü və başqalarından fərqli olaraq xırda hisslərlə yaşamadığına görə də o böyüklüyə göz yummurdu.

M.Ə.Rəsulzadənin yazısından yuxarıda verilmiş parçada dilimizə tərcümə edilmiş bir neçə əsərin adı çəkilmişdir ki, onlardan N.Gəncəvinin “Leyli və Məcnun”, A.S.Puşkinin “Yevgeni Onegin”, Ş.Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” poemalarını Azərbaycan türkcəsinə məhz Səməd Vurğun çevirmişdir. M.Ə.Rəsulzadə də bu əsərlərin tərcüməsini yüksək dəyərləndirmişdir.

S.Cəlaloğlu ona görə Teyyub Qurbanın kitabının adını çəkir ki, onların hər ikisinin Səməd Vurğuna münasibətləri yüzdəyüz üst-üstə düşür. Teyyub Qurban M.C.Bağırovun vurğunu olduğuna görə, onun güllələdə bilmədiyi S.Vurğuna düşmən kimi baxırdı. Uzun illəriydi ki, S.Vurğun haqqında ağlasığmaz böhtanlar uydururdu, arxiv sənədlərini təhrif etməkdən belə çəkinmirdi. Mən Teyyub Qurbanın bu cür böhtanlar uydurduğunu bilirdim, bir neçə dəfə ona möhkəm təpinmişdim. Bu böhtanlardan biri haqqında yazmışam da. Bu yaxınlarda bir yazı oxumuşdum. Bir erməni alimi digər erməni yazıçısının nağılına tarixi qaynaq kimi istinad etmişdir. S.Cəlaloğlunun T.Qurbana istinad etməyi də buna bənzəyir. Bir neçə nəfər əlbir olur, əvvəlcə biri nağıl uydurur, sonra başqası ona istinad edir.

M.Ə.Rəsulzadə Səməd Vurğunun “Vaqif” dramını Stalinin sifarişi ilə yazdığı haqqında bir kəlmə də danışmır. S.Cəlaloğlu isə onu Stalinin sifarişi ilə yazdığını söyləyir. Bütün ədəbiyyatçılar bilirlər ki, “Vaqif” dramı sifarişlə yazılmayıb və yazıla da bilməzdi. Ona görə də bu fikri söyləyən adamın əlində mütləq bir əsas olmalıdır. Bu əsas olmayanda ona böhtan deyirlər.

“Vaqif” dramı 3-4 həftə içində yazılsa da, bu əsər şairin qəlbində, yaddaşında on ildən çox müddət ərzində cücərmiş, çiçək açmış, bar vermişdir. Yəni on il ərzində bu dram Səməd Vurğunun beynində tam formalaşıb hazır olmuşdur. Bunu təsdiqləyən çoxlu faktlar var. 1926-cı ildə böyük qardaşı Mehdixan Vəkilov Şuşa yay pedaqoji kursuna direktor təyin olunur və Səməd onun yanına gedir. Burada Vaqifin baxımsız qalmış, uçub-dağılmış qəbrini görür, ona bir şeir yazır və “Mən səni dirildəcəyəm” deyir. Deməli, “Vaqif” dramının təməli həmin gün qoyulmuşdur və Səməd Vurğun bu əsəri yazmaqla Vaqifi doğrudan da diriltdi. Ona görə də “Vaqif” dramının sifarişlə yazıldığını söyləmək böyük haqsızlıqdır.

Unutmaq olmaz ki, “Vaqif” dramı tarixi əsər olsa da, tarixi xronologiya deyil. Burada tarixilik bədiiliyə xidmət edir. Digər tərəfdən, onun əsas obrazı Qacar və İbrahim xan yox, Vaqifdir. Burada hər şey Vaqifin ətrafında baş verir. Şairin əsas məqsədi Vaqifin obrazını yaratmaq olmuşdur və onun da öhdəsindən yüksək səviyyədə gəlmişdir. Ancaq Səməd Vurğun öz zamanının  şairi idi, onun yaratdığı Vaqif obrazında XVIII yüzilliyin Vaqifiylə  yüzilliyin Səməd Vurğunu bir-biriylə qovuşmuşdur. Qacar obrazına Stalinin, İbrahim xan obrazına M.C.Bağırovun xarakterləri hopdurulmuşdur. Vaqifin Qacarla qarşılaşdığı səhnəylə 1934-cü ildə Səməd Vurğunun Stalinlə qarşılaşdığı səhnə arasında böyük oxşarlıq var. Stalin Səməd Vurğuna cocuq deyərkən şairin ona verdiyi “Mən cocuq deyiləm, xeyli yaşım vardır, Bilirəm söz nədir, məhəbbət nədir” kimi kəsərli cavabıyla Vaqifin Qacara dediyi “Aldada bilməmiş dünyanın varı Bir məslək eşqilə yaşayanları” misralarının  xəmiri bir tabaqda yoğrulmuşdur. Diqqətlə fikir verəndə Vaqif obrazında Səməd Vurğunun özünü görmək o qədər də çətinlik törətmir. Əslində “Vaqif” dramı yazılı ədəbiyyatımızın qəhrəmanı Səməd Vurğunun özü olan “Koroğlu” dastanıdır.

S.Cəlaloğlu Səməd Vurğunun “26-lar” poemasını 31 mart soyqırımı ilə bağlayır. S.Şaumyanın Azərbaycan türklərinə qarşı soyqərəmən başında durduğunu yəqin ki, təkcə S.Cəlaloğlu yox, çox adam bilir. Onu qəzəbləndirən də guya poemada S.Şaumyanın adının çəkilməyidir. Mən  bu məsələdə də S.Cəlaloğlunun səmimiyyətinə inanmıram. Mənə elə gəlir ki, o, Səməd Vurğunun haqqında düşündüklərini demək üçün Şaumyandan bir vasitə, üzə tutalğac kimi kimi istifadə edir. Onu soyqırımdan da, Şaumyandan da daha çox S.Vurğunu l\k\l\m\k düşündürür. Əgər belə deyilsə, onda niyə Azərbaycanda 26-lar” və Şaumyan haqqında cild-cild kitablar yazan başqa adamların adlarını çəkmir? Əgər belə deyilsə, niyə “Andranik elə qan dənizinin içində üzür ki, Şaumyana bağlamaqla onu təmizə çıxarmaq olmaz, əksinə, bu onun qanını Şaumyana çiləmək, Şaumyanın Azərbaycanda əziz tutulan, hər vasitə ilə əbədiləşdirilən adına ləkə salmaqdır” deyən və bu gün özünü az qala milli qəhrəman kimi aparan xalq şairi ilə öpüşüb-görüşəndə S.Cəlaloğlu heç olmasa üzünü sada turşutmur?! Mən çağdaşlarımızın yazılarından Şamuyanın və bütövlükdə ermənilərin haqqında boğazdan yuxarı təriflərlə dolu onlarla bu cür misallar göstərə bilərəm. 1935-37-ci illərdə yazılanları buraxıb bunlardan danışsaydı, mən S.Cəlaloğlunun səmimiliyinə inanardım və onu dəstəkləyərdim.

Aqşin Yenisey ağzını açan kimi S.Vurğunu savadsız adlandırdı. Mən ona savadsız deməyi özümə sığışdırmıram, ancaq bircə şeyi xatırlatmaq istəyirəm ki, o zamanın 3-4 sinif qurtaranları bu gün Bakı Dövlət Universitetini qurtaranlara dərs deyərdilər. Gəlin görək Səməd Vurğun doğrudanmı savadsız idi və Aqşin Yeniseyin dediyi kimi öz müasiri Maksim Qorkini tanımırdı? A.Yenisey Səməd Vurğun haqqında onun yaradıcılığına qətiyyən bələd olmayan adam kimi danışırdı. Əgər belə olmasaydı, onda S.Vurğunun dönə-dönə M.Qorkidən sitatlar gətirdiyini, “Qız və ölüm” əsərini 1938-ci ildə Azərbaycan türkcəsinə çevirdiyini, onun haqqında bir neçə məqalə yazdığını, şeir qoşduğunu bilərdi. Səməd Vurğun M.Qorki ilə bir neçə dəfə görüşmüşdü. 1934-cü ildə SSRİ Yazıçılarının I qurultayında onlar tanış olmuşdular. Hətta həmin qurultayda M.Qorki və A.Tolstoy Azərbaycan yazıçıları ilə şəkil də çəkdiriblər. Səməd Vurğun onlarla yan-yana dayanıb. A.Yenisey bircə dəfə Səməd Vurğunun Ev muzeyinə girsəydi, o şəkli görərdi və Səməd Vurğunun M.Qorkini tanımadığını söyləyib tamaşaçılarıözünə güldürməzdi. Onda Səməd Vurğunun cəmi 28 yaşı varıydı. M.Qorki Səməd Vurğunu, Səməd Vurğun da M.Qorkini yaxşı tanıyırdı.

1954-cü ildə SSRİ yazıçılarının ikinci qurultayında bir savadlı adam tapılmadı. Poeziya üzrə məruzəni “savadsız” S.Vurğuna tapşırdılar. Onu da deyim ki, əsas məruzə bəyənilmədiyinə görə ikinci məruzəni kimin hazırlamağı məsələsi ortaya çıxanda birinci adı çəkilən Səməd Vurğun olmuşdu. Səməd Vurğunun nə qədər “savadsız” olduğunu görmək üçün həmin məruzəni bir dəfə oxumaq bəs eləyir. Maksim Qorkini “tanımayan” Səməd Vurğun Bayronun, Amadunun adlarını görəsən hardan eşitmişdi? Axı o bir şeirində Bayronu yarışa çağırırdı. Görəsən bəs niyə Bayronu? Səməd Vurğun bu şeiri yazarkən dünya poeziyasının elə bir zirvəsində oturmuşdu ki, onun meydanına yalnız C.Q.Bayron girə bilərdi. Həmin şeirdən bircə bənd:

Əlvida söylədik borana, qışa,

Alqış dünyamızdan qopan alqışa!

Çağırın Bayronu çıxaq yarışa,

Kim boyun qaçırsa, ona ar olsun.

Aqşin Yenisey Səməd Vurğunu aşıq adlandırdı. Birincisi, xalq yaradıcılığı, aşıq şeiri Səməd Vurğun poeziyasının ilkin qaynağıdır, lakin Səməd Vurğun aşıq deyil. İkincisi, böyük şairə aşıq təfəkkürlü, aşıq düşüncəli deməklə özünün nə qədər bəsit və cılız təfəkkürlü olduğunu göstərdi. Aşıq ədəbiyyatına özləri və sözləri bir bayatı, Koroğlunun, Qurbaninin, Tufarqanlı Abbasın, Xəstə Qasımın, Yəhya bəy Dilqəmin, Hüseyn Şəmkirlinin, Qaracaoğlanın, Aşıq Ələsgərin bir təcnisi, gəraylısı və qoşması ağırlığında olmayanlar ağız büzürlər. Mən aşağıdakı bayatını tərəzinin bir gözünə qoyuram, özünə güvənən varsa ikinci gözünə nəsə qoysun:

Əzizim, baxdı yarım,

Baxdımın taxtı yarım.

Üzündə göz izi var,

Sənə kim baxdı yarım.

Aqşin Yenisey bu gün limonu qırmızı, qara, narıncı, bənövşəyi və s. rənglərdə görürsə, bu onun rəngləri ayıra bilməmək xəstəliyidir və bunda S.Vurğunun nə günahı var. Bu gün də limonun nə rəngdə olduğunu kimdən soruşsan sarı deyir. Mən heç kimin dilindən “qara, qırmızı, narıncı, bənövşəyi limon” ifadələrini eşitməmişəm.

Səməd Vurğunun iki böyük xidmətini mütləq xatırlatmaq istəyirəm. Bunun birincisi dilimizin xilasıdır. A.Yenisey deyir ki, S.Vurğunu bizim dilimiz yaratdı. Bunu hamı bilir. Hamı onu da bilir ki, bu dildə şeir yazıb şair olmayanlar da çoxdur. Bəs bu dil onları niyə dahi eləmədi? S.Vurğunun böyüklüyü ondaydı ki, körpəliyindən ruhuna, iliyinə-qanına hopmuş xalqın bulaq suyu kimi duru və zəngin dilini ədəbiyyata gətirməklə onu sapmalardan, korlanmalardan, bəlkə də məhv olmaqdan qorudu. S.Vurğunun ikinci xidməti Qobustanı xilas etməyidir. Böyük Vətən müharibəsindən sonra Qobustanda daş karxanası açıb yüzlərlə yazılı abidəni doğrayıblar. İshaq Cəfərzadə S.Vurğuna müraciət edib. O da Qobustanı qoruq eləyib, öz şəxsi vəsaiti ilə gözətçi məntəqəsi tikdirib, qarovulçular qoyub çibindən maaş verib. Qobustan belə xilas olub. Səməd Vurğun olmasaydı, indi Qobustan kimi dünya mədəniyyətinin beşiyi də yoxuydu. Dahi şairin yalnız bu iki xidmətini unutmaq nankorluqdur.

Azərbaycanda həm sağlığında, həm də öləndən sonra Səməd Vurğun qədər sevilən, şeirləri dillər əzbəri olan ikinci bir şair yoxdur. Bu sevgini xalqın qəlbinə nə İ.V.Stalin, nə Komunist partiyası, nə də bolşeviklər doldurmamışdılar. Xalq kimin çinarına süd içirtdiyini yaxşı bilir və heç vaxt yanılmır. Böyük türk şairi Nazim Hikmət demişdi ki, Azərbaycan xalqının S.Vurğunu sevdiyinin yarısı qədər türk xalqı məni sevsəydi, rahat ölərdim.

Azərbaycan xalqı “Dədə-Qorqud” və “Koroğlu” kimi bənzərsiz eposlar yaradıb, Nizami Gəncəvi, Nəsimi, Füzuli, Xətayi, M.F.Axundov, Cəlil Məmmədquluzadə, N.Nərimanov və Səməd Vurğun kimi dahilər yetirib. Azərbaycan xalqı yaratdıqlarının yiyəsidir və onlara kimsənin böhtan atmağına, ləkə yaxmağına yol verməz. Yuxarıda haqqında danışılan və danışılmayan bütün milli-mənəvi dəyərlər, adı çəkilən və çəkilməyən dahi şəxsiyyətlər bu xalqın güvənc yeridir, qürur mənbəyidir. Bu xalq yalançı göz yaşı axıdanların hansı simə vurduqlarını yaxşı bilir, qoy bədxahlarımız bunu unutmasınlar.

Bir də unutmasınlar ki, Səməd Vurğun XX yüzil Azərbaycan poeziyasının Günəşi, dünya poeziyasının ən parlaq ulduzlarından biridir. Böyük şair özü çox gözəl demişdir ki, “Ağılsız köpəklər ulduza hürər!”

İslam SADIQ
Filologiya elmləri doktoru, dosent

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here