Bu gün Azərbaycanın Xalq şairi, xalqın şairi, dramaturq, Azərbaycan Yazıçılar İttifaqının üzvü, Azərbaycanın əməkdar incəsənət xadimi, Heydər Əliyev Mükafatı laureatı, professor Nəriman Əliməmməd oğlu Həsənzadənın doğum günüdür.
Bir-birindən gözəl şeirlər, epik-dramatik poemalar, publisistik yazılar müəllifi kimi tanınan, Azərbaycanın sevimli şairi Nəriman Həsənzadə Azərbaycan xalqının maddi-mədəniyyət xəzinəsinin ağır bir dəyəri və dəyərli bir xəzinəsidir. Nəriman Həsənzadə ruh, sevgi, eşq şairidir. Onun yazdığı şeirlərdən qopan hər bir sözdə bir həyat eşqi var. Hər bir kəlməsi insanın xəyallarını reallıqlara birləşdirir. Nəriman Həsənzadə yaradıcılığına baş vurub onun yazdqlarını incələyən, oxuyan, öyrənən istənilən şəxs qeyrilərindən eşq, sevgi, məhəbbət, duyumluluq baxımından daha dolğun olur. Çünki şairin üzündəki nur, daxilindəki sevgi, xəyallarındakı eşq qəlbindən qələminə, qələmindən isə kağıza süzülərək bizlərin də gözləri vasitəsilə könlümüzə, ruhumuza süzülür.
“Qazax”Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri akademik Teymur Bünyadov, akademik Nizami Cəfərov, akademik Şahin Mustafayev, AMEA-nın müxbir üzvləri Məhəmməd Babanlı, Bilal Bilalov, professor Əhməd Vəliyev, texnika elmləri doktoru Qasım Abdullayev, professor Məhəbbət Dəmirçiyeva, Məlahət Qurbanova, Vidadi Bayramov, Puşkin Əhmədov, Arzuman Abdulkərimov, Yusif Alıyev İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından Xalq şairi, Heydər Əliyev Mükafatı laureatı Nəriman Həsənzadəni doğum günü münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulayır.
Nəriman müəllim, sizinlə fəxr edirik!
P.S. Nəriman Əliməmməd oğlu Həsənzadə 1931-ci il fevralın 18-də Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində anadan olub. Bir yaşında atasını (1932), iyirmi üç yaşında isə anasını itirib (1954). İbtidai və orta təhsilini öz doğma rayonlarında alıb. 1949-cu ildə H.Zərdabi adına Kirovabad Dövlət İnstitutunun (indiki Gəncə Dövlət Pedaqoji Universitetinin) filologiya fakültəsinə daxil olmuşdur. 1953-cü ildə həmin Universiteti bitirmişdir. 1954-1956-cı illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. Azərbaycan Yazıçılar İttifaqı onu Moskvadakı İkiillik ədəbiyyat kursuna göndərir. Buranı bitirdikdən sonra Qorki adına Ədəbiyyat İnstitutuna daxil olur. Beş il burada təhsil alıb, Bakıya qayıdır. 1962-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin “Azərbaycan Ədəbiyyatı tarixi” kafedrasının aspirantı olmuşdur. 1965-ci ildə “Azərbaycan-Ukrayna ədəbi əlaqələri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. 1962-ci ildə Respublika Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor, sonralar “Uşaq və gənclər ədəbiyyatı nəşriyyatı”nda redaktor, “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında şöbə müdiri, “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru (1976-1990) vəzifələrində işləmişdir. 1975-ci ildə Belarusiya SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı və medal ilə təltif olunmuşdur. SSRİ yazıçıları Ədəbiyyat Fondu Azərbaycan bölməsinin direktoru olmuşdur. 1991-2001-ci illərdə Mətbuat və İnformasiya nazirinin birinci müavini vəzifəsində çalışmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 221 saylı sərəncamı ilə Mətbuat və İnformasiya nazirini əvəz etmişdir. Azərbaycanın və Belarusun Fəxri fərmanları ilə təltif olunub. Hazırda Azərbaycan Milli Aviasiya Akademiyasının “Humanitar fənlər kafedrası”nın müdiri vəzifəsində çalışır. 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti yandında Ali Attestasiya Komissiyasının qərarı ilə ona professor elmi adı verilmişdir. Milli Aviasiya Akademiyası Elmi Şurasının üzvüdür. Azərbaycan yazıçıları XI qurultayında katibliyin qərarı ilə Ədəbiyyat Fondu İdarə Heyətinin sədri təyin edilmişdir (2004). 2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) müxbir üzvü, 2004-cü ildə isə akademiki seçilmişdir. Müstəqil Azərbaycan Respublikasının “Şərəf” ordeni (2011) ilə təltif olunmuş və Fərdi prezident təqaüdünə layiq görülmüşdür.
Bir sıra Avropa və Şərq ölkələrində keçirilən elmi-ədəbi konfransların, poeziya simpoziumlarının, rəsmi dövlət səfərlərinin iştirakçısıdır. 1992-ci ildə Türkiyənin Böyük Millət Məclisində və Beynəlxalq konqresində xalq deputatı kimi nümayəndə heyəti adından çıxışlar etmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2005-ci ildə Azərbaycanın xalq şairi adına layiq görülmüşdür. Xalq şairi Nəriman Həsənzadənin xarici mətbuat səhifələrində “Vətənsiz” (Rumıniya, 2009) və “Nuru Paşa” (Türkiyənin 9 jurnalında) poemaları dərc edilmişdir.
“Kayseri poeziya günləri”ndən (Türkiyə, 2009) şair yüksək təəssüratlar və ödüllərlə qayıtmışdır. N. Həsənzadə ilin şairi elan olunmuş, ona “Uğur – 2009” diplomu verilmişdir. 2016-cı ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.
Nəriman Həsənzadə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10.05.2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə HEYDƏR ƏLİYEV Mükafatına layiq görülmüşdür.