Qazaxda “Şəhidliyin Adil zirvəsi” filminin təqdimatı oldu

0
2357
Birinci yazı

İnsan insan olur öz hünəriylə,
Millət millət olur xeyri, şəriylə.
Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi şəhidlər.
Bəxtiyar Vahabzadə

Bəli, torpağa azadlıq tumu əkir tökülən hər şəhid qanı. Bu qanlar bizim mübarizliyimiz, azadlığımız, mətinliyimiz deməkdir. Bu qanlar hesabına torpaq torpaq kimi, vətən vətən kimi yaşayır. Mustafa Rasimoğlunun bir misrasını da burada xatırlatmaq yerinə düşər: “Şəhid olmaq ölmək deyil”! Həqiqətən şəhid olmaq ölmək deyil, ölümsüzləşməkdir! Şəhidlər bizim sabaha olan ümid qapımızdır. Şəhidlər babalarımızın vətən uğrunda tökdüyü qanın əmanətləridir. Bu əmanətlər hər bir Azərbaycan ailəsində yenidən doğulur, böyüyür və vətən uğrunda özünü ölümsüzlüyə  atır – şəhid olur. Şəhidlər həm də Göy üzünün Yer üzünə göndərdiyi mələklərdir – Qoruyucu mələklər. Torpağı, Vətəni yadelli işğalçılardan, məkrli qonşulardan qoruyur şəhidlər. Ölümsüzlüyə qovuşan, yaddaşların qəhrəmanı, vətənin qorxmaz oğlu, torpağın “Qoruyucu mələk”lərindən biri də 2018-ci ilin may ayının 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən döyüş tapşırığını yerinə yetirən zaman şəhid olan hərbi qulluqçu əsgər Tatarov Adil Əli oğludur. “Günnüt əməliyyatı” adı ilə tarixə yazılan həmin döyüşdə  uğurlu hərbi əməliyyat nəticəsində 11,000 (on bir min) hektar doğma torpaqlarımız düşmən tapdağından azad edildi. Günnüt əməliyyatı Azərbaycan ordusunun Aprel döyüşlərindən sonrakı növbəti qələbəsidir.

Adil 29 yanvar, 1999-cu ildə Ağstafa rayonunun  Qıraq Kəsəmən kəndində dünyaya göz açıb. 4 bacının bir qardaşı olan Adil 2017-ci ildə hərbi xidmətə çağırılır. Hərbi xidmətdə komandir tərəfindən xidmətləri yüksək qiymətləndirilən Adil nümunəvi əsgər kimi dəfələrlə “Fəxri fərman”la təltif olunur. Ölümündən sonra Müdafiə Naziri Zakir Həsənovun əmri ilə “Şücaətə görə” medalı ilə təltif olunmuşdur.

Şəhid Adil Tatarov 25 iyun 2018-ci ildə Ali Baş Komandan İlham Əliyev tərəfindən “Vətən uğrunda” medalı ilə təltif edilib.

…Adilin Şəhidlik zirvəsinə yüksəlməsi xəbəri yayılanda  Qazaxda idim. Aşıq İlqar Qələmçəli ilə əlaqə saxladım. Və şəhidi son mənzilə yola salmaq üçün üz tutduq Qıraq Kəsəmən kəndinə. Böyük izdiham var idi. Məktəblilər əllərində qərənfil yol boyu düzülmüşdülər. Ziyalılar, hərbçilər, dövlət rəsmiləri o gün hamı bir nəfər kimi Adilin şəhadətinə şahidlik etmək üçün Əli kişinin həyətinə yığışmışdı. O gün hər yan barıt qoxuyurdu. O gün göz yaşları leysan tək axırdı. O gün şərəfli bir gün kimi tarixə yazılmaqda idi. Əli kişinin kasıb koması həm işıqlanmışdı o gün, həm də zülmətə qərq olmuşdu. O gün Şükufə xanımın göz yaşlarına qarışıb üzündən axan hər damla qan “Adil” deyirdi. Adil isə cənnət yolçusuydu o gün. 4 bacı nə qədər çalışsalar da Adili saxlaya bilmədilər. Vaxt-vədə tamamında Adil üçrəngli bayrağa bükülmüş tabutu ilə birgə torpağın qoynuna – əbədi evinə köç etdi.  Hərbi Orkestrin musiqi sədaları altında və hərbi-vətənpərvərlik mahnılarının müşayəti ilə Adil son mənzilinə yetişdi. Şəhadətin mübarək, Şəhidim! -deyib Adili uğrunda can verdiyi torpağa tapşırdılar. Şükufə xanım Adilin adına aldığı xonçaları məzarı üstünə göndərmişdi: “Toyunda xonça oynada bilmədim, anan qurban. Məzarın xonçalı olsun”, dedi. Üçrəngli bayraq Əli kişiyə təqdim olunanda o vüqarla: Vətən sağ olsun, dedi!

Orada hər kəs Adilə söz verdi: Biz səni heç vaxt unutmayacağıq, Şəhidim! Mən də o gün verdiyim sözə sahib çıxaraq, şəhidə olan vəfa borcumu yerinə yetirmək üçün fevralın 14-də yol aldım Bakıdan Qazaxa – “Şəhidliyin Adil zirvəsi” filminin təqdimatına.

Film ilk dəfə 25 yanvar 2019-cu ildə Ağstafa rayon Mədəniyyət Mərkəzində nümayiş etdirildi. Ağstafa rayon sakinləri həmin gün böyük coşqu ilə bir araya toplaşmışdılar.

Filmin təqdimatı Qazaxda – Gənclər Mərkəzində keçirildi. “Öyrədərək Öyrənirik” GİİDİB-nin rəhbərliyi ilə araya-ərsəyə gətirilən film tamaşaçılarına yüksək vətənpərvərlik ruhu bəxş etdi. Nə qədər ağır da olsa, onu deyə bilərəm ki, Adil öz qısa ömründə nümunə, örnək ola biləcək vicdanlı Azərbaycan əsgəri, qeyrətli oğul, əvəzsiz qardaş, nakam məhəbbətli qəhrəman kimi yaddaşlarda yaşayacaq!
Filmin rejissoru və ssenari müəllifi Allahverdi Musayev, operator və montajçı Şamil Muradlı, layihə rəhbəri Tükəzban Süleymanovadır.
Təqdimatın aparıcısı Yusif Qoca tədbiri böyük ruh yüksəkliyi ilə idarə etdi. Çıxışlar da səmimi, yaddaqalan, ürəkdən gələn sözlərlə əhatə olunmuşdu. Şəhid atası Əli Tatarovun çıxışı ayaq üstə alqışlandı. Axı biz onlara borcluyuq!
Qazax RİH-nin başçısının müavini Məmməd Alıyev, ehtiyatda olan mayor, şair Mustafa Rasimoğlu, “Qazax rayon Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid ailələri” İB-nin sədr müavini, birinci dərəcəli Qarabağ qazisi Namiq Alıyev, jurnalist Ələddin Qarayev, Qazax Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, gənc şairə Nuranə Təbriz, təşkilatın təsisçisi İsmayıl Süleymanov çıxışlarında Adil ilə, bütün şəhidlər ilə qürur duyduqlarını, onların həyatının hər kəsə örnək olduğunu  qeyd etdilər. Filmin araya-ərsəyə gəlməsində zəhməti olan hər kəsə bir daha xüsusi olaraq təşəkkür edirəm.

“Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, akademik Nizami Cəfərov, akademik  Şahin Mustafayev, İctimai Birliyin bütün üzvləri, Qazax-Ağstafa mahalının bütün ziyalıları  şəhid Adil Tatarovun ailəsinə, doğmalarına dərin hüznlə başsağlığı verir və şəhidə Allahdan rəhmət diləyirlər.


P.S. Onu da qeyd edim ki, filmin araya-ərsəyə gəlməsində əməyi olan insanlar bu işdə böyük ürək və vətən sevgisi sərgiləyə bildilər. İsmayıl Süleymanovun rəhbərliyi ilə 2016-ci ildə Aprel şəhidlərinin  xatirəsinə həsr olunmuş “Qarabağa doğru” sənədli-bədii film çəkildi. Filmdə Aprel döyüşləri zamanı qəhrəmanlıq göstərmiş üç igid Qazax övladının – Mühüd Orucov, Elvin Namazov və Orxan Əliyevin qəhrəmanlığından söhbət açılır. Film 2017-ci il noyabrın 23-də Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Kinomatoqraflar İttifaqının birgə təşkil etdiyi “Sənədli filmlər” müsabiqəsində diploma layiq görülüb.  2018-ci ildə isə yenə də İsmayıl Süleymanovun rəhbərliyi ilə düşmən nəzarəti altında olan Azərbaycan torpaqlarına dəyən ekoloji terrorun acı nəticələrindən bəhs edən “Qara Bağ – Ekoloji Terrorun Annotasiyası” sənədli filmi ekranlaşdırıldı. Bu filmlər hər biri “Öncə Vətəndir” anlayışının ən bariz, ən dəyərli nümunələrindəndir.
Hörmətlə: Səbinə YUSİF

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here