Azərbaycan Dövlət Akademik Filarmoniyasında Aşıq Ədalətin 80 illiyinə həsr olunan yubiley gecəsi keçirilib

0
1961

Martın 11-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mədəniyyət Nazirliyi, Aşıqlar Birliyi və “Qazax” Xeyriyyə İctimai Birliyinin təşkilatçılığı ilə Əməkdar incəsənət xadimi, ustad aşıq Ədalət Nəsibovun 80 illiyinə həsr olunan “Sazın Ədaləti” adlı yubiley gecəsi keçirilib.

Tədbirdə Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı görkəmli sənətkarın ömür yolundan və yaradıcılığından söz açıb.

Bildirilib ki, bu gün böyük ustadın, əfsanəvi bir sənətkarın 80 illik yubileyinə yığışmışıq: “Bu yubileylə bağlı sənətkarla hələ sağlığında söhbət etmişdik. O, belə bir şərt kəsmişdi ki, 80 illik yubileyi keçirərik. Ancaq yubileyin aparıcısı sən olarsan. Mən də razılaşdım. Bu gün mən gəlmişəm, öz yerimdəyəm. Amma Ədalət Nəsibov aramızda yoxdur. O, verdiyi vədi gözləmədən dünyasını dəyişdi və haqq dünyasına qovuşdu”.

Qeyd olunub ki, Aşıq Ədalət Qazax rayonunda dünyaya göz açıb. Ancaq onun kökləri Göyçə ellərinə, Dədə Ələsgər ocağına bağlı idi: “Ruhunda Qazaxın ənənəvi saz-söz aləmini, o bir tərəfdə isə Göyçənin ruhunu gəzdirirdi. Allahın verdiyi istedad onu zaman içərisində ayrı bir vətən tutmağa yönəltdi. Bu gün biz deyə bilmərik Ədalət Nəsibov Qazaxın, Göyçənin, Gəncənin və Azərbaycanın Ədalətidir. O, sazın Ədalətidir. Dədə Qorqudun qopuzu olduğu kimi… Sazın sirri, sözü nə idisə, onu daşıyan bir sənətkar idi. Yaxşı xatırlayıram, ustadla 1979-cu ildə görüşdük. O zaman onun 40 yaşı vardı. Amma 50-60 yaşında bir müdriki xatırladırdı. Özünü ağır tutmasında, danışığında xoş təsir bağışlayırdı. Elə hiss edirdin ki, o, elə indicə Dədə Qorqudun yanında olub. Onun sirr və sehrini daşıyıb özü ilə gətirib. O, zəngin bir repertuara malik idi. Sazı bağrına basanda başqa bir aləm yaranırdı. İfaları ilə başdan-başa “Yanıq Kərəmi” olurdu. Çünki sənət aləminə “Yanıq Kərəmi” ilə gəlmişdi…”.

Məhərrəm Qasımlı sənətkarın repertuarının vaxtında yazıya alınmadığını təəssüflə qeyd etdi: “Hələ sağ ikən ona təklif etdim ki, gəl sənin bütün ifalarını lentə köçürək. Bildirdi ki, artıq gecdir. Bunu on il qabaq etmək olardı. İndi barmaqlarım o çeviklikdə deyil… İndi Ədalət Nəsibovdan 30-a yaxın saz havası qalıb. Aşıqlar Birliyinə gənc aşıqlar gəlir. Soruşuram müəllimin, ustadın kim olub. Deyir ki, Aşıq Ədalət. Onun ifalarını dinləyir və öyrənirəm. Onu özümə ustad sayıram. Bu o deməkdir ki, Ədalət Nəsibov ayrıca bir məktəbdir. Onun əməyi yüksək qiymətləndirildi, Əməkdar incəsənət xadimi adına layiq görüldü, Prezident təqaüdü verildi. Fəxr ediləsi haldır ki, sənətinin səsi Azərbaycanın hüdudlarını aşaraq Şərq və Avropa ölkələrinə yayıldı. Onun ruhu qarşısında baş əyirik. Ruhu şad olsun”.

Əməkdar mədəniyyət işçisi, ustad aşıq Mahmud Məmmədov çıxışında qeyd edib ki, biri var ustada xidmət edir və ondan dərs alırsan. Biri də var ki, dünyaya sənətkar gəlirsən. Aşıq Ədalət dünyaya sənətkar gəlmişdi. O, ecazkar solo-saz ifaları və özünəməxsus oxu tərzi ilə yaddaşlarda əbədiləşib. 50-dən çox dastanı, onlarla aşıq şeirini sinəsində dəftər etmişdi. Görkəmli sənətkar sazı nə qədər gözəl çalırdısa, şeiri də o qədər gözəl oxuyurdu.

“Qazax” Xeyriyyə İctimai Birliyi Ağsaqqallar Şurasının üzvü, Xalq şairi Nəriman Həsənzadə çıxışında daha çox sənətkarla bağlı xatirələrini bölüşüb. Bildirib ki, Ədalət Nəsibov mahir ifası ilə dinləyiciyə sevinc bəxş edirdi. Hara gedirdisə, camaat ətrafını sarır, onunla təmasda olmaq istəyirdilər. O, XX əsrin böyük sənətkarı idi. Xalq şairi daha sonra saza həsr etdiyi şeirini oxuyub.

Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin rəhbəri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal Ədalət Nəsibov sənətinin özəlliklərindən danışıb.

Sonra “Çeşmə” folklor qrupunun ifasında “Orta şəşəngi”, Əməkdar mədəniyyət işçiləri Ədalət Dəlidağlı, Neymət Qasımlı, Əhliman Şirvanlı, Samirə Əliyeva “Yanıq Kərəmi”, “Orta sarıtel”, “Şirvan müxəmməsi”, “Təxmis”, Altay Məmmədli, Nəbi Nağıyev, Dəmir Vəliyev, İlham Aslanbəyli, Ramin Qarayev, Səlim Göycəli, Əli Tapdıqoğlu, Roman Azaflı, Əli Pənahoğlu, Şirin Şahbuzlu, Əfsanə Kərimli, Ruhiyyə Zəngilanlı, Elməddin Məmmədli, Şəhriyar Qaraxanlının ifasında “Göyçəgülü”, “Yanıq Kərəmi”, “Koroğlu dübeyti”, “Orta sarıtel”, “Şirvan müxəmməsi”, “Təxmis”, Kərəm dübeyti”, “Mirzəcanı”, “Döymə Kərəmi”, “Cəlili”, “Aran gözəlləməsi”, “Osmanlı divanisi”, “Gözəlləmə”, “Naxçıvanı”, gənc solo saz ifaçıları Elvin Axundov, Cavanşir Quliyev, Xətayi Kərimov, Şəhriyar Laçın, Fazil Ziyadxanoğlu isə “Ruhani” havasını ifa ediblər.

Sonda görkəmli sənətkarın oğlu Hekayət Nəsibov ailələri adından tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here