Azərbaycanlı nasir, ədəbiyyatşünas, publisist, yazıçı, ssenarist, Azərbaycanın xalq yazıçısı – İsmayıl Şıxlı… Bəli, bu ad çox şey deyir. Bu ad çəkilən zaman əsl müəllim, görkəmli alim, istedadlı yazıçı, kişi xarakterli bir insan yada düşür. İsmayıl Şıxlının həyat yolunda Böyük Vətən müharibəsi yaddaqalan, onun tərcümeyi – halına həkk olunan bir hadisədir. Bu baxımdan İsmayıl Şıxlının həyat və yaradıcılıq yolu gənc nəsil üçün bir məktəbdir.
22 mart xalq yazıçısının doğum günüdür. Yaşasaydı 98 yaşı tamam olacaqdı. Bu gün görkəmli şəxsiyyətin xatirəsini əbədiləşdirən heykəli önündə doğum günü qeyd olunub. Bu münasibətlə keçirilən tədbirdə şairlər, yazarlar, idarə və təşkilat rəhbərləri, ictimaiyyət və KİV nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları xalq yazıçısının adını daşıyan parka gələrək ədibin heykəli önünə gül-çiçək dəstələri qoyub, əziz xatirəsini yad ediblər.
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, tarixin bütün dönəmləri bir həqiqəti təsdiq edib ki, Vətənin, millətin ağır günündə iki böyük qüvvə öndə dayanıb: biri millətin, Vətənin sərkərdəsi, biri də o millətin, Vətənin yetirdiyi böyük qələm və söz adamları. Belə keyfiyyətləri, hələ 60-cı illərdən yaradıcılığında əks etdirən görkəmli xalq yazıçısı İsmayıl Şıxlı ədəbi-mədəni həyatımızda, ictimai-bədii fikir tariximizdə özünəməxsus mövqeyi, orijinal dəsti-xətti, şəxsiyyəti ilə seçilib. İsmayıl Şıxlı bütün həyat və yaradıcılığını azərbaycançılığa həsr etmiş əvəzolunmaz şəxslərdən olub. O, XX əsr Azərbaycan ziyalılığının ən ali keyfiyyətlərini öz şəxsiyyətində daşıyan, mənsub olduğu nəsli təmsil edən bir insan olub. Həyatı boyu, həm ədəbi, həm də ictimai-siyasi fəaliyyətində azərbaycançılıq mövqeyində duraraq, milli mentalitet, vətənin azadlığı, müstəqillik duyğusu ilə yaşayıb.
AYB Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal, akademik Teymur Bünyadov, Qazax Xeyriyyə Cəmiyyətinin sədri, professor İlham Pirməmmədov, cəmiyyətin üzvü Həsrət Pirməmmədov, şair Zaməddin Ziyadoğlu, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov, gənc yazar Tural Ağatlı və başqaları çıxış edərək milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, milli mədəniyyətin, milli əxlaqın gənc nəslə çatdırılması baxımından ədibin əsərlərinin dəyəri barədə danışıblar. Qeyd ediblər ki, o, həyati mövzular yazaraq, zamanın nəbzini tutub və günün mühüm məsələlərinə toxunub.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here