Qazax rayon İcra Hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının birgə təşəbbüsü ilə XVIII əsr ədəbiyyatımızın görkəmli nümayəndəsi, şair Molla Vəli Vidadinin doğum günü ilə əlaqədar tədbir keçirilib.
Fəxri qazaxlılar parkında, Molla Pənah Vaqifin və Molla Vəli Vidadinin heykəli önündə keçirilən tədbirdə idarə, müəssisə, təşkilat rəhbərləri, ziyalılar, ağsaqqallar, şairlər, poeziya sevərlər, ictimaiyyət və KİV nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları ilk öncə M.P.Vaqifin və M.V.Vidadinin qoşa heykəli önünə tər çiçək dəstələri qoyaraq dahi şairin əziz xatirəsini yad ediblər.
Qazax rayon İcra Hakimiyyətinin Başçısı cənab Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq M.V.Vidadinin ədəbiyyat tariximizdəki yeri, şəxsiyyəti, ədəbi dilimizin formalaşmasındakı xidmətləri haqqında ətraflı danışıb. Qazax torpağının cəmiyyətimizə, ümumilikdə, bəşər mədəniyyətinə bəxş etdiyi böyük şəxsiyyətlərdən söz açıb. Qeyd edib ki, az-az xalqın taleyinə bir əsrdə Vaqif və Vidadi kimi söz ustalarının yetişməsi xoşbəxtliyi düşə bilər. Onlar doğma Azərbaycanımızın milli-mənəvi dəyərlərini yüksəldiblər, şerin diliylə əbədiləşdiriblər. Bu mənada Qazax camaatının böyük sənətkarlarla yanaşı, Vidadinin də adıyla öyünməyə böyük haqqı var. Ölkə başçısı İlham Əliyev milli-mənəvi dəyərlərimizin yaşadılmasına, sənətkar haqlarına böyük diqqətlə yanaşır. Biz bu diqqəti hər an görür, hiss edirik. Və çalışırıq ki, bölgələrdə də ölkə başçısının apardığı siyasəti layiqincə davam etdirək. Azərbaycan xalqı qədirbilən xalqdı. Belə bir dəyərə malik olan ölkəmizdə Vidadiyə də xüsusi sevgi bəslənməsi təbiidir.
AYB Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək M.V.Vidadinin Azərbaycan ədəbiyyatına, poeziyasına, azərbaycanlı mənəviyyatına, türk şeriyyatına bəxş etdiyi töhfədən söz açıb. Qeyd edib ki, Vidadi yaradıcılığı, Vidadi poeziyası Azərbaycan ədəbiyyatını, milli mənəviyyatımızı zənginləşdirən şeirləri ilə hər zaman seçilib.
M.P.Vaqif və M.V.Vidadinin xatirə muzeyinin direktoru Məhruzə Hüseynova, muzeyin bərpaçı-rəssamı Arzu Həsənova, AYB Qazax zona filialının ədəbi-məsləhətçisi Mustafa Rasimoğlu, şairlərdən AYB-nin üzvləri Tamella Poladlı, Bilal Qoca, Sərvinaz Həsənli, təqaüdçü müəllim Cavanşir Rüstəm, Böyük Vətən Müharibəsi veteranı, ağsaqqal Xanqulu Süleymanov, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Qazax rayon şöbəsinin sədri Vidadi Müftizadə və başqaları çıxış edərək görkəmli söz ustası M.V.Vidadi yaradıcılığından, onun ədəbiyyatımıza bəxş etdiyi zəngin şeirlərindən söz açıblar. Qeyd ediblər ki, XVIII əsr Azərbaycan şerinin görkəmli nümayəndələrindən biri olan Vidadinin yaşca özündən cavan olan böyük müasiri və dostu Molla Pənah Vaqiflə bərabər şerimizin sadə xalq dilinə yaxınlaşmasında, realist boyalarla zənginləşməsində önəmli xidmətləri olub.
Sonra məktəblilərin ifasında Molla Vəli Vidadinin şeirləri səsləndirilib, görkəmli söz ustasının zəngin yaradıcılığı şeirlərin dili ilə bir daha poeziya sevərlərin diqqətinə çatdırılıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here