Xalq artisti Həmidə Ömərovanı doğum günü münasibətilə ürəkdən təbrik edirik

0
2001

Bu gün Azərbaycanın Xalq artisti, xalqın sevimli aktrisası, hamının “Retro” verilişinin aparıcısı kimi yaxşı tanıdığı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, dosent Həmidə Məmməd qızı Ömərovanın doğum günüdür.

Kino, teatr, tamaşa və seriallarda bir-birindən gözəl rolların müəllifi kimi tanınan Həmidə xanım bütün rolları ilə tapaşaçıya pozitivlik, ruh yüksəkliyi bəxş edir. Hətta onun kiçik epizodik rolları belə tamaşaçının yaddaşında əbədi yaşaya bilir. Bu da aktyorun istedadının, məharətinin və bacarığının göstəricisidir.

Həmidə xanım, həmçinin “Qazax”Xeyriyyə İctimai Birliyinin tədbirlərində mütamadi olaraq iştirak edir. 

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri Xalq şairi Nəriman Həsənzadə, akademik Teymur Bünyadov, akademik Nizami Cəfərov, akademik Şahin Mustafayev İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından Xalq artisti Həmidə Ömərovanı doğum günü münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulayır.

Həmidə xanım, biz sizinlə fəxr edirik!

P.S. Həmidə Məmməd qızı Ömərova 25 aprel 1957-ci ildə Bakı şəhərində müəllim ailəsində anadan olub.

1961-ci ilədək Qazax rayonu II Şıxlı kəndində yaşayıb. Sonra ailəsi ilə birlikdə Bakıya köçüb. Atası Məmməd Osman oğlu Ömərov Qazax rayonunun II Şıxlı kəndində anadan olub. Azərbaycan Xarici Dillər İnstitutunun məzunu olub. Uzun illər II Şıxlı kənd tam orta məktəbində fıransız dili müəllimi işləyib. Anası Nəsibə Ağababa qızı Babayeva Bakı şəhərində anadan olub. Atası ilə İnstitutda birgə oxuyub. Fransız dili müəlliməsi işləyib.

1975-1979-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (hazırkı Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universiteti) aktyorluq şöbəsində təhsil almışdır.

1979-1993-ci illərdə C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında, 1992-1993-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqında çalışmışdır.

Filmlərə çəkilməklə yanaşı, 500-dən artıq bədii filmin dublyajı və səsləndirilməsində fəal iştirak etmiş, “Azərbaycan kinosunda feminizm”, “ABŞ kinosu: 1895-1945-ci illər”, “Amerika kino tarixi” kitablarını qələmə almışdır. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kinoşünaslıq” kafedrasına rəhbərlik edir. 1986-cı ildən Azərbaycan Dövlət Televiziyasında “Retro” kinozalının aparıcısı, 2002-ci ildən “Kinoştrix” verilişinin ssenari müəllifi olmuşdur. Şəfiqə (“Qızıl uçurum”), Çinarə (“Anlamaq istəyirəm”), Zümrüd (“Yol əhvalatı”), gəlin (“Vah!”), Zeynəb (“Babamızın babasının babası”), Telli (“Qorxma, mən səninləyəm”), Məleykə (“Üzeyir ömrü”), Afaq (“Nizami”), Şəfiqə (“Musiqi müəllimi”), Tamara (“Burulğan”), Nazlı (“Şirbalanın məhəbbəti”), Nuriyə (“Divlər zindanı”, İran k/s), Nurzad (“Əzablı yollar”), Zivər (“Doğma sahillər”), xan qızı (“Dədə Qorqud oğuznamələri”), Elmira (“Dronqo”) və s. obrazlar yaratmışdır.

Çalışdığı müddət ərzində aşağıdakı təltif, mükafat və fəxri adları almışdır:

1986 — Respublika Lenin Komsomolu mükafatı laureatı,

1988 — Azərbaycan Respublikasının Əməkdar artisti,

2005 — Azərbaycan Respublikasının Xalq artisti,

2006 — Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü,

2010 — Cəfər Cabbarlı mükafatı.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here