Sentyabrın 11-də Qazaxda Xalq yazıçısı, görkəmli ictimai-siaysi xadim İsmayıl Şıxlının büstünün açılışı olub. Ədibin adını daşıyan Kosalar kənd tam orta məktəbinin önündə ucaldılmış büstünaçılışında Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, “Qazax Xeyriyyə” İctimai Birliyinin, eləcə də Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvləri, KİV nümayəndələri, Xalq yazıçısının övladları, kənd sakinləri, müəllim və şagirdlər iştirak ediblər.
Azərbaycan Respublikasının Xalq rəssamı, Azərbaycan Dövlət Akademiyasının professoru, “Şöhrət” ordenli Natiq Əliyevin hazırladığı büstün açılışını bildirən qırmızı lent kəsilərək üzərindəki ağ örtük qaldırılıb, büstün önünə gül dəstələri düzülüb.
Torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovtədbir iştirakçılarını və qonaqları salamlayaraq akademik Teymur Bünyadovun, Xalq şairi Nəriman Həsənzadənin, “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, professor İlham Pirməmmədovun səmimi təbriklərini və ürək sözlərini çatdırıb.
İcra başçısı qeyd edib ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Qəhrəman oğlu Şıxlının anadan olmasının 100 illiyi ilə bağlı Respublika Prezidenti İlham Əliyevin görkəmli şəxsiyyətin yubileyinin respublika səviyyəsində keçirilməsi ilə əlaqədar imzaladığı 28 yanvar 2019-cu il tarixli Sərəncam təkcə İsmayıl Şıxlı şəxsiyyətinə verilən qiymət deyil, bütövlükdə mədəniyyətə, sənətə, həmçinin qazaxlılara, rayon ziyalılarına verilən ən böyük dəyər oldu.
İcra başçısı rayon miqyasında görülən yubiley tədbirləri haqqında ümumi məlumat verərək bildirib ki, Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində İsmayıl Şıxlının adını daşyıyan məktəb binası yenidən qurularaq müasir tədris avadanlıqları ilə təchiz olunub.
Tədbirin aparıcısı, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi şair Barat Vüsalölkə Prezidentinin İsmayıl Şıxlının 100 illik yubileyi ilə bağlı imzaladığı Sərəncamdan sonra Qazax rayonunda görülmüş işlər haqqında ətraflı məlumat verib.
Əməkdar jurnalist, filologiya elmləri doktoru, BDU-nun jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmliçıxış edərək Xalq yazıçısı ilə bağlı fikirlərini bölüşüb. Qeyd edib ki, tarixdə millətin ruhunu ifadə edə bilən şəxsiyyətlər qalır. Bu mənada, İsmayıl Şıxlı xalqın yazıçısı idi. Ən çətin məqamlarda öndə dayanar, xalqın sözünü deyərdi. Özünün düşüncəsi, təfəkkürü, xarakteri, cəsurluğu, bütün varlığı ilə xalqın yanında olardı. Ona görə də belə bir şəxsiyyətin dövlət və xalq tərəfindən bu dərəcədə qiymətləndirilməsi heç də təsadüfi deyil. İsmayıl Şıxlı şəxsiyyəti ən yüksək və ali qiymətə, dəyərə layiqdir.
“Yeni nəsil” Jurnalistlər Birliyinin sədri, “Bakı Press Klubu”nun prezidenti Arif Əliyevçıxışında İsmayıl Şıxlının bizi milli, mənəvi dəyərlərə, tarixi ənənələrə kökləyən, torpağa, Vətənə bağlayan insan kimi yüksək keyfiyyətlərini vurğulayıb.
“Qazax” Xeyriyyə İctimai Birliyinin Mədəniyyət Komissiyasının üzvü BDU-nun müəllimi, Məti Osmanoğlu çıxış edərək Xalq yazıçısı ilə bağlı xatirələrini bölüşüb. O, İsmayıl Şıxlının Qazax Müəllimlər Seminariyasının məzunu olduğunu vurğulayaraq seminariyanın binasının bərpası ilə bağlı rayonda görülən işləri böyük rəğbətlə qarşıladığını bildirib, 1918-ci ildə öz mülkünü seminariyaya vermiş Koslar kənd sakini Məşədi İbrahim ağanın adının nəsillərə nümunə olmaq üçün əbədiləşdirilməsi təklifini irəli sürüb.
“Altun kitab” nəşriyyatının təsisçisi və direktoru, filologiya üzrə fəlsəfə doktoru Rafiq İsmayılov çıxış edərək Qazağın yalnız Azərbaycanın deyil, ümumtürk söz, sənət dünyasının ocağı, ədəbi mərkəzi olduğunu qeyd edib, orta məktəblər üçün Azərbaycan dili dərsliklərinin müəllifi kimi həmin dərsliklərdə İsmayıl Şıxlı yaradıcılığına geniş yer ayırdığını bildirib.
Tədbirdə Qazax Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı, kənd ağsaqqalı, Əməkdar müəllimTariyel Nəsibov, “Göyəzən” qəzetinin baş redaktoru, Xalq yazıçısına həsr olunmuş “Dəli Kür ömrü” kitabının müəllifi Elçin İsmayıl, Xalq yazıçısının yaxın qohumu, Kosalar kənd sakini Sabid Məmmədov çıxış ediblər.
“Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü şair Rəfayıl İncəyurd Xalq yazıçısının xatirəsinə yazdığı şeiri ilə tədbir iştirakçılarına səmimi ürək sözlərini çatdırıb.
İctimai Birliyin daha bir üzvü Səbinə Yusif şair Barat Vüsalın İsmayıl Şıxlının xatirəsinə həsr etdiyi “Barışıq” şeirini oxuyub.
Çıxışlarda Qazax rayonunda həyata keçirilən mədəni və sosial tədbirlərdə rayon rəhbərliyi ilə “Qazax” Xeyriyyə İctimai Birliyinin faydalı əməkdaşlığı xüsusi qeyd edilib.
Xalq yazıçısının adını daşıyan Kosalar kənd tam orta məktəbin 4-cü sinif şagirdi Xədicə Qasımlı, 2-ci sinif şagirdi Aymən Əsədzadə və 7-ci sinif şagirdi Səfa Əliyeva İsmayıl Şıxlıya həsr olunuş şeirlər səsləndiriblər.
Xalq yazıçısının oğlu Elçin Şıxlıçıxış edərəkatasının adını daşıyan maarif ocağının əsaslı şəkildə yenidən qurulmasına və məktəbin həyətində büstünün qoyulmasına görə ölkə Prezidentinə, Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də tədbirin yüksək səviyyədə təşkil olunmasına görə rayon rəhbərliyinə, büstün müəllifi Natiq Əliyevə yazıçının ailəsi adından minnətdarlığını bildirib.
Sonda qonaqlar və tədbir iştirakçıları İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbinin tədris şəraiti ilə tanış olublar.