Bu gün “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru fizika elmləri doktoru, dosent Yusif Alıyevin doğum günüdür.
Onun 44 yaşı tamam olur. O, 7 aprel 1979-cu ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində ziyalı ailəsində – kənd orta məktəbinin tarix müəllimi İmrayıl Alıyevin ocağında dünyaya göz açıb.
Gənc alim, geniş yaradıcı və innovativ təfəkkürə malik Yusif Alıyev təhsil idarəetməsi və elmi-tədqiaqt işləri ilə məşğul olsa da, həmçinin idarəetmə və təşkilatçılıq bacarıqları sayəsində “Qazax” Xeyriyyə İctimai Birliyinin fəaliyyət planına uyğun olaraq Qazax, Ağstafa və Xaçmaz rayonlarında, Bakı və Sumqayıt şəhərlərində çoxlu sayda tədbirlər və görüşlər təşkil olunub. Tanınmış ictimai-siyasi xadimlərin, təhsil, elm və mədəniyyət xadimlərinin yubileyləri münasibətilə çap edilən “Dəli Kür” qəzetinin xüsusi buraxılışlarının redaktoru olaraq məsuliyyətli işlərin öhtəsindən layiqincə gəlmişdir. Bu xidmətləri qarşılığında “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin qərarı ilə Yusif Alıyev ictimai fəaliyyətinə görə dəfələrlə “Fəxri Fərman”la təltif edilmişdir.
Yusif Alıyev alim kimi də məhsuldar fəaliyyət göstərir. Onun yüzə yaxın elmi işindən 35-i beynəlxalq elmmetrik bazalarda indekslənmiş nüfuzlu elmi jurnallarda çap olunmuşdur. Həmçinin ali məktəb proqramı əsasında 4 dərs vəsaitinin, lisey proqramı əsasında isə 5 metodik vəsaitin müəllifidir. Dəfələrlə Almaniyada, Polşada, Türkiyədə, Özbəkistanda, Rusiyada, Moldoivada, Ukraynada, Gürcüstanda keçirilən Beynəlxalq elmi konfranslarda iştirak edərək məruzələr etmişdir.
2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanınında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin qərarı ilə ona fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2014-cü ildə dosent elmi adı və 2022-ci ildə fizika elmləri doktoru elmi dərəcəsi verilmişdir. Elm sahəsində əldə etdiyi uğurlara görə 2008-ci ildə Azərbaycan Millil Elmlər Akademiyasının və Azərbaycan Elm Fondunun birgə mükafatı olan “Akademik Həsən Abdullayev mükafatı”na layiq görülmşüdür. Həmçinin dosent Yusif Alıyev bir çox beynəlxalq elmi konfransların təşkilat komitəsinin üzvü seçilmişdir. SCOPUS elmmetrik bazasında indekslənmiş “Advanced Physical Research” beynəlxalq elmi jurnalının redaksiya heyətinin üzvüdür.
Təhsil sahəsində qazandığı nailiyyətlərə görə isə Azərbaycan Respublikasının Qabaqcıl Təhsil İşçisi Döş Nişanı ilə təltif olunmuşdur.
Yusif Alıyev uzun müddət Azərbaycan mediasında da çalışmışdır. Dəfələrlə jurnalist müsabiqə və yarışmalarının qalibi olaraq mükafat və təltiflərə layiq görülüb. Səməd Vurğun haqqında yazdığı silsilə məqalələrə, araşdırmalarla əlaqədar olaraq Səməd Vurğun Fondunun təqdimatı ilə 2013-cü ildə Səməd Vurğun mükafatı ilə təltif edilmişdir. ADPU-nun Quba filialının direktoru vəzifəsində çalışdığı dövrdə həm Pedaqoji Universitet ailəsində, həm də Qubada bütün insanların sevgisini və hörmətini bacara bilmişdir ki, bu da dahi Səməd Vurğun ənənəsinin sadiqliyini qoruması deməkdir. Çünki böyük Səməd Vurğunu Qubada hər kəs böyük məhəbbətlə sevirdi.
Təhsil, elm, mətbuat, idarəetmə sahəsində özünəməxsus işlər həyata keçirən Yusif Alıyev, həmçinin gözəl ailə başçısı, qayğıkeş atadır. Onun ailəsində 3 oğul övladı böyüyüb tərbiyə alır.
Y. Alıyevin “Qazax” Xeyriyyə İctimai Birliyinin fəaliyyətində həyata keçirilən işlərdə böyük təcrübə bazası toplayaraq daim çətin işlərin öhdəsindən məharətlə gəlməyi bacarmışdır. Ona görə də “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə heyətinin sədri kimi mən Yusif müəllimin fəaliyyətini yüksək qiymətləndirir və bundan sonra da İctimai Birliyin fəaliyyətində daha da yaxından iştirak edəcəyinə inanıram.
“Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin üzvləri və Qazax mahalının ziyalıları adından bu gün ömrünün 44-cü yaşını – ZƏFƏR YAŞINI qeyd edən, elm, təhsil yolunda, İctimai Birliyin fəaliyyətində fəal iştirak edən elmlər doktoru Yusif Alıyevi doğum günü münasibətilə təbrik edir, ona şəxsi həyatında və elmi fəaliyyətində uğurlar arzulayıram.
Yusif müəllim, biz sizin uğurlu və parlaq gələcəyinizə böyük etimadla inanırıq. İnanırıq ki, siz müstəqil Azərbaycanın uğurlu gələcəyi naminə daim dövlətə və dövlətçiliyə sədaqətinizi əsirgəməyəcək, əlinizdən gələn işləri yüksək şəkildə həyata keçirəcəksiz.
Dərin, hörmətlə
“Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin sədri professor İlham Pirməmmədov.