İlham Teymur oğlu Pirməmmədov
1 iyul 1955-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1972-ci ildə Daş Salahlı kənd 1 nömrəli orta məktəbi bitirərək S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsinə qəbul olunmuş, 1977-ci ildə bu ali təhsil müəssisəsini mexanika ixtisası üzrə əla qiymətlərlə bitirmişdir. 1977-ci ildə təyinatla Dənizneftqazlayihə Elmi-tədqiqat İnstitutunda əmək fəaliyyətinə başlayan İ.Pirməmmədov 1977-1980-ci illərdə həmin İnstitutda mühəndis, elmi işçi vəzifələrində çalışmışdır. 1980-84-cü illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin aspiranturasında “Nəzəri mexanika” kafedrasında 01.02.04-“Deformasiya olunan bərk cisimlər mexanikası” ixtisası üzrə təhsil almışdır.
1984-1989-cu illərdə Təhsil Nazirliyinin nəzdində Tələbə Elmi-tədqiqat işləri üzrə Respublika Şurasında baş referent, 1989-cu ildə Ali Təhsil Nazirliyinin Elm İdarəsinin nəzdində Elmi-pedaqoji Kadrların Hazırlanması şöbəsində baş inspektor vəzifəsində çalışmışdır. 1993-cü ildə Ali Təhsil Nazirliyi ilə Maarif Nazirliyi birləşdikdən sonra yeni yaradılan Təhsil Nazirliyində Ali və orta ixtisas Təhsil İdarəsinin Ali təhsil şöbəsində baş məsləhətçi vəzifəsində işləmişdir. Paralel olaraq 1994-cü ildə yaradılmış və Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış “Ali Təhsil müəssisələrinin rektorlar Şurası”nda məsul katib vəzifəsini də icra etmişdir. Əsasnaməyə görə bu Şuranın sədri Təhsil Naziri olmuşdur. Respublikada tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq, bütün ali təhsil müəssisələri bu Şuranın tərkibinə daxil edilmişdir. Bu Şura fəalliyyət göstərdiyi 5 il müddətində Təhsil sistemində mövcud olan məsələlərlə məşgul olmuş və çoxlu sayda problemlərin həlli üçün tövsiyələr vermişdir.
İ.Pirməmmədov 1995-ci ildə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda namizədlik dissertasiyasını müdafiə etmiş və fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır.
1998-ci ildə Təhsil Nazirliyində “Rəhbərlik yanında aparat”ın müdiri vəzifəsinə təyin edilmişdir. Həmin ildən Nazirlər Kabinetinin sərəncamına əsasən Təhsil Nazirliyi Kollegiyasının üzvü olmuşdur.
2005-ci ildə Nazirlər Kabinetinin sərəncamı ilə Təhsil Nazirliyinin strukturunda Təhsil Nazirliyinin aparat rəhbəri vəzifəsi təsis edildikdən sonra İ.Pirməmmədov bu vəzifəyə təyin olunmuşdur.
İşlədiyi müddətdə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun hazırlanmasında və bu qanuna uyğun olaraq təhsilin bütün pillələri üzrə təhsilin təşkili ilə bağlı zəruri normativ hüquqi sənədlərin hazırlanmasında, müzakirəsində, nazirliyin kollegiya səviyyəsində təsdiq olunmasında bilavasitə İşçi qruplarının üzvü və ya rəhbəri kimi yaxından iştirak etmişdir.
1998-2003-cü illərdə respublikada qanunsuz fəaliyyət göstərən qeyri-dövlət təhsil müəssisələrinin və xarici ölkələrin ali təhsil müəssisələrinin respublikada qanunsuz fəaliyyət göstərən filiallarının aşkar edilib onların fəaliyyətlərinin dayandırılması ilə bağlı yaradılan komissiyaya rəhbərlik etmişdir.
1998-ci ildən başlayaraq ulu öndər Heydər Əliyevin, 2003-cü ildən sonra isə cənab prezident İlham Əliyevin sərəncamları ilə Təhsil sisteminin inkişafı ilə bağlı təsdiq edilmiş Dövlət proqramlarını hazırlayan İşçi qruplarının üzvü olmuş, sonradan bu proqramların həyata keçirilməsi ilə bağlı görülən işlərə nəzarət edilməsində və bu işlərlə bağlı hesabatlar hazırlanıb hökumətə təqdim olunmasına məsul olmuşdur.
İ.Pirməmmədov 2010-cu ildə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun nəzdində fəaliyyət göstərən Müdafiə Şurasında doktorluq dissertasiyasını müdafiə etmiş və riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almışdır. 50-dən çox elmi məqalənin, 5 monoqrafiyanın, riyaziyyat və mexanika üzrə 10-dan çox dərslik və dərs vəsaitlərinin müəllifidir.
İ.Pirməmmədov Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən FD.02.016 İxtisaslaşdırılmış Dissertasiya Şurasının üzvü olmuşdur.
İ.Pirməmmədov 1998-ci ilə qədər Azərbaycan Memarlıq və İnşaat Universitetində, 1998-ci ildən sonra isə Bakı Dövlət Universitetinin “Nəzəri mexanika” kafedrasında pedaqoji fəaliyyətlə məşğuldur.
1998-2013-cü illərdə Təhsil Nazirliyində aparat rəbbəri, 2013-2016-cı illərdə Təhsil Nazirinin müşaviri vəzifələrində çalışmışdır. İşlədiyi müddətdə o, Azərbaycan təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyası və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi ilə bağlı ölkəmizi bir sıra beynəlxalq konfranslarda, simpoziumlarda, seminarlarda və digər mötəbər tədbirlərdə uğurla təmsil etmişdir.
2016-cı ilin yanvar ayından Təhsil Nazirinin əmri ilə Azərbaycan Texniki Universitetinin Elm və Texnika üzrə prorektoru vəzifəsinə təyin olunmuşdur.
İ.Pirməmmədov hazırda Azərbaycan Texniki Universiteti rektorunun müşaviri vəzifədə çalışır.
İ.Pirməmmədov təhsil sahəsində xidmətlərinə və pedaqoji fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin 04.10.2005-ci il tarixli sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.
2015-ci ilin aprel ayında Təhsil Nazirinin əmri ilə “Qabaqcıl təhsil işçisi” fəxri adına laiq görülmüşdür.
İ.Pirməmmədov, həmçinin respublikada perşəkar təhsil təşkilatçısı kimi tanınır.
Tələbəlik illərində (1972-1977-ci illər) Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən idman klubunda güləşin sambo növü ilə məşğul olmuşdur. 5 dəfə Azərbaycan çempionu, SSRİ miqyasında keçirilən ümumittifaq turnirlərinin mükafarçısı və qalibi olmuşdur. O, 1979-cu ildə Qazaxıstanın Karaqanda şəhərində keçirilən ümumittifaq turnirinin qalibi olmuş və güləşin sambo növü üzrə SSRİ idman ustası nörmativlərini yerinə yetirmişdir. Bunun əsasında SSRİ Nazirlər Sovetinin yanında “Fiziki Mədəniyyət və İdman” Komitəsinin qərarı ilə İlham Teymur oğlu Pirməmmədova güləşin sambo növü üzrə “SSRİ idman ustası” adı verilmişdir (vəsiqə № 154228).
İ.Pirməmmədov 2000-ci ildən etibarən Qazax Xeyriyyə Cəmiyyətinin İdarə Heyətinin üzvü olmuş, 2016-cı ildən etibarən bu Cəmiyyətin əsasında yaradlımış və Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin sədri seçilmişdir.
Ailəlidir, iki oğlu, üç nəvəsi vardır.