O BİZİM FƏRHADDIR – QƏHRƏMAN FƏRHAD

0
981

(“Dizim gözlərim önündə partladı.” Fərhad Eyyubov, Qarabağ Qazisi)

Biz Türkləriz, Vətənimiz –
başdan-başa Yer kürəsi,
Bayrağımız al günəşdir,
Çadırımız Göy qübbəsi.
Azadlıq şairi, istiqlal mücahidi Xəlil Rza Ulutürk bu misraları gələcək nəsillərə bir xəritə olaraq çizib. Bəli, xəritə. O xəritədə Türkün Vətəninin sərhəd tanımadığını, yer üzünün əbədi sakinlərinin məhz Türklər olduğunu bizə dəqiqliyi ilə anlatır. Və bizlər həmin vəsiyyəti öz həyat kredomuz bilirik. Bizlər Vətənimizi qorumaq üçün son damla qanımıza qədər vuruşmağa hazırıq. Təki Vətən sağ olsun! İndi haqqında yazacağım Azərbaycan ordusunun kapitanı Fərhad Eyyubov da son damla qanına kimi Azərbaycanın bütövlüyü uğrunda öz canını fəda edən qəhrəmanlardandır. Uşaqlıqdan bir arzusu olub – düşməni məhv etmək, qələbə qazanmaq. Bəli, düşmənin ağır snayperindən açılan atəş nəticəsində qaranlıq gecələrin birində düşmən gülləsinə can verməməsi, o odun-alovun içindən sağ qurtulmağı da elə düşmən üzərində Fərhadın ən böyük qələbəsidir. Fərhad hərbini canı-qanı qədər sevir. Hərbin bütün sirlərinə bələddir, deyərdim. Hətta düşmənin döyüş-atıcılıq taktikasına da dərindən bələddir. Yazımın lazımi yerlərində Fərhadın döyüşçü kimi əvəzsiz hərbçi olduğunu sizlərin də diqqətinə çatdırmağa çalışacam.
Hörmətli oxucu, qısaca da olsa Fərhadın hərbi fəaliyyəti haqqında yazmağı özümə borc bildim.
Eyyubov Fərhad Rüstəm oğlu 1988-ci ildə Qazax şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirən Fərhad təhsilini qardaş Türkiyə Respublikasında davam etdirib. Ankara şəhərində yerləşən Kara Harb Okulunu bitirib. Həmin universitetin müsafir-əsgər personalı içərisində 8-ci yerə layiq görülən Fərhad ali hərbi məktəbi bitirəndən sonra Türkiyədə Təlim-Tədris Mərkəzinə göndərilib. Öz ixtisasına uyğun olaraq (sapyor-mühəndis) İzmir Narlı Dərəyə göndərilən Fərhad “İstehkam” okulunda hərbi təhsilini davam etdirib. Orada təlim-tərbiyə, savad üzrə 1-ci yerə çıxıb. Təhsilini bitirən gənc hərbçi Bakıya gəlir. İlk işinə Bakıda – Pirəküşküldə başlayır. Bakıda işlədiyi vaxt Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Əfqanıstana göndərilən 120 nəfər hərbçi Sülhməramlıların tərkibinə daxil edilir. Onların arasında xüsusi ixtisasçı olan iki nəfərdən biri Fərhad idi. Əfqanıstanda qulluq etdiyi zaman Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan Əfqanıstan Respublikasına rəsmi səfər edir. Rəcəb Tayyib Ərdoğan Türkiyə və Azərbaycan dövlətləri tərəfindən göndərilmiş təxminən 500 nəfər hərbçinin içərisindən hərbi vəzifəsini icra edərkən xüsusi fərqlənən 50 nəfər hərbçini təltif edir. Həmin təltifçilərdən biri də Fərhad idi. 6 ay 20 gün Əfqanıstanda qulluq edən Fərhad Azərbaycana qayıdanda oğlu Azər artıq 6 aylıq körpə idi. Fərhad oğlunun üzünü ilk dəfə idi ki, görürdü. Əfqanıstana göndərilən vaxt həyat yoldaşı Fatma xanım nə qədər istəyir ki, Fərhad getməsin. Ancaq o Fərhadı inadından döndərə bilmir: “Sən fikirləş ki, məni Türkiyəyə göndərsələr gedirəm, ancaq Əfqanıstana göndərirlər, döyüş mövqeyi olduğuna görə ora getmirəm. Əfqanıstan döyüş zonasıdır. Mən ordan imtina edə bilmərəm. Gedəcəm”, – deyib Fərhad Əfqanıstana yola düşür. Əfqanıstandan qayıtdıqdan sonra Qusar rayonunda xidmət edir. 2018-ci ilin avqust ayından Ağdam rayonunda bölük komandiri, sonra isə Qərargah zabiti təyin olunur.
Fərhad həqiqətən bütün varlığı ilə əsl hərbçidir. Ağdamda qulluq etdiyi zaman Respublika üzrə “Ən yaxşı mühəndis istehkam bölükləri”inin yarışında 65 komanda içərisində Fərhadın rəhbərlik etdiyi komanda 2-ci yerin qalibi olur. Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Nəcməddin Sadıqovun imzası ilə Fərhad “Təşəkkürnamə” və “Fəxri Fərman”la təltif olunur. Tağım komandiri olduğu dövrdə “Respublika üzrə ən yaxşı tağım komandiri” müsabiqəsində ikincilik qazanır. “Respublika üzrə ən yaxşı istehkam bölük komandiri” nominasiyası üzrə keçirilən yarışda Fərhad 10 saniyə gecikərək ikinci yerin qalibi olur. Başçılıq etdiyi manqa Səngəçalda Respublika üzrə keçirilən hərbi yarışda yenə də ikinci yerin qalibi olur.
Mən Fərhadı necə tanıdım? Bir gecə Facebook səhifəsində Qazax rayonundan olan hərbçinin düşmənin açdığı iri çarplı mərmidən (snayperdən) sol ayağını itirməsi xəbərini oxudum. Gecə idi. Zil qaranlıq Bakının üzərinə sərilib hər kəsi yuxuya vermişdi. Bu xəbər isə mənim yuxumu ərşə çəkdi. Allah-Allah, indi bu qəhrəman hardadır? – deyə düşündüm. Gecənin bu aləmində mən kiminlə əlaqə saxlayım? Bu qəhrəmanın kim olduğunu necə bilim? Yaxşı indi bu qəhrəmanın vəziyyəti necədir? Suallar gecənin qaranlığı ilə bir-birinə qarışır, məni məndən alırdı. Nəhayət öyrənə bildim ki, bu qəhrəman Qədim Qazax mahalının qorxmaz oğulları ilə ad alan Qaymaqlı şenliyinin övladı imiş. Fərhad vurulduğu andan, Vətən uğrunda ayağını itirdiyi gündən tək İncə Dərəsinə, Qazaxa aid deyildi. Fərhad artıq Türk dünyasına aid idi.
Şükürlər olsun, Uca Allahın rəhminə. Açılmasını səbrsizliklə gözlədiyim sabah açıldı. Vətən sevgisi böyük olan insanlara müraciət etdim. Fərhadı tək qoymayaq, dedim. Sağ olsunlar. Çağırışıma səs verən insanların hər birinə xüsusi olaraq minnətdaram. Fərhad Bakıda Müdafiə Nazirliyinin hospitalında yatanda üç dəfə onun görüşünə getdik.

 BİRİNCİ GÖRÜŞ
Axşam saat beşdə Qospitalın qarşısında olmalı idik. Mən ora çatanda artıq insanlar Fərhadın yanında idilər. Hər kəs böyük ruh yüksəkliyi ilə getmişdi həmin görüşə. Neftçi-şair, ağsaqqalımız Hacı Zaməddin Ziyadoğlu, Xeyriyyəçi elqızımız Sultanxanım Nəsibova, sözün həqiqi mənasında əsl ziyalı Dürdanə Vəkilova, AGF-nın Vitse-prezidenti Firdovsi Umudov, canını vətən yolunda fəda edən qazilərimiz Kamil Musəvi və Natiq Mehdiyev, ağırlıqqaldırma üzrə dünya çempionu Nicat Rəhimovun atası Əli Rəhimov, dəyərli eloğlumuz, minlərlə insana təmənnasız yaxşılıq edən iş adamı Elçin Carçıyevin oğlu Murtuz Carçıyev, ziyalı eloğlumuz Fərman Qəhrəmanov, Aşıq Şaiq İncəli, Aşıq İsmayıl Qaymaqlı, şair Rəfail İncəyurd, şair Bəxtiyar Rüstəmoğlu və onlarla tanımadığım insanlar facebook üzərindən mənim dəvətimi dəyərləndirib Fərhadın görüşünə gəlmişdilər. Həmçinin Azərbaycanın milli istiqlal mücahidi və müstəqil Azərbaycan mətbuatının yaradıcılarından biri olan Ağamalı Sadiq Əfəndinin həyat yoldaşı Nabat xanım, oğlanları Qarabağ müharibəsi veteranı Nofəl Əfəndiyev və Orxan Əfəndiyev də Fərhadın yanında idilər.

Qazax rayonundan Millət vəkili seçilmiş Kamran Nəbizadə də bir neçə gün sonra Fərhadın görüşünə getmişdi.

İKİNCİ GÖRÜŞ
Filologiya elmləri doktoru, polkovnik-leytenant Valeh Nəsibli ikinci görüşə 42 illik tələbə dostları ilə birgə gəlmişdi – Xeyrulla Ağayev, Sabir Sadaxlı, Moskvadan Nəsib Verdiyev bu görüşə böyük ürəklə gəlmişdilər. Zaməddin Qağam, ziyalı eloğlumuz Allahyar Əyyuboğlu, veteran döyüşçü Saleh Salmanov, Qaymaqlıdan Abdulla Məmmədov da bizimlə bir arada idi həmin gün. İnanın səmimiyyətimə, bu çağırışıma da tanımadığım insanlar qatılmışdı. Bu hal məni çox sevindirirdi. Çünki Vətən uğrunda can verən insana mənəvi dəstək olan xalqımız dövlətinə, millətinə necə sədaqətli olduğunu bu görüşlər vasitəsilə bir daha sübut edirdi.

ÜÇÜNCÜ GÖRÜŞ
Üçüncü görüşümüz də ziyalılar, şair, yazıçıların əhatəsində oldu. Qazaxı sazsız-sözsüz, şair-yazıçısız təsəvvür etmək mümkün deyil. Bu görüş də əvvəlki görüşlər kimi səmimi, yaddaqalan oldu. Bu dəfə qəhrəmanın görüşünə Xalq şairi Nəriman Həsənzadə, “Qazax” Xeyriyyə İB-nin İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, dünya şöhrətli yazıçı Varis Yolçuyev, dəyərli qazaxlımız Sultanxanım Nəsibova gəlmişdi.


Yazıçı Varis Yolçuyev Fərhad yaralandığı anı danışan zaman çox diqqətlə qulaq asırdı. İnanıram ki, bir gün Varis müəllimin qəhrəmanlarından biri də Fərhad olacaq. Xalq şairi Nəriman Həsənzadə, elimizin ləyaqətli ağsaqqalı İlham Pirməmmədov Fərhadı dinlədikcə qəhrəmana olan heyrətini, məhəbbətini gizlətmirdi. Çox insanlara ana-bacı olub qayğısına qalan Sultanxanım Nəsibovanın Fərhadın qəhrəmanlığı ilə qürur duydugu üzündən açıq-aşkar hiss olunurdu.
Fərhad bir aya yaxın idi ki, qospitalda müalicə alırdı. Göstərdiyi igidliyə görə müdafiə naziri Zakir Həsənovun əmri ilə “HƏRBİ XİDMƏTDƏ FƏRQLƏNMƏYƏ GÖRƏ” 3-cü DƏRƏCƏLİ MEDAL ilə təltif olundu.


Nəhayət Fərhadın qospitalda müalicəsi qurtardı. Qazağa yola düşdü. Qazaxda dostlar, qohumlar Fərhadı böyük ruh yüksəkliyi ilə qarşıladılar. Axı Fərhad Qazağa Qazi olaraq qayıtmışdı.
İki ay keçdi. Mən də Qazağa getdim. Fərhadla görüşəcəkdim. Ancaq mən ona zəng etməzdən öncə Fərhad özü mənə zəng etdi. Bu da Fərhadın necə etibarlı insan olduğunun aydın göstəricisi idi. Bir ayağını itirən Fərhad həyat yoldaşı Fatma xanım və övladları ilə birgə özü maşını idarə edərək gəlmişdi atamgilə. Bu da qəhrəmanlıqdır. Bizi qonaq apardılar. Ailə üzvləri bizi (Mehribanla məni) çox gözəl qarşıladılar, əsl qazaxlılara layiq. Valideynləri Rüstəm müəllim və Aypara xanım peşəcə müəllimdilər. Onlar əsl müəllim ailəsidir. Zəhmətkeş, dövlətini, millətini sevən insanlardır. Ona görə də Vətən üçün Fərhad kimi qəhrəman oğul böyüdüb, Vətən uğrunda ön cəbhəyə uğurlayıblar.
Biz Fərhadla həmsöhbət olduq. Əziz oxucu, həmin günün – Fərhad ayağını itirdiyi o günün təffərüatlarını Fərhadın öz sözləri ilə çalışacam ki, sizin də diqqətinizə çatdırım.

– Sən o gün səngərə getməyə bilərdinmi?
– Bəli, getməyə bilərdim. Ancaq vicdanım məni heç vaxt rahat qoymurdu ki, isti otaqda oturum. Mən yalnız səngərdə əsgərlərin yanında rahatlıq tapırdım.
– O gecəni necə xatırlayırsan?
– Ərazini yaxşı müşahidə və mühafizə etmək üçün kurqanlar hazılanırdı. Onların üzərində Qala tipli mühafizə məntəqələri tikirdik.
Biz kurqanları sabaha kimi təhvil verməli idik. Ona görə gecəni işləməyimiz vacib idi. Düzdür, mən ora özüm getməli deyildim. Əsgər də göndərə bilərdim. Ancaq əsgərlərə qıymadım. MAXE Əvəzlə getdik işləmək üçün. Əraziyə çatanda nankor qonşuların sərhədinə tərəf bir ağ it hürdü. Elə hürə-hürə də o tərəfə getdi. Səngərə düşəndə dedim Əvəz, atacaqlar. Atışma olacaq. Ürəyimə damıb səni vuracaqlar. Gəl yerimizi dəyişək. Əvəz dedi ki, yox komandir, heç nə olmaz. Narahat olma. Mən Əvəzlə razılaşmadım. Onu məcbur etdim yerimizi dəyişdik. Kurqana beş-altı təkər yerləşdirib bağlamışdıq ki, snayperdən (UZB-96) atəş açıldı. Dizim gözümün önündə partladı. Sümüklərim əlimə batırdı. Mən hər zaman onların atış taktikasını izləmişəm. Onlar atdıqları yerdə hədəfi vura bilirlərsə həmin yerə dalbadal iki-üç dəfə atəş açırlar. Bildim ki, yenə də atacaqlar. Ona görə də özümü birtəhər geriyə atdım. Him qazdığımız üçün qazılan torpağı arxa hissəyə atmışdıq. Artıq ayğımın biri yox idi. Tez özümü həmin torpağın arxa hissəsinə atdım. Təkərlərdən də əlim çatanları özümə tərəf çəkdim ki, məni termalla da görə bilməsinlər. Həmin güllə mənim bədənimin başqa yerinə dəysə idi, həmin an ölmüşdüm. Əvəzə dedim, burda durma, qaç. Bir müddət atışma oldu.
İsti-isti heç nə bilmirdim. Ayağımın güllə dağıdan hissələrini də özümlə birgə aşağı apardım. Fikirləşdim ki, bəlkə də düzələcək.
Onlar (hərbçilər və əsgərlər) məni görəndə (aşağı düşən zaman) möhkəm qışqırtı qopdu. Dedim, qışqırmayın. Əsas odur ki, salamatam. Həmin an həyacandan həkim juqutu tapa bilmədi. Sərt parça materialından kəmərlər var idi. Dedim, qaçın onlardan gətirin. Sıxdım dizimdə. Bir dəfə bağladım. İkinci dəfə bağlamadım ki, möhkəm çəkəndə düyün düşər, qan aparar məni. Maşında bölük komandiri sağımda, MAXE solumda oturmuşdu. Dedim, “budumu möhkəm sıxın ki, qan getməsin”.
Təcili yardım maşını ilə biz Sarıcalı kəndində yerləşən xəstəxanaya yola düşdük. O yollar da müharibə şəraitinə görə nahamardır. Hər dəfə təcili yardım maşını məni atıb-tutduqca elə bil o dünyanı görüb gəlirdim. İki dəfə palçığa batdı. Birtəhər asfalt yola çıxdıq. Asfalt yolun kənarında bizi tibb məntəqəsinin təcili tibbi yardım maşını gözləyirdi. Biz həmin maşına mindik. Orda sanitarkadan juqut istədim. Juqutu aldım. O biri kəməri açıb juqutu bağlayanda gördüm ki, xərəyin içi tamamilə qandır.
Həm maşın atıb-tutduqca, həm də həyacandan kəmər əllərində budumda boş vəziyyətdə olmasından məni aparanların xəbəri olmayıb.
Məni allah saxladı. Artıq qospitala çatana yaxın gördüm əllərim üyüşür. Dedim, əlimi ovuşdurun. Əlimi ovuşdurdular.
– Ürəyində ölüm qorxusu var idimi?
– Qətiyyən. Ürəyimdə bir hiss var idi ki, məni iki saat da belə saxlasalar, ölməyəcəm. Öz-özümə deyirdim: Mən niyə ölməliyəm?! Mən yaşayacam!
Qospitala vaxtında çatdıq. İnanın həyatda bir polis şöbəsindən, bir də xəstəxanadan uzaq gəzmişəm. İlk dəfə idi ki, qospitalı, həkimləri görəndə sevinirdim.
– Həkimə ilk sözün nə oldu?
– Gözlərimi açdım, dedim həkim, inanmazdım ki, mən də nə vaxtsa həkim, xəstəxana görəndə sevinəcəm. Nə yaxşı ki, varsınız. İçəri daxil olduq. Dedim ki, mənə narkoz verin, işinizi görün. Qolumu bağlamaq istədilər. Qoymadım. Çünki mən heç nə edən deyildim. Qollarımı açdırdım.
– Əməliyyat həkiminə sözün nə oldu?
– Zəhmli bir həkim daxil oldu əməliyyat otağına. Soruşdum ki, məni siz əməliyyat edəcəksiniz? Dedi, bəli. Soruşdum ki, həkim nəsə əmələ gələcək? Həkim dedi ki, ay sağ olmuş, ayağını zapçast edib gətirmisən. Mənə niyə ağır sual verirsən? Həkimlər mənə narkoz vurdular. Əməliyyat gedə-gedə yuxuya getdim.
– Oyandığın zaman…
– Oyananda əməliyyat bitmişdi. Əlimi atdım ki, artıq ayağım yoxdur. Həkimdən soruşdum ki, ayağım haracan kəsilib? Həkim susdu. Dedim de, narahat olma. İgidin başına iş gələr. Həkim mənə ayağımın bud nahiyəsindən kəsildiyini dedi.
– Fərhad, bu halına Şükür edirsənmi?
– Əlbəttə. Min dəfə Allaha Şükür edirəm ki, nə yaxşı mən həmin əraziyə əsgər çıxartmamışam. Əgər toplu şəkildə (5-6 nəfər əsgər) o hündürlüyə əsgər çıxartsaydım indi ən azı 2-3 nəfər əsgər şəhid vermişdik. Axı mən onların valideynlərinin göz yaşlarına dözə bilərdimmi? Təbii ki, xeyr. Düşmən gülləsindən ölmədim, ancaq şəhid valideyninin göz yaşları məni şam kimi əridərdi. Ona görə Şükür edirəm ki, əsgərlərim sağ-salamatdır.
Mən həmişə Şükür edirəm. Qaldı ki, ağrılara, yaram gecələr ağrıyır. O da hərbi həyatından gecələri oyaq qalmağa alışmışam. İndi ağrılarım olanda gecələr yenə də yatmıram. Təki Vətən sağ olsun!
– Bəs Əvəz səninlə əlaqə saxlayırmı?
– Bəli. Həmişə. Hətta mən Qospitaldan Qazaxa gələndə Əvəzin ailəsi də bizimlə birgə Qazaxa gəldi.
– Artıq Qazisən.
– Bəli, Qazi olmaq böyük xoşbəxtlikdir. Mən Vətənə xidmət edəndə itirmişəm ayağımı. Düzdür, hərbi aləmdə tam arzularıma çatmadım. Ancaq yenə də çalışacam ki, Vətənimə, dövlətimə şərəflə xidmət edim.
– Azərbaycan ordusundan təxris olundunmu?
– Bəli, təxris olunuram. Əmrim Müdafiə Nazirliyinə göndərilib artıq. “Usta dərəcəsi” ilə təltif olundum. Korpus komandirimiz Hikmət Həsənov çox vətənpərvər, ləyaqətli insandır. Hər zaman işimə, fəaliyyətimə qarşı diqqətli olub. Nəinki mənə, bütün hərçilərə qarşı çox diqqətli insandır Hikmət müəllim.
– Vətən sənin üçün hardan başlayıb, harda qurtarır?
– Vətən mənim üçün ərazisi 250 min kvadrat kilometrlik əzəli-əbədi dədə-baba torpaqlarımızdır. Dəmir Qapı Dərbənddir, Təbrizdir, Göyçədir, Zəngəzurdur, Qarabağdır, Şuşadır, Füzulidir, Ağdamdır, Laçındır, Kəlbəcərdir, Xocalıdır, Ağdərədir. Vətən mənim üçün əsrlərlə işğal edilmiş bütün tarixi torpaqlarımızdır!
SözArdı: Fərhadın 5 yaşlı oğlu balaca Azər də qəhrəmandır. Deyir: “Ata, sənə protez ayaq taxılmasın. Mən böyüyəcəm, döyüşə gedəcəm, erməniləri məhv edib, səndən aldıqları ayağı geri qaytaracam”. Azər, igid oğlan, mən isə arzu edirəm ki, sən böyüyənə kimi İnşallah Ali Baş Komandan İlham Əliyev Cənablarının əmri ilə bütün itirilmiş torpaqlarımız geri qaytarılsın. O zaman məzarda uyuyan şəhidlər məzardan boy verəcək, atanın düşmən gülləsinə tuş gələn ayağı isə uğrunda qan tökdüyü, illərdir həsrətini çəkdiyimiz torpaqlarda addımlayanda bərpa olunacaq. Bu yerdə ürəyim şair Barat Vüsalın “Mən ayağa qalxacam, yarama torpaq tökün” şeirinin son misralarını zəfər günü yaxındadır deyib, qələmə pıçıldayır:
Qan itirə-itirə elə bil qan tapmışam,
Allahdan nazil olan Quran, iman tapmışam.
Bütün dərdləri yenən təzə dərman tapmışam,
Mən ayağa qalxacam, yarama torpaq tökün!

P.S. Qeyd edim ki, Kapitan Fərhad Eyyubov 31 yanvar 2019-cu ildə Ağdam rayonunda hərbi vəzifəsini icra edərkən yaralanmış, sol ayağı amputasiya olunmuşdur.
P.P.S. İlham Pirməmmədov Fərhadın həyat yoldaşı Fatma xanımın işinin Ağdam rayonundan Abşeron rayonuna dəyişdirilməsi haqqında Təhsil Naziri Ceyhun Bayramova rəsmi olaraq müraciət edib. Tədris ilinin sonunda məsələ müsbət həllini tapacaq. Eyni zamanda İlham Pirməmmədov Beynəlxalq bankın və Mərkəzi bankın rəhbərliyinə müraciət etdi. Fərhadın evinin banka olan ödənişinin ümumi məbləğinə müəyyən faiz (məbləğ) güzəşt edildi. Onu da qeyd edim ki, İlham müəllim Fərhadın evinin bir illik ödənişini “Qazax” Xeyriyə İB-nin üzərinə götürüləcəyini, bundan sonra da Fərhadın ailəsinə “Qazax” Xeyriyyə İctimai Birliyi tərəfindən həm maddi, həm də mənəvi dəstək olunacağını bildirdi.
“Carçıoğlu” Qrup şirkətinin prezidenti Elçin Carçıyev Fərhadı “Carçıoğlu” Qrup şirkətində müşavir vəzifəsinə təyin edib. Elçin Carçıyev eyni zamanda Qarabağ Qazisi Kamil Musəvini də işlə təmin edib.
Fərhada göstərdikləri diqqət və qayğıya görə, Azərbaycan dövlətinə olan vətəndaşlıq borcunu vicdanla yerinə yetirdikləri üçün “Qazax” Xeyriyyə İctimai Birliyinin sədri professor İlham Pirməmmədov başda olmaqla İctimai Birliyin bütün üzvlərinə və “Carçıoğlu” Qrup şirkətinin prezidenti Elçin Carçıyevə təşəkkürümü bildirirəm.

Böyük hörmətlə: Səbinə YUSİF, tədqiqatçı-yazıçı

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here