Qazax rayon İcra Hakimiyyətinin və Qazaxbəyli kənd tam orta məktəbin birgə təşkilatçılığı ilə telejurnalist, publisist, şair, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Respublikasının əməkdar jurnalisti və Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin xatirəsi anılmışdır.
Tədbirdə rayon İcra Hakimiyyətinin, təhsil şöbəsinin məsul işçiləri, kənd ağsaqqalları, müəllim və şagirdlər iştirak etmişlər.
Tədbir iştirakçıları Milli Qəhrəmanın məktəbin həyətində qoyulmuş büstü önünə gül-çiçək dəstələri qoyaraq əziz xatirəsini yad etmişlər.
Tədbiri giriş sözü ilə Alı Mustafayevin vaxtilə təhsil aldığı Qazaxbəyli kənd tam orta məktəbin direktoru Mətanət Ayvazova açıb, Milli Qəhrəmanın həyatı və əmək fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat vermişdir.
Milli Qəhrəmanın yaxın dostu, tələbə yoldaşı Məhəmməd Orucov Alı Mustafayevlə bağlı maraqlı xatirələr danışmışdır. Onun qürurlu, vətənini, torpağını və xalqını sevən azərbaycanlı olması barədə tədbir iştirakçılarına məlumat vermişdir.
Qazax rayon İcra Hakimiyyəti Başçısının müavini Gulaya Həsənova tədbirdə çıxış edərək respublikamızda, eləcə də rayonumuzda Milli Qəhrəman və şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb. Qeyd edib ki, Alı Mustafayev erməni millətçilərinin hərbi birləşmələrinin Azərbaycana hücumu zamanı qələmini silaha çevirərək Dağlıq Qarabağdan–qaynar nöqtələrdən, eləcə də yüksək dövlət səviyyəli rəsmi görüşlərdən hazırladığı müsahibə və reportajlarla xalqın rəğbətini qazanmışdı. O, Moskvada Azərbaycan Respublikası Milli Məclisi tərəfindən parlament müxbiri olmuşdu. 1991-ci ildə fəaliyyətinə görə “İlin ən yaxşı jurnalisti” mükafatına layiq görülmüşdü.
1991-ci ilin 20 noyabrında Dağlıq Qarabağın Xocavənd rayonunun Qarakənd kəndi səmasında Azərbaycanın yüksək rütbəli dövlət nümayəndələrini aparan vertolyotun düşmən tərəfindən vurulması nəticəsində faciəli şəkildə dünyasını dəyişmiş və şəhid zirvəzinə yüksəlmişdir.
Ölümündən sonra igidliyi və göstərdiyi şücaəti yüksək qiymətləndirilərək ona Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir. Alı Mustafayev bu gün də xalqımızın qəlbində yaşayır.
Sonra Milli Qəhrəmanın bacısı Bəsti Mustafayeva çıxış edərək göstərilən diqqət və qayğıya görə Alı Mustafayevin ailəsi adından ölkə başçısı İlham Əliyev cənablarına və rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşova dərin minnətdarlığını bildirmişdir.
Sonda Qazaxbəyli kənd tam orta məktəbin şagirdləri Alı Mustafayevin vətənpərvərlik mövzusunda yazılmış şeirlərini səsləndirmişlər.
goyezen.az