Şəmistan Nəzirlinin 75 yaşı tamam olmuşdur

0
2758

Bu günlərdə tanınmış publisisti, nasir, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, H.Zərdabi adına mükafatın laureatı, Səməd Vurğun irsinin araşdırıcısı, tərcüməçi, 25 kitabın, yüzlərcə elmi, publisistik məqalənin müəllifi, Qazax Xeyriyyə İctimai Birliyinin üzvü Şəmistan Nəzirlinin 75 yaşı tamam olmuşdur.

Şəmistan Əmiraslan oğlu Nəzirli 1942-ci ildə Qərbi Azərbaycanın Loru nahiyyəsinin Yuxarı Körpülü kəndində anadan olmuşdur. Burada kənd məktəbinin səkkizinci sinfini bitirdiyi il ailəlikcə Azərbaycana köçmüşlər. 1960-cı ildə Dəvəçi şəhərində orta məktəbi bitirdikdən sonra 5 saylı Bakı texniki-peşə məktəbinə daxil olmuşdur. 1962-1965-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1967-1972-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Jurnalistika fakültəsində təhsil almışdır.

Ədəbi fəaliyyətə 1958-ci ildə “Sovet Ermənistanı” qəzetində çıxan kiçik bir məqaləsi ilə başlamışdır. Lakin 60-cı illərdən dövri mətbuatda oçerk, hekayə və publisist məqalələri ilə müntəzəm çıxış edir. Səməd Vurğun dünyası və azərbaycanlı sərkərdələrin taleyi onun ədəbi-publisist fəaliyyətinin əsas mövzusudur. Onun tərtib etdiyi general-leytenant Əliağa Şıxlinskinin “Xatirələrim” kitabı 1984-cü ildə Azərnəşr tərəfindən Azərbaycan və rus dillərində kütləvi tirajla buraxılmışdır.

Əmək fəaliyyətinə Azərbaycan Pedaqoji İnstitutunun “Gənc leninçi” qəzeti redaksiyasında ədəbi işçi kimi başlamışdır (1972-1973). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində hərbi vətənpərvərlik redaksiyasında redaktor, şöbə müdiri (1973-1991), Azərbaycan Dövlət Ensiklopediyasında “Xatirə” redaksiyasının şöbə müdiri (1991-1992), Respublika Müdafiə Nazirliyinin Hərbi-Elmi Tədqiqatlar və Tarix İdarəsində şöbə müdiri (1992-1996). Respublika Dövlət Televiziya və Radio Verilişləri Şirkətində “Hərbi proqramlar və salnamə” baş redaksiyasının baş redaktoru (1996-1998) işləmişdir.

Hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyində Hərbi Elmi Mərkəzin hərb tarixi şöbəsində baş elmi işçidir. Xalq şairi Səməd Vurğun haqqında silsilə əsərlərinə görə Azərbaycan Jurnalist Həmkarlar İttifaqnının “Səməd Vurğun fəxri xatirə diplomu”na (1996), “Qacarlar” əsərinə görə İran Dostluq Cəmiyyətinin birinci dərəcəli mükafatına (1995), hərbi vətənpərvərlik mövzusunda tarixi publisistik əsərlərinə görə “General Həzi Aslanov” və Qazax Xeyriyyə Cəmiyyətinin təsis etdiyi “General Əliağa Şıxlinski” mükafatlarına (1995) layiq görülmüşdür.

Şəmistan Nəzirli Azərbaycan hərb tarixinin, xüsusilə də Azərbaycan Xalq Cümhuriyyəti dövrünün məşhur şəxslərini, tanınmış sərkərdələrini, ictimai-siyasi xadimlərini tədqiq etmişdir. Onun tədqiqatları içərisində general Alı ağa Şıxlinski, general İbrahim ağa Vəkilov, poruçik Fərrux ağa Qayıbov və Qazaxdan çıxmış digər məşhur hərbçilər xüsusi yer almışdır.

Qazax Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin və Cəmiyyətin bütün üzvləri dəyərli tədqiqatçı, Qazax mahalının, o cümlədən Respublikamızın tanınmış şəxsiyyətlərinin tarixi keçmişini arxivlərdən araşdırıb üzə çıxardan görkəmli jurnalist Şəmistan Nəzirlini 75 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulayır.

Qeyd edək ki, Qazax Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin sədri professor İlham Pirməmmədov bildirmişdir ki, İdarə Heyətinin qərarı ilə Qazax Xeyriyyə İctimai Birliyinin mətbu orqanı olan “Dəli Kür” qəzetinin bir nömrəsi xüsusi buraxılış kimi Şəmistan Nəzirlinin 75 illik yubileyinə həsr olunacaqdır. Həmçinin yaxın günlərdə Qazax Xeyriyyə İctimai Birliyi tərəfindən onun yubileyi ilə əlaqədar təntənəli tədbir keçiriləcəkdir. Tədbirin keçiriləcəyi yer və vaxtı haqqında Qazax Xeyriyyə İctimai Birliyinin üzvlərinə və digər şəxslərə əlavə məlumat veriləcəkdir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here