Çağdaş Azərbaycan aşıq sənəti ağır itgi ilə üzləşdi. Son dövrün azman, ustad aşıqlarından olan Aşıq Yaqub Şıxlı (Yaqubov Yaqub Şəmistan oğlu) 06 yanvar 2018-ci il tarixində, səhər saatlarında dünyasını dəyişib.
İyirminci əsr klassik aşıq məktəbinin sonuncu böyük nümayəndələrindən, bilicilərindən olan Aşıq Yaqub 21 mart 1948-ci ildə Qazax rayonunun II Şıxlı kəndində kolxozçu ailəsində anadan olmuşdur. Balaca Yaqub erkən yaşlarından saz çalıb-oxumağa meyillənirdi. Odur ki, bu həvəsi onu dövrünün ustad, təkrarolunmaz sənətkarı Şıxlı Dərya Məhəmmədə şəyirdlik etmk, sənətin incəliklərini öyrənmək arzusuna təkan verdi. Atası Şəmistan kişinin təhriki ilə Dərya Məhəmmədə qulluq eləməyə başladı. Fərqli oxu tərzi, ifa manerası olan Yaqub tezliklə ustadından aşıq sənətinin incəliklərini, mühüm sirrlərini öyrəndi və elinin-obasının məclislərində, şənlik ziyafətlərində sərbəst çalıb-çağırmaq imkanı əldə etdi. O, tezliklə, nəinki Şıxlıların, ətraf kəndlərin, Borçalı camaatının da sevimlisinə çevrildi. Eyni zamanda Aşıq Cəlal Qəhrəmanovla, ustadının sənət qardaşı Aşıq Avdi Qaymaqlının oğlu Sadıqla, Aşıq Kərən İncəli ilə, qonşu Gürcüstanın sayılıb-seçilən aşıqları ilə qoşalaşdılar və ağır məclislər apardılar. Ozünün də adlı-sanlı yetirmələri oldu. Aşiq Avdı Musayev, Aşıq Bəyimxan, ustadının nəticəsi Aşıq Məhəmməd və başqaları bu sıradandır.
Aşıq Yaqub Şıxlı zamanına bəlli olan bütün havacatları bilirdi və bu sahənin canlı ensklopediyası idi. Eyni zamanda dastansinə aşıq idi. O, Azərbaycan Aşıq sənəti tarixındə öz imzası, xidməti olan unudulmaz el sənətkarı oldu.
Ustad aşıqla vida mərasimi doğulub boya-başa çatdığı II Şıxlı kəndində olub. Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov dəfn mərasimində gərəkli tədbirlərin həyata keçirilməsi üçün birinci müavini Məhəmməd Alıyeviə lazımı göstərişlər verərək mərasimin rayon səviyyəsində qeyd edilməsini həyata keçirilmişdir. Qazax rayonunun kəndlərindən və qonşu rayonlardan gələn böyük izdihamın müşayiəti ilə ustad sənətkar, Aşıq Yaqub II Şıxlı qəbiristanlığnda son mənzilə yola salındı.
“Qazax Xeyriyyə” İctimai Birliyinin İdarə Heyətinin sədri, professor İlham Pirməmmədov unudulmaz sənətkar Aşıq Yaqubun dünyasını dəyişməsi ilə əlaqədar “Qazax Xeyriyyə” İctimai Birliyinin üzvləri adından mərhumun ailəsinə, yaxınlarına, Qazax camaatına, bütövlükdə bütün sazsevərlərə dərin hüzünlə başsağlığı verərək, aşığın ruhuna Tanrıdan rəhmət diləyir. Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova isə Aşıq Yaqub Şıxlının dəfn mərasiminin yüksək səviyyədə təşkil etdirdiyinə görə dərin təşəkkürünü bildirir.
Allah rəhmət eləsin.
Qazax Xeyriyyə İctimai Birliyinin sədrı
Professor İlham Pirməmmədov
QXİB-nin İdarə heyyəti.