Prezident İlham Əliyevin sərəncamı ilə akademik Teymur Bünyadov “Şərəf” ordeni ilə təltif edilib

0
1935

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev akademik Teymur Bünyadovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda etnoqrafiya elminin inkişafında böyük xidmətlərinə görə Teymur Əmiraslan oğlu Bünyadov “Şərəf” ordeni ilə təltif edilib. Qeyd edək ki, Qazax Xeyriyyə” İctimai Birliyinin İdarə Heyətinin üzvü, akademik Teymur Bünyadov elmi, pedaqoji və ictimai-siyasi fəaliyyətinin nəticəsi olaraq 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilmiş, 2008-ci ildə isə “Azərbaycan Respublikasının Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.

“Qazax Xeyriyyə” İctimai Birliyinin İdarə Heyətinin sədri professor İlham Pirməmmədov İctimai Birliyinin üzvləri və Qazax mahalının ziyalıları adından akademik Teymur Bünyadovun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərancamı ilə “Şərəf” ordeni ilə təltif edilməsi münasibətilə Azərbaycan elmi ictimaiyyətini, tarixçiləri, Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyini, Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarını, Qazax və Ağstafa camaatını, xaricdə yaşayan soydaşlarımızı, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovu, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevi ürəkdən təbrik edir.

Akademik Teymur Bünyadov 90 illik şərəfli ömür yolunu dövlətimizin elminin, təhsilinin inkişafına, dövlətçiliyimizin möhkəmlənməsinə həsr etmiş çoxlarına nümunə olan bir ziyalı, milli ruhu və milli mənliyi olan böyük vətəndaş və el ağsaqqalıdır. 

“Qazax Xeyriyyə” İctimai Birliyinin İdarə Heyətinin üzvləri və Qazax mahalının ziyalıları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz təşəkkür və minnətdarlıqlarını bildirərərk, akademik Teymur Bünyadovun “Şərəf” ordeni ilə təltif edilməsini Qazax mahalına verilən şərəfli dəyər kimi qəbul edirlər.

Qeyd edək ki, akademik Teymur Bünyadovun 90 illik yubileyi münasibətilə “Qazax Xeyriyyə” İctimai Birliyinin İdarə Heyətinin qərarı ilə hazırlanan kitab yaxın günlərdə nəşr olunacaq. Həmçinin Teymur Bünyadovun yubiley tədbiri Bakı şəhəri ilə yanaşı Qazax və Ağstafa rayonlarında da keçiriləcəkdir.

Əziz Teymur müəllim, Sizi 90 illik yubileyiniz və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərancamı ilə “Şərəf” ordeni ilə təltif olunmağınız münasibətilə ürəkdən təbrik edir, Sizə uzun ömür, can sağlığı və xoşbəxtliklər arzulayırıq.

P.S. Tarix elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi. Yeni Azərbaycan Partiyasının üzvü, Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı, Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimika Komissiyasının sədr müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Arxeologiya” və “Etnoqrafiya” ixtisasları üzrə dissertasiyaların müdafiəsi şurasının sədri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, “Şöhrət” ordenli, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Teymur Əmiraslan oğlu Bünyadov 1928-ci il yanvarın 20-də Qazax bölgəsinin II Şıxlı kəndində dünyaya göz açıb. T.Bünyadov orta məktəbi qızıl medalla bitirmiş, 1946-1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil almışdır. Universiteti uğurla başa vuran T.Bünyadov az sonra SSRİ Elmlər Akademiyasının Maddi Mədəniyyət Tarixi İnstitutunun aspiranturasına daxil olmuş, məşhur Qafqazşünas alim, Lenin mükafatı laureatı Y.İ.Krupnovun rəhbərliyi altında namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. Müdafiədə iştirak edən Qafqazşünas alimlər dissertasiya işinə yüksək qiymət vermiş, bu mövzuda tədqiqat əsərinin təkcə Azərbaycanda deyil, hətta bütün Qafqazda ilk dəfə qələmə alındığını və tarixşünaslıq baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışlar. Öz tədqiqatı ilə Qafqazın əkinçilik mədəniyyətinin vətəni olduğunu sübut edən gənc alim üçün təcrübəli həmkarlarının verdiyi bu qiymət böyük uğur idi. Moskva həyatını başa vurub, 1955-ci ilin mayında vətənə dönən T.Bünyadov sonrakı elmi fəaliyyətini Azərbaycan Elmlər Akademiyasının Tarix, 1993-cü ildən isə Arxeologiya və Etnoqrafiya İnstitutunda davam etdirir. 1968-ci ildə o, “Azərbaycanın qədim və Orta əsrlərdə təsərrüfat həyatı” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, arxeologiya və etnoqrafiya elmləri sahəsində respublikada ilk tarix elmləri doktoru alimlik dərəcəsi almış, 1970-ci ildə isə professor adına layiq görülmüşdür. Taleyini elmə bağlayan bu zəhmətkeş alim 1989-cu ildə Azərbaycan EA-nın müxbir üzvü, 2001-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir. 1960-cı ildə Teymur Bünyadovun irihəcmli “Azərbaycan arxeologiyası oçerkləri” adlı kitabı çap olundu. Respublikada bu mövzuda ilk dəfə hörmətli alimimiz tərəfindən qələmə alınan bu monoqrafiyada Azərbaycan xalqının dünyanın ən qədim və mədəni xalqlarından biri olduğu tutarlı dəlillərlə sübuta yetirilir. Özündə Azərbaycanın ən qədim dövrdən XV əsrə qədərki tarixini əks etdirən bu əsər həmçinin, gənc arxeoloqların yetişməsində xüsusi rol oynamış, mütəxəssislərin bu gün də müraciət etdiyi kitablardan olmuşdur. T.Bünyadovun yazdığı qiymətli əsərlərdən biri də “Əsrlərdən gələn səslər”dir. Əsərdə xalqımızın musiqi irsi ilk dəfə tarixi-etnoqrafik tədqiqata cəlb olunmuşdur. Azərbaycan arxeologiya və etnoqrafiya elminə aid 29 monoqrafiyanın, 1000-ə yaxın məqalənin müəllifi olan akademik T.Bünyadovun əsərləri təkcə respublikamızda deyil, onun hüdudlarından uzaqlarda – Türkiyə, İran, Rusiya, Ukrayna, Norveç kimi ölkələrdə də çap edilmişdir. İctimai elmlər sahəsində mühüm hadisə sayılan və 2007-ci ildə böyük tirajla ilk dəfə çap edilən üçcildlik “Azərbaycan etnoqrafiyası” fundamental əsərinin təşkilatçısı, baş redaktoru və böyük hissəsinin müəllifi T.Bünyadovdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli sərəncamına əsasən nəşr olunan bu monoqrafiyanın cildlərində Azərbaycan xalqının təsərrüfat həyatı, maddi və mənəvi mədəniyyəti, sənətkarlığı, ailə məişəti və s. öz əksini tapmışdır. Görkəmli alimin son dövr fəaliyyəti də çox maraqlıdır; onun bilavasitə rəhbərliyi ilə ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş üçcildlik “Qəbələnin tarixi”, “Qəbələnin etnoqrafiyası” və “Qəbələ folkloru” kitabları yazılaraq çapa hazırlanmış, rus və ingilis dillərinə tərcümə edilmişdir. Akademik Teymur Bünyadov uzun illər bir sıra elmi konfransların iştirakçısı olmuş, Azərbaycanın arxeologiya və etnoqrafiya elmlərini layiqincə təmsil etmişdir. O, 1960-cı ildə şərqşünasların Moskvada keçirilən XXV Beynəlxalq konqresində, 1964-cü ildə antropologiya və etnoqrafiya elmləri üzrə Moskva VII Beynəlxalq konqresində, 1971-ci ildə arxeoloq və etnoqrafların Tiflisdə keçirilən ümumittifaq sessiyasında, 1990-cı ildə İstanbulda keçirilən Birinci Millətlərarası Azərbaycan-türk qurultayında, 2004-cü ildə Moskvada məşhur Qafqazşünas alim Y.İ.Krupnovun 100 illiyinə həsr edilmiş elmi sessiyada, 2007-ci ildə Parisdə keçirilən “Azərbaycanın xalça sənəti” adlı Beynəlxalq konfrasda və başqa elmi forumlarda etdiyi dərin məzmunlu çıxışları ilə dünya alimlərinin böyük marağına səbəb olmuşdur. Azərbaycanın bütün bölgələrini qarış-qarış gəzən, topladığı etnoqrafik materialları özünəməxsus dəsti-xətlə yazıya gətirən xalqşünas akademikin “Ana Kürüm”, “Qızıl qaya”, “Mərd qalalar, sərt qayalar”, “Zirvəqala” kimi əsərlərində vətənin müxtəlif guşələrinin tarixi, etnoqrafiyası öz əksini tapmışdır. Akademik T.Ə.Bünyadov təkcə tarixçi-etnoqraf alim deyil, həm də folklorşünas, nasir və şairdir. Onun 1991-ci ildə yüksək tirajla nəşr edilən “Göz yaşları” romanı, “Xan çinar kölgəsində”, “Anam birdi, vətən tək”, “Başı çalmalı dağlar” adlı üçcildlik bayatı kitabları oxucuların böyük sevgisi ilə qarşılanmışdır. Bu əsərlərdə xalqımızın zəngin mənəvi dünyası, düçar olduğu ədalətsiz müharibənin ağrıları, vətənsevər oğul və qızların döyüş əzmi işıqlandırılır. Qəlbi vətən eşqi ilə döyünən qeyrətli alim-yazıçı, havadarlarının köməyi ilə bədxah ermənilərin Dağlıq Qarabağımızı işğal etdiyi bir vaxtda gənclərə mərdlik, mübarizlik və döyüşkənlik ruhu aşılamaq məqsədilə Azərbaycan türklərinin qəhrəmanlıq tarixindən bəhs edən “Qız var oğuldan qeyrətli”, “Cavanşir”, “Atropat”, “Babək”, “Şəmsəddin Eldəniz” və s. kimi elmi-populyar əsərlərini çap etdirmiş, dəfələrlə cəbhə bölgələrində əsgərlər qarşısında çıxış etmişdir. T.Bünyadov təkcə elmi və bədii yaradıcılıqla deyil, pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. O, uzun illər Bakı Dövlət Universitetində, N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində, Bakı Slavyan Universitetində “Azərbaycan tarixi”, “Qədim dünya tarixi” və “Arxeologiya” fənlərindən mühazirələr oxumuşdur. Öz elmi məktəbini yaratmış xalqşünas alimin gənc kadrların hazırlanmasında da gərgin əməyi olmuşdur. Onun rəhbərliyi altında 7 elmlər doktoru, 25-dən çox elmlər namizədi-fəlsəfə doktoru yetişmişdir. T.Bünyadov həm də ictimai-siyasi xadimdir. O, 1995-ci ildə I çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmiş, Elm və Təhsil Məsələləri Daimi Komissiyasının sədri seçilmiş, eyni zamanda Azərbaycan-İrlandiya parlamentlərarası komissiyasının sədri olmuşdur. 1994-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü olan T.Bünyadov ümummilli lider Heydər Əliyevin və ölkə prezidenti İlham Əliyevin prezident seçkilərində onların vəkili kimi çıxış etmiş, Qarabağ, Gəncəbasar, Qazax-Ağstafa, Lənkəran və Şirvan bölgələrində geniş təbliğat işi aparmışdır. O, AMEA Humanitar və İctimai Elmlər bölməsinin akademik-katibinin müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının üzvü, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında özəl təhsil müəssisələrinin fəaliyyətini tənzimləmək məqsədilə yaradılan Dövlət Ali Ekspert Komissiyasının üzvü, Türkiyə-Azərbaycan Millətlərarası Komissiyasının və Respublika Ziyalılar cəmiyyətinin üzvü olmuşdur. Görkəmli alim T.Bünyadov Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimika Komissiyasının sədr müavini, Qafqaz Müsəlmanları İdarəsi nəzdində yaradılmış Dini-Elmi Şuranın üzvü, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Arxeologiya” və “Etnoqrafiya” ixtisasları üzrə dissertasiyaların müdafiəsi şurasının sədri, Respublika elmi tədqiqatlarının tərkibi və əlaqələndirilməsi şurasının Tarix üzrə Problem Şurasının üzvü, “AMEA-nın Xəbərləri (tarix, fəlsəfə və hüquq seriyası)”, “Tarix və onun problemləri”, “İpək yolu”, “Təkamül”, “Müasir mədəniyyətşünaslıq” və “Qarapapaqlar” jurnallarının redaksiya heyətinin üzvüdür.