Qazaxda Aşıq Ədalət Nəsibovun doğum günü qeyd olunub

0
1578

Prezident təqaüdçüsü, Əməkdar İncəsənət Xadimi Aşıq Ədalət Nəsibovun anadan olmasının 79-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə görkəmli aşığın dəfn olunduğu Ağköynək kənd qəbiristanlığına gəliblər. Ustadın ruhuna dua oxunduqdan sonra məzarı üstünə gül dəstələri qoyulub.

Sonra Gənclər Mərkəzində yığıncaq keçirilib. Qazax rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, “Qazax Xeyriyyə” İctimai Birliyinin üzvləri, musiqi məktəblərinin kollektivləri, ictimaiyyət nümayəndələri, tələbələr, görkəmli aşığın ailə üzvləri və KİV nümayəndələri tədbirdə iştirak edib.

Qazax rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova giriş sözü ilə çıxış edərək bildirib ki, Ədalət Nəsibovun Azərbaycan aşıq sənətinin inkişafında xidmətləri olduqca böyükdür. O, aşıq sənətini dünyanın bir çox ölkələrində təmsil edib və YUNESKO tərəfindən onun ifaları xüsusi olaraq lentə alınıb. Ədalət Nəsibovun aşıq yaradıcılığı sahəsindəki xidmətləri dövlət tərəfindən qiymətləndirilib. O, “Əməkdar İncəsənət Xadimi” fəxri adına və Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülübdür. Sağ ikən Qazaxdakı “Fəxri qazaxlılar” parkında büstü qoyulub.

Tədbirin aparıcısı Məhəmmədəli Məşədiyev Aşıq Ədalətin yaradıcılığından söz açaraq onun ustalığı, sənətkarlığı barədə danışıb, sazı zirvələrə qaldırdığını qeyd edib. Bildirib ki, Aşıq Ədalət gənc yaşlarından fitri istedadı üzə çıxmış, məclislərə dəvət almışdır. Xalq şairi Səməd Vurğun onun çalğısının vurğunu olmuşdur. Türk yazıçısı Əziz Nesin onun haqqında söyləmişdir: “Ədalətin ifası təkrarsız həyat kimidir. Onun üzü daim təzəliyədir, sonu gülüstanlara çıxan dağ çayına bənzəyir. Ələsgər aşiq, söz sənətində kimdirsə, Ədalət də saz sənətində odur”. O, “Qaytarma”, “Baş sarıtel”, “Ruhani”, “Yanıq Kərəm” və onlarla başqa saz havalarının bənzərsiz ifaçısıdır. Onun haqqında kitablar yazılıb, yüzlərlə şeirlər qələmə alınıb, filmlər çəkilib.

Qazax Aşıqlar Birliyinin sədri Camoy Qurbanov, Hüseyn Şəmistanoğlu, Mehman Həsənli, Saqif Məzəmli, Mahal Aslanbəyli, Nurlan İsmayılov, Samir Cəlaloğlu çıxış edərək Aşıq Ədalətin repertuarına daxil olan saz havalarını və ona həsr olunmuş şeirləri ifa ediblər.

Aşıq Ədalətin nəvəsi Fərid Nəsibov çıxış edərək babasının yaradıcılığına böyük dəyər verdiyinə, onun doğum gününün belə yüksək səviyyədə keçirilməsini təşkil etdiyinə görə Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova, tədbirdə iştirak edənlərə və bütün qədirbilən qazaxlılara ailələri adından öz dərin minnətdarlığını bildirib.

Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova tədbirə yekun vuraraq qeyd edib ki, bu gün Ədalət Nəsibov bizim aramızda olmasa da, daim qəlblərdə yaşayacaq və onun yaradıcılığı gənc aşıqlar üçün bir örnək olacaqdır.

Göyeven.az saytının materialından istifade olunmuşdur.