Millət vəkili Kamran Nəbizadənin doğum günüdür

0
1897

Bu gün Millət vəkili, Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Azərbaycan Sənaye Korporasiyası Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru, “Qazax Xeyriyyə” İctimai Birliyinin üzvü Kamran Telman oğlu Nəbizadənin doğum günüdür.

Kamran Nəbizadə Azərbaycanın tanınmış neft mühəndisi 1970-ci ildən 1985-ci ilə qədər Zaqafqaziya Magistral Neft Kəmərləri İdarəsinin rəisi işləmiş, əslən Qazax rayonunun İkinci Şıxlı kəndindən olan Telman Nəbiyevin oğludur. Babası Əsəd Nəbiyev 1930-50-ci illərdə Qazağın bir neçə kəndində məktəb direktoru, Böyük Vətən Müharibəsi illərində isə Qazaxın maarif şöbəsinin müdiri vəzifəsində çalışıb.  

Milli Məclisin deputatı kimi Kamran Nəbizadə dəfələrlə beynəlxalq tədbirlərdə Azərbaycanın düşmənlərini susdura bilmiş, parlament əlaqələri daxilində Azərbaycanın dost ölkələrlə münasibətlərin daha da dərinləşdirilməsində böyük işlər görmüşdür. Lomonosov adına Moskva Dövlət Universitetinin məzunu Kamran Nəbizadə gənc yaşlarından bir çox məsul vəzifələrdə və işlərdə çalışmışdır. O bir iqtisadçı kimi həmişə Azərbaycanın iqtisadi qüdrətini öz elmi əsərlərində önə çəkərək ölkəmizdə aparılan iqtisadi siyasətə öz müsbət töhfələrini vermişdir. Yüksək iqtisadi savadına, güclü idarəetmə qabiliyyətinə, dərin analitikasına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərancamı ilə Kamran Nəbizadə Azərbaycan Sənaye Korporasiyası Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru vəzifəsinə təyin olunmuşdur.  

Həmçinin Kamran Nəbizadə Qazax rayonundan seçilmiş millət vəkili kimi daim Qazax mahalının təəssübünü çəkən, el-obasına bağlı, “Qazax Xeyriyyə” İctimai Birliyinin fəaliyyətində həmişə yaxından iştirak edən, ölkəsinə, dövlətinə sadiq ləyaqətli və dəyərli insandır.

“Qazax Xeyriyyə” İctimai Birliyinin İdarə Heyətinin sədri professor İlham Pirməmmədov İctimai Birliyin İdarə Heyətinin üzvləri və Qazax mahalının ziyalıları adından Millət vəkili, iqtisad üzrə fəlsəfə doktoru Kamran Nəbizadəni doğum günü münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində uğurlar arzulayır.

P.S.  Kamran Nəbizadə 5 fevral 1971-ci ildə Bakı şəhərində tanınmış neftçi Telman Nəbiyevin ailəsində anadan olub. Əslən Qazax rayonunun İkinci Şıxlı kəndindəndir.

1987-ci ildə Bakı şəhəri 6 saylı orta məktəbi bitirib, həmən il Lomonosov adına Moskva Dövlət Universitenin iqtisadiyyat fakültəsinə daxil olub və 1992-ci ildə həmin universiteti “itqisadiyyatçı”, “maliyyə mütəxəssisi” ixtisası ilə bitirib. Daha sonra Türkiyənin “Garanti Bankasında” ezamiyyət keçib.

1993-cü ildən 1998-ci ilə gədər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələr İdarəsində maliyyə xidmətinin rəisi vəzifəsində çalışıb.
1998-ci ildən 2003-cü ilə gədər “LUKoil Marine İnternational” şirkətinin vitse-prezidenti olub.
2001-ci ildə Ümumrusiya Xarici Ticarət Akademiyasının Xarici İqtisadi Əlaqələr fakultəsini “Dünya iqtisadiyyatı üzrə mütəxəssis” ixtisası ilə bitirib.
2003-2006-cı illərdə Azərbaycan Respublikası Sənaye və Enerqetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətində məsul vəzifələrdə çalışıb.
2006-cı ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
2015-ci ilin noyabr ayının 1-də Qazax rayonu 107 saylı seçki dairəsindən Milli Məclisin deputatı seçilib. Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavinidir. Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəridir. ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
2017-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru təyin edilib.
İqtisadiyyat üzrə fəlsəfə doktorudur.
Ailəlidir, 3 övladı var.