Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, texnika elmləri doktoru, professor Mustafa Baba oğlu Babanlının doğum günüdür. Onun 50 yaşı tamam olur.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 3 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə professor M. Babanlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilmişdir. Professor M. Babanlı rektor vəzifəsinə təyin edildikdən sonra cənab Prezidentin ona verdiyi tapşırıqlarla bağlı ciddi işlər həyata keçirmişdir və bu gün də həmin tədbirlər yüksək formada davam etdirilir. Professor M.Babanlıya bu işləri görməkdə Azərbaycan Texniki Universitetində işlədiyi müddətdə tutduğu vəzifələrdə qazandığı təcrübələrin böyük köməyi olmuşdur. Onun Azərbaycanın ən yaxşı ali məktəblərindən biri olan ADNSU-da yüksək ixtisaslı elmi-pedaqoji və rəhbər kadrların hazırlanmasında, elmi-tədqiqat işlərinin aparlımasında, həmin elmi-tədqiat işlərinin istehsalata, tədris prosesinə tətbiq olunmasında böyük nailiyyətləri vardır. O, bütün göstəricilər üzrə Universitetin reytinqini artırmaqla Universitetə ən yüksək bal toplamış tələbələrin qəbul olunmasına nail olmuşdur. Ən əsası da o Universitetdə yüksək səviyyəli beynəlxalq təcrübəyə malik professor-müəllim heyətinin səviyyəsini artırmağı, Universitetdə bir neçə xarici dildə tədrisin təşkil olunmasını, bütün sahələrdə şəffaflığın yaradılmasını, Universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsini və sair məqsədlər qarşıya qoymuşdur. Professor M.Babanlının rektor vəzifəsində işlədiyi iki il altı ay müddətdə görüdüyü işlər onun qarşıya qoyulan bütün məqsədlərə nail ola biləcəyinə inanmağa əsas verir.
Həmçinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində 2016-cı ildən etibarən fəaliyyət göstərən ingilisdilli Azərbaycan-Fransız Universitetinin (UFAZ) yaradılması professor M.Babanlıya Azərbaycan Respublikası Prezidentinin və Təhsil Nazirliyi tərəfindən göstərilən yüksək etimadın və etibarın bir göstəricisidir. Qeyd edək ki, bu Universitet Azərbaycan və Fransa Prezidentlərinin birgə təşəbbüsü ilə yaradılmışdır.
Professor Mustafa Babanlı, eyni zamanda, “Qazax Xeyriyyə” İctimai Birliyinin fəaliyyətində həmişə yaxından iştirak edir.
“Qazax Xeyriyyə” İctimai Birliyinin İdarə Heyətinin sədri professor İlham Pirməmmədov İctimai Birliyin İdarə Heyətinin üzvləri və Qazax mahalının ziyalıları adından Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, texnika elmləri doktoru, professor Mustafa Baba oğlu Babanlının 50 yaşının tamam olması münasibətilə bu nəslin ağsaqqalı, yazıçı, şair, əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Vidadi Babanlı və Mustafa Babanlının atası Baba Babanlı və anası Dünya xanım başda olmaqla bütün Babanlılar nəslini ürəkdən təbrik edir, professor Mustafa Babanlıya can sağlığı, uzun ömür və işlərində uğurlar arzulayır.
P.S.
Mustafa Baba oğlu Babanlı 1968-ci il fevral ayının 21-də müəllimlər ailəsində anadan olub. 1983-cü ildə Bakı şəhəri 1 saylı Fizika-Riyaziyyat təmayüllü orta məktəbi bitirib. Həmin il Kiyev Politexnik İnstitutunun mühəndis-fizikası fakültəsinə daxil olub. 1989–cu ildə Ukrayna Milli Texniki Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra gənc mütəxəssis kimi Azərbaycan Milli Elmlər Akademiyasının “Kristal” təcrübə zavodnun xüsusi konstruktor bürosunda əmək fəaliyyətinə başlamışdır.
M. Babanlı 1990-1992-ci illərdə Ukrayna Milli Elmlər Akademiyasının Metallar Fizikası İnstitutunda aspiranturada təhsil almış, 1993-cü ildə vaxtından əvvəl, “Bərk cisimlərin fizikası” ixtisası üzrə namizədlik dissertasiyası müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır.
1996-cı ildən 2015-ci ilədək Azərbaycan Texniki Universitetinin Metallurgiya və metalşünaslıq kafedrasında assistent, dosent, professor vəzifələrində işləmişdir. Həmçinin Metallurgiya fakültəsində dekan müavini işləmişdir. 2010-2015-ci illərdə Azərbaycan Texniki Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışmışdır.
2008-ci ildə Azərbaycan Texniki Universitetində texniki elmləri üzrə doktorluq dissertasiyasını müdafiə edərək “Materialşünaslıq” ixtisası üzrə texnika elmləri doktoru alimlik dərəcəsi almışdır. Professor M. Babanlı Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının, həmçinin Təhsil Nazirliyi yanında Metodiki Əlaqələndirmə Şurasının üzvü olmuşdur.
Professor M. Babanlı Ukrayna Milli Elmlər Akademiyası Metallar Fizikası İnstitutunda, Fransa Ali Kimya Məktəbində, Fransa Elmi Araşdırmalar Mərkəzində, Balear adaları Universitetində, Frayberq Texniki Universitetində beynəlxalq elmi layihələrə rəhbərlik etmişdir. Onun nüfuzlu beynəlxalq elmi jurnallarda çoxsaylı məqalələri çap olunmuşdur. O həmçinin çoxlu sayda patentin, dərslik, dərs vəsaiti, monoqrafiya və fənn proqramının müəllifidir.
Ailəlidir, 2 qızı, 1 oğlu var.
AMEA-nın müxbir üzvü Məhəmməd Babanlının kiçik qardaşı, tatınmış yazıçı Vidadi Babanlının əmisi nəvəsidir.