Fəxri Xiyabanda Xalq şairi Səməd Vurğunun anadan olmasının 112-ci ildönümü qeyd edilib

0
1516

“Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin tədbirlər planına uyğun olaraq 21 mart 2018-ci ildə Azərbaycanın Xalq şairi Səməd Vurğunun anadan olmasının 112, Xalq yazıçısı Mehdi Hüseynin anadan olmasının 109, Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 99 illiyi münasibətilə “Qazax Xeyriyyə” İctimai Birliyinin sədri, professor İlham Pirməmmədovun rəhbərliyi ilə İctimai Birliyin üzvlərinin, Səməd Vurğunun Ev muzeyinin əməkdaşlarının və çoxsaylı Vurğunsevərlərin iştirakı ilə Fəxri Xiyabanında tədbir keçirilmişdir.

İlk öncə mərasim iştirakşıları dahi Səməd Vurğunun məzarı önünə yığılaraq Xalq şairinin abidəsi önünə əklil və gül-çiçək dəstələri qoydular. Daha sonra tədbiri giriş sözü ilə açan “Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov tədbir iştirakçılarını və Birliyin bütün üzvlərini Novruz bayramı mübnasibətilə təbrik edərək, əziz bayram günündə dahi şəxsiyyətlərin doğum günündə Fəxri Xiyabana toplaşan hər kəsə öz təşəkkür və minnətdarlığını bildirdi.

İ.Pirməmmədov qeyd etdi ki, artıq Səməd Vurğunun doğum və anım günlərinin qeyd olunması bir ənənə halını almışdır. Bu da ondan irəli gəlir ki, Səməd Vurğuna böyük bir el sevgisi vardır, böyük bir məhəbbət vardır. Professor İ.Pirməmmədov onu da qeyd etdi ki, Səməd Vurğun bütün dövrlərin şairidir. Onu hər zaman xalq sevib, sevir, sevəcək də. Səməd Vurğuna ən böyük qiymət verən insanlardan biri də ulu öndər Heydər Əliyev olmuşdur. Belə ki, ümummilli lider hər zaman Səməd Vurğun yaradıcılığına, şəxsiyyətinə yüksək dəyər vermişdir. Müstəqillik dövründə Səməd Vurğunun 90 illik yubileyinin Respublika səviyyəsində təşkil edilməsi də bir daha bu sevgiyə, məhəbbətə əyani sübut idi. Həmçinin professor İ.Pirməmmədov onu da qeyd etdi ki, bu gün də Prezident cənab İlham Əliyevin, birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycan ədəbiyyatına, mədəniyyətinə verdiyi dəyərlər sayəsində böyük Səməd Vurğunun da adı ucalarda yer alıb. 22 martda Xalq yazıçıları Mehdi Hiseynin və İsmayıl Şıxlının da doğum günlərinin olduğunu diqqətə çatdıran İ.Pirməmmədov bu iki şəxsiyyət haqqında da xoş sözlər dedi.

Daha sonra İ.Pirməmmədov çıxış üçün sözü elimizin-obamızın ağsaqqalı, akademik Teymur Bünyadaova verdi. Onun maraqlı xatirələrindən sonra söz Heydər Əliyev mükafatı laureatı, sevimli Xalq şairimiz Nəriman Həsənzadəyə verildi. Sonra akademik Nizami Cəfərov çıxış edərək dahi şairin yaradıcılığından, ədəbiyyata verdiyi töhfələrdən danışdı. Daha sonra natiqlərdən professor Şirindil Alışanov, professor Qəzənfər Paşayev, professor Buludxan Xəlilov, Nüşabə Vəkilova, vurğunşünas tədqiqatçı alim, Səməd Vurğunun Seçilmiş əsərlərinin tərtibçisi və şərhlərin müəllifi  Aslan Salmansoy, yazıçı Məmməd Əfşan, Azərbaycanın Əməkdar artisti Lətifə Cahandarqızı, şair Oqtay Rza və b. ürək sözlərini söyləyib, arzularını dilə gətirdilər. Böyük şairə sevgilərlə yüklənmiş kəlamlar baharın xoş rayihəsinə qoşularaq ilahi bir aura yaratmışdı. Hər kəs bu aura, enerji içində, ucaların hüzurunda ucalığın məqamındaydı. Azərbaycan Aşıqlar Birliyinin sədr müavini aşıq Altay Məmmədov sazı ilə gəlmişdi. Balaca məktəbli balamız şövqlə bir daha “Şair, nə tez qocaldın sən”- dedi. Tədbir məktəblilərin “Mən tələsmirəm” şeirinin ifası iklə yekunlaşdı.

Daha sonra Xalq yazıçısı Mehdi Hüseynin, Xalq yazıçısı İsmayıl Şıxlının məzarları ziyarət olundu, ruhlarına dualar oxundu, məzarlarına əklil və gül çiçək dəstələri qoyuldu. Bundan başqa mərasim iştirakçıları Xalq yazıçısı İsa Muğannanın, Xalq yazıçısı Yusif Səmədoğlunun və Xalq şairi Vaqif Səmədoğlunun məzarlarını da ziyarət edərək onların ruhuna da dualar oxunaraq, məzarları önünə əklil və gül dəstələri də qoyuldu.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here