Aşıq Dərya Məhəmmədin 110 illik yubileyi qeyd edilmişdir

0
2491

14 may 2018-ci ildə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Qazax Xeyriyyə” İctimai Birliyinin təklifi, maddi dəstəyi, Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin razılığı ilə birgə ustad aşıq Şıxlı Dərya Məhəmmədin anadan olmasının 110 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.

Gecənin aparıcısı “Qazax Xeyriyyə” İctimai Birliyinin üzvü, ədəbiyyatşünas alim, Bakı Dövlət Universitetinin professoru Məti Osmanoğlu giriş sözü ilə tədbiri açaraq ustad aşıq Məhəmməd Şıxlının həyat və yaradıcılığından, aşıq sənətinə verdiyi töhfələrdən danışdı. Qeyd etdi ki, bu gün el arasında daha çox Dərya Məhəmməd kimi tanınan aşıq Məhəmməd Şıxlıdan danışanda ilk yada düşən “Yurd yeri” havası olur və təsadüfi deyil ki, bu gün aşıq Məhəmmədin keçdiyi sənət yolu Azərbaycan aşıq sənətkarlığının “yurd yeri”nə çevirilib.

Aparıcının ustad aşıqla bağlı geniş təqdimatından sonra söz Azərbaycan Aşıqlar Birliyinin sədri, professor, Məhərrəm Qasımlıya verildi. Ustad sənətkarın XX əsr Azərbaycan aşıq sənətinin inkişafındakı xidmətlərindən, dövrünün bir çox ustad sənətkarlarıyla yaradıcılıq və dostluq əlaqələrindən danışan professor qeyd etdi ki: “Aşıq sənətində elə sənətkarlar var ki, onların nə ifası, nə də siması çoxlarının yadında qalmır, onların söz yükü yadda qalır. Dərya Məhəmməd o kişilərdən idi ki, onun dediyi sözlər minilliklər boyunca yaddaşlarda yaşayacaq. Onun özünəməxsus oxu tərzi var idi. Çalğısı da bənzərsiz idi”.

Sonra “Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin üzvü, akademik Teymur Bünyadov tədbirin baş tutmasının, düzənlənməsinin ideya rəhbəri “Qazax Xeyriyyə” İctimai Birliyinin sədri, professor İlham Pirməmmədova təşəkkürünü bildirərək Dərya Məhəmməd haqqında xatirələrini danışdı. Sonra AMEA Folklor İnstitutnun direktoru, akademik Muxtar İmanov və Azərbaycan Yazıçılar Birliyi Qazax Bölməsinin sədri, Əməkdar İncəsənət xadimi, şair Barat Vüsal çıxış edərək Dərya Məhəmmədin ustad aşıq kimi özünəməxsusluğundan və bənzərsizliyindən, aşıq sənətinin inkişafındakı xidmətlərindən danışdılar. Barat Vüsal Qazax və Ağstafa rayonları İcra başçılarının, ictimaiyyətinin və yubiley mərasimində onunla birgə iştirak edən hər iki rayonun Mədəniyyət şöbəsinin müdirlərinin salamlarını və xoş arzularını tədbir iştirakçılarına çatdırdı. Aşıq Məhəmmədin 110 illik yubileyinə gözəl bir töhfə kimi professor

Məhərrəm Qasımlının məsləhətçi, şair Rafail İncəyurdun redaktor olduğu və Cəsarət Qocayevin, Gülarə Qocayevanın, Sayad Mustafaoğlunun, Mahmud Allahmanlının, Mehdi Şıxlinskinin, Məhəmməd Qocayevin zəhmət çəkib çapdan çıxardıqları “Yurd yerindədir” kitabı da aşığın pərəstişkarlarına hədiyyə edilmişdir. Kitabın hasil olmasında onun sponsoru, “Qazax Xeyriyyə” İctimai Birliyinin fəal üzvü Arif Əliyevin və ustad aşıq-şairin yaddaşlardan götürülmüş şeirlərini aylarla çalışaraq yazılı şəkildə nizamlayan, “Qazax Xeyriyyə” İctimai Birliyinin sədrinin müşaviri, şair-publisist Rəfail İncəyurdun zəhməti xüsusi vurğulandı.
Gecənin bədii hissəsində Əməkdar mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” folklor qrupu “Şirvan müxəmməsi”, Avdı Musayev “Yurd yeri”, Əməkdar Mədəniyyət İşçisi Əhliman Şirvanlı “Gözəlləmə”, Əməkdar Mədəniyyət İşçisi Gülarə Azaflı və gənc aşıq Roman Azaflı “Dübeyti”, Altay Məmmədli “Orta sarıtel”, Əməkdar Mədəniyyət İşçisi Solmaz Kosayeva “İncəgülü”, Telli Borçalı “Naxçıvanı”, Şaiq İncəli “Hüseyni”, İlham Aslanbəyli “Mixəyi”, Bəhmən Göyçəli və Firudin Göyçəli “Gəraylı”, Ramin Qarayev “Dərvişi”, Əfsanə Kərimli “Şahsevəni”, Sahib Hacılı və Fidan Qurbanova “Orta müxəmməs”, Məhəmməd Şıxlı “Ruhani”, Xavər Zəngilanlı “Koroğlu dübeytisi”, İsmayıl İncəli “Aran gözəlləməsi” havalarını ifa ediblər.
Sonda ustad aşığın qızı Gülarə Qocayeva ailəsi adından tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.
P.S. Məhəmməd Rəhim oğlu Qocayev 1905-ci ildə Qazax mahalının İkinci Şıxlı kəndində anadan olmuşdur. On üç yaşı olarkən atası erməni quldurları tərəfindən qətlə yetirilmişdir.
Kənddəki molla məktəbində ibtidai təhsil aldıqdan sonra Qori Müəllimlər Seminariyasınin Qazax filalında təhsilini davam etdirmişdir. 1928-ci ildən aşıqlıq sənətinə başlamış, əvvəlcə Aşıq Səmədə, daha sonra dövrünün məşhur ustadı Aşıq Sadıq Sultanova qulluq edib (şəyirdi olub). 1930-cu illərin əvvəllərindən müstəqil aşıqlığa başlayıb. Poetik istedadına, coşğulu ifasına görə ustadı və pərəstişkarları ona “Dərya” təxəllüsü vermişdir. Aşıq Avdı Qaymaqlı, Aşıq Əmrah və Aşıq Hüseyn Saraclı ən yaxın dostları olub.
Aşıq Məhəmməd 1984-cü il iyunun 15-də vəfat etmişdir.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here