Qazaxda “Milli Qurtuluşdan Zəfərə doğru” devizi altında kütləvi vətənpərvərlik bayramı keçirilib

0
1340

Müharibəyə cəlb edilmiş bir ölkədə bu gün hərbi vətənpərvərlik hisslərinin inkişaf etdirilməsinə və düzgün aşılanmasına daha çox ehtiyac var. Ölkəmizdə bu istiqamətdə həyata keçirilən tədbirlər cəmiyyətdə milli-mənlik şüurunun və vətənpərvərlik hisslərinin inkişafına təkan verir. Düşmənlə 168 km sərhəddi olan Qazax rayonu Vətənin müdafiəsi yolunda 285 şəhid verib. 7 igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 7 kəndi bu gün də erməni işğalçılarının tapdağı altındadır. 5 kəndə isə düşmən tərəfindən mütəmadi olaraq atəş açılır. Belə bir coğrafi şəraitdə yerləşən, 25 ildən çox bir vaxtda zorla müharibəyə cəlb edilən Qazax rayonunda vətənpərvərliklə əlaqədar tədbirlərin keçirilməsi zamanın tələbatından irəli gəlir. Rayonumuzda bu istiqamətdə keçirilən hərbi vətənpərvərlik tədbirləri artıq bir ənənə halını alıb.

Bu gün Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışının 25-ci ildönümü və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş kütləvi vətənpərvərlik bayramının keçirilməsi bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlərin davamıdır.

Bu gün tədbirin keçirildiyi Mədəniyyət Mərkəzinin qarşısında indiyə qədər görünməmiş bir canlanma var idi. İnsan selindən tərpənmək olmurdu. Böyükdən tutmuş uşağa qədər, ağsaqqalından tutmuş cavana qədər on minlərlə rayon sakini buraya toplaşmışdı. Toplaşmışdı ki, xalqın öz rəhbərinə, ümummilli liderinə olan sonsuz sevgisini, qüdrətli Azərbaycan Ordusuna olan inamını bir daha göstərsin. Vətən yolunda hər cür fədakarlığa, igidliyə hazır olduğunu, polad kimi möhkəm, nizamlı ordusuna arxa, dayaq durduğunu, xalqla ordunun bir olduğunu, vətənpərvərlik hisslərinin yüksəkliyini bir daha nümayiş etdirsin.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Milli Qurtuluşdan Zəfərə doğru” devizi altında keçirilən kütləvi vətənpərvərlik bayramında Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva, Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev, “Qazax Xeyriyyə” İctimai Birliyinin sədr müavini Arzuman Abdulkərimov. İctimai Birliyin idarə heyətinin üzvü, fəlsəfə doktoru, dosent Yusif Alıyev, Azərbaycan Rəssamlar İttifaqının üzvü Qafar Sarivəlli, Sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov, Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Zaməddin Həmşəyev, Bakı Dövlət Universitetinin mülki hüquq kafedrasının müdiri Məhəbbət Dəmirçiyeva, Xalq artisti Tarıyel Qasımov, Əməkdar artist Vasif Məhərrəmli, gənc rəssam Akif Əmirov, publisist Çiçək Mahmudqızı, şairə Cığatel İsaqızı iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin adını daşıyan parka gəliblər. Ümummilli liderin abidəsi önünə tər gül dəstələri qoyaraq əziz xatirəsini yad edib, öz ehtiramlarını bildiriblər.

Daha sonra Azərbaycan ordusunun ilk qurucularından olan general-mayor Cavad bəy və polkovnik Rüstəm bəy Şıxlinskilərin yaşadıqları evə vurulmuş xatirə lövhəsinin açılış mərasimi olub.

Layihənin müəllifi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani açılış mərasimində çıxış edərək Cavad və Rüstəm Şıxliniskilərin ordu quruculuğundakı xidmətlərindən danışaraq onların həyat və fəaliyyətlərinin gənc nəsilə bir örnək olduğunu bildirib. Eyni zamanda, ilk general rütbəsini almış Süleyman Əfəndiyevin həyatından söz açaraq yaxın günlərdə onun adının əbədiləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlərin görüləcəyini bildirib.

Əyinlərində ilk hərbi geyim olan suvari əsgərlərin tədbirə qatılması iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

Lövhənin rəmzi açılışını bildirən ağ örpək götürüldükdən sonra Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını, bütün qazaxlıları möhtəşəm bayram münasibətilə səmimi qəlbdən təbrik edib, keçirilən tədbirin qazaxlıların yaddaşında uzun müddət silinməz izlər buraxacağını qeyd edib.

Qonaqlardan – Milli Məclisin deputatları Ülviyyə Ağayeva, Kamran Nəbizadə, BDU-nun mülki hüquq kafedrasının müdiri Məhəbbət Dəmirçiyeva, Azərbaycan Güləş Federasiyasının birinci vitse prezidenti, Sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov çıxış edərək bu gün Qazaxda bu cür yüksək səviyyədə tədbirin təşkil olunmasına görə təşkilatçılara minntdarlıqlarını bildiriblər. Bu cür tədbirlərin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük əhəmiyyət daşıdığını bildirib, belə əcdadları olduğu üçün qazaxlı olmaları ilə fəxr etdiklərini qeyd ediblər.

Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev çıxış edərək Müdafiə Naziri Zakir Həsənovun adından bütün tədbir iştirakçılarını təbrik edib, Qazaxda vətənpərvərlik mövzusunda keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb.
Polkovnik Rüstəm bəyin nəvəsi Rüstəm Şıxlinski çıxış edərək bu cür yüksək səviyyəli tədbirin keçirilməsinə görə Respublika Prezidenti İlham Əliyevə və təşkilatçılara ailəsi adından öz dərin minnətdarlığını bildirib.
Möhtəşəm bayram tədbirində Vətən uğrunda canından keçmiş igid oğul və qızlarımızın da xatirəsi yad edilib, ruhlarına dua oxunub. “Fəxri qazaxlılar” parkı ilə tanış olduqdan sonra qonaqlar Şəhidlər Xiyabanına baş çəkərək memorialın önünə gül dəstələri qoyub və şəhidlərə olan ehtiramlarını bildiriblər.


Daha sonra bayramsayağı bəzədilmiş Mədəniyyət Mərkəzinin qarşısında “Milli Qurtuluşdan Zəfərə doğru” devizi altında keçirilən bayram tədbirinə start verilib.
Layihənin müəllifi, polkovnik Abdulla Qurbani və Xalq artisti Pərvanə Qurbanova bayram tədbirini açıq elan edərək bütün tədbir iştirakçılarını və qonaqları salamlayıb, Qazax elinin əsl bayram əhval-ruhiyyəsində olduğunu bildiriblər. Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsinin, ulu öndərin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışının 25 ilinin tamam olmasının, Bakı şəhərinin erməni bolşeviklərindən azad edilməsinin 100 ilinin tamam olmasının xalqımız üçün əsl bayram olduğunu qeyd ediblər A.Qurbani “Milli Qurtuluşdan Zəfərə doğru” devizi altında keçirilən hərbi vətənpərvərlik tədbirinin məqsədi, mahiyyəti və proqramı barədə ətraflı məlumat verərək bildirib ki, bu tədbirdə ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında, eləcə də müstəqil Azərbaycanın ordu quruculuğunda müstəsna xidmətləri bir daha xatırlanacaqdır. Layihə rəhbəri qeyd edib ki, Müdafiə Nazirliyi və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşan teatrlaşdırılmış, kinolaşdırılmış kütləvi vətənpərvərlik bayramına on mindən çox rayon sakini, hərbi qulluqçular və qonaqlar qatılıb.
Tədbirdə ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunduqdan sonra Dövlət Himni səslənib.
“Azərbaycan fanforası” hərbi orkestr tərəfindən ifa olunub. Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini, hakimiyyətə gəldiyi anları, xalqla görüşlərini, Azərbaycan xalqı naminə göstərdiyi misilsiz xidmətləri, ordu quruculuğu sahəsində əldə edilən nailiyyətləri özündə əks etdrən kadrlar monitor vasitəsilə nümayiş etdirilib.
Sonra Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov təbrik nitqi ilə çıxış edib.

Goyezen.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here