Aşıq Ədalətin Xaçmaz rayonundakı büstü ziyarət edilib

0
1568

Sentyabr ayının 8-də Xaçmaz rayon İcra Hakimiyyətinin, “Qazax Xeyriyyə” İctimai Birliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə Xaçmaz şəhərindəki Şəxsiyyətlər muzeyinin önündəki parkda ustad Aşıq Ədalətin büstünün ziyarəti təşkil olunmuşdur. “Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İdarə Heyətinin üzvləri akademik Teymur Bünyadov, Yusif Alıyev, Rafail İncəyurd, Aşıqlar Birliyinin sədri professor Məhərrəm Qasımlı, Birliyin üzvləri Aşıq Şaiq, Aşıq Altay, Aşıq Avdı, Aşıq Bəhmən, iş adamı, xeyriyyəçi Akif Nəbiyev və Aşıq Ədalətin ailə üzvlərini Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev yüksək qonaqpərvərlik və hörmət hissilə qarşıladı. İcra başçısı qonaqlara Xaçmaz rayonunda həyata keçirilən abadlıq və quruculuq işləri haqqında geniş məlumat verdi.

Sonra qonaqlarla birgə Şəxsiyyətlər parkına gedərək burada büstləri ucaldılmış Azərbaycanın tanınmış alim, mütəfəkkir və hərbi sərkərdələri haqqında məlumat verdi.

Sonra tədbir iştirakçıları türk dünyasının iki ünlü sənətkarının – Aşıq Ələsgərin, Aşıq  Şəmşirin büstləri ilə bir cərgədə büstü ucaldılmış Aşıq Ədalətin büstü önünə toplaşdılar. Hər üç sənətkarın büstü önünə tər gül dəstələri qoyuldu.

Xaçmaz RİH-nin başçısı Ş.Xanbabayev ustad Aşıq Ədalətin büstünün Aşıq Ələsgər və Dədə Şəmşirlə bir yerdə ucaldılmasının bir vəhdət, tamlıq təşkil etdiyini bildirdi. Aşıqlar Birliyinin sədri M.Qasımlı məlumat verdi ki, 2017-ci ilin oktyabr ayında burada ustad Aşıq Ələsgərin büstünün açılışı zamanı keçirilən tədbirdə qərara gəldik ki, aşıq sənətinin son nəhənglərindən olan, sağlığında ikən klassikləşən Ədalət Nəsibovun da büstünü burada ucaldaq. Elə oradaca bu böyük ustadın büstünün hazırlanması ilə bağlı göstəriş verdik. Akademik Teymur Bünyadov bu təqdirəlayiq işlərinə görə Xaçmaz RİH başçısı Ş.Xanbabayevə bütün Qazax mahalının ziyalıları və qədirbilən insanları adından təşəkkür və minnətdarlığını bildirdi. “Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin sədri İlham Pirməmmədov da Dədə Ədalətin adının Xaçmaz rayonunda əbədiləşdirilməsinin çox yaxşı hal olduğunu önə çəkərək, bunun Azərbaycan mədəniyyətinə, birbaşa aşıq sənətinə verilən ən böyük dəyər kimi qiymətləndirərək bu işdə əməyi keçən hər kəsə İctimai Birliyin bütün üzvləri adından dərin ehtiramını bildirdi.

Sonda  aşıqların ifasında ustadlardan şeirlər və ifalar səsləndi.

Yusif Alıyev

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here