Dədə Ədalət Gənclər mərkəzində “Könül dastanı” kitabı ilə anıldı

0
1336

Sentyabr ayının 15-də Qazax Rayon İcra Hakimiyyətinin, “Qazax Xeyriyyə” İctimai Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə Əməkdar incəsənət xadimi Aşıq Ədalət Nəsibovun vəfatının birinci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib.  Qəbirüstü abidəsinin açılış mərasimindən və ehsan süfrəsindən sonra böyük ustadın xatirəsinə həsr olunmuş anım tədbirində “Qazax Xeyriyyə” İctimai Birliyinin, Azərbaycan Aşıqlar Birliyinin üzvləri, RİHB aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nin şəhər və kənd İƏD üzrə nümayəndələri və bələdiyyə sədrləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhər və kənd ağsaqqalları, qonaqlar və KİV nümayəndələri iştirak edib.

Qazax Gənclər Mərkəzində keçirilən tədbir Çiçək Mahmudqızının təqdimatında Aşıq Ədalətin yaradıcılığına həsr olunmuş “Dədə Ədalətin ruhunun işığında” adlı filmdən fraqmentlərin nümayişi ilə başlayıb. Filmdə ustad Dədə Ədalətin haqqında İsmayıl Şıxlı, Zəlimxan Yaqub, Bəxtiyar Vahabzadə, Vaqif Səmədoğlu və başqa tanınmış şəxsiyyətlərin fikirləri, dəyərli sözləri və aşığın bir-birindən əsrarəngiz saz havaları yer alıb.

Tədbirin aparıcısı, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək bildirib ki, bu gün təkcə Dədə Ədalətin anım günü deyil, bu dövlət səviyyəsində olan mərasimdi. Bu gün dövlətimiz tərəfindən Ədalət məktəbinə, sazına, şeirlərinə, aşıq ucalığına verilən qiymətdir. Bu gün Ədalət Nəsibovun ruhunun şad olan günüdür. Ustad aşığa ucaldılmış abidə və bugünkü silsilə  tədbirlər Ədalət sevərlər üçün bir töhfədir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq bütün qonaqları, ədalətsevərləri salamlayıb, ustad aşığın Azərbaycan mədəniyyətinə bəxş etdiyi saysız-hesabsız xidmətlərindən söz açıb.

Qeyd edib ki, Azərbaycanın qərb bölgəsində yerləşən Qazaxda zaman-zaman çox böyük insanlar dünyaya gəlib. Zaman keçdikcə həmin şəxslər sözümüzə, sazımıza, ədəbiyyatımıza, tariximizə, mənəviyyatımıza, elmimizə, ziyalılığımıza, hərb sənətinə, idmanımıza böyük şöhrət gətirmiş şəxsiyyətlərə çevrilmişlər. Həmin nəhəng simalar sırasında ustad Aşıq Ədalət Nəsibovun da yeri zirvədədir və xidməti müstəsna əhəmiyyətə malikdir. Həqiqətən də doğru deyilib, Ədalətin sazı onu sevənlərin yaddaşında bir orkestrin belə görə bilməyəcəyi ecazkar musiqi aləti kimi qalıb. Doğrudan da bu Allah vergisi olan dahi sənətkarımız qısa zaman kəsiyində sazımızın şöhrətini göylərə qaldırdı. Sazımız bu sənətkarla özünün yeni bir intibah dövrünə qədəm qoydu desək səhv etmərik. İstər Ədalətin, istərsə də Azərbaycanın müxtəlif bölgələrində saz sənətini yaşadan aşıqların timsalında bu intibah dövrü yaşanmalıydı. Xüsusilə, dövlət səviyyəsində saz sənətinə göstərilən böyük diqqət və qayğının sayəsində! Bu mənada Ədalətin missiyası beynəlxalq missiya idi. Ədalətin missiyası təkcə saz çalmaq deyildi, sazımızın coğrafi və mənəvi sərhədlərini genişləndirmək idi. Professor Məhərrəm Qasımlının təbirincə desək, “Onun çaldığı saz Qazaxdan qanadlanıb Gəncəyə, Bakıya, Təbrizə, İstanbula, Parisə qədər hər yerə Azərbaycan milli-mənəvi varlığının möcüzəli təqdimatını daşıdı”.

Xalq şairi Nəriman Həsənzadə çıxış edərək bildirib ki, bu gün Ədalət Nəsibovun anım günü ilə yanaşı, Azərbaycanın, sazın, sözün bayramıdı. Bu gün eyni zamanda, Azərbaycan Respublikasının paytaxtı Bakı öz tarixinin ən əlamətdar günlərindən birini yaşayır. Düz 100 il əvvəl – 1918-ci il sentyabrın 15-də Bakı tarixində ilk dəfə Azərbaycanın paytaxtı statusunu alaraq Nuru Paşann komandanlığı altında Qafqaz İslam Ordusu və Azərbaycan milli ordu birləşmələrinin zəfərini bayram edirdi. Həmin gün indi yenidən təkrarlanır. Qardaşlığın, sədaqətin rəmzinə çevrilən bu zəfər bayramı ümummilli liderimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının fəlsəfəsini yetərincə əks etdirir və Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının sarsılmaz, həm də əbədi olduğunu göstərir. Məhz Dədə Ədalətin anım günü də bu tarixi hadisəyə təsadüf edir. Bunun özündə belə böyük hikmət var.

Akademik Teymur Bünyadov çıxış edərək qeyd edib ki, Azərbaycan xalqı dünyanın ən mədəni xalqları sırasındadır. Akademikin simli musiqi aləti olan, ozan sənətinin əsasını təşkil edən saz haqqında dəyərli fikirləri bir daha onu sübut edir ki, Azərbaycan mədəniyyəti ta qədimdən zəngin olub. Biz qazaxlılar Ədalətimizlə fəxr etməliyik, hər zaman abidəsini ziyarət etməliyik deyən akademik onun daim qəlblərdə yaşayacağını qeyd edib. Rayon rəhbərinin gördüyü işlərin sırasında Dədə Ədalətin abidəsinin qoyulmasının olmasını, bütövlükdə mədəniyyət sahəsinə xüsusi qayğı ilə yanaşmasını yüksək qiymətləndirib.

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı çıxış edərək qeyd edib ki, bu gün Azərbaycanda dövlət tərəfindən mədəniyyət sahəsinə, ozan sənətinə, aşıqlarımıza verilən dəyər, göstərilən qayğı yüksək səviyyədədir.

Ustad aşıqla bağlı xatirələrindən danışan M.Qasımlı birliyin 1 nömrəli üzvlük vəsqəsinin Dədə Ədalətə məxsus olduğunu bildirib. Qeyd edib ki, bundan sonra da birlik tərəfindən verilən vəsiqələrin birinci nömrəsi yenə də Ədalət Nəsibova məxsus olacaq. Bildirib ki, yüz dəfə “Yanıq Kərəmi” havasını ifa edib. Ustadın böyüklüyü ondadır ki, hər dəfə Azərbaycan xalqına fərqli təqdim edib. Bu baxımdan Dədə Ədalətin şah əsəri olan “Yanıq Kərəmi”ni “Ədalət Kərəmi”si adlandırsaq və sazın himninə çevirsək lap yerinə düşər.

Mədəniyyət Nazirliyi, Azərbaycan Aşıqlar Birliyi olaraq Dədə Ədalətin irsinin lazımi səviyyədə qorunduğunu və gələcək nəsillərə təbliğ olunması istqamətində mühüm işlər görüldüyünü qeyd edib. Rayon rəhbərinin aşıq sənətinə verdiyi qiymətdən söz açan M.Qasımlı Dədə Ədalətlə yanaşı, digər aşıqlara da yüksək qiymət verdiyini bildirib. Aşıq Ələsgər və Aşıq Şəmşirin də sənətinə böyük ehtiramla yanaşdığını vurğulayıb.

“Qazax Xeyriyyə” İctimai Birliyinin sədri, fizika-riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov çıxış edərək bugünkü tədbirin bütün qazaxlılar üçün bir töhfə olduğunu bildirib. Keçirilən tədbirin bütün tədbirlərin birincisi olacağını qeyd edən natiq mədəniyyətimizdə bir saz məktəbi var ki, onun da Dədə Ədalətin məktəbi olduğunu qeyd edib. O məktəb ki, onun direktoru da, müəllimi də böyük ustadın özüdür.

İstər abidənin, istərsə də “Könül dastanı” kitabının ərəsəyə gəlməsində əməyi olan insanlara minnətdarlığını bildirib.  Həmçinin Xalq rəssamı, Azərbaycan Dövlət Akademiyasının professoru, “Şöhrət” ordenli Natiq Əliyevin bu abidənin ərsəyə gəlməsində böyük əməyi olduğunu bildirərək bütün qazaxlılar, ədalətsevərlər adından təşəkkürünü çatdırıb. Əsərlərinin içərisində Dədə Ədalətin möhtəşəm abidəsinin daha bir şah əsəri olduğunu qeyd edib.

“Könül dastanı” kitabının redaktoru şair Rafael İncəyurd çıxış edərək kitabın yazılmasında, böyük ustadın adına layiq bir kitabın işıq üzü görməsində əməyi keçən hər kəsə təşəkkürlərini çatdıraraq Dədə Ədalətə olan hörməti klassik aşıq sənətinə olan hörmət kimi qiymətləndirib.

Şairə Cığatel İsaqızı böyük ustadın anım tədbirində ürək sözlərini çatdıraraq Qazaxı, sazı, sözü tərənnüm edən şeirlər səsləndirib.

Sonra söz Dədə Ədalət məktəbindən bəhrələnən, pərvazlanan, böyük ustadın adını hər zaman ucaldan aşıqlara verilib. Aşıqlardan Camoy Qurbanov, Avdı Musayev, Şaiq İncəli, Altay Məmmədov, Saqif Məzəmli, Hüsən Kəmərli, Samir Allahverdiyev, İlqar Qələmçəli, Şahin Süleymanov, Ədalət Dəlidağlı Dədə Ədalətin bir-birindən zəngin, könüllər oxşayan, Azərbaycan mədəniyyətini bütün dünyada tanıdan qədim el havalarını səsləndirib, şeirlər oxuyublar.

Böyük ustadın, sazın, sözün nəhəngi olan Dədə Ədalətin vəfatının birinci ildönümünə həsr olunmuş anım tədbiri Qazax 2 nömrəli musiqi məktəbinin şagirdlərinin ifasında “Paşa köçdü” havası üstündə “Azərbaycan” mahnısının sədaları altında başa çatıb.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here