Aşıq Cəlal Qəhrəmanovun 90 illik yubiley tədbiri keçirildi

0
2302

28 noyabr 2018-ci ildə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Mədəniyyət Nazirliyi, Azərbaycan Aşıqlar Birliyi və “Qazax” Xeyriyyə İctimai Birliyinin birgə təşkilatçılığı ilə ustad aşıq Cəlal Qəhrəmanovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tanınmış ədəbiyyatşünas alim, filologiya elmləri doktoru Məti Osmanoğlunun aparıcılığı ilə keçən tədbirdə əvvəlcə ustadın ömür yolundan bəhs edən video süjet nümayiş etdirilib.

Sonra Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, “Qazax” Xeyriyyə İctimai Birliyinin sədri, Əməkdar müəllim, professor İlham Pirməmmədov, bu günlərdə işıq üzü görmüş “Aşıq Cəlalın sənət yolu” kitabının müəllifi İlhamə Qəsəbova çıxış edərək Aşıq Cəlal Qəhrəmanovun həyat və sənət yolundan danışıb, ustad aşıq kimi özünəməxsus sənətkar keyfiyyətlərindən söz açıblar.

Aşıqlardan Əməkdar mədəniyyət işçisi Solmaz Kosayeva, Telli Borçalı, Avdı Musayev, İlham Aslanbəyli, Nəbi Nağıyev, Nazim Quliyev, Əli Pənahoğlu, Şaiq İncəli, Hüseyn Şəmistanoğlu, Telli Borçalı, Famil Mikayılov, Sahil Qurbanov, Ramin Qarayev, Rəfiqə Göyçəli, Xanım Göyçəli, Roman Azaflı, Əfsanə Kərimli, İsa Qaraxanlı, İsmayıl Məmmədli, Təbriz Vəliyev, Şahniyar Əliyev, Kərəm Vəliyev, Məharət Habiloğlu və Xavər Zəngilanlı öz ifaları ilə ustad aşığın ruhunu şad ediblər.

Tədbirdə, həmçinin respublikanın tanınmış mədəniyyət və ictimaiyyət xadimləri də iştirak etmişdir.

Sonda tədbirin aparıcısı Məti Osmanoğlu ustad aşığın ailəsi və qohumları adından belə bir möhtəşəm tədbirin keçirilməsinə görə Mədəniyyət Nazirliyinə, Aşıqlar Birliyinin və “Qazax” Xeyriyyə İctimai Birliyinin rəhbərliyinə dərin təşəkkür və minnətdarlığını bildirdi.

P.S. Cəlal Məhəmməd oğlu Qəhrəmanov 1928-ci il aprelin 28-də Qazax rayonunun Kəmərli kəndində ziyalı ailəsində anadan olub, orta təhsilini qonşu Qaymaqlı kəndində alıb.
Sənətin sirlərini Aşıq Avdı Qaymaqlıdan öyrənib.
Onun yüzdən çox qoşması, gəraylısı, müxəmməsi, divanisi, təcnisi və deyişməsi var.
Cəlal Qəhrəmanov 1961-ci ildə Bakıda keçirilmiş Azərbaycan Aşıqlarının III Qurultayında iştirak edib, 1978-ci il avqust ayının 17-də ömrünün 50-ci baharında dünyasını dəyişib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here