Qara xəbər yüyrək olur, deyirlər. Dünən axşamdan bütün Azərbaycanı qara xəbər bürüdü. 19 yaşlı Əlləz şəhid olub. Allah, Allah, bayram sevinci bitməmiş, dərd-kədər bürüdü Azərbaycanı. Arzular, muradlar, niyyətlər, daha nələr-nələr düşmən gülləsinə tuş gəlib al-qana qərq oldu dünən. Heç bilmirəm Əlləzgil ailədə neçə uşaqdılar. Heç bilmirəm Əlləz evin neçənci övladıdır. Heç bilmirəm Əlləzin qardaşı var, yoxsa yox. Bircə onu bilirəm ki, bu dünyada hər kəsin öz yeri var. Kimsə kiminsə yerini dolduracaq qüdrətində deyil. Çünki Ulu Tanrı hər kəsi bir mən olaraq yaratdı. Bəlkə Əlləzin qardaşı da ola bilər, Əlləzə də oxşaya bilər, ancaq Əlləz ola bilməz. 19 yaşlı Əlləz elə özüdür. Onun igidliyi, qəhərmanlığı, Vətən uğrunda verdiyi can da elə özü kimi saf, müqəddəs, arzularla dolu, duyğulu, həyat eşqli idi. Fəqət, dünən bu arzular, bu duyğular güllə səslərinə qarışdı, mərmilərə tuş gəldi. Əlləz düşmənlə döyüş zamanı arzularına vida deməyə məcbur qaldı. Çünki o arzulardan yüksəkdə bir sevgi dayanırdı – Vətən sevgisi. Əlləz vətən sevgisinə görə bütün sevgilərdən keçdi. Bax elə buna görə də Əlləz bənzərsizdir, əvəzolunmazdır. Göz yaşlarım sifətimi döyəcləyir, ürəyim qəfəsə salımış bülbül kimi çırpınır. Dərd-dərd üstündən, ağrı-ağrı üstündən. Bir neçə gün öncə Qazax rayonunun Yuxarı Salahlı kəndi bir şəhid verdi bu vətən uğrunda. Döyüş tapşırığını yerinə yetirərkən qar uçqununa düşərək şəhid olmuş Hafiz Abdullayevin nəşi tapılmamış, torpağa tapşırılmamış bu ağır el Əlləzin şəhidliyinə şahidlik etdi, Əlləzi üçrəngli Azərbaycan bayrağına büküb ölümsüzlüyə doğru getdiyi yola uğurladılar. Salahlı eli hər zaman öz igid, cəsur, qorxmaz, Azərbaycan uğrunda özünü od içinə atan igid oğulları ilə fərqlənib. Elə son ongünlüklərdə vətən uğrunda qəhrəmanlıqla həlak olan Hafiz və Əlləz bu tarixə əyani sübutdur. Biz nə Əlləzi, nə Hafizi unudan deyilik, nə də Azərbaycan uğrunda canını fəda etmiş qəhrəmanları unudan deyilik!
Qazax mahalı yasdan çıxmamışdı hələ. Qar uçqununa düşən gizir Hafiz Abdullayevin nəşi torpağa tapşırılmamışdı hələ…
Danışmağa sözüm, yeriməyə taqətim də qalmayıb. Bu yerdə beynimi MİLLİ QƏHRƏMAN Alı Mustafayevin yazdığı misralar döyəcləyir:
Baxıram dünyanın bu gərdişinə,
Dəli bir ağlamaq keçir könlümdən!
Əlləzin dəfnində çəkilən şəkillərlə baxırdım. Anası tabuta sarılıb ürəyini tabutla birgə göndərirdi qəbir evinə. Atası isə bütün varlığı ilə yas içindəydi. İlahi, kim bilir bəlkə də onlar bir gecənin içində bir əsr qocalmışdılar, belləri bükülüb, gözləri zəifləmişdi. Axı kim bilir?! Heç kim! Bu ağrını-acını onu çəkənlərdən başqası bilməz! Bəlkə də Əlləz tabuta sarılmış anası ilə, oğul itkisindən sonra bir gecədə bir əsr qocalan atası ilə söhbət edirdi və deyirdi: “Məndən nigaran qalmayın. Mən ayağa qalxacam, yarama torpaq tökün”! Bəlkə elə ata-anası da Əlləzin bu son sözlərini (arzusunu) eşidib Yuxarı Salahlı kəndində, baharın sevgililəri qoynuna alıb, sevgilərə sığal çəkdiyi bir vaxtda qədim qəbiristanlıqda bir qəbir qazdırıb, Əlləzin qanlı yarasını sarımaq üçün onu torpağa tapşırdılar. Nə bilim, bəlkə! Bəlkə də! Bəlkə elə bu gündən sonra Əlləzlə birgə arzuları torpağa gömülən valideynlər yalnız o məzarın yolçusu olacaqlar. Bəlkə də o valideynlərin ən böyük rahatıq tapdıqları ünvan da, məkan da Əlləzin Kürün laylası, İncə dərəsindən əsən mehin sərinliyi ilə uyuyan məzarı olacaq. Şəhid üçün fəryad edən ürəyinizə, qan-yaş tökən gözlərinizə qurban, Şəhid valideynləri! Bəlkə nə vaxtsa dünya etdiyi ədalətsizliyə görə Şəhid qanından utanacaq. Bəlkə, bəlkə, bəlkə də!!!
Qeyd: Martın 26-da Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində təxribatlara əl atıb. Dünən axşam saatlarında düşmən tərəfindən bölmələrimizin mövqelərinin atəşə tutulması nəticəsində cəbhənin Füzuli rayonu istiqamətində Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlləz Ələddin oğlu Əlləzov şəhid olub. Bu gün şəhid olan hərbçimiz doğulduğu Qazax rayonunun Yuxarı Salahlı kəndində dəfn edilib. Allah rəhmət etsin!
Gərək bu gün poladdan qolum-qanadım olsun,
Vətənin dar günləri məhşər saatım olsun.
Vətənin qarşısında bu əsgər andım olsun,
Mən ayağa qalxacam, yarama torpaq tökün!
Barat Vüsal
Allah rəhmət etsin!
Ölməz şəhidlərə böyük hörmətlə: Səbinə Yusif