Xalq şairi Səməd Vurğunun 90 illik yubileyinə həsr edilmiş gecədə Ulu öndər Heydər Əliyevin möhtəşəm nitqi

0
5730

Hörmətli xanımlar və cənablar!

Əziz dostlar!

Böyük şair Səməd Vurğunun 90 illik yubileyi şer, mədəniyyət bayramıdır, Azərbaycan xalqının bayramıdır. Bu bayram münasibətilə mən sizi, bütün Azərbaycan vətəndaşlarını ürəkdən təbrik edirəm.

Bu bayram mərasimlərində iştirak etmək üçün dost ölkələrdən zəhmət çəkib Azərbaycana gəlmiş hörmətli qonaqlarımıza təşəkkür edirəm.

Azərbaycan bir ildir ki, Səməd Vurğunun 90 illik yubileyini qeyd edir, ölkəmizdə yubiley mərasimləri keçirir. Bu təbiidir, çünki Səməd Vurğun xalqımız, millətimiz üçün o qədər dəyərli bir şəxsiyyət olub, o qədər zəngin bir irs qoyub ki, onun 90 illik yubileyi bir gün, bir ay yox, məhz bir il müddətində keçirilməli idi. Bu müddətdə hər yerdə, hər evdə, hər şəhərdə, hər kənddə Səməd Vurğun yad olunur, onun şerləri oxunur, əsərləri yenidən canlanır və bunlar hamısı müasirlərimizə, gənclərimizə ruh verir, onları sevindirir, şadlandırır.

Səməd Vurğun XX əsrin əvvəllərində dünyaya gəlib və az ömür sürərək 50 ildən sonra dünyasını dəyişibdir. XX əsr bəşər tarixində çox ziddiyyətli, mürəkkəb proseslər dövrüdür. Səməd Vurğunun yaşadığı illər həddindən artıq mürəkkəb, qarışıq, çətin olub. Birinci dünya müharibəsi dünyaya nə qədər ziyanlar vurubdur. Ondan sonra Yer kürəsinin altıda bir hissəsində yeni bir quruluş, yeni ideologiya hökm sürməyə başlayıbdır. Sonra bəşəriyyət üçün təhlükəli olan faşizm meydana çıxıb, İkinci dünya müharibəsi başlanıb, nə qədər insanlar qurban gedib. İkinci dünya müharibəsindən sonra “soyuq müharibə” başlayıb, yer üzündə yenə də gərginlik yaranıb, eyni zamanda sülhü müdafiə etmək üçün qüvvələr yaranıbdır. Bunlar o dövrün ən böyük, tarixi hadisələridir. Belə bir dövrdə yaşamaq, yaratmaq və yüksək yaradıcılıq səviyyəsinə çatmaq hər bir insana nəsib ola bilməzdi.

Səməd Vurğun öz dövrünün, zəmanəsinin mühitində, çərçivəsində yazıb-yaradıb və Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlər göstəribdir, Azərbaycan ədəbiyyatını, mədəniyyətini, dünya ədəbiyyatını zənginləşdiribdir. Fitri, parlaq istedadı, çox nadir xüsusiyyətə malik olan istedadı, eyni zamanda ən gənc yaşlarından yazıb yaratmaq əzmi Səməd Vurğunu qısa bir zamanda xalqımızın sevimli şairinə çevirmiş və o, həm Azərbaycanda, həm də bir çox xarici ölkələrdə tanınmış, sayılan bir insan olmuşdur.

Səməd Vurğunun yaradıcılığı dəryadır, indiyədək yazılanlar bunun hamısını əks etdirə bilməyib. Hesab edirəm ki, onun yaradıcılığı və qoyduğu irs bu gün də, gələcəkdə də tədqiq olunacaq və bu barədə yeni-yeni əsərlər yaranacaqdır.

Səməd Vurğun böyük şairdir. Şərq aləmində şair həmişə ən yüksək hörmətə layiq olubdur. Səməd Vurğun isə öz dövrünün şairlərinin şairi olubdur.

Səməd Vurğun Azərbaycan şerinə çox böyük yeniliklər gətiribdir. Ancaq mən bir məqama toxunmaq istəyirəm. Böyük şairimiz Molla Pənah Vaqif XVIII əsrdə şer dilini xalq dilinə daha da yaxınlaşdırdı. Onun yazdığı şerləri xalqın bütün təbəqələri həm anlaya, həm qavraya bildi, həm də sevdi. Beləliklə, o, Azərbaycan şerində yeni bir yol açdı. Səməd Vurğun Azərbaycan klassiklərinin ənənələrini davam etdirərək, bizim dövrümüzdə – məhz 20-ci, 30-cu, 40-cı illərdə Azərbaycan şerini daha da yüksək səviyyələrə qaldırdı.

Səməd Vurğunun şeri Azərbaycan dilini zənginləşdiribdir, inkişaf etdiribdir. Azərbaycan dilini hər bir azərbaycanlı üçün doğma, sevimli, şirin edibdir. Bu da Səməd Vurğunun Azərbaycan xalqı qarşısında göstərdiyi böyük xidmətlərdən biridir.

Səməd Vurğun şerinin böyüklüyü, eyni zamanda, gözəlliyi ondan ibarət idi ki, onun hər kəlməsi, hər sətri hər bir azərbaycanlının qəlbinə çatırdı, onun beynini fəth edirdi, onu öz təsiri altına salırdı. Səməd Vurğunun şeri bu gün də müasirlərimizə, gənc nəslə ilham, ruh verir, onları coşdurur, daha da vətənpərvər edir, onlara vətəni, milləti, torpağı sevməyi öyrədir.

Səməd Vurğunun ədəbi yaradıcılığı çox genişdir, çoxşaxəlidir. Bu gün burada məndən əvvəl çıxış edən natiqlər bu barədə çox gözəl və əsaslı fikirlər söylədilər. Səməd Vurğunun bütün yaradıcılığında ən görkəmli yer tutan onun “Vaqif” tarixi mənzum dramıdır və Azərbaycan milli teatrında onun əsasında yaranmış “Vaqif” tamaşasıdır. Bu gün tam qətiyyətlə demək olar ki, böyük Səməd Vurğunun 60 il bundan əvvəl yaratdığı və teatrımızı daim inkişaf etdirən “Vaqif” pyesi XX əsr mədəniyyət, ədəbiyyat tariximizdə ən görkəmli yer tutubdur.

“Vaqif” əsərinin xüsusiyyəti, şübhəsiz ki, birinci növbədə bu əsərin Azərbaycan xalqının tarixinini müəyyən bir hissəsini əks etdirməkdən ibarətdir. O, eyni zamanda, dərin fəlsəfi fikirləri əks etdirən bir əsərdir, hər bir azərbaycanlının ürəyinə yatan, onu sevindirən şer misralarıdır.

“Vaqif” əsəri Azərbaycan xalqına onun Molla Pənah Vaqif kimi bir şəxsiyyətini tanıdan əsərdir. Etiraf etməliyik ki, Səməd Vurğunun “Vaqif” əsəri yarananadək Molla Pənah Vaqif xalqın arasında geniş tətbiq olunmamışdı və xalq onu o qədər də tanımırdı. Şübhəsiz ki, ədəbiyyatçılar, ziyalılar, şer pərəstişkarları Vaqifin şerlərini yaxşı bilirdilər. XVIII əsrdə Azərbaycan ədəbiyyatının, şerinin inkişafında Vaqifin xidmətləri haqqında mən dedim. Ancaq Vaqifi geniş tanımaq, onu xalqa daha da yaxınlaşdırmaq, Vaqifin şəxsiyyətini açmaq, onun surətini xalqa göstərmək və Vaqifi xalqa doğma etmək – bunların hamısını Səməd Vurğun etdi.

Xatırlayın, 1937-ci ilədək – “Vaqif” əsəri yaranana qədər Azərbaycanda Vaqif adı daşıyan adam da olmayıb, ya da çox az olubdur. Bəlkə də heç kəs buna fikir verməyib. Bəlkə də hamı güman edir ki, Azərbaycanda geniş yayılmış Vaqif adı elə dövri-qədimdəndir. Amma “Vaqif” əsəri meydana çıxandan sonra insanlar Vaqifi, yəni Səməd Vurğunun yaratdığı Vaqif obrazını o qədər sevdi ki, həddindən çox ailə yeni doğulan övladlarına Vaqif adı verdi.

Bilirsiniz, bu təhlili genişləndirmək, bu barədə daha geniş fikirlər, mülahizələr söyləmək olar. Ancaq mən bu məqamları xatırladıram ki, Səməd Vurğunun yaradıcılığının nə qədər dərin iz buraxdığını bu gün biz bir daha dərk edək.

Yenə də “Vaqif” pyesinə qayıtmalıyam. Azərbaycanın milli teatrı qədim tarixə, böyük ənənələrə malikdir. Biz 1873-cü ildə Şərqdə ilk dəfə yaranmış, Azərbaycan teatrı ilə, onun tarixi ilə həmişə fəxr etmişik, edirik. Ancaq Azərbaycan Dram Teatrının tarixində “Vaqif” pyesi bir inqilab oldu. O illəri yaşayan adamlar xatırlamalıdırlar – bu, mənim də xatirimdədir – həmin tamaşa o vaxt bir inqilab oldu.

Azərbaycan teatrının ən parlaq səhifələrindən biri “Vaqif” pyesidir, onun yaranmasıdır və uzun illər onun teatrımızın səhnəsində olmasıdır. “Vaqif” pyesi, eyni zamanda teatrımızın görkəmli sənətkarlarını daha da yüksəltdi.

Bu gün biz Vaqifin şəkillərini, heykəlini görürük. Amma həqiqətdə Vaqifin fotoşəkli olmayıbdır. Vaqifin şəklini də Səməd Vurğun və Vaqif rolunu oynayan böyük sənətkarımız, aktyorumuz Ələsgər Ələsgərov və Azərbaycan Dövlət Dram Teatrı yaratmışdır.

Görürsünüz, Səməd Vurğun bir əsərlə bizim milli mədəniyyətimizə, ədəbiyyatımıza, mənəviyyatımıza aid nə qədər böyük məsələləri həll edibdir. Səməd Vurğun xalqımıza nə qədər böyük xidmətlər göstəribdir. Biz də Səməd Vurğunun yolu ilə gedərək Vaqifin adını əbədiləşdirməyə çalışdıq, onun ölümündən 200 il sonra Şuşada, Cıdır düzündə Vaqifin qəbri üzərində böyük məqbərə yaratdıq. Həmin məqbərədə Səməd Vurğun, Azərbaycan teatrı və Ələsgər Ələkbərov tərəfindən yaradılmış Vaqif surətinin heykəlini qoyduq.

Səməd Vurğunun digər dram əsərləri də yüksək qiymətə layiqdir. “Fərhad və Şirin”də, “Xanlar”da, “İnsan”da Azərbaycan ədəbiyyatına, şerinə, teatrına böyük töhfələrdir. Onlar əbədi yaşayacaqlar.

Səməd Vurğun həddindən çox şerlər, poemalar yazıbdır. Bütün bu poemalarının, şerlərinin və pyeslərindəki şerlərinin hamısı məhz Səməd Vurğuna məxsusdur. Bütün bunlar onu göstərir ki, Səməd Vurğun ana dilimizi – Azərbaycan dilini təkmilləşdirib, inkişaf etdiribdir. Bu, Səməd Vurğunun ən böyük xidmətlərindən biridir. Bizim hazırkı dilimiz 70, 80, 90 il bundan əvvəl olan dil deyil. İndiki dilimiz – türk dilləri qrupuna məxsus olan Azərbaycan dili türk dillərinin kökündən gələn Azərbaycan dili məhz Səməd Vurğun kimi şəxsiyyətlərin yaradıcılığı nəticəsində, onların şerlərinin, əsərlərinin nəticəsində bu qədər gözəllişib, bu qədər zənginləşib, səlisləşib, şirinləşibdir. Biz bu dilimizlə fəxr edirik və fəxr edə bilərik.

Səməd Vurğun eyni zamanda böyük alim, filosof idi. Səməd Vurğun Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən, yaradıcılarından biridir. Səməd Vurğun Elmlər Akademiyasının yaradılmasının təşəbbüsçülərindən biridir. O, sadəcə akademik seçilmiş bir adam deyil. Səməd Vurğun və məhz onun kimi Üzeyir Hacıbəyov, Heydər Hüseynov, Yusif Məmmədəliyev, Mustafabəy Topçubaşov, Mirzə İbrahimov və başqa belə insanların təşəbbüsü nəticəsində 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası yaranıbdır. Bu, böyük tarixi hadisədir. Burada Səməd Vurğunun xidmətləri böyükdür. Ən böyük xoşbəxtlik ondadır ki, Səməd Vurğun ömrünün son illərində həmin akademiyanın vitse-prezidenti vəzifəsini daşımışdır və Azərbaycan elminin, ədəbiyyatşünaslığının inkişafında çox əvəzsiz xidmətlər göstərmişdir.

Səməd Vurğunun bütün əsərləri Vətənə məhəbbətlə, Azərbaycana, xalqımızın dilinə, milli ənənələrinə məhəbbətlə doludur. Səməd Vurğunun şəxsiyyətini ifadə edən, onun əsərlərinin əsas mənası və məzmunu bax, budur.

Şübhəsiz ki, Səməd Vurğunun əsərləri öz dövründə yazılıbdır. O dövrün hökmü, tələbləri Səməd Vurğunun əsərlərində də öz əksini tapıbdır. Bu gün heç kəs buna görə Səməd Vurğunun əvəzindən üzr istəməməlidir. Səməd Vurğunun bütün əsərləri ilə Azərbaycan xalqı əvvəldən axıradək fəxr edir, bundan sonra da fəxr edəcəkdir.

Səməd Vurğun komsomola həsr etdiyi poemasında da, Kommunist Partiyasına həsr etdiyi “Zamanın bayraqdarı” poemasında da öz əqidəsinə xidmət edib, öz əqidəsinə sadiq qalıbdır, eyni zamanda yüksək şer sənətini nümayiş etdiribdir.

Şərqdə həmişə şer böyük hörmətə layiq olubdur və hər bir şair öz dövrünün aşiqi olubdur, öz dövrünü yazıbdır. Biz buna görə keçmiş əsrlərin heç bir şairinə hər hansı bir mənfi münasibət göstərə bilmərik və kimisə qınaya bilmərik. Səməd Vurğunu da heç kəs qınaya bilməz ki, o şerləri, poemaları yazıbdır.

Səməd Vurğun öz xalqına, millətinə sadiq insan olubdur. O, öz millətinin oyanışına, milli dirçəlişinə xidmət edibdir. Məhz Səməd Vurğunun şerləri, poemaları, pyesləri, dramları – hamısı birlikdə xalqımızı xırda-xırda bu yüksək səviyyəyə çıxarıbdır.

Səməd Vurğunun yaradıcılığının əsas xüsusiyyətləri bax, budur. Məhz buna görə Səməd Vurğun qiymətlidir. Səməd Vurğun bütün yaradıcılığı boyu öz xalqını azad görmək istəyibdir. Səməd Vurğun həmişə azadlıq, müstəqillik tərəfdarı olubdur. Səməd Vurğun Üzeyir Hacıbəyovla, Cəfər Cabbarlı ilə çiyin-çiyinə gedibdir. Onlar – Səməd Vurğun da, Üzeyir Hacıbəyov da, Cəfər Cabbarlı da Azərbaycanı azad, müstəqil, sərbəst görmək istəyiblər.

Biz bu günümüzə görə – xalqımızın mədəniyyətinin, ədəbiyyatının, elminin, təhsilinin ümumi səviyyəsinin bu mərtəbəyə qalxmasına görə Səməd Vurğuna minnətdarlığımızı bildirməliyik.

Bilirsiniz, hər bir insanın özünəməxsus taleyi vardır. Az ömür yaşamasına baxmayaraq, Səməd Vurğunun taleyi xoşbəxt taledir. Ona görə xoşbəxt taledir ki, Səməd Vurğun 50 il yaşasa da, amma 40 ildir Azərbaycan xalqının dilindən və dünyanın çox xalqlarının dilindən düşmür.

Bu gün biz azad, müstəqil ölkəmizdə yaşayarkən keçmiş nəsillərə minnətdar olmalıyıq, bizdən qabaq yaşamış, yaratmış insanlara daim minnətdarlığımızı bildirməliyik. Çünki bugünkü Azərbaycan əzəmətli, böyük bir binadır. Bu binanı kərpic-kərpic qoyan indiyə qədər yaşamış, yaratmış nəsillərdir. Bu binaya hərə öz payını qoyubdur – kimi çox, kimi az. Amma bu insanların tam əksəriyyəti Azərbaycanı qurmağa, yaratmağa və inkişaf etdirməyə çalışmışdır. Onlardan da ən görkəmlisi böyük şairimiz Səməd Vurğundur.

Səməd Vurğun öz yaradıcılığı, əsərləri, ictimai-siyasi fəaliyyəti ilə XX əsr Azərbaycan tarixində ən görkəmli şəxsiyyətlərdən biri olubdur. Biz Səməd Vurğun ilə fəxr edirik. Çox sevindirici haldır ki, biz bu yubileyi dostlarımızla – Türkiyə Cümhuriyyətinin, Qazaxıstan, Rusiya, Gürcüstan, Dağıstan respublikalarının nümayəndələri ilə bir yerdə keçiririk. Bu da təbiidir. Buradakı çıxışların hamısı çox səmimidir və Səməd Vurğunun yaradıcılığına, onun qoyduğu irsə böyük hörmət hissi ilə doludur.

Burada şəxsi xatirələr də söylənildi. Mənim də şəxsi xatirələrim vardır. Biz gənclər vaxtilə Səməd Vurğunu sadəcə olaraq görməkdən özümüzü xoşbəxt hesab edirdik. Biz özümüzü xoşbəxt hesab edirdik ki, Səməd Vurğunu haradasa gördük, dinlədik, eşitdik. Biz o illərdə bax, belə yaşamışdıq.

Xatirimdədir, 1952-ci ildə Opera və Balet Teatrının binasında Azərbaycan ziyalılarının iclası keçirilirdi. Azərbaycanın o vaxtkı rəhbəri də ziyalılara çox təzyiq edirdi. Səməd Vurğuna söz verildi. Onun o çıxışı qulağımda bugünkü kimi səslənir. Səməd Vurğuna söz veriləndə salona toplaşanlar onu çox böyük hərarətlə qarşıladılar. Səməd Vurğun çox dərin məzmunlu və həyəcanlı bir nitq söylədi. Həmin nitq yəqin, haradasa dərc olunub və onu oxuyanlar bunları bilirlər. Onun o nitqi də məhz Azərbaycanın ədəbiyyatına, mədəniyyətinə, ziyalılarına aid qayğılarla dolu idi. O vaxt ona iki-üç dəfə replika verdilər, amma Səməd Vurğun heç bir dəfə də əyilmədi, sınmadı, iradəsini itirmədi, öz nitqini mərdi-mərdanə, böyük iftixar hissi ilə başa çatdırdı.

Səməd Vurğun o vaxt bizim hamımız üçün nümunə – xalqına, millətinə, ölkəsinə, vətəninə sədaqətlikdə nümunə idi. Səməd Vurğun Azərbaycanı, öz xalqını, öz dilini nə qədər sevirdi! Bunları hər dəfə yada saldıqca insan coşur, həyəcanlanır. Səməd Vurğun əgər bu günləri – Azərbaycanın müstəqilliyini, azadlığını görmədisə də, onun ruhu bu gün bizimlədir. Mən hesab edirəm, onun ruhu bu gün həddindən artıq şaddır ki, Azərbaycan xalqı azaddır, sərbəstdir və Azərbaycan Respublikası müstəqildir.

Səməd Vurğunun “Azərbaycan” şeri dillərdə əzbər olubdur. Bilirsiniz, o qısa sözlərdə o qədər dərin məna var ki, həmin sözləri hər bir insan dilinə gətirib, təkrar edərkən öz xalqına, ölkəsinə bir daha öz məhəbbətini, sevgisini, sədaqətini ifadə edir:

El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən!
Anam, doğma Vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!

Biz Səməd Vurğunun ruhu qarşısında baş əyərək deyə bilərik: əziz şairimiz, sənin canın qədər sevdiyin Azərbaycan bu gün müstəqil dövlətdir. Sənin canın qədər sevdiyin xalqın bu gün azaddır. Bu gün mən bir daha bəyan edirəm ki, biz Səməd Vurğunun ruhunu gələcəkdə də şad edəcəyik. Müstəqil Azərbaycan yaşayacaq. Azərbaycanın dövlət müstəqilliyi əbədi, dönməz olacaqdır. Xalqımız daim sərbəst, öz taleyinin sahibi olacaqdır.

Yaşasın müstəqil Azərbaycan!

Yaşasın Səməd Vurğun yaradıcılığı!

Səməd Vurğuna eşq olsun!

Respublika Sarayı, 7 mart 1997-ci il

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here