Atatürk Mərkəzində Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir

0
2292

May ayının 11-də Atatürk Mərkəzində “Qazax” Xeyriyyə İctimai Birliyi, Qazax rayon İcra Hakimiyyəti və Atatürk Mərkəzinin birgə təşkilatçılığı ilə Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin İsmayıl Şıxlının anadan olmasının 100 illiyinin qeyd olunması barədə sərəncamının icrası çərçivəsində keçirilən tədbiri “Qazax” Xeyriyyə İctimai Birliyinin sədri professor İlham Pirməmmədov tədbir iştirakçılarını Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun, akademik Teymur Bünyadovun, Əməkdar incəsənət xadimi Vidadi Babanlının və Qazax mahalənın ziyalıları adından salamlayaraq Fəxri Xiyabanda Xalq yazıçısı İsmayıl Şıxlının məzarını ziyarət etməklə başlayan elmi-praktik konfransı açıq elan etdi. İ.Pirməmmədov ilk dəfə “Qazax” Xeyriyyə İctimai Birliyinin tədbirində iştirak edəb Millət vəkilləri Əflatun Amaşova, professor Səməd Seyidova, Qənirə Paşayevaya öz dəyərli vaxtlarından ayırıb konfransa dəvət təklifini qəbul etdiklərinə görə İctimai Birliyin İdarə Heyətinin adından təşəklür etdi. Həmçinin qeyd etdi ki, onların bu konfransa gələmələrində önəmli səbəblərdən biri də İsmayıl Şıxlıya olan sevgi və məhəbbətləri olmuşdur.

İ.Pirməmmədov qeyd etdi ki, ölkəmizin bütün təhsil müəssisələrində İsmayıl Şıxlının 100 illiyinə həsr olunmuş geniş tədbirlər keçirilmişdir və davamlı olaraq da keçirilir. Yekun dövlət tədbiri isə noyabr ayında Azərbaycan Dövlət Pedaqoji Universitetində keçiriləcək. İ.Pirməmmədov çıxışında diqqəti İsmayıl Şıxlı yaradıcılığının və şəxsiyyətinin Azərbaycanın mədəni və ictimai-siyasi tarixində tutduğu mövqeyə yönəltmişdir. İştirakçıların diqqətinə çatdırılmışdır ki, “Qazax” Xeyriyyə İctimai Birliyi ölkəmizin həyatında baş verən mühüm  hadisələrin qeyd olunmasında yaxından iştirak etməklə ölkənin mədəni yüksəlişinə öz töhfələrini verir və bu cür tədbirlər əhatə dairəsinə və ictimai məzmununa görə məhəlli səciyyə daşımır. Son aylarda Aşıq Ədalətin Qazaxda məzarüstü abidəsinin açılışı və böyük saz ustadının Bakıda 80 illik yubileyinin keçirilməsi, İsa Muğannanın 90 illiyi, Qazax Müəllimlər Seminariyasının 100 illiyi münasibətilə elmi-praktik konfransların təşkili ölkəmizin mədəni  həyatı üçün böyük önəm kəsb edir. Biz gələn aylarda Qazax rayonunda Qazax Müəllimlər Seminariyasının 100, Aşıq Ədalətin 80, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubiley tədbirlərini geniş tərkibdə qeyd edəcəyik.

İsmayıl Şıxlının anadan olmasının 100 illiyinə həsr olunmuş bu tədbirin də həmin silsiləni davam etdirdiyini vurğulayan İlham Pirməmmədov sözü Atatürk Mərkəzinin rəhbəri akademik Nizami Cəfərova vermişdir. N.Cəfərov qeyd etdi ki, Azərbaycan xalqının böyük yazıçısı İsmayıl Şıxlının 100 illiyi ilə bağlı Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Bakı Dövlət Universitetinin Qazax filialında elmi-praktik konfrans keçirilmişdir. M.F.Axundov adına Mərkəzi Kitabxanada və digər yerlərdə də bir çox tədbirlər keçirilmişdir. İsmayıl Şıxlı haqqında sanballı araşdırmalar aparılmışdır, bu gün də aparılır. Professor Təyyar Salamoğlunun İsmayıl Şıxlıya həsr etdiyi “İsmayıl Şıxlının bədii nəsri” adlı monoqrafiyası da bu gün burada ilk dəfə olaraq konfrans iştirakçılarına təqdim olunacaq. İsmayıl Şıxlının şəxsiyyəti və yaradıcılığı haqqında araşdırmalar genişləndikcə daha da dərinləşir. Çünki İsmayıl Şıxlı haqqında danışmaq elə Azərbaycan xalqı haqqında danışmaq deməkdir. Mən düşünürəm ki, Xalq yazıçısı İsmayıl Şıxlı haqqında ən dərin sözü ümummilli lider Heydər Əliyev demişdir. O deyirdi ki, İsmayıl Şıxlı xalqın təbiətindən, ruhundan gələn bir yazıçı, mütəfəkkirdir. Azərbaycan xalqı yaşadıqca İsmayıl Şıxlı da yaşayacaq.

Sonra Qazax rayon İcra Hakimiyyəti başçısının müavini Gülayə Həsənova çıxış etmişdir. G.Həsənova öncə tədbir iştirakçılarını Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun və öz adından səmimi qəlbdən salamlayaraq, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illiyinin Qazaxda böyük təntənə və xalq bayramı kimi qeyd edildiyini qeyd etdi. O, qeyd etdi ki, XX əsr Azərbaycan nəsrinin inkişaf etməsində, milli adət və ənənələrimizin yazılı ədəbiyyatda təşəkkül tapmasında, qiymətli nəsr əsərlərinin yaranmasında zəngin və şərəfli bir ömür yolu keçmiş Xalq yazıçısı İsmayıl Şıxlının xidmətləri əvəzsizdir. Görkəmli nasirin yaradıcılığının əsas hissəsi sovet dövrünə təsadüf etsə də, original və milli-mənəvi dəyərlərə bağlı yaradıcılıq dəsti-xətti olan İsmayıl Şıxlı qiymətli əsərlər yazaraq öz adını Azərbaycan ədəbiyyatı tarixinə qızıl hərflərlə həkk etmişdir.

Daha sonra Xalq şairi professor Nəriman Həsənzadə,

Millət vəkili, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Qənirə Paşayeva,

Millət vəkili, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri professor Səməd Seyidov,

Millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov,

Azərbayvan Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan dili kafedrasının professoru Buludxan Xəlilov,

“Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru, Millət vəkili Kamran Nəbizadə,

ADPU-nun professoru Təyyar Salamoğlu,

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Azərbaycan dili kafedrasının müdiri, professor Rüstəm Kamal,

ədəbiyyatşünas alim, Bakı Dövlət Universitetinin dosenti Məti Osmanoğlu,

BDU-nun Filologiya fakültəsinin dekanı dosent Elçin Məmmədov,

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev,

Milli Məclisin üzvü Ülviyyə Quliyeva

“Qazax” Xeyriyyə Cəmiyyətinin keçmiş sədri Vidadi Bayramov,

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Dürdanə Vəkilova,

Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Yasin Qaraməmmədli çıxış etdilər.

Çıxışlarda İsmayıl Şıxlının bədii irsinin və şəxsiyyətinin müxtəlif aspektləri ilə bağlı fikirlər söylənmiş, onun xarakterinə işıq salan xatirələr səsləndirilmişdir.

Sonda İsmayıl Şıxlının oğlu, Azərbaycan Jurnalistlər Birliyinin sədri, yazıçı-publisist Elçin Şıxlı tədbirin təşkilatçılarına və iştirakçılarına ədibin ailəsi adından təşəkkürünü bildirmişdir.

Tədbirdə həmçinin professor Əhməd Vəliyev, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, diplomat Mir-Həmzə Əfəndiyev, professor Qulu Məhərrəmli, professor Alxan Bayramoğlu, Nadir Nəsibov, jurnalist Arif Əliyev, Əməkdar məşqçi Firdovsi Umudov, Sultanxanım Nəsibova, Bakı Dövlət Universitetimin dosenti Natavan Dəmirçioğlu, şairə Cığatel, Çiçək Mahmudqızı, tədqiqatçı-jurnalist İsmayıl Umudlu, Məzahir Vəkilov, Əməkdar jurnalist Varis Yolçuyev, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Rövşən Babanlı, tənqidçi Əsəd Cahangir, şairlər İbrahim İlyaslı, Zaməddin Həmişəyev, Rafail İncəyurd, Musa Ələkbərli, Vəli Xıramçaylı, Arif Əliyev, rəssam Qafar Sarıvəlli, Tapdıq Osmanov, İlqar Mahmudov, İsmayıl Şıxlının oğlu Fərrux Şıxlı və eləcə də digər tanınmış elm və sənət adamları, respublika ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here