Gənc pianoçu Vurğun Vəkilovun Bakı Musiqi Akademiyasının böyük zalında verdiyi solo konsert Bakının musiqi həyatının son dərəcə maraqlı və yaddaqalan hadisələrindən oldu. Konsertdə klassik dünya musiqisi nəhənglərinin – Baxın, Şopenin, Bethovenin və Şumanın əsərləri səsləndirildi. Öz doğma təhsil ocağında, doğma insanlar qarşısında çıxış edən Vurğunun ifasında dünya musiqisinin inciləri azərbaycanlı mənəvi dünyası ilə, azərbaycanlı ruhu ilə qovuşur, fərqli bir ab-hava, iqlim yaradırdı. Vurğun Vəkilovun ifa tərzi, ifaçı ustalığı ayaqlarının altındakı yer müxtəlif olan insanların başlarının üstündəki göyün bütöv, bölünməz olduğunu təsdiq edirdi. Hamı üçün ortaq olan musiqinin dili, enerjisi Vurğunun fortepianonun dilləri üzərində gəzişən barmaqlarında canlanıb, ürəkdən-ürəyə süzülürdü. Vurğun özü musiqinin dünyasına qapılmağın, səslərin sirli aləminə dalmağın Allahla ünsiyyət olduğuna inanır. O: “Mənim fikrimcə, dahi bəstəkarlar peyğəmbər olublar. Mən bu peyğəmbərlərin əsərlərini ifa edəndə, rahat deyə bilərəm ki, Allahla çox gözəl bir ünsiyyət qura bilirəm”, – deyir.

Vurğunun sənətkar kimi fərqi ondadır ki, həmin ilahi ünsiyyətə tamaşaçını da qoşa bilir, onun barmaqlarından süzülən səslər, səslərin ahəngi tamaşaçıya həmin qeyri-adi ünsiyyəti hiss etdirir. Tamaşaçı bu ilahi ünsiyyəti hiss etməklə yanaşı, həm də onda iştirak edir…
Vurğunun konserti mənə bir də ona görə dərin təsir etdi ki, konsert boyunca onun anasının dayısı, böyük yazıçımız Yusif Səmədoğlunun “Güllər” hekayəsini xatırlayırdım. Yusif müəllimin kiçik qardaşı Vaqifə həsr elədiyi hekayənin qəhrəmanı – konservatoriyanın gənc məzunu Tahir səhnədən musiqi əsərini ifa edə-edə gözlərinin qabağına həyatının son anlarını yaşayan atasını gətirir: “Xəyal o qədər canlı idi ki, Tahir hər şeyi – konserti də, oturanları da unutmuşdu. O yalnız çalır, gözlərini xəyaldan ayırmadan çalırdı. Ürəyi çaldığı əsərlə həmahəng vururdu. Xəyal isə artıq başını yastıqdan qaldırıb məhəbbət dolu nəzərlə ona baxır, gülümsünür, xırıltı ilə yox, gümrah bir səslə deyirdi: – Sağ ol, can bala! Bax belə, qorxma, çal!.. Tahir çalırdı. Atasının eşqinə, həyatın eşqinə çalırdı. İndi onun ifa etdiyi əsər yeni ruhda səslənir, qalib gəlmiş həyatın və gəncliyin əzəmətini, onun məğlubedilməzliyini ifadə edirdi. O çalır, xəyal isə gözləri qarşısından getmirdi…”

Qeyri-adi çıxışını atasına ünvanlayan gənc pianoçu sonradan Azərbaycan ədəbiyyatının böyük simalarından biri olacaq Vaqif Vəkilov – Vaqif Səmədoğlu; ata isə həyatının son anlarını yaşayan Səməd Vurğun idi…

Mənə elə gəlirdi ki, o böyük adı bu gün şərəflə daşıyan Vurğun Vəkilov da bizi ilahi ünsiyyətə cəlb etdiyi bu möhtəşəm konserti onun uğurlarını çox arzulayan, lakin ömrü yarıda qırılan anasına – Aygün xanıma, ananın daim onun uğurlarını izləyən xəyalına ünvanlamışdı…

Sonda Vuğrunun atası – böyük qəlbli insan Mehman müəllimə cansağlığı və iş avandlığı diləyir, belə bir övlad yetirdiyinə görə ona gözaydınlığı verirəm.

Məti Osmanoğlu

P.S. Vurğun Mehman oğlu Vəkilov 1998-ci ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Bülbül adına Orta İxtisas Musiqi məktəbinin fortepiano şöbəsinə daxil olub. Hazırda Fransanın Paris Ecole Normale de Musique de Paris – Alfred Cortot musiqi məktəbində təhsil alır.

  • 2008-ci ildə keçirilən Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş gənc ifaçıların I Respublika müsabiqəsində I yerə layiq görülüb.
  • 2009-cu ilin may ayının 5-də Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb və xüsusi təqaüdə layiq görülüb.
  • 2011-ci ilin may ayında İtaliya Respublikasının Pesaro şəhərində keçirilən VIII “Çitta di Pesaro” Beynəlxalq müsabiqəsində I yerə (“Assoluto”) layiq görülüb.
  • 2016-cı il mart ayının 5-dən 12-dək Fransanın Annemas şəhərində keçirilən Adilə Əliyeva adına pianoçuların X Beynəlxalq müsabiqəsinda ikinci yerə çıxaraq Paris şəhərində yerləşən “Ecole Normale de Musique de Paris – Alfred Cortot” akademiyasında təhsil almaq hüququnu qazanıb.
  • 2016-cı il avqustunda VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində Pianoçuların IV Beynəlxalq Müsabiqəsində I yerə layiq görülüb.
  • 2017-ci il fevral ayının 2-də Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən Prezident mükafatına layiq görülüb.
  • İtaliya, Yaponiya, Rusiya, Bolqarıstan, Koreya Respublikası, Çin və digər ölkələrin gənc musiqiçilərinin qatıldıqları müsabiqədə Azərbaycanı təmsil edən Vəkilov “B” kateqoriyasında 12-16 yaşlı piano ifaçıları arasında fərqlənərək birinci yeri qazanıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here