Ramiz Göyüşovun “Bizdə şeir də var, sənət də vardır” adlı kitabının təqdimatı olub

0
2069

İyun ayının 1-də Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri, “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü Ramiz Göyüşovun “Bizdə şeir də var, sənət də vardır” adlı kitabının Atatürk Mərkəzində təqdimatı olub.

Tədbiri Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı Nizami Cəfərov açaraq Ramiz Göyüşovun tədqiqatlarının mühüm cəhətlərindən birinin bugünkü ictimai düşüncəni tamamilə əks etdirməsi olduğunu deyib. Bildirib ki, bu gün ictimai-siyasi sahədə fəaliyyət göstərən, siyasi prosesləri, hadisələri yaxından bilən, izləyən insan kimi onun yazıları mühüm əhəmiyyət daşıyır.

YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Ramiz Göyüşovun toxunduğu mövzuların çox əhatəli olduğunu bildirib. O deyib ki, bu tədqiqatların hər biri dərin araşdırmaların nəticəsidir. Tağı Əhmədov kitabda ədəbiyyatçılar və tarixçilərin fikirlərinin müqayisəli ifadəsini mükəmməl şəkildə öz əksini tapmasını qeyd edib. O, Səməd Vurğunun “Vaqif” pyesi haqqında özünəməxsus fikirlərin kitabda çox ətraflı və maraqlı formada öz əksini tapdığını vurğulayıb.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, Azərbaycan Texniki Universitetinin prorektoru professor İlham Pirməmmədov tanınmış insanlar haqqında fikir bildirmək, məqalə yazmaq, təhlil etməyin hər adama xas olmadığını bildirib. Qeyd edib ki, bu təhlillər zəngin dünyagörüşü və tədqiq etdiyin şəxsiyyət və onun dövrü haqqında bilgi tələb etdiyindən bunu ancaq geniş mütaliəyə malik olan insanlar edə bilər. Ramiz Göyüşov ictimai xadim olaraq ölkənin siyasi proseslərində, mədəni həyatında iştirak etdiyi kimi, həm də ədəbiyyatımızın keşiyində dayanır.

Ədəbiyyatşünas alim professor Rüstəm Kamal ilk dəfədir qeyri-filoloqun məqalələr toplusuna ön söz yazdığını və bu halın xoş istisna olduğunu vurğulayıb. O bildirib ki, Ramiz Göyüşov yazdığı məqalələri ruhən duyaraq onunla sanki sirdaş olur. Onları özünün xatirə, ömür məkanına daxil edir və onlarla doğmalaşır. Bu gün şairlər, yazarlar Ramiz Göyüşovun poetik zövqünə, elmi təhlillərinə və düşüncələrinə inanırlar.

“Bələdiyyə xəbərləri” saytının baş redaktoru Vüqar Tofiqli kitabda yer alan, səlis və oxunaqlı şəkildə yazılan məqalələrin hər birinin tədqiqat əsəri olduğunu vurğulayıb. Ramiz Göyüşovun “Məmurun ziyalı olması cəmiyyətin uğurudur” ifadəsinin ən uğurlu nümunəsi olduğunu söyləyib.

Tədbirdə çıxış edən Ramiz Göyüşov deyib ki, yaradıcı insan üçün diqqət və qayğı ən vacib stimuldur. O, yeni-yeni əsərlər, məqalələrlə oxucularını sevindirəcəyini bildirib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here