“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri İlham Pirməmmədovun 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə təbriki

0
1043

Hörmətli dostlar, qardaşlar, bacılar, əziz ziyalılar, əzəmətli Azərbaycan Ordusu!

Hər birinizi 26 İyun-Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə ürəkdən təbrik edir, Sizlərə möhkəm cansağlığı, uzun ömür, səadət və xoşbəxtlik, həyat və fəaliyyətinizdə uğurlar arzulayıram.

Azərbaycan xalqı tarixinin ən çətin dönəmlərindən birində – 101 il öncə Azərbaycan Xalq Cümhurriyyətini yarada bildi. Çətin daxili və xarici təhlükələrlə üz-üzə dayanan Azərbaycan dövləti öz müqəddəratını təyin etmək, suverenliyini qorumaq üçün hərbi birləşmə yaratmalı idi. Bu işdə qardaş Osmanlı dövləti Azərbaycan dövlətinin köməyinə çatdı. Qafqaz İslam Ordusunun təşkilatçılığı və Çar Rusiyasında xidmət etmiş Azərbaycan zabitlərinin əməyi sayəsində 26 iyun 1918-ci ildə ildə əlahiddə Azərbaycan korpusu yaradıldı ki, bununla da müstəqil dövlətin təhlükəsizliyini qoruyacaq müstəqil ordusu yaradılmış oldu. Azərbaycan Xalq Cümhuriyyətinin Rusiyanın işğalı nəticəsində süquta uğraması və ölkəmizin uzun müddət Sovetlər Birliyinin tərkibinə daxil edilməsilə müstəqil Azərbaycan ordusu da dağıdıldı. 1991-ci ildə Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra erməni təcavüzünə məruz qaldı və pərakəndə halda formalaşmış silahlı dəstələr sayəsində təcavüzə qarşı döyüşürdülər. Lakin Azərbaycanın müstəqilliyi üçün böyük təhlükələr olduğundan ordu quruculuğu işlərini həyata keçirmək olmurdu. 1993-cü ildə Azərbaycan xalqının dahi oğlu, müdrik şəxsiyyət, ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi və istəyi ilə yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra ordu quruculuğu prosesi onun qətiyyəti və rəhbərliyi sayəsində uğurla həyata keçirildi. Onun uzqaqgörən siyasi xidmətləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri yenidən yaradıldı.

Əminliklə deyə bilərik ki, güclü ordu müstəqilliyimizin əsası, təhlükəsizliyimizin təminatçısı, ölkəmizin ərazi bütövlüyünün qorunmasında mühüm rol oynayan əsas amildir. Son illər Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə maddi-texniki bazası daha da güclənən, müasir hərbi texnika, silah-sursatla təhciz edilən Azərbaycan Silahlı Qüvvələri dünyanın ən qüdrətli ordularından birinə çevrilib. Hərbiçilərimizin peşəkarlıq və döyüş səviyyəsi yüksəlib, ölkəmizin müdafiə qabiliyyəti xeyli güclənib. Azərbaycan tarixində Aprel döyüşləri kimi şanlı səhifə yazan Azərbaycan ordusu 2016-cı ilin aprel ayında düşmənin silahlı qüvvələrini darmadağın edərək parlaq və əzəmətli qələbələr qazanaraq Azərbaycan torpaqlarının bir hissəsini düşməndən azad etdi. Bu gün şəhid ailələri, Qarabağ müharibəsi iştirakçıları, məcburi köçkünlər və bu qəbildən olan insanlar daim ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı altındadır.

Hər bir Azərbaycan vətəndaşının Azərbaycan Silahlı Qüvvələrinin gücünə, qüdrətinə böyük inamı var. Hamımız nizami, müasir və qüdrətli Azərbaycanın Ordusunun sayəsində istənilən an ərazi bütövlüyümüzün bərpa olunmasına inanır və Ordummuzla qürur duyur və fəxr edirik.

Bir daha 26 İyun-Silahlı Qüvvələr Günü münasibətilə bütün xalqımızı, əsgər və zabitlərimizi, “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri general-leytenant Kərim Vəliyevi, general-mayor Mahmud Həmzəyevi, general-mayor Məmməd Eminovu, general-mayor Namiq Poladovu, polkovnik Əmiraslan Əliyevi, polkovnik-leytenant Şəmistan Nəzirlini, polkovnik-leytenant Novruz İsmiyevi və digər zabitlərimizi, Azərbaycan ordusunun kapitanı Fərhad Eyyubov başda olmaqla bütün qazilərimizi və veteranlarımızı səmimi-qəlbdən təbrik edir, ən xoş, ən gözəl arzu və diləklərimi yetiririk.

Bayramınız mübarək!

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here