Şəhid Mühüd Orucovun xatirəsinə həsr olunmuş kitabın təqdimatı keçirilib

0
2169

İyulun 17-də Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu – İdeoloji və Mədəniyyət Mərkəzində (Mərkəzi Zabitlər Evi) aprel döyüşlərində böyük rəşadətlər göstərərək şəhidlik zirvəsinə ucalmış  Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat tabor komandiri, kapitan Mühüd Orucovun anım mərasimi və tanınmış şair, publisist  Fəridə Ləmanın şəhidə həsr olunan “Mühüdüm- şəhidim” adlı kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə millət vəkilləri, “Qazax” Xeyriyyə İctimai Birliyinin və şəhidin ailə üzvləri, döyüş yoldaşları, “N” hərbi hissənin şəxsi heyəti, Həzi Aslanov adına Ordu – İdeoloji və Mədəniyyət Mərkəzinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər. 

Tədbir başlamazdan öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Sonra Ümummilli lider Heydər Əliyevin və Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərkəzin rəisi vəzifəsini icra edən mayor İlkin Qayıbov tədbiri giriş sözü ilə açaraq şəhidin həyatından, keçdiyi döyüş yolundan danışıb. Bildirilib ki, 2016-cı il aprelin 2-dən 3-nə keçən gecə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmış M.Orucov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib. 

Millət vəkili Adil Əliyev qeyd edib ki, ölkə başçısının da söylədiyi kimi, Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir. Bu qələbəni isə bizlərə Mühüd Orucov kimi oğullar bəxş edib. Aprel döyüşləri bütün dünyaya sübut etdi ki, dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu günü-gündən inkişaf edir. 

Tədbirdə “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov qeyd etdi ki, şəhidlərimiz bizim qürur yerimiz, baş tacımızdır. Şəhidlərə diqqət və qayğı ölkə Prezidenti cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısındadır. Bununla yanaşı şəhidlərə, şəhid ailələrinə, qazilərə ən yüksək diqqət göstərmək sıravı vətəndaşlardan tutmuş, vəzifə sahiblərinədək hər kəsin vətəndaşlıq və vicdan borcudur. Məndən öncə çıxış edən hörmətli dostumuz, millət vəkili Adil Əliev bəzi yerərdə şəhid ailələrinə biganəliyin olduğundan yana narahatçılığını ifadə etdi. Mən Adil müəllimin haqlı narazılığına qoşularaq bildirmək istəyirəm ki, “Qazax” Xeyriyyə İctimai Birliyinin sədri olaraq dəfələrlə Qazax rayonunda keçirilən tədbirlərdə iştirak edən bir insan kimi deyə bilrəm ki, Qazaxda şəhidlərimizə, şəhid ailələrinə, qazilərə göztərilən diqqət, qayğı çox yüksək səviyyədədir. Qazax rayon İcra Hakimiyyətinin başçısı hörmətli Rəcəb Babaşov rayonda bir nəfər şəhid ailəsini, müharibə veteranını, qazimizi diqqətdən kənarda qoymayır. Şəhid ailələri problemləri ilə bağlı başçının qəbuluna deyil, icra başçısı özü aidiyyəti qurumların rəhbərləri ilə şəhid ailələrinin problemini yerində həll etmək üçün onların yanına gedir. Qazax rayonunda Şəhidlər Xiyabanı dağılıb gedirdi, məhz oranı Rəcəb müəllim gələndən sonra yenidən qurdu, bərpa etdi. Qazax şəhərinin mərkəzində Qazax rayonundan şəhid olmuş bütün şəhidlərin qara mərmər daş üzərində həkk olunmuş şəkillərindən və onlar haqqında məlumatlardan ibarət Şəhidlər kompleksi tikdirdi. Rayonda keçirilən bütün tədbirlər, yeni evlənən cütlüklərin toy zamanı bura ziyarət olunur, əbədi məşəl önünə gül-çiçək dəstələri qoyulur. Döyüşlərdə şəhid olmuş qəhrəman oğullar ümumrayon hüznü ilə, minlərlə insanın izdihamı ilə dəfn olunur. Onların anım günləri qeyd olunur. Şəhidlərimizin bütün yas xərclərini, qəbirüstü abidələrinin götürülməsini Qazax rayon İcra Hakimiyyəti öz üzərinə götürür. Həmçinin Rəcəb Babaşov şəhidlərimizin yas mərasimlərində əvvəldən axıradək şəhidin valideynlərinin, ailəsinin, qohumlarının yanında olur. Onlara daim dövlətin, Prezidentin şəhid ailələrinin yanında olduğunu bildirir. Biz də “Qazax” Xeyriyyə İctimai Birliyinin illik fəaliyyət palanını hazırlayarkən bir çox tədbirlərimizi Qazax rayon İcra Hakimiyyəti ilə birgə razılaşdıraraq həyata keçiririk. Rayonda şəhid ailələri, müharibə əlilləri üçün evlər tikilərək onların istifadəsinə verilir. Şəhidlərin ailə üzvləri, valideynləri işlə təmin olunur. Qazilərimizin müalicəsi üçün rayon xəstəxanalarında xüsusi şərait yaradılır. Həmçimin yeri gəlmişkən onu da deyim ki, icra başçısının bu diqqət və qayğısı Qazax rayonunda fəaliyyət göstərən iş adamları üçün də bir örnəyə çevrilmişdir. Bu yaxınlarda cəbhə xəttində döyüş növbətçiliyində olan kapitan Fərhad Eyyubov düşmənin atdığı snayper gülləsi ilə sol ayağını itirmişdir. Biz bir neçə dəfə Xalq şairi Nəriman Həsənzadə ilə birgə Fərhadı hərbi hospitalda ziyarət etdik. Onun problemləri ilə maraqlandıq. Elçin Carçıyev də qazimizi ziyarət etmiş və müaslicəsi başa çatan kimi iş adamı Fərhadı yüksək əmək haqqı ilə öz şirkətində işlə təmin etmişdir. Bundan başqa digər qazimiz Kamil Musəvini də bu yaxınlarda Elçin Carçıyev öz şirkətində yüksək əmək haqqı ilə işlə təmin etmişdir. İ.Pirməmmədov onu da bildirdi ki, bu cür diqqət və qayğı hər kəs üçün örnək olmalıdır. Həmçinin kapitan Mühüd Orucovun qəhrəmanlıqları gələcək nəsillər üçün də böyük örnək olaraq yaşayacaq. Şairə Fəridə Ləmana şəhid Mühüd Orucov haqqında belə bir poema yazdığına görə “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri və şəxsən öz adımdan təşəkkürümüzü bildirirəm. İctimai Birliyin maliyyə vəsaiti hesabına cap olunmuş bu kitab hərbi liseylərə, ali hərbi məktəblərə və Qazax mahalının bütün orta məktəblərinə paylanacaq. Həqiqətən də bu cür kitabların, əsərlərin əhəmiyyəti olduqca böyük əhəmiyyətə malikdir. Arzu edirik ki, Fəridə xanım bundan sonra da qəhrəman oğullarımız haqqında belə poemalar yazsın, – deyə İ.Pirməmmədov bildirdi.

Daha sonra Azərbaycan Respublikası Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov, şəhid zabitin döyüş yoldaşları mayor Elnur Kərimov və Elcan İmamverdiyev, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı və digərləri çıxış edərək Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan, əsgərlərimizin cəbhədə əldə etdikləri uğurlardan söz açıblar. 

Mərasimdə tanınmış şair, publisist Fəridə Ləmanın şəhidə həsr etdiyi “Mühüdüm – Şəhidim” adlı kitab haqqında danışaraq bundan sonra da şəhidlərimizin haqqında gənc nəslə məlumatlar vermək üçün bu cür silsilə əsərlər yazacağını qeyd etdi. 

Tədbirin bədii hissəsində şəhidə həsr olunmuş videoçarx nümayiş olunub, Həzi Aslanov adına Ordu – İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi vətənpərvərlik musiqiləriylə çıxış ediblər. 

Sonda şəhidin əmisi Elşad Orucov şahid ailələrinə olan xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya, Müdafiə Nazirliyinin rəhbərliyinə öz dərin minnətdarlığınmı bildirib.

Bundan başqa M.Orucovun döyüş yoldaşları da onunla bağlı xatirələrini bölüşüblər. Müəllif  F.Ləman da çıxış edərək, mərasim iştirakçılarına minnətdarlığını bildirib. Şəhidin əmisi kitabın yazılması və çapına görə, təşəkkürünü ifadə edib. Sonda tədbir əsgəri nəğmələrlə başa çatıb. 

P.S. Məlumat üçün bildirək ki, Mühüd Qurban oğlu Orucov 1984-cü ilin 13 iyulunda Qazax rayonunun Fərəhli kəndində anadan olub. Mühüd Orucov Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirib. Ailəli idi,  2-ci sinifə keçən Anar və Vüqar adlı əkiz övladları var.  

O,  2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 12-si isə doğulduğu Qazax rayonunun Fərəhli kəndində son mənzilə yola salınıb. 

Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kapitan Orucov uğrunda şəhid olduğu torpağa tapşırılıb.

Mühüd Orucov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib. 

Allah rəhmət etsin!

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here