Avqust ayının 12-də tanınmış publisisti, nasir, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, H.Zərdabi adına mükafatın laureatı, Səməd Vurğun irsinin araşdırıcısı, tərcüməçi, 25 kitabın, yüzlərcə elmi, publisistik məqalənin müəllifi, “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü Şəmistan Nəzirlinin 77 yaşı tamam olmuşdur.

Şəmistan Əmiraslan oğlu Nəzirli 1942-ci ildə Qərbi Azərbaycanın Loru nahiyyəsinin Yuxarı Körpülü kəndində anadan olmuşdur. Burada kənd məktəbinin səkkizinci sinfini bitirdiyi il ailəlikcə Azərbaycana köçmüşlər. 1960-cı ildə Dəvəçi şəhərində orta məktəbi bitirdikdən sonra 5 saylı Bakı texniki-peşə məktəbinə daxil olmuşdur. 1962-1965-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1967-1972-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Jurnalistika fakültəsində təhsil almışdır.

Ədəbi fəaliyyətə 1958-ci ildə “Sovet Ermənistanı” qəzetində çıxan kiçik bir məqaləsi ilə başlamışdır. Lakin 60-cı illərdən dövri mətbuatda oçerk, hekayə və publisist məqalələri ilə müntəzəm çıxış edir. Səməd Vurğun dünyası və azərbaycanlı sərkərdələrin taleyi onun ədəbi-publisist fəaliyyətinin əsas mövzusudur. Onun tərtib etdiyi general-leytenant Əliağa Şıxlinskinin “Xatirələrim” kitabı 1984-cü ildə Azərnəşr tərəfindən Azərbaycan və rus dillərində kütləvi tirajla buraxılmışdır.

Əmək fəaliyyətinə Azərbaycan Pedaqoji İnstitutunun “Gənc leninçi” qəzeti redaksiyasında ədəbi işçi kimi başlamışdır (1972-1973). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində hərbi vətənpərvərlik redaksiyasında redaktor, şöbə müdiri (1973-1991), Azərbaycan Dövlət Ensiklopediyasında “Xatirə” redaksiyasının şöbə müdiri (1991-1992), Respublika Müdafiə Nazirliyinin Hərbi-Elmi Tədqiqatlar və Tarix İdarəsində şöbə müdiri (1992-1996). Respublika Dövlət Televiziya və Radio Verilişləri Şirkətində “Hərbi proqramlar və salnamə” baş redaksiyasının baş redaktoru (1996-1998) işləmişdir.

Hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyində Hərbi Elmi Mərkəzin hərb tarixi şöbəsində baş elmi işçidir. Xalq şairi Səməd Vurğun haqqında silsilə əsərlərinə görə Azərbaycan Jurnalist Həmkarlar İttifaqnının “Səməd Vurğun fəxri xatirə diplomu”na (1996), “Qacarlar” əsərinə görə İran Dostluq Cəmiyyətinin birinci dərəcəli mükafatına (1995), hərbi vətənpərvərlik mövzusunda tarixi publisistik əsərlərinə görə “General Həzi Aslanov” və Qazax Xeyriyyə Cəmiyyətinin təsis etdiyi “General Əliağa Şıxlinski” mükafatlarına (1995) layiq görülmüşdür.

2018-ci ildə “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin qərarı ilə “Fəxri fərman”la təltif olunmuşdur.

Şəmistan Nəzirli Azərbaycan hərb tarixinin, xüsusilə də Azərbaycan Xalq Cümhuriyyəti dövrünün məşhur şəxslərini, tanınmış sərkərdələrini, ictimai-siyasi xadimlərini tədqiq etmişdir. Onun tədqiqatları içərisində general Alı ağa Şıxlinski, general İbrahim ağa Vəkilov, poruçik Fərrux ağa Qayıbov və Qazaxdan çıxmış digər məşhur hərbçilər xüsusi yer almışdır.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin və İctimai Birliyin bütün üzvləri dəyərli tədqiqatçı, Qazax mahalının, o cümlədən Respublikamızın tanınmış şəxsiyyətlərinin tarixi keçmişini arxivlərdən araşdırıb üzə çıxardan görkəmli jurnalist Şəmistan Nəzirlini doğum günü münasibətilə ürəkdən təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulayır.

Şəmistan müəllim, biz sizinlə fəxr edirik.

Şəmistan Nəzirlinin çapdan çıxaan kitabları:

Vurğun keçib bu yerlərdən. Bakı: Gənclik, 1978, 120 səh.
Vurğun ömrü. Bakı: Azərnəşr, 1982, 106 səh.
Qəribə talelər. Bakı: Gənclik, 1982, 88 səh.
Vurğun keçib bu yerlərdən. Bakı: Yazıçı, 1985, 167 səh.
Əfsanəvi Mixaylo. Bakı: Gənclik, 1988, 88 səh.
Azərbaycan generalları. Bakı: Gənclik, 1991, 129 səh.
Qoridən gələn qatar. Bakı: Azərnəşr, 1993, 207 səh.
Qacarlar. Bakı: “Şur” nəşriyyatı, 1995, 64 səh.
Cümhuriyyət generalları. Bakı: Hərbi nəşriyyat, 1995. 211 səh.
Yaddaşlarda yaşayan Vurğun. Bakı: Şərq-Qərb nəşriyyatı, 1996, 292 səh.
Ellər Vurğunu. Bakı: “Tural” nəşriyyatı, 1997, 290 səh.
General Cəmşidxan Naxçivanski. Bakı: Hərbi nəşriyyat, 1997, 110 səh.
Daş Salahlı Məmməd Koxa. Bakı: “Şirvan” nəşriyyatı, 1977,
Tam artilleriya generalı Səmədbəy Mehmandarov. Bakı: Hərbi nəşriyyat, 1997, 120 səh.
Qarxunlu Əşrəf bəy. Bakı: “Elm və həyat” nəşriyyatı, 1998, 180 səh.
Arxivlərin sirri açılır. Bakı: “Elm və həyat” nəşriyyat, 1999, 750 səh.
Topoqraf general İbrahim ağa Vəkilov. Bakı: “Zaman” nəşriyyatı, 2002, 203 səh.
Nəzirli ocağının üç şairi. Bakı: Azərbaycan Milli Ensiklopediyası, NPB, 2002, 249 səh.
Abbas ağa Nazir. Əsərləri. Bakı: Ofset-nəşriyyat poliqrafiya şirkəti, 2003, 325 səh.
Krım dəftəri. Bakı: Şirvannəşr, 2004, 32 səh.
General Yadigarov qardaşları. Bakı: Şirvannəşr, 2004, 87 səh.
Генерал Алиага Шихлинский. “Из дневников офицера”. Шамистан, 2007
1920-ci ildə Qarabağ döyüşləri. Bakı – 2009.
General Əliağa Şıxlinski və silahdaşları (hərb tarixindən araşdırmalar). Bakı – 2012.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here