Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramovun müvafiq əmri ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elm və innovasiyalar şöbəsinin müdiri fizika üzrə fəlsəfə doktoru, dosent Yusif İmrayıl oğlu Alıyev ADPU-nun Quba filialının direktoru təyin olunub.
Yusif Alıyev 61 elmi məqalə və tezisin, ali məktəb tələbələri üçün 4 dərs vəsaitinin, liseylər üçün 5 metodik vəsaitin müəllifidir. Dəfələrlə Almaniyada, Türkiyədə, Rusiyada, Moldoivada, Ukraynada, Gürcüstanda keçirilən Beynəlxalq elmi konfranslarda iştirak etmişdir.
Gənc alim Yusif Alıyev elmi-tədqiaqt işləri ilə məşğul olsa da, həmçinin “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin üzvü, İctimai Birliyin Mətbuat xidmət rəhbəridir. Onun təşkilatçılığı və rəhbərliyi ilə “Qazax” Xeyriyyə İctimai Birliyinin fəaliyyət planına uyğun olaraq Qazax və Xaçmaz rayonlarında, Bakı və Sumqayıt şəhərlərində çoxlu sayda tədbirlər və görüşlər təşkil olunub. Tanınmış ictimai-siyasi xadimlərin, təhsil, elm və mədəniyyət xadimlərinin yubileyləri münasibətilə çap edilən “Dəli Kür” qəzetinin xüsusi buraxılışlarının redaktoru olaraq məsuliyyətli işlərin öhtəsindən layiqincə gəlmişdir.
“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin qərarı ilə Yusif Alıyev ictimai fəaliyyətinə və səmərəli elmi-tədqiqat işlərinə görə 2018-ci ildə “Fəxri Fərman”la təltif edilmişdir.
Geniş yaradıcı və innovativ təfəkkürə malik Y. Alıyevin “Qazax” Xeyriyyə İctimai Birliyinin fəaliyyətində yaxından iştirak edərək əldə etdiyi idarəetmə və təşkilatçılıq bacarıqları onun yeni vəzifəsində həyata keçirəcəyi işlərdə böyük təcrübə bazası olacaq.
“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin və İctimai Birliyin bütün üzvləri Yusif Alıyevi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru təyin olunması münasibətilə ürəkdən təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulayır. Yusif Alıyevə etimad göstərib bu vəzifəyə təyin etdiyinə görə Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramova və Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərova minnətdarlıqlarını və təşəkkürlərini bildirirlər.
P.S. Yusif Alıyev 7 aprel 1979-cu ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub.
1985-1996-cı illərdə Qazax rayonu Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbində oxuyub.
2000-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinin bakalavr, 2002-ci ildə isə magistr pilləsini fərqlənmə diplomları ilə bitirmişdir.
2002–2004-cü illərdə Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdə olmuşdur.
2002-2011-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifəsində çalışmışdır. 2011-2013-cü illərdə AMEA Fizika İnstitutunun mətbuat xidmət rəhbəri olmuşdur.
2011-2016-cı ilələrdə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda Təbiət elmləri kafedrasının müdiri;
2016-2017-ci ildə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda şöbə müdiri və baş mütəxəssis;
2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ən yaxşı müəllim” müsabiqəsinin fizika fənni üzrə ekspert şurasının üzvü olub.
2017-ci ildə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru;
03 oktyabr 2017-ci il tarixdən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elm və innovasiyalar şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Ailəlidir, 2 oğlu var.