Qazax mahalı tarixə çox görkəmli şəxsiyyətlər bəxş edən bölgələrimizdəndir. Bu bölgədən çıxan şairlərin, yazıçıların və alimlərin Azərbaycan mədəniyəti və elmində müstəsna yerləri vardır. Bu alimlərdən biri də Professor Hüseyn Xəlilovdur. O, 1960-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika-riyaziyyat və Astronomiya ixtisasını bitirdikdən sonra həmin Universitetdə müəllim olaraq işə başlamışdır. 1965-ci ildə namizədlik disssertasiyası müdafiə etdikdən sonra Azərbaycan Neft-Kimya İnstitutunda baş müəllim, dosent və professor olaraq 1995-ci ilə qədər işləmişdir. 1969–1994-cü illərdə Riyaziyyat kafedrasında işləməklə bərabər Universitetin Hazırlıq Fakultəsinin Dekanı vəsifəsində çalışmışdır.
Professor Hüseyn Xəlilov elmdə öz dəst-xətti olan bir alimdir: Onun riyaziyyat elminə aid 30-dan çox elmi məqaləsi çap edilmiş və çox sayda Respublika və Beynəlxalq simpozium və konfranslarda elmi-metodik məruzələrlə çıxış etmişdir.
Professor Hüseyn Xəlilov elmi əməkdaşlığa böyük dəyər vermişdir. O, bir alim kimi SSRİ və dünyanın bir çox ölkəsinin alimləri ilə görüşüb, sıx əlaqədə olaraq, elmi əməkdaşlıq və dostluq işlətmişdir. Onun yetişdirdiyi elmi mühit, elmi-metodik çalışmalarına müsbət təsir göstərmişdir. Hüseyin müəllim görkəmli riyaziyyatçı alimlərimiz Rəşid Məmmədov və Hüseyn Çəndirli ilə çiyin-çiyinə çalışmışdır.
Hüseyn müəllim sözün əsil mənasında görkəmli alim-pedaqoqdur. O riyaziyyat sahəsində çox sayda fundamental dərs kitablarının müəllifi ya da əsas mülliflərindən biridir. Məsləkdaşları ilə birlikdə Universitetlərin Riyaziyyat və Mühəndislik fakültələri üçün və Universitetlərdə tədris olunan Riyaziyyatın bütün sahələrini əhatə edən 30-dan çox dərs kitabının müəllifidir. Bu kitablardan Türkiyənin demək olar ki, bütün Universitetlərində tədris edilir. Prof. Hüseyn Xəlilov məsləkdaşları ilə birlikdə, ilk dəfə “Azərbaycanca-Türkçə-Rusca” Riyaziyat Terminləri Lüğət kitabını hazırlamışdır (1995).
Hüseyn müəllim uzun illər Türkiyədə çalışmış və alim kimi ölkəsini ləyaqətlə təmsil etmişdir. O, 1995 – 2006-ci illərdə Kocaeli Universiteti və 2008-2014-ci illərdə isə Rizə Universiteti Fən-Ədəbiyat Fakultəsi Riyaziyyat Bölümündə Professor olaraq işləmiş və çox böyük uğurlara imza atmışdır.
Hüseyn müəllim, ağır oturuşu-duruşu və əxlaqlı davranışı ilə xalqının tarixi köklərindən süzülüb gələn ən mükəmməl dəyərləri bir arada özündə birləşdirən nadir insanlardan biridir. O, elmi müzakirələrdə nə gədər prinsipial və güzəşdə getməyən idisə, gənç alimlərə və tələbələrə dəstək verməkdə o qədər mərhəmətli olmuşdur. Türkiyədə çalışdığı müddətdə çox sayda doktorluq dissertasiyalarına rəhbərlik etməsi buna əyani sübutdur.
Prof. Hüseyn Xəlilovun yaradıcılığı çox şaxəli olub, sadəcə, riyaziyyatla məhdudlaşmır. Fəqət hər əsəri riyazi düsturların süzgəcindən keçərək özünə həyat qazanmışdır. Hüseyn müəllim hansısa bir iş görərsə onu zərgər dəqiqliyi ilə mükəmməl bir şəkildə görər. Hər sözün və kəlmənin qədrini bilər və onu dartaraq yerinə qoyar. Hüseyin müəllim elm, təhsil, tarix, ədəbiyyat və əxlaq mövzularına aid olan bəzi əsərlərin də müəllifidir.
Prof. Hüseyn Xəlilov eyni zamanda vətənpərvər bir ziyalıdır. Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti uğrunda mübarizədə ön sıralarda olmuş və millətinə qarşı edilən soyqırımı fərqli platformalarda yüksək səslə dilə gətirmiş və qınamışdır.
Prof. Hüseyn Xəlilov millidir, milli olduğu qədər də dünyəvidir. Uşaqlığı Dəli Kürün Ana Kür olduğu bir qovşaqda keçmiş, burluğanların necə sakitləşdiyini və durulduğunu əxz edərək püxtələşmişdir. Hüseyn müəllim saza sözə bağlı bir insan olub, aşıq sənətını, saz havalarını və tarixini çox yaxşı bilir. Hüseyin Xəlilov şifahi xalq ədəbiyyatını, nağıllarımızı və dastanlarımızı dərindən bilən, danışıqlarında və yazılarında bu bilgiləri başarılı bir şəkildə istifadə edən geniş məlumatlı bir ziyalıdır.
Hüseyin müəllim qeyri-adi özəlliklərə sahib tədqiqatçıdır. Öz şivəsində olduqca şirin və savadlı danışan və məruzələr edən alim, eyni zamanda bir neçə dildə səlis məruzələr edə bilir.
Hüseyin müəllim təəsübkeş bir insandır. Elinin-obasının istedadlı övladlarını sevən və onlarla fəxr edən bir ürəyə sahibdir. Harada olsa ürəyi Azərbaycanla və onun ayrılmaz parçası olan Qazax- Ağstafa ilə döyünmüşdür.
“Qazax”Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri, İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından dəyərli tədqiqatçı, alim, pedaqoq professor Hüseyn Xəlilovu anadan olmasının 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulayır.
Hüseyn müəllim, biz sizinlə fəxr edirik!