Oktyabrın 3-də Heydər Əliyev Mərkəzində “LiFFt” festivallar festivalının Qala gecəsi keçiriləcək

0
1129

Sentyabr ayının 30-da Heydər Əliyev Mərkəzində Avrasiya  materikinin ədəbiyyat üzrə 4-cü “LiFFt” festivallar festivalına start veriləcək.

98 ölkə üzrə 5 milyard əhalinin yaşadığı geniş bir ərazini əhatə edən Avrasiya materikində reallaşan bu layihə analoji layihələr arasında ən irimiqyaslı və maraq doğuranlardan biri hesab olunur. Festivalın təşkilatçıları Avrasiya Millətlər Assambleyası və Rusiya Federasiyasının “LiFFt” Beynəlxalq Humanitar Fondudur. Layihənin Azərbaycan tərəfdən həmtəşkilatçısı Heydər Əliyev Fondu, tərəfdaşı Azərbaycan Mədəniyyət Nazirliyi, ayrıca Mədəniyyət Nazirliyinin “Söz” layihəsi və Bakı Kitab Mərkəzidir. Festival Birləşmiş Millətlər Təşkilatının himayəsi altında, UNİCEF-in dəstəyi ilə keçirilir.

Bakı festivalına 52 ölkədən 150 yazar qatılır. Festivalın prezidenti, avanqard şair Marqarita Al qeyd edir ki, adətən ədəbiyyat festivalları uzaqbaşı 5-6 top yazıçının iştirakı ilə diqqət çəkdiyi halda Bakı açıq festivalına birdən-birə 33 top yazıçı qatılır, bu da festivalın çox yüksək reytinqindən xəbər verir.

Qeyd edək ki, 2018-ci ildə Rusiya Federasiyasının Soçi şəhərində keçirilən Avrasiya materikinin 3-cü “LiFFt” festivallar festivalının qalibi 27 ölkənin 170 yazıçısı arasında Azərbaycan yazıçısı Varis olduğu üçün festival bu il ölkəmizdə keçirilir. Əvvəlki illərin qalibləri qazax yazıçısı Oljas Süleymenov (2016) və rus şairi Konstantin Kedrov-Çelışev (2017) olmuşlar.

Festivalda çağdaş ədəbiyyatın ən qlobal məsələləri 7 plenar iclasda müzakirə olunacaq. Eləcə də ədəbi-bədii gecələr, dəyirmi masalar, kitab təqdimatları keçiriləcək. Azərbaycan üzrə  spikerlər: xalq yazıçıları Anar, Elçin Əfəndiyev, Kamal Abdulla, Çingiz Abdullayev, Afaq Məsud və Natiq Rəsulzadə, akademik Nizami Cəfərov və Ramiz Fətəliyev, koordinatorlar: Nigar Həsənzadə, Varis Yolçiyev, Günel Rzayeva və Əlibala Məhərrəmzadədir. Festivalda həmçinin iştirakçı və qonaq qismində 60 azərbaycanlı yazıçı, şair, tənqidçi, ədəbiyyatşünas iştirak edəcək.

Festivalın əcnəbi spikerləri arasında bir çox dünyaşöhrətli isimlərə – yazarlara, ədəbiyyat professorlarına, funksionerlərinə rast gəlmək olar. Festivalın açılış mərasimi oktyabrın 1-də saat 10:00-da, bağlanış mərasimi oktyabrın 3-də saat 19.00-da Heydər Əliyev Mərkəzində Qala gecə keçiriləcək.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here