“Donmuş təbəssüm” – Baş leytenant şəhid Elvin Namazov haqqında

0
2144

Tərcümeyi hal

Elvin Namazov 1990-cı ilin 7 sentyabr günündə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub. 2007-cı ildə Zahid Mahmudov adına Yuxarı Salahlı kənd orta məktəbini bitirən Elvin Namazov 2008- ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil oldu. 2012-ci ildə həmin ali məktəbi leytenant rütbəsi ilə bitirən Elvin Namazov 2016-cı ildə baş leytenant rütbəsi alıb. Elvin Namazov Azərbaycan ordusunda xidmət etdiyi dövrdəəla xidməti ilə əlaqədar “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95-illiyi Yubiley Medalı” ilə təltif edilmişdir. O, həmişə öz peşəsinə ləyaqətlə yanaşmış, əsl zabit kimiAzərbaycan ordusunda müxtəlif hərbi hissələrdə xidmət etməsindən asılı olmayaraq, verilən əmr və tapşırıqları yüksək səviyyədə yerinə yetirmişdir. Polad iradəli, qorxmaz zabit düşmənlə üzbəüz mövqedə yer tutaraq erməni mövqelərini darmadağın etdi. Baş leytenant Elvin Namazov 2016-cı ilin aprel ayının 3-də Azərbaycan-Ermənistan təmas xəttində 7 Donmuş təbəssüm erməni ordusunun hücumunun qarşısının alınması zamanı baş verən şiddətli atışmada qəhrəmancasına şəhid oldu. Aprelin 9-u isə Elvin Namazov doğulduğu Qazax rayonunun Yuxarı Salahlı kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və baş leytenant Elvin Namazov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Elvin Namazov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edildi. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan “Vətən üçün hazır ol!” layihəsi çərçivəsində çəkilmiş “Qarabağa doğru” sənədli filmi baş-leytenant Elvin Namazov, kapitan Mühüd Orucov və əsgər Orxan Əliyevin əziz xatirəsinə həsr olunmuşdur. Şəhidin adına Qazaxda “Bulaq” kompleksi tikilmişdir.

Ön söz

TORPAQ, UĞRUNDA ÖLƏN VARSA, VƏTƏNDİR! “DONMUŞ TƏBƏSSÜM” haqqında fikirlərim, yaxud, Fəridə Ləmanın vətənpərvərlik mövzusundakı yaradıcılığına baxış… VƏTƏN SEVDALISI ŞƏHİD OĞUL Qadın və poeziya… Azərbaycan ədəbiyyatında zaman-zaman istedadlı qadın şairlər yer alıb. Əlbəttə, ədəbiyyat aləmində hər bir şairin öz yolu və öz cığırı olmalıdır. Nə xoş ki, bu gün də ədəbiyyatımızda öz yolu, cığırı olan və öz yaradıcılığı ilə sözünü deyə bilən qadın şairlərimiz var. Belə şairlərdən biri də ədəbiyyat tariximizdə öz dəsti-xətti olan Vətənpərvər şair Fəridə Ləmandır. Ürəyi Vətən sevgisi ilə dolu olan Fəridə Ləmanla uzun illərdir ki, ədəbi aləmdə eyni yolda addımlayırıq. Bu qəlbi təmiz-saf şairlə ilk tanışlığım neçə illər əvvəl poeziya tədbirlərinin birində olmuşdur. Onu da qeyd edim ki, Fəridə Ləman sevimli ana, dəyərli şair və vətənini çox sevən əsl Azərbaycan xanımıdır. Dəfələrlə paytaxt Bakıda və eləcə də bir çox rayonlarda Fəridə xanımla neçə-neçə ictimai və ədəbi tədbirlərdə yol yoldaşı olaraq birgə iştirak etmişik. Vətənə ürəkdən bağlı olan Fəridə Ləman iştirak etdiyi tədbirlərdəki çıxışlarını da əsasən Vətənpərvərlik mövzusunda qurur. Təbii ki, şairin bu fikirləri onun çoxşaxəli yaradıcılığında çox geniş yer tutur. Şair-publisist Fəridə Ləman əsasən Vətənpərvərlik mövzusunda yazıb-yaradır. Ana Vətənini çox sevən şair Vətənpərvərlik mövzusunda olan “Donmuş təbəssüm” adlı poemanı bir neçə ay əvvəl yazıb. Haqqında danışacağım bu poema, Qarabağda-2016-cı ildə baş vermiş Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş baş leytenant Namazov Elvin Məmməd oğlunun keçdiyi şərəfli ömür yoluna həsr olunub. Fəridə xanım bu əsəri sözün həqiqi mənasında əsl vətəndaş sevgisilə yazaraq yaradıb. Əsərdə şəhidin uşaqlığı, yaşadığı həyat yolu, eləcə də, Qarabağdakı son döyüş günləri də geniş təsvir olunub. Əsərin qəhrəmanı olan Elvinin mübarizliyinə, ölməzliyinə poetik çalarlarla rəng qatıb Fəridə Ləman. Fəridə xanım qələmə aldığı “Donmuş təbəssüm” adlı poemada Qazax rayonunun Yuxarı Salahlı kəndində dünyaya göz açan igid oğul, baş leytenant Elvin Namazovun yaşadığı 26 illik ömür yolunu çox gözəl şəkildə əks etdirib. Hansı sahədə işləməsindən asılı olmayaraq hər bir ana öz övladlarını və Vətənini sevir. Fəridə Ləmanın Vətənpərvərlik mövzusunda yazdığı əsərləri diqqətlə oxuduqda görürük ki, bu xanım şair öz Vətənini övladları qədər, hətta doğma anası qədər çox sevir. Aşağıdakı misralarda söylədiyim fikirlərin bir daha şahidi oluruq. … Vətən qartal yuvamdır, Vətən elim-obamdır, Aldığım hər nəfəsim, Həm suyum, həm havamdır!… Bəli, qəlbində belə bir Vətən sevgisi olan analar Mübariz kimi, Mühüd kimi, Elvin kimi igid, qəhrəman oğulları boya-başa çatdırıblar. Var olsun belə Vətənsevər hər bir ANA! Eləcə də, digər misralarda şair yazır: …Vətən mənim and yerim, Məkkəm, qibləgahımdır. Vətənsiz ömür olmaz, Qəlbdən qopan ahımdır”.. Fəridə Ləman bu poemanın qəhrəmanı baş leytenant Elvn Namazovun Vətən sevgisini poema boyunca çox böyük ustalıqla qələmə alıb. Şair aşağıdakı misralarda belə bir fikir söyləyib: …Candan əziz sevirdi, O, Ana Vətənini. Fəda olsun deyirdi, Vətən, bu canım sənə. Düşməyəsən heç zaman, Nə dumana, nə çənə… Yaxud da: …Elvinin gündəliyi, Vətəndaş ürəyiydi. Vətəni azad görmək, Ən ümdə diləyiydi… Ana Vətənini canından çox sevən şəhid baş leytenant Elvin Namazov nəinki Odlar yurdu Azərbaycanımızın, bütün TURAN elinin fəxridir desək, yanılmarıq. Elvin kimi qorxmaz, cəsarətli, igid oğullarla Azərbaycanın hər bir vətəndaşı böyük qürur duyur. Əlbəttə, VƏTƏN, qəhrəman oğullarına güvənir. Çox böyük həvəslə haqqında danışdığım “Donmuş təbəssüm” adlı poemada aprel şəhidi Elvinin uşaqlıq dövründən üzübəri yaşadığı şərəfli ömür yolunu görürük. Fəridə xanım şəhid Elvinə həsr etdiyi bu poemada qəhrəmanının həyatını oxuculara çox gözəl misralarla çatdırmağı bacarıb. Söylədiklərimin sübutu olaraq aşağıdakı misralara diqqət edək: …Arzusu Vətəndi, diləyi Vətən, Vətənlə döyünən ürəyi Vətən! Mənim qəhrəmanım elin balası, Söykəyi Vətəndi, kürəyi Vətən! Xatırladım ki, Fəridə Ləman yazdığı “Donmuş təbəssüm” poemasında şəhid baş leytenant Elvinin qəhrəmanlığını ürəyə yatımlı misralarla Azərbaycana, eləcə də bütün TÜRK dünyasına tanıdır. Vətənin mərd oğlu Elvinin igidliyini şair oxunaqlı misralarla həm də belə təsvir edir. Poemanın bir neçə misrasını oxuyaq: …Mən cəsarət toxumuyam, Səpin məni, dən-dən səpin. İsaq-Musaq quşuyammən, Tapın məni, məni tapın. Yaxud, digər bir bənddə belə deyilib: …Göyərəcəm dağda-daşda, Köç eyləyən neçə köçdə. Birdə, üçdə, bəlkə beşdə, Tapın məni, məni tapın… Fəridə Ləman Vətənin igid oğlu Elvinin ürəyindəki Vətən sevgisini, Vətən məhəbbətini çox böyük sevgi ilə, ürək yanğısı ilə qələmə aldığı əsərdə oxucunu düşündürən misralarla və sözün qüdrətiylə dilə gətirərək, Azərbaycan oxucusuna çatdıra bilib. Poemada şair şəhidliyi ucadan da uca tutaraq deyir: Ustalıqla yazılmış bir neçə misraya diqqət edək: …Bir əlin üstündə, Min əl birləşərŞəhid deyəndə! Vətən böyükləşər, Min yol iriləşərŞəhid deyəndə! Hönkürər zirvələr, Bulud yaşını, Bəyaz şəlalələr Yolar saçınıŞəhid deyəndə. Torpağın boynunda Qalmaz zəhməti, Dağlar qürurlanır, Göylər çaxnaşırŞəhid deyəndə! Həqiqətən şair çox gözəl yazıb bu misraları. Çünki ŞƏHİD adı bütün adlardan ucadır. Şair çox dolğun şəkildə yazdığı bu əsərdə şəhidin anasının dili ilə ürəkləri kövrəldən bayatılar da qələmə alıb. Həmin bayatıların bir neçəsini oxucuların nəzərinə də çatdırıram: Bu bayatıda şəhid anasının ah-naləsi səslənir: Araz balam, Kür balam, İşıq balam, nur balam. İnsaf elə anana, Aç gözünü, dur, balam. Oxuculara xatırlatdığım, könülləri göynədərək duyğulandıran bu bayatıda ananın igid şəhid balasının ölümünə dözmədiyini onun ah-naləsilə eşidirik: Dözmürəm, Atəşdəyəm, dözmürəm, Ay Elvin, anan ölsün, Sənsizliyə dözmürəm… Söylədiyi digər bayatıda isə şəhid oğlunun həyat yoldaşının ağlar qaldığını qəlbinin göynərtisi ilə, yana-yana dilə gətirir ana: Ağlar qaldı, Gəlinim ağlar qaldı. Sinəmizə çəkdiyin, Silinməz dağlar qaldı. Bu bayatıda isə gənc oğlunu vaxtsız itirən şəhid anası oğlunun yoxluğu ilə barışa bilmir: Yurd-yuvamı itirdim, Baharımı itirdim. Günəş haradan doğur? Səhərimi itirdim. Yaxud da, digər bir bayatıda isə şəhid anasının oğul yoxluğundan yanan ürəyinin ağrısını duyuruq: Gözlərim tordu sənsiz, Ürəyim qordu sənsiz. Dərdim bir qara zəli, Qanımı sordu sənsiz. Vətənpərvərlik mövzusunda yazılmış bu əsərin könülləri alışdıran, qəlbləri göynədən ən ağrılı məqamlarından biri də şəhidin anasına üz tutub söylədiyi fikirlərdi. O, sağ-salamat qayıdıb gələcəyini anasına söyləyir: Yığ gözünü daha yoldan, Köks ötürmə sağdan, soldan. Soruşma yağışdan, seldən, Gələcəm, Anam, gələcəm! Yaxud: Aç yollara qucağını, Qoyma sönsün ocağını. Gözlə günün hər çağını, Gələcəm, Anam, gələcəm. Onu da qeyd edim ki, aşağıdakı misraları həyacansız oxumaq olmur: Şimşək çaxıb nur saçanda, Bənövşə gülü açanda. Quşlar yuvadan uçanda, Gələcəm, Anam, gələcəm! Poemadan qeyd edəcəyim bu bəndi isə yana-yana oxumamaq mümkünsüzdür. Bu qoca dünyadan cavan köçmüş Şəhid Elvin belə deyir anasına: Fəridə Ləman 16 Quzulamamış həsrətin, Cücərməmiş ah, xiffətin. Boynumda qalıb zəhmətin, Gələcəm, anam, gələcəm. Şəhidin dilindən yazılan bu misraları könül göynərtisi ilə, qəlb yanğısı ilə oxuyuruq. Həqiqətən də, bütünlüklə vətənpərvərlik mövzusu ilə əhatələnən bu əsərə bir qədər diqqətlə nəzər yetirəndə oxucu çox ciddi düçüncələrlə üz-üzə qalır. Ürəklərimizi sızladan bu əsərdə Elvinin bəysiz keçən nişan günü də yer aıb: Nə qəribə taledir, Sanki elə əvvəldən Nə olacaq bəllidir. Elvin gələ bilmədi, Nişanı bəysiz keçdi, Xoş günü onsuz keçdi. Bəlkə elə ondaca Taleyi küsüb getdi… Bu misralar da əlbəttə, hər birimizin köksün göynədir, ürəyimizi yandırır. Axı bu ağrılı misralarda şəhid bir oğulun nakam taleyindən söhbət gedir. Poemanın digər misralarında olduğu kimi bu misraları da yanmadan, kövrəlmədən oxumaq qeyri mümkündür. Fəridə Ləmanın ürək göynərtisi ilə yazıb meydana gətirdiyi bu poemanın əsas məqamlarından biri də şəhidin atasının dilindən yazılan kövrək misralardır. Həmin misralardan bir neçəsini diqqətə çatdırmaq mütləq lazımdır. Şair xanım Şəhidin atasının diliylə deyir bu yanğılı misraları: Mən VƏTƏN böyütdüm, Vətən içində, Verdi imtahanı el qarşısında. O, elə oğuldu Vətən deyəndə, Şimşək kimi çaxardı, Elə bil od yanardı. Uşaqlıqdan Səngər-səngər Oynamağı sevərdi. Dost-düşməni Bir-birindən seçərdi. Gözlərindən keçirərdi Dağı, daşı yüz dəfə. “Silahından” atəşini O, atardı hədəfə. Bax, o, belə böyüdü Qəhrəman Elvinimiz. Oğlumun ürəyində, Vətənə məhəbbət, Yağıya nifrət. Sözün əsl mənasında hünərli oğul Elvin bu misralarda əks olunduğu kimi Vətənin igid oğlu idi. O, Vətənini canından çox sevirdi, elə bu misralarda yazıldığı kimi. Elvinin Vətən sevgisi, Vətən məhəbbəti onu çox gənc yaşında şəhidlik zirvəsinə ucaltdı. Bu qocaman dünyada çox az, 26 il ömür yaşadı Şəhid Elvin. Vüqarlı, qorxmaz Elvinimiz gecə-gündüz göz bəbəyi kimi qoruduğu Vətənin uğrunda canını qurban verdi. Poemadakı diqqət çəkən bir nüansı da qeyd etməmək olmaz. Elvinin son döyüşünü əsərdə çox yüksək səviyyədə əks etdirməyi bacarıb Fəridə Ləman. Yoxluğu ilə baş-başa qaldığımız, yurdun əziz oğlu Elvinin şəhidlik məqamına çatdığı anlar bu misralarda çox dəqiqliklə yer alıb. Həmin misralardan bir neçəsini vurğulayıram: …Bir yaz günü, O ağrılı gecədə, Elvinin dəstəsi Dörd maşın zalım düşməni Bir andaca məhv edir. Lələtəpə yüksəkliyi, İşğaldan azad olur. Dəstə durmadan irəliləyirdi, Düşmənin bağrın dəlirdi. Amma hiyləgər düşmənlər, Arxada dayanmışdılar. Qızğın döyüş gedirdi, Elvin durmadanİrəli, irəli deyirdi. Elə bu vaxt qəflətən, Bircə göz qırpımında, Düşmənlərin atdığı Minaların qəlpəsi İgid oğul Elvini, Başqa bir minanın üstünə atır. Sanki yerin-göyün Qulağı batır… Beləcə, Elvinin cavan ömrü bir andaca sona yetir. O, bu dünyaya gözlərini əbədi yumur. İgid Elvin canından çox sevdiyi Vətən torpağında şəhid olaraq, əbədiyyətə qovuşur. Beləliklə, gənc bir oğul dünyadan çox vaxtsız köçür. Ürəklərimizi parçalayan aşağıdakı misralarda deyildiyi kimi: Bitdi bir ömürün nağıl dünyası, Bitdi bir ömürün oğul dünyası. Təngidi torpağın, Göyün nəfəsi, Gəlmədi bir daha Elvinin səsi… Bu misraları oxuduqca insanın ürəyi od tutur, yanır, alışır.Yaradıcılığını əsasən Vətənpərvərik mövzusuna həsr edən Fəridə Ləman Şəhid Elvinə ithaf etdiyi poemanı son söz əvəzi yerinə yazdığı bu misralarla bitirir. Bir neçə misranı oxucuların nəzərinə yetirmək yerinə düşər yəqin: Sən ey Vüqarlı oğul, Ömrü baharlı oğul. Bu el, Vətən sənindir, Günəş səhərli oğul. Sənə layiq sözmü var? Sönməz ocaq, közmü var? Qələm donub əlimdə, Kimdə dərdə dözüm var? Oxucuların nəzərinə çatdırım ki, bu əsərin gənc nəsillər üçün çox böyük tərbiyəvi əhəməyiyyəti var. Şəhid Elvinin şərəfli ömür yolu gənclərimizə ən böyük nümunədir. Vətənpərvərlik ruhunda yazılmış belə əsərlər gənclərdə Vətənə məhəbbət hissini aşılayır. Bu kimi əsərlər nə qədər çox yazılsa, daha yaxşı olar. Qələminiz iti, sözünüz kəsərli olsun hörmətli Fəridə Ləman… “Donmuş təbəssüm” poeması Fəridə Ləmanın yaradıcılığında çox mühüm yer tutur. Ümumiyyətlə, vətənpərvərlik mövzusu Fəridə xanımın ədəbiyyat yolundan qırmızı xətlə keçir. Poemada Elvinli xatirələr bölümü də yer alıb. Həmin hissədən bir neçə misranı oxuculara xatırlatmağı özümə borc bilirəm. Bəli, Şəhid Elvin həmişə kövrək xatirələrlə və ürək yanğısı ilə xatırlanır. Elvinlə bağlı xatirələr həyat yoldaşı Nuranənin diliylə səslənir əsərdə: Elvinli xatirələr, Tükənməyir, bitməyir. Cismən sağ olmasa da, Heç gözümdən getməyir. Və yaxud da ki; Gələcəyin generalı Deyirdim mən Elvinə. Arzusu böyük idi, Özü də bacarıqlı. Amma qədər nə yazıb, Bilən bir Allah imiş. Onsuz qəlbimdə qalan Kədər dolu ah imiş. İsti bir bahar günü, Elvin o gedən getdi, Bir də geri dönmədi. Son zəngində nitqi də, Kədərli, qəmli idi. Mən isə ağlayırdım, Deyirdi ki, ağlama, Narahat oluram mən. Səbr et, 5 günə, 10 günə, Qayıdıb gələcəyəm… Amma o, gəlmədi, Tale üzümə gülmədi. Bu misralara göz gəzdirdikcə ürəyim elə yaman kövrəldi ki. Bu tale Şəhid Elvin Namazovun qismətinə yazılıb deməli. Nə etmək olar ki… Yəqin ki, bu bir qismət, bir tale yazısı imiş. Gənc nəsildə Vətənpərvərlik ruhunu təbliğ edən bu əsərin sonundakı bəzi misralarda Fəridə xanım belə söyləyir öz ürək yanğısını: Söz ağlar, Qələm ağlar, söz ağlar. Nur içində uyu SƏN, Kəlmə, misra, söz ağlar, Bir çiçəkli yaz ağlar. Vətən mənimdir, Qurbanı mənəm. Neçə yarası var, Uzmanı mənəm… Şəhid Elvin Namazov Ana dediyi VƏTƏN uğrunda ölməyi şərəflə bacardı və Behiştdə cənnətini qazandı! O Böyük yaradan SƏNə qəni-qəni rəhmət eyləsin şəhidim! Nur içində yat… Məzarn nura qərq olsun… Çünki SƏN Ana Vətənin uğrunda canını qurban verdiyin Vətən torpağına qovuşmusan! Fəridə xanımın Vətənpərvərlik mövzusunda araya- ərsəyə gətirdiyi “Donmuş təbəssüm” əsəri Azərbaycanın hər bir vətəndaşının evində masaüstü kitab olaraq, oxunub seviləcək. Şəhid Elvinə həsr edilən bu dəyərli əsər dünya var olduqca yaşayacaq və yurdumuzun gələcək nəsillərinə də çox böyük nümunə, örnək olacaq. Bu əsər doğrudan da təqdirəlayiq əsərdir.

XATİRƏ RƏHİMLİ Şair-jurnalist

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here