Azərbaycanın böyük yazıçısı Vidadi Babanlının 93 yaşı tamam olub

0
1552

Yanvar ayının 5-də nasir, şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Vidadi Yusif oğlu Babanlının doğum günüdür.

Ömrünün bütün şüurlu hissəsini Azərbaycan ədəbiyyatının inkişafına xidmət edən, ədəbiyyatında öz dəst-xətti olan, özünəməxsus ədəbi məktəb yaradan, həm də bu məktəbi layiqincə yaşad Vidadi Babanlı, həmçinin uzun illər Qazax mahalının çətin günlərində qələmini süngüyə çevirərək el-obasının yanında olmuşdur. Qazax Xeyriyyə Cəmiyyətinin yaradıcılarından olan Vidadi babanlı həmçinin daim Cəmiyyətin fəaliyyətində yaxından iştirak etmişdir.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, sədr müavinləri Puşkin Əhmədov, Arzuman Abdulkərimov, İctimai Birliyin İdarə Heyətinin üzvləri akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, akademik Şahin Mustafayev, akademik Nizami Cəfərov, professor Rüstəm Kamal, Vidadi Bayramov, professor Məhəbbət Dəmirçiyeva, Sultanxanım Nəsibova, Məlahət Qurbanova, Əməkdar mühəndis Qasım Abdullayev, Məti Osmanoğlu, Həsrət Pirməmmədov, Raliz Qaravəliyev, Yusif Alıyev İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından Vidadi Babanlını doğum günü münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzulayırlar. “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin qərarı ilə Vidadi Babanlı Azərbaycan ədəbiyyatı qarşısındakı misilsiz xidmətlərinə görə “Səməd Vurğun adına Diplom”la təltif olunmuşdur. Yaxın günlərdə İctimai Birliyin üzvləri böyük insanın ziyarətinə gedərək təltifi təqdim edəcəklər.

Vidadi müəllim, biz sizinlə fəxr edirik.

P.S. Vidadi Babanlı 1927-ci il yanvarın 5-də Qazaxın Şıxlı kəndində müəllim ailəsində doğulmuşdur. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun fılologiya fakültəsində təhsil almışdır (1944-1949). Bir il Sabirabad şəhər orta məktəbində müəllim işləmiş, sonra Bakıya köçüb “Azərbaycan müəllimi” qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində çalışmışdır.
Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərilmiş, orada aspiranturaya daxil olsa da, səhhəti üzündən Bakıya qayıtmalı olmuşdur. Burada “Ədəbiyyat qəzeti” redaksiyasında ədəbi işçi, sonra şöbə müdiri işləmişdir (1954-1960). Yaradıcılıqla əlaqədar Sumqayıt şəhərində fəhlə yataqxanasında tərbiyəçi olmuş, əsərinə material toplamışdır. “Azərbaycan” jurnalı redaksiyasında nəsr şöbəsinə başçılıq etmişdir (1961-1968). C.Cabbarlı adına “Azərbaycanfılm” kinostudiyasının dublyaj şöbəsində baş redaktor əvəzi (1974-1976), “Yazıçı” nəşriyyatında baş redaktor müavini (1978-1981) olmuşdur. Hazırda bədii yaradıcılıqla məşğuldur. Onun ilk mətbu əsəri 1947-ci ildə “Azərbaycan gəncləri” qəzetində çıxan “Anam sən oldun” şeiridir. İlk şeirləri “Dönüş”, “Təbrizdə bir gecə” poemaları dövri mətbuatda “Vidadi Şıxlı” təxəllüsü ilə çap olunmuşdur. “Gəlin” povesti ilə nəsr yaradıcılığına başlamışdır (1954-cü ildən).
1954-cü ildən roman, povest, hekayə, oçerk, publisistik məqalələr, kinossenari yazıb-yaradır. Əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə çevrilmişdir. Son illər “Öz evində qonaq” pyesi tamaşaya qoyulmuşdur (2003). Şeirləri dövri mətbuatda müntəzəm çap olunur. “Kişilik haqqında himn” şeirlər toplusu “Xəzər” nəşriyyatında kütləvi tirajla buraxılmışdır (2002). “Dərd məni dilləndirir” (2003) publisistik əsərlər toplusu, “Mənim gizlinlərim” (2002-2003) avtobioqrafik romanı, “Ana intiqamı” (1995) povesti rəğbətlə qarşılanmışdır. Yazıçılardan ibarət xüsusi dəstə ilə İspaniya, Fransa, İtaliya, Almaniya, Polşa və bir sıra xarici ölkələrdə səfərdə olmuşdur.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here