“Artilleriyanın Allahı” Alı ağa Şıxlinskinin 157 yaşı tamam olur

0
1217

Bu gün artilleriyanın nəzəri və praktiki inkişafındakı danılmaz xidmətlərinə və qazandığı qələbələrə görə “Artilleriyanın Allahı” ləqəbi verimiş, Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi nazirinin müavini, general-leytenant Əli (Alı) ağa Şıxlinskinin doğum günüdür.

Əli ağa Şıxlınski yaşadığı ömür aralığında daim ucalığı ilə seçilmiş şəxsiyyət olmuşdur. Onun anadangəlmə fitri istedadı hər zaman onu həmmüasirlərindən fərqləndirmişdir. Əli ağa Şıxlınski artilleriya elminə böyük töhfələr gətirərək, ilk dəfə artilleriyada döyüşən ordu üzərindən düşmənin arxa cəbhəsinə ağır həmlələr edən taktika hazırlamışdır. Artilleriya elmində Şıxlınskinin adı ilə bağlı böyük elmi yeniliklər də vardır. Onun bu gün də dünyanın bütün artilleriya ixtisası hazırlığı aparan hərbi məktəblərində “Şıxlinski üçbucağı” adlanan elmi hipotezdən istifadə olunur.

1910-cu ildə artilleriya zabiti olan Əli ağa Şıxlinskinin “Səhra toplarının cəbhədə işlədilməsi” əsəri çap olundu. Bundan əlavə, onun “Şıxlinski üçbucağı”, “Şıxlinski formulu” adlı hərbi yenilikləri topçu zabitlər üçün hazırlanmış dərsliklərə daxil edildi. Bütün bu xidmətlərinə görə gənc hərbçiyə 1912-ci ildə hərb tarixində nadir hallarda rast gəlinəcək hadisə olaraq hərbi akademiya oxumadan general-mayor hərbi rütbəsi verildi. Beləcə, o, çar ordusunun aparıcı mütəxəssislərindən birinə çevrildi.

Bu eyri-adi bənzərlik Qazax mahalının və Azərbaycanın fəxri Səməd Vurğunda da olmuşdur. Səməd Vurğun da tam ali təhsili olmadan 1945-ci ildə yaradılan Azərbaycan Elmlər Akademiyasının akademiki seçilmiş və Akademiyanın vitse-prezidenti olmuşdur.

Əli ağa Şıxlınski çar ordusunun zabiti olsa da doğma Azərbaycan üçün böyük xidmətlər göstərmiş əvəzsiz şəxsiyyətdir. O, Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra Müdafiə nazirlinin birinci müavini kimi ordu quruculuğu sahəsində böyük işlər görərək, 1918-ci ilin iyun ayının 26-da müstəqil Azərbaycanın ilk Milli Korpusunu yaradanlardan biri olmuşdur. Həmçinin o, vaxtilə rus ordusunda xidmət edərkən onlarca azərbaycanlı balalarının peşəkar hərbi məktəblərdə oxumasına yardımçı olmuşdur. Azərbaycan müstəqillik əldə etdikdən sonra həmin yetirmələri ilə çiyin-çiyinə çalışaraq düşmənə qarşı birgə mübarizə aparmışlar. Milli hərbi kadrların hazırlanması üçün rus dilində çap olunmuş kitabları, metodik göstərişləri Azərbaycan dilinə çevirərək ilk dəfə ana dilində çap olunmuş hərbi dərsliklər yaratmışdır.

Hərbçi, siyasi xadim, şair, tərcüməçi Əli ağa Şıxlinski haqqında Azərbaycan hərb tarixinin peşəkar araşdırıcısı, tanınmış-hərbi jurnalist, yazıçı Şəmistan Nəzirli çoxlu sayda mükəmməl tədqiaatlar aparmış, arxivlərdə qorunan məxfi və gizli sənədlərlə tanış olaraq bu böyük türk oğlu haqqında sanballı əsərlər çap etdirmişdir.

Əli ağa Şıxlinskinin adı Azərbaycan xalqının yaddaşında əbədi olaraq həkk olaraq bu dahi şəxsiyyətin adını həmişə hörmətlə anırlar. “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri də eloğluları Əli ağa Şıxlınskinin adını daim böyük hörmət sevgi ilə yad edirlər. İctimai Birliyin ən ali mükafatlarından biri də məhz “General Əli ağa Şıxlinski adına Diplom”dur ki, bu mükafat da el-obanın, ölkəmizin inkişafında böyük xidmətləri olmuş şəxslərə təqdim edilir.

“Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri hər il ənənəyə sadiq olaraq generalın doğum və anım günlərində Bakının Yasamal qəbiristanlığında olan məzarını ziyarət edərək onun məzarına tər çiçəklər qoyub, ruhuna dualar oxuyurlar. Bu il məlum səbəblər üzündən Birliyin üzvləri ziyarətə gedə bilmədilər.

P.S. Əli ağa İsmayıl ağa oğlu Şıxlinski 1865-ci il martın 3-də Yelizavetpol quberniyasının Qazax qəzasının Qazaxlı (indiki Aşağı Salahlı) kəndində anadan olmuşdur. Anası Şah Yəmən xanım Qayıbova məşhur şair Molla Vəli Vidadinin nəvəsi idi.

1883-cü ildə rus ordusunda hərbi xidmətə başlayan Şıxlinski 1886-cı ildə Peterburq artilleriya məktəbini əla qiymətlərlə bitirdi. 1904-1905-ci illər rus-yapon müharibəsində batareya komandiri kimi vuruşdu. Port-Artur qalasının müdafiəsi zamanı xüsusi şücaət göstərdiyinə görə “Qızıl qılınc”la mükafatlandırıldı.

Müharibədən sonra topçu zabitlər hazırlayan məktəbdə yüksək ixtisaslı hərbçi kimi dərs deməyə başlayan Şıxlinski 1908-ci ildə polkovnik rütbəsi aldı. Hərb elminin daha da dərindən mənimsənilməsi üçün yazdığı, dərs vəsaiti kimi istifadə edilən “Səhra toplarının cəbhədə işlədilməsi” əsəri 1910-cu ildə çap olundu. Bundan əlavə, onun “Şıxlinski üçbucağı”, “Şıxlinski formulu” adlı hərbi yenilikləri topçu zabitlər üçün hazırlanmış dərsliklərə daxil edildi. Bütün bu xidmətlərinə görə gənc hərbçiyə 1912-ci ildə general-mayor rütbəsi verildi. Beləcə, o, çar ordusunun aparıcı mütəxəssislərindən birinə çevrildi.

1914-cü ildə baş verən Birinci dünya müharibəsi zamanı Petroqradın artilleriya müdafiəsi general Əli ağa Şıxlinskiyə tapşırıldı. Sonralar Qərb cəbhəsi artilleriya qoşunlarının rəisi, 1917-ci ilin sentyabrında isə 10-cu ordunun komandanı təyin olundu.

1918-ci il may ayının 28-də Azərbaycan Demokratik Respublikasının yaranması Əli ağa Şıxlinskini vətəninə qayıtmağa məcbur etdi. 1918-ci ilin dekabr ayında artilleriya general-leytenantı Əli ağa Şıxlinski hərbi nazirin müavini təyin edildi. 1920-ci il aprel ayının 27-də imperiya ordusu Azərbaycanı işğal edəndə Səməd bəy Mehmandarov xəstə olduğu üçün nazir vəzifəsini Əli ağa Şıxlinski icra edirdi. Vuruşmağın mümkünsüz olduğunu nəzərə alan Şıxlinski minalanmış körpülərin partladılmasına icazə vermədi və yeni sovet hökuməti digərlərindən fərqli olaraq Əli ağa Şıxlinskiyə toxunmadı.

İlk dövrlərdə Şıxlinski Moskvada Hərbi İnqilab Sovetinin səhra Qərargahında çalışdı. 1921-ci ilin yayında isə o, Azərbaycan Sovet Qoşunları Qərargahına göndərildi. Bir müddət Bakı Qarnizonu Hərbi Elmi Cəmiyyətinin sədr müavini işləyən general, sonradan Qafqaz Ordusu Hərbi İnqilab Şurası yanında Azərbaycan Hərbi Nəşriyyat Kollegiyasının sədri kimi çalışmağa başladı. 1924-cü ildə isə Birləşmiş Hərbi Komanda Heyəti Məktəbinə rəis müavini təyin edildi.

1928-ci ildə “Rusca-Azərbaycanca qısa hərbi lüğət” çap etdirən Şıxlinski məhz buna görə SSRİ Hərbi İnqilab Şurasının Fəxri Fərmanı ilə təltif edildi. 1929-cu ildən istefaya çıxan general-leytenant Əli ağa Şıxlinski bir çox orden və medallarla (I-IV dərəcə Anna, I-III dərəcə müqəddəs Stanislav, II-IV dərəcə Vladimir, IV dərəcə Georgi ordenləri), o cümlədən, Fransanın yüksək hərbi ordenləri ilə təltif olunmuşdur.
Əli ağa Şıxlinski 18 avqust 1943-cü ildə Bakıda vəfat etmişdir.

Əli ağa Şıxlinski haqqında vikipediya məlumatı: https://az.wikipedia.org/wiki/%C6%8Flia%C4%9Fa_%C5%9E%C4%B1xlinski

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here