Körpü tikmək imandan gəlir

0
2679

Babalarımız bizlərdən çox-çox öncə gözəl bir kəlam deyiblər: Yol çəkmək, körpü salmaq imandan gəlir. Bu gün bu yolu öz yolu bilən insanlar da cəmiyyətdə hər zaman sevilən, hörmət olunan şəxsiyyətlər kimi tanınıb yaşayırlar. Ona görə də insan həyatda hər zaman yaxşı əməllər edərək insanlığın dəyərini, mənəvi zənginliyini artırmalıdır.

“Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü, “Şöhrət” ordeni laureatı, Əməkdar mühəndis, peşəsi ilə əməli eyni olan, yol salan, körpü quran Qasım İsrafil oğlu Abdullayevi Qazax mahalında demək olar ki, çox adam tanıyır. Çünki Qasım müəllim hər zaman el-oba təəsübü çəkən, xalqına, dövlətinə sadiq bir insandır. O, qəribəliklərlə dolu bir inşaatçı ömrü yaşayır. Onun zərrə-zərrə, misqal-misqal qurub yaratdıqları sonda nəhəng bir sənət əsəri olaraq göz oxşayır. Bəli, Qasım Abdullayev doğrudan da  tikib yaratmağa həvəsli bir insan kimi daim öz işindən, peşəsindən zövq alan inşaatçıdır. Dahi ingilis fiziki İsaak Nyutonun bir gözəl sözü yerinə düşərdi: “İnsanlar körpü salmaq əvəzinə hasar çəkdikləri üçün tənha qalırlar”. Qasım müəllim hər zaman həm yollara, həm də könüllərə körpü salan dəyərli bir insan olaraq daim insanları tənhalıqdan, xəyal qırıqlıqlarından uzaq tutmuşdur. Peşəkar inşaatçı kimi, ad-san çıxararaq daim hörmət-izzət sahibi olmuşdur. Onun rəhbərliyi ilə ölkəmizdə, ölkəmizdən kənar böyük dövlət obyektləri, tunellər, keçidlər, metro stansiyaları kimi strateji obyektlər tikilib istifadəyə verilmişdir. Bu xidmətləri qarşılığında dövlət tərəfindən yüksək təltiflər və fəxri adlara – “Şöhrət” ordeninə, Əməkdar mühəndis fəxri adına layiq görülmüş Qasım Abdullayev bu gün də yaxşı əməlindən, qurucu peşəsindən geri qalmır.

Doğulub boya-başa çatdığı Muğanlı kəndinə ruhən daha çox bağlı olan Qasım müəllim bu kəndin yollarının abadlaşdırılmasında, kənd məktəbinin təmir olunmasında, imkansız insanların bir çox problemlərinin həll olmasında yaxından iştirak edir. Onun cənab Prezidentin “Biz birlikdə güclüyük!” çağırışına və “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədovun müraciətinə dəstək verərək həssas təbəqədən olan ailələrə dəstək olması da bu işlərinə bir sübutdur. El-obaya dəstək, kömək etmək adəti ona atası İsrafil müəllimdən, əmilərindən və dayılarından keçmişdir. Qasım müəllim bu dəfə də doğma Muğanlı kəndində illərlə kənd sakinlərinin probleminə çevrilmiş böyük kanal üzərindəki körpünün yenidən qurulub tikilməsini həyata keçirmişdir. Körpü salmaq savab işdir. Qasım müəllim bu əməlinin savabını anası, həm də ədəbiyyat müəlliməsi Nuriyyə Həbib qızı Yolçuyevanın ruhuna ithaf etmişdir. Belə ki, Nuriyyə xanımın anadan olmasının 90 illik yubileyi münasibətilə Muğanlı kəndi üçün böyük əhəmiyyətə malik körpünü kənd sakinlərinin rahat istifadəsinə təqdim etmişdir.

“Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri adından Qasım müəllimin bu əməlini ürəkdən alqışlayaraq, anası Nuriyyə xanıma da Tanrıdan qəni-qəni rəhmətlər diləyirik.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here