Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin üzvləri adından MÜRACİƏT

0
2194

Möhtərəm cənab Prezident!

Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş müasir Azərbaycan dövləti Sizin rəhbərliyiniz altında iqtisadi və siyasi cəhətdən daha da inkişaf edərək dünya dövlətləri arasında öz yerini getdikcə möhkəmləndirir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə əzmlə həyata keçirdiyiniz uğurlu və məqsədyönlü siyasətin nəticəsidir ki, ölkəmizin iqtisadi gücü artmış, hərbi qüdrəti möhkəmlənmiş, xalqımızın sosial rifahı, insanların həyat səviyyəsi yüksəlmişdir. Bütün bu uğurları qədirbilən Azərbaycan xalqı görür və Sizin gərgin əməyinizi hər zaman yüksək qiymətləndirir, xalqın öz Prezidentinə olan inam və etimadı daim artır.

Möhtərəm cənab Prezident!

1990-cı ildə Azərbaycan xalqının ağır günlərində Xalq yazıçısı İsmayıl Şıxlı başda olmaqla Qazax mahalının tanınmış ziyalılarının təşkilatçılığı ilə yaradılmış “Qazax” Xeyriyyə Cəmiyyəti (2016-cı ildən “Qazax” Xeyriyyə İctimai Birliyi adlanır) yarandığı gündən dövlətimizə qarşı hər cür təzyiq və təcavüzlərə sinə gərərək həmişə dövlətçiliyə sədaqət nümayiş etdirmişdir. Cəmiyyətin üzvləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin alovlandığı 1990-cı illərin əvvəllərində erməni təcavüzünə məruz qalan Qazax mahalında cəbhə xəttinə baş çəkir, Ermənistanla sərhəd kəndlərdə döyüşən yerli özünümüdafiə dəstələrinə mənəvi dayaq olur, yerli sakinləri yaşadıqları kəndlərin keşiyində möhkəm dayanmağa ruhlandırır. Həmin dövrdə Azərbaycanı tərk etməkdə olan rus qoşun birləşmələrindən alınan çoxlu sayda hərbi texnika, silah-sursat, hərbi geyimlər sərhədi qoruyan döyüşçülərə təhvil verilirdi.

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkid və tələbi ilə hakimiyyətə qayıdışından, dövlət strukturları möhkəmlənəndən sonra “Qazax” Xeyriyyə Cəmiyyəti öz fəaliyyətini daha çox sosial sahələrin inkişafına, mədəniyyətin təbliğinə yönəldərək dövlətin bu istiqamətdəki siyasi xəttinin dəstəklənməsinə öz töhfəsini vermişdir.

Möhtərəm cənab Prezident!

Ötən ilin sonlarından dünyanı cənginə alan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması üçün Sizin rəhbərliyiniz ilə ciddi mübarizə və sosial müdafiə tədbirləri həyata keçirilməyə başladı və çoxlu sayda silsilə qabaqlayıcı tədbirlər həyata keçirildi. Ölkə əhalisinin sağlamlığını daha üstün tutan tədbirlər bu gün də davam etməkdədir. Pandemiyaya qarşı mübarizə ilə əlaqədar Sizin qlobal miqyasda çağırış və təşəbbüslərinizin dünya birliyi tərəfindən yüksək hörmət və ehtiramla qəbul olunması ölkəmizin beynəlxalq nüfuzunu gücləndirməklə yanaşı, bu bəşəri bəlaya qarşı bütün dünyanı həmrəyliyə səsləyir. Sizin təşəbbüsünüzlə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının videokonfrans formatında görüşlərinin keçirilməsi deyilənlərin əyani sübutudur.

Pandemiyanın yayılmasına qarşı mübarizə ilə əlaqədar Sizin geniş əks-səda doğurmuş “Biz birlikdə güclüyük!” çağırışınıza səs verərək ölkənin hər yanında həssas təbəqələrdən olan ailələrə yardımlar edilməyə başladı. Sizin çağırışınızdan dərhal sonra “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin sədri əslən Qazax mahalından olan ziyalılara, iş adamlarına, imkanlı şəxslərə, sadə vətəndaşlara İctimai Birliyin veb saytı üzərindən müraciət etdi. Müraciətdən dərhal sonra onlarla vətənpərvər insan, hətta xarici ölkədə yaşayan həmyerlilərimiz öz yardımlarının sistemli şəkildə ünvanlara çatdırılması üçün bizimlə əlaqə saxladılar və İctimai Birliyin səlahiyyətli şəxsləri rayon icra hakimiyyətləri ilə birgə mərkəzləşdirilmiş qaydada əməkdaşlığa başladı. Aprel və may aylarında Qazax rayonu üzrə 9400, Ağstafa rayonu üzrə isə 3200 ailə olmaqla ümumilikdə, həssas təbəqədən olan 12600 aztəminatlı ailəyə yardım edilmişdir. Hər iki rayon üzrə 2500 ailəyə edilən yardım isə birbaşa “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri tərəfindən Birliyin təşkilatçılığı ilə həyata keçirilmişdir ki, günü bu gün də həmin yardımlar ehtiyacı olan ailələr üçün davam etdirilir. Görülən işlərin mərkəzləşdirilmiş formada həyata keçirilməsində Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun əməyi xüsusi qeyd olunmalıdır.

Möhtərəm cənab Prezident!

Qürur hissi ilə qeyd etmək istərdik ki, ordu quruculuğu sahəsində düşünülmüş strateji siyasət kursu çərçivəsində Sizin rəhbərliyinizlə görülmüş işlər, həyata keçirilmiş tədbirlər nəticəsində ən müasir silah-sursat, döyüş texnikası ilə təchiz olunmuş Silahlı Qüvvələrimiz bu gün dünyanın aparıcı 50 ordusu sırasındadır. Azərbaycan xalqı və dünya ictimaiyyəti yenilməz Ordumuzun qüdrətini şanlı Aprel zəfərində, Naxçıvan döyüşlərində və bir neçə gün öncə Tovuz rayonu istiqamətində düşmənin törətdiyi növbəti təxribatın qarşısının alınmasında şahidi oldu.

İyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində erməni silahlılarının təxribat, pozucu fəaliyyəti nəticəsində mövqelərimiz ağır artilleriya silahlarından atəşə tutuldu. Cəbhədə baş verən qanlı döyüşlərdə əsgərlərimizlə yanaşı generalımız və yüksək rütbəli zabitlərimiz də şəhid oldu. Azərbaycan Ordusunun generalı ilə əsgərinin ön cəbhədə çiyin-çiyinə vuruşması bu ordunun qüdrətindən xəbər verir. Sizin tapşırığınıza əsasən Azərbaycan Ordusu düşmənə ağır və sarsıdıcı zərbələr endirərək onun onlarla texnikasını və çoxlu sayda canlı qüvvəsini məhv edərək şəhidlərimizin tökülən qanlarının qisasını aldılar. Allah bütün şəhidlərimizə rəhmət etsin!

Şəhidlərimizin dəfn mərasimlərində “Qazax” Xeyriyyə İctimai Birliyinin çoxlu sayda üzvü iştirak etmişdir. Sizin hər bir şəhidə, şəhid ailəsinə göstərdiyiniz diqqət və qayğı dövlət qayğısı kimi bütün vətəndaşlarımız tərəfindən təqdir olunur.

 Münaqişə ilə bağlı Təhlükəsizlik Şurasının və Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Sizin qətiyyətlə düşmənə bir santımetr də torpaq verməyəcəyik deməyiniz xalqın Sizə olan inam və etimadını bir daha yüksəltmişdir.

Sizin düşünülmüş, müstəqil, qətiyyətli və düzgün siyasətiniz sayəsində Azərbaycanın iqtisadi, sosial, mədəni sahələrdə, eləcə də müqəddəs torpaqlarımızın etibarlı müdafiəsi sahəsində əldə edilən böyük uğurlar açıq və gizli düşmənlərimizi, onların arxasında dayanan məkrli qüvvələri, xarici və daxili bədxahlarımızı, “beşinci kolon”u təşvişə saldığından ölkəmizə qarşı təxribat planları da genişlənməkdədir. Lakin bu cəhdlərin qarşısı qətiyyətlə alınır və inanırıq ki, alınacaq! Sizin qətiyyətiniz dünyaya bir daha nümayiş etdirir ki, istər ölkə daxilində, istərsə də ölkə xaricində heç bir qüvvə Azərbaycan dövləti ilə “zor dilində” danışa bilməz. Çünki Sizin siyasətinizin arxasında yenilməz bir qüvvə – Azərbaycan xalqının sınmaz iradəsi dayanır!

Ölkə əhalisinin, xüsusilə də vətənpərvər gənclərin cəbhədə düşmənə ağır zərbələr endirmiş şanlı Ordumuza, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanına dəstək məqsədilə keçirdiyi yürüşdən sui-istifadə etmək, bədnam niyyətlərini həyata keçirmək xülyasında olan satqın qüvvələrin məkrli hərəkətlərini şiddətlə pisləyirik. Dövlətimizin və xalqımızın ümumi maraqlarına, milli mənafeyimizə köklü surətdə zidd olan pozucu fəaliyyətləri lənətləyərək bunu düşmən dəyirmanına su tökmək kimi qiymətləndiririk.

Möhtərəm Cənab Prezident!

Biz – “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri, əslən Qazax mahalından olan ziyalılar və hər zaman dövlətə sədaqəti ilə seçilən qədirbilən insanlarımız Sizin apardığınız daxili və xarici siyasəti bütün varlığı ilə dəstəkləyir, dövlətimiz və dövlətçiliyimiz yolunda apardığınız genişmiqyaslı işlərdə Sizə uğurlar arzulayırıq. Sizi əmin edirik ki, hər zaman bir çağırışınızla Sizin ətrafınızda yumruq kimi sıx birləşərək ölkəmizin inkişafı və dövlətimizin mənafeləri naminə birgə addımlayacağıq.

Dərin hörmət və ehtiramla,

Teymur Bünyadov, akademik, tarix elmləri doktoru

Nəriman Həsənzadə, Xalq şairi, Heydər Əliyev mükafatı laureatı

İlham Pirməmmədov, “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, riyaziyyat elmləri doktoru, əməkdar müəllim

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here