Qazax səhiyyəsinin qocaman, əvəzsiz həkim ordusunun bir parlaq ulduzu da söndü.
“Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü, Qazax mahalının nüfuzlu ağsaqqallarından Mahmud Nəcəf oğlu Bayramov ömrünün 82-ci ilində haqqa qovuşdu.
Mahmud Bayramov 1 yanvar 1938-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. Orta məktəbi əla qiymətlərlə oxuduğuna görə sinifdən sinfə keçirilərək məktəbi vaxtından qabaq bitirib və 15 yaşında Azərbaycan Tibb İnstitutuna daxil olub.
21 yaşında İnstitutu bitirdikdən sonra təyinatla Qazağın Yuxarı Salahlı kənd xəstəxanasına göndərilib. Uzun illər bu kənddə həkim işləyən gənc Mahmud rentgenoloq, terapevt kimi əhaliyə xidmət edib. Kənd camaatı savadlı həkimi çox sevib, ona hər zaman böyük hörmət və ehtiram bəsləyib.
Mahmud həkim sonra Qazax şəhər xəstəxanasında terapevt kimi işləməyə başlayıb. Həkim yoldaşlarıyla bir yerdə Qazax-Tovuz-Şəmkir- Borçalı camaatının şəfa tapmasına xidmət edib. Əlləri şəfalı Mahmud həkim Qazax Mərkəzi Xəstəxanasının terapiya şöbəsinin müdiri , sonralar isə Kardioloji Xəstəxananın baş həkimi və el arasında “Doktor Bayramov” kimi hörmət qazanıb. Mahmud doktorun səhiyyə sahəsində göstərdiyi xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilmiş və o SSRİ Səhiyyə Əlaçısı təltifini almışdır.
Ermənistan və Azərbaycan arasında münaqişələr başlayanda sərhəd rayonu olan Qazaxda da vəziyyət gərginləşmişdir. Hər gün xəstəxanaya döyüşdə yaralanan əsgər və mülkü şəxslər gətirilib. Mahmud həkim həm xəstəxanada, həm sərhəd kəndlərində ön cəbhədə yaralılara yardım edib.
Mahmud doktor “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü kimi Qazax mahalının ağır günlərində el-obasının yanında olmuş, doğma kəndi Daş Salahlının müharibə dönəmində bir çox problemlərinin həllində yaxından köməkliklər etmişdir.
Mahmud doktorun təşəbbüsü ilə baş həkim işlədiyi zaman Kardioloji xəstəxanın bir hissəsini 1991-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal olunmuş Qazağın Əskipara, Bağanıs Ayrım kəndlərindən qaçqın düşmüş camaata sığınacaq kimi verib. Uzun illər onlara həm maddi, həm mənəvi yardımlar edib. Bir çox şair, sənət dostları, o cümlədən Davud Nəsib, Eldar Nəsib,Tofiq Saleh, Müzəffər Şükür, Eyvaz Qələmçəli həkim Mahmud Bayramova şerlər həsr edib. Aşıq Şaiq “Ay Nəcəfoğlu” şerini saz havasıyla Nəcəf oğlu Mahmuda oxuyub.
Gözəl ailə başçısı idi. 12 avqust 2020-ci il tarixində bütün varlığı ilə bağlı olduğu Qazaxda – öz elində dünyasını dəyişdi.
Övladlarının istəyi ilə Bakıda həyat yoldaşının yanında dəfn olundu.
“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, Millət vəkilləri akademik Nizami Cəfərov, professor Səməd Seyidov, Ülviyyə Ağayeva, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti Məmməd Musayev, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Kamran Nəbizadə, akademik Şahin Mustafayev, akademik Məhəmməd Babanlı, akademik Bilal Bilalov, Əməkdar incəsənət xadimi Vidadi Babanlı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlı, Binnət Həsənov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, “Odlar Yurdu” Universitetinin rektoru professor Əhməd Vəliyev, Vidadi Bayramov, professor Valeh Nəsibli, professor Məhəbbət Dəmirçiyeva, Əməkdar mühəndis Qasım Abdullayev, Əməkdar məşqçi Firdovsi Umudov, Əməkdar jurnalist Varis Yolçuyev, Puşkin Əhmədov, Ramiz Göyüşov, Arzuman Abdulkərimov, professor Rüstəm Kamal, Kamal Axundov, Rövşən Babanlı, Fikrət Hacıyev, Elçin Carçıyev, Mədət Səttarov, Raliz Qaravəliyev, Sultanxanım Nəsibova, Məlahət Qurbanova, dosent Dürdanə Vəkilova, dosent Natavan Dəmirçioğlu, dosent Məti Osmanoğlu, dosent Yusif Alıyev, Rafail İncəyurd, Yusif Rəhimov, Səbinə Yusif və İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü Fərid Bayramova atası Mahmud Bayramovun vəfatı ilə əlaqədar dərin hüzünlə başsağlığı verir, bu çətin günlərdə ailəsinə, yaxınlarına səbr, dözüm diləyirik.
Allah rəhmət eləsin!
Məkanın cənnət olsun, Qazax elinin loğman oğlu – Mahmud doktor…