31 il şərəfli ömür yaşayan şəhid direktor Elvin İmaməliyev

0
307

Elvin İmaməliyev torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmanlıqla döyüşərək şəhid olub. Azərbaycan Silahlı Qüvvələrinin Alı Baş Komandanı cənab İlham Əliyevin torpaqlarımızın işğaldan azad olunması ilə bağlı əks-hücum əməliyyatlarının başladığı ilk günlərdən könüllü olaraq cəbhəyə gedən qəhrəman oğullardan biri də Ağstafa rayonunun Qırılı kənd sakini Elvin İmaməliyev oldu.

31 il şərəfli ömür yaşayan Elvin hər zaman əldə etdiyi uğurları ilə ailəsinə, el-obasına, ölkəsinə baş ucalığı gətirib. İxtisasca fransız dili müəllimi olan Elvin iki il əvvəl Təhsil Nazirliyinin həyata keçirdiyi məktəb direktorların işə qəbulu üzrə müsabiqədə uğur qazanaraq ən gənc məktəb direktoru kimi Ağstafa şəhər 1 nömrəli tam orta məktəbə direktor təyin edilib. Kollektivinə həm məsuliyyətli rəhbər, həm də səmimi yoldaş olan Elvin İmaməliyev iki il müddətində misilsiz hörmət qazanıb və məktəbin nailiyyətləri uğrunda əlindən gələni edib.

Elvin İmaməliyev şagirdlərin yaxşı təhsil, təlim-tərbiyəsi ilə yanaşı, onlara vətənpərvərlik hisslərinin aşılanması və bu yöndə bilik və bacarıqların təkmilləşdirilməsi üçün əlindən gələni edib və bu istiqamətdə çox tələbkar olub.

Hər zaman torpaqlarımızın işğaldan azad ediləcəyi günü gözləyən Elvin Qarabağın işğaldan azad olunması üçün könüllü olaraq cəbhəyə gedib. Cəbhəyə yola düşən gün hər bir müəllimlə sağollaşım, halallaşıb və onlardan xeyir-dua alıb.

Qarabağın düşmən tapdağından azad olunması uğrunda şəhid olan Elvin İmaməliyev göstərdi ki, vəzifəsindən asılı olmayaraq hər bir vətəndaşımız torpaqlarımızın azadlığı uğrunda həmrəydir.

Elvin şəhidliyi ilə uca Tanrının dərgahında şəhadətə qovuşdu. Vətən Elvin kimi qəhrəman oğulları ilə Vətən olur.

“Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri və Qazax mahalının sakinləri adından şəhid Elvin İmaməliyevə Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Vətən sağ olun!

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here