“Qazax” Xeyriyyə İctimai Birliyi tərəfindən görülən işlərlə bağlı İctimai Birliyin Məlumatı

0
2196

Vətən müharibəsi dövründə “Qazax” Xeyriyyə İctimai Birliyi tərəfindən görülən işlərlə bağlı İctimai Birliyin İdarə Heyətinin sədri İlham Pirməmmədovun

MƏLUMATI

Gözün aydın, Azərbaycan! 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun zəfəri ilə başa çatdı. 27 sentyabr 2020-ci ildə düşmənin cəbhə boyu artilleriya hücumu əməliyyatlarına qarşı Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, ölkə prezidenti cənab İlham Əliyevin əks hücum əməliyyatı ilə başlayan ağır döyüşlərdə Azərbaycan əsgər və zabitləri qəhrəmanlıq səlnamələri yazaraq dünya hərb tarixində qızıl səhifələr yazdılar.

Hər gün cəbhədən gələn qələbə xəbərləri Azərbaycan xalqının 30 illik Vətən – Qarabağ həsrətinə son qoyaraq sevinc göz yaşlarının axmasına səbəb olurdu. Bir-birinin ardınca Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının işğaldan azad olunmuş kənd və qəsəbələrindən mənfur düşməni qovaraq pərən-pərən salan qəhrəman ordumuz hər bir anda Ali Baş Komandanın döyüş əmrini canı, qanı bahasına yerinə yetirirdi. Şuşa şəhərinin erməni silahlılarından azad edilməsi isə hərb tarixində misli görünməmiş bir hərbi siyasi gediş idi və bununla da qəhrəman Azərbaycan əsgərinin igidliyi dillərdə əzbər oldu.

Beli qırılmış, başı əzilmiş düşmən ordusu pərən-pərən düşərək məhv oldu. Yüzlərlə döyüş texnikası, minlərlə canlı qüvvəsi məhv edilən düşmən kapitulyasiya aktını imzalamağa məcbur edildi. Azərbaycan ordusunun gücü və Ali Baş Komandanın qətiyyəti sayəsində qalxan “Dəmir yumruq” düşmənin başına endirildi və bir güllə atılmadan Ağdam, Kəlbəcər, Laçın Azərbaycan ordusuna təhvil verildi.

Bəli, hər günü bir əsrə bərabər olan 44 günlük Vətən müharibəsini geridə qoyduq. Vətən müharibəsinin qalib əsgər və zabitləri 10 dekabr 2020-ci il tarixində “Azadlıq” meydanında Zəfər paradından keçərək düşmənə gücümüzü, dosta əzəmətimizi sübut etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə 8 Noyabr tarixi Azərbaycan xalqının Qələbə günü kimi rəsmiləşdi.

Tarixən hər bir ordunun gücü arxa cəbhə ilə bağlı olub. Əgər arxa cəbhədə hər kəs səngərdə, ön xətdə döyüşən əsgərin, zabitin yanında olarsa qələbə daha tez əldə olunar. Azərbaycan xalqı da 44 günlük Vətən müharibəsində hər an Azərbaycan Ordusunun yanında oldu. Silahlı Qüvvələrin Yardım fonduna hər kəs könüllü olaraq ianələr etdi. Cəbhəyə ərzaq, geyim-kecim, yatacaq və digər zəruri ehtiyac duyulan yardımlar edildi. Təbii ki, Azərbaycan dövlətinin hər bir təchizata gücü və qüdrəti yetsə də xalqın bu istək və içdən gələn sevgisinin qarşısını almaq olmazdı.

Vətəndaşlarla yanaşı Vətən müharibəsi dövründə dövlət və özəl təşkilatlar, qeyri-hökumət təşkilatlarının əksəriyyəti də bütün fəaliyyət və işlərini cəbhə ilə, ordu ilə əlaqədar qurdu.

“Qazax” Xeyriyyə İctimai Birliyi də Vətən müharibəsi dövründə bütünlüklə öz fəaliyyətini cəbhəyə həsr etdi. Ümumiyyətlə, “Qazax” Xeyriyyə Cəmiyyəti 1990-cı illərdə Qazax mahalının ağır günlərində – erməni təcavüzünə məruz qaldığı bir dövrdə yaradılmış və bu sahədə kifayət qədər təcrübəsi olan bir ictimai təşkilat olduğundan Vətən müharibəsi dövründə, Ali Baş Komandanın əks-hücm əmri verildiyi gündən dəyərli üzvləri ilə birgə Vətənin səsinə səs verdi.

“Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri cəbhədə qızğın döyüşlərin getdiyi günlərdə Qazax və Ağstafa rayonlarından şəhid olmuş əsgər və zabitlərin dəfnində iştirak edib, şəhid və qazi ailələrini ziyarət etdilər. Silahlı Qüvvələrin Yardım Fondu üçün könüllü ianələrin toplanması işində, cəbhədəki əsgərlərə ərzaq, isti pal-paltar və əsgərlərin digər zəruri ehtiyaclarının qarşılamasında öz köməkliklərini göstərdilər.

Həmin dövrdə “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri tərəfindən edilmiş yardımların bir çoxu haqqında məlumat vermək istərdim.

“Qazax” Xeyriyyə İctimai Birliyi tərəfindən ordumuza dəstək üçün göndərilən ləvazimatların siyahısı:

  1. Odun sobası – 45 ədəd;

  2. Soba borusu – 200 ədəd;

  3. Soba borusu üçün dirsək – 90 ədəd;

  4. Generator – 4 ədəd;

  5. Siqaret – 103 blok;

  6. Qatılaşdırılmış süd – 100 ədəd;

  7. Gillet (üzqırxan) – 500 ədəd;

  8. Papaq (isti) – 700 ədəd;

  9. Corab (isti) – 700 ədəd;

  10. Əlcək – 500 ədəd;

  11. Peçenye – 100 kq;

  12. Skumbriya (balıq) – 150 ədəd;

  13. Tibbi spirt – 2,5 ton;

  14. Odun (Doğranmış halda) – 20 KaMAZ maşını;

  15. Taxtadan yerdə yatmaq üçün çarpayı (dəyəri 5000 manat);

  16. Qıraq Kəsəmən kəndində inşa edilmiş iki şəhid bulağı (dəyəri 1280 manat)

Şəhidlərin dəfn mərasimlərində İctimai Birliyinin üzvləri geniş heyətlə iştirak etmiş və dəfn mərasimləri üçün 78 ədəd təbii və süni əklillər alınmışdır. Qazilərimizin həyat şəraitinin yaxşılaşdırılması üçün 3 nəfərin yaşadığı evin qaz xəttinin çəkilişi, 1 nəfərin evinin işıq xəttinin çəkilişi həyata keçirilmişdir. Həmçinin qazilərin evinə İran sobası (istilik sobası) alınıb quraşdırılmışdır.

Ağstafa rayon xəstəxanasında müalicə olunan 31 nəfər yaralıya 1590 manatlıq idman geyimi və şəpit alınıb. Həmçinin İctimai Birliyin üzvləri tərəfindən xəstəxanada yatan yaralılar ziyarət olunub və 550 AZN dəyərində siqaret və içki (qazlı su, fanta) alınıb.

Həmçinin “Qazax” Xeyriyyə İctimai Birliyinin bir qrup üzvləri Qazax şəhərində qazi Kənan Musayevi, Ağstafa rayonu Dağ Kəsəmən kəndində qazi Vüsal Qarayevi evində ziyarət edərək İctimai Birliyin adından hər birinə 300 manat mükafat təqdim ediblər.

Ağstafa rayonunda yaşayan qazilər – Məmmədov Elşən Vidadi oğlu (Xılxına), Kəbiyev Qalib Qabil oğlu (Eynallı), Kərimov Eşqin Şakir oğlu (Molla Cəfərli), Qarayev Qara Yusif oğlu (Qarahəsənli), Qarayev Vüsal (Dağ Kəsəmən), Qurbanov Qayvalı Əli oğlunun (Aşağı Kəsəmən), Qiyasov Famil Səyyad oğlunun (Saloğlu qəsəbəsi), Namazov Ümid Novruz oğlu (Qıraq Kəsəmən), Əliyev Emin Pirverdi oğlu (Qıraq Kəsəmən) ziyarət olunmuş, onlara ərzaq yardımı edilmiş, dərmanları alınmışdır.

Goranboy rayonu Yuxarı Ağcakənd kəndində yerləşən (Ballı Qayaya) N saylı hərbi hissəyə əsgərlərə lazım olan ləvazimatlar göndərilib. Corab, əlcək, isti alt paltarı, maska-papaq, elektron lampa, fanar, şam, sabun, gillet (üzqırxan), çəngəl, qaşıq, stəkan, batareya əsgərlərimizə çatdırılmışdır.

“Qazax” Xeyriyyə İctimai Birliyi tərəfindən göndərilən yardımlar Murovdağda, Goranboyda, Cəbrayılda, Daşkəsəndə, Kəlbəcərdə, Ağdamda yerləşən hərbi hissələrə, Ağstafada yerləşən N saylı Hərbi Hava Qüvvələri və Hava Hücumundan müdafiə qoşununa və hərbi qospitallara (tibbi spirt ) çatdırılmışdır.

Bakı şəhərində və Qazax rayonunda qazilər ziyarət olundu. Mayor Xəyyam Əliyev, leytenat Abbas Yusifov, əsgər Nicat Mərdanov İctimai Birliyin üzvləri tərəfindən ziyarət olunmuşlar. Ağstafa rayonunun Xətai kəndindən olan Şəhid Rusif Quliyevin qızı (qeyd edim ki, Rusif Quliyevin həyat yoldaşı dünyaya uşaq gətirəndə həyatını itirib) Təranə balamız ziyarət olundu.

Hərbi əsir Amin Musayevin ailəsi ilə mütəmadi olaraq əlaqə saxlanıldı. Anası ziyarət olundu.

Bakı şəhərində şəhid Abbaslı Teymur Feyruz oğlunun, Sumqayıt şəhərdində şəhid Mustafalı Əlizamin Valeh oğlunun ailəsi ziyarət olundu. Birliyimizin qocaman üzvü Zaməddin Ziyadoğlu Qazaxda Şəhid ailələrini ziyarət etdi.

Qazax rayonu Daş Salahlı kəndindən olan qazi Nəsibov Yusif Qalib oğlu İctimai Birliyin üzvləri tərəfindən ziyarət olunmuş, lazımi köməkliklər göstərilmişdir. Qazi Yusif Nəsibov Birliyimiz tərəfindən Bakıya xəstəxanaya gətiriləcək, müalicəsi xəstəxana şəraitində davam etdiriləcəkdir. Sağaldıqdan sona işlə təmin olunacaqdır.

Bundan başqa qazilərimizin evlərini ziyarət edərkən nağd şəkildə 4000 manat vəsait istifadə edilmişdir. Yuxarıda göstərilən bütün işlərə və keçirilən tədbirlərə ümumilikdə 63200 manat vəsait xərclənmişdir.

Vətənin ən həssas dönəmində cəbhədəki əsgər və zabitlərimizlə həmrəy olaraq xeyriyyəçilik fəaliyyəti göstərmiş “Qazax” Xeyriyyə İctimai Birliyi üzvlərinin bəzilərinin adlarını qeyd etmək istərdim: “CARCIOGLU GROUP” MMC-nin rəhbəri Elçin Carçıyev, “Əsədoğlu” şirkətinin rəhbəri Vüqar Kərimov, Fərman Qəhramanov, Valeh Nəsibli, Elşad Vəliyev, Məhəmməd Məmmədov, Xəyyam Saniyev, Mədət Səttarov, Sultanxanım Nəsibova, Olya Cəfərova, Əli Rəhimov, Kamil Əsədov, İlqar Əsgərov, Pərviz Əhmədov, Habil Əhmədov.

Bu Vətən müharibəsində aksiyalarda iştirak edən və xeyriyyəçilik işləri görən hər kəsə “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin adından təşəkkür və minnətdarlığımızı bildiririk.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli fərmanı ilə “YAŞAT” Fondunun yaradılması şəhid və qazi ailələrinə edilən yardım və köməkliklərin sistemli şəkildə həyata keçirilməsini təmin edəcək. Biz də bu fondun yaradılmasını dəstəkləyirik. Qeyd etmək istərdik ki, hazırda fondun nümayəndələri Qazax və Ağstafa rayonlarında şəhid ailələri ilə görüşlər keçirir və onların qayğıları ilə maraqlanırlar.

Eyni zamanda İctimai Birliyimiz bu çətin məqamlarda sizlərin sayəsində, həmrəylik və birlik göstərərək dövlətə, dövlətçiliyə, Azərbaycan Respublikasının Prezidentinə sadiq olduğunu nümayiş etdirdi. Bu nümunəvi addımlar sayəsində biz də düşmənin başına endirilən “Dəmir yumruq”da özümüzə aid olan müəyyən işlər gördük.

Qazax və Ağstafa rayonlarının icra hakimiyyətləri ilə razılaşdırılmış iş planına uyğun olaraq Qazax və Ağstafadan şəhid olmuş, yaralanmış əsgərlərimizin ailələri ilə görüşülüb, bu görüşlər əsasında televiziya filmi çəkiləcək, müvafiq televiziya kanallarında nümayiş etdirilərək onlar haqqında tanıtım işləri aparılacaq. Bu məqsədlə Qazax rayonundan video-operator Gündüz Şahvələdov, Ağstafa rayonundan Samir Əhmədov, “Qazax” Xeyriyyə İctimai Birliyindən isə Ələddin Qarayev xüsusi nümayəndə təyin edilmişdir. Tərəfimizdən təqdim olunan layihə Qazax və Ağstafa RİH-lərinin başçıları tərəfindən bəyənilmiş və bütün təşkilati işlərdə köməklik edəcəklərini bildirmişlər. Çəkilişlərin bütün maliyyə xərcləri “Qazax” Xeyriyyə İctimai Birliyi tərəfindən qarşılanacaq və filmlər televiziya kanallarında yayımlanacaqdır. Çəkilmiş filmlər Qazax və Ağstafa rayonlarının icra hakimiyyətlərinin, “Qazax” Xeyriyyə İctimai Birliyinin arxivlərində saxlanılacaqdır. Filmlər həmçinin “Qazax” Xeyriyyə İctimai Birliyinin, Qazax və Ağstafa RİH-lərinin rəsmi internet səhifələrində yerləşdiriləcəkdir. Eləcə də Qazax və Ağstafada fəaliyyət göstərən ali və orta ümumtəhsil müəssisələrində tədbirlər keçirilən zaman tələbə və şagirdlərdə vətənpərvərlik ruhunun yüksək səviyyədə aşılanması məqsədilə həmin rəsmi internet səhifələrindən istifadə ediləcəkdir.

Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamına əsasən Vətən müharibəsində igidlik və şücaətlər göstərmiş hərbçilərimiz yüksək dərəcəli orden və medallarla təltif olunmuşlar. Həmin siyahıda Qazax və Ağstafa mahalından olan hərbçilərimiz adları Qazax Xeyriyyə İctimai Birliyin rəsmi internet səhifəsində yerləşdirilmişdir (qazaxib.az, “44 günlük Vətən müharibəsində təltif olunan qazax mahalının qəhrəmanları”).

“Qazax” Xeyriyyə İctimai Birliyinin gördüyü işlərdə daim dəstək və köməkliklərini əsirgəmədiklərinə görə Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucova İctimai Birliyin İdarə Heyətinin və bütün üzvlərinin adından təşəkkür edirik.

Sonda yuxarıda qeyd etdiyimiz bütün bu işlərin təşkilində və həyata keçirilməsində xüsusi rolu olan İctimai Birliyin üzvləri Məmməd Musayevə, Həsrət Pirməmmədova, professor Məhəbbət Dəmirçiyevaya, Yusif Alıyevə, Ələddin Kəsəmənliyə (Qarayev), Mirzahid Hacıyevə, Asif Yusifova, Fərhad Əyyubova, Səbinə Yusifə minnətdarlığımızı bildiririk.

Qeyd edim ki, müvafiq olaraq Qazax və Ağstafa rayonları üzrə yardımlar davam etdirilir və mütamadi olaraq bu haqda növbəti paylaşımlarda məlumatlar veriləcək.

Hər birinizlə fəxr edib, qürur duyuruq!

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here