“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədovun Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbriki

0
1323

Hörmətli xanımlar və cənablar, dəyərli insanlar, xaricdə yaşayan soydaşlarımız!

“Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyəti və dəyərli üzvləri adından Sizi və xalqımızı qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ürəkdən təbrik edir, möhkəm can sağlığı, uzun ömür, xoşbəxtlik, firavanlıq, milli mənlik, el-obamıza, ölkəmizə, dünyamıza əmin-amanlıq arzulayıram!

Yola salmağa hazırlaşdığımız 2020-ci il dünya azərbayanlılarının həmrəyliyinin daha da möhkəmlənməsi ilə əlamətdar oldu. Dünyanın hansı yerində yaşamalarından asılı olmayaraq, sayı 60 milyona çatan soydaşlarımız doğma Vətən uğrunda, müstəqillik və azərbaycançılıq ideyaları ətrafında daha sıx birləşdilər, xalqımızın nəyə qadir olduğunu dünyaya bir daha nümayiş etdirdilər.

2020-ci il dünya üçün dəhşətli “COVİD-19” pandemiyası ilə yadda qaldı. Belə ki, koronavirus pandemiyası qlobal miqyasda tüğyan edərək dünya iqtisadiyyatına böyük zərbələr vurdu. Təəssüf ki, bu bəla ölkəmizdən də yan keçmədi, cəmiyyət həyatının bütün sahələrinə öz mənfi təsirini göstərdi. Pandemiyanın fəsadlarını minimallaşdırmaq, vətəndaşlarımızın sağlamlığını qorumaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı və durum nəzarətə götürülərək sərt məhdudlaşdırmalar tətbiq edildi.

Pandemiyanın yayılmasına qarşı mübarizə ilə əlaqədar Prezident cənab İlham Əliyevin geniş əks-səda doğurmuş “Biz birlikdə güclüyük!” çağırışına səs verərək ölkənin hər yanında həssas təbəqələrdən olan ailələrə yardımlar edilməyə başladı. Prezidentin çağırışından dərhal sonra “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin sədri əslən Qazax mahalından olan ziyalılara, iş adamlarına, imkanlı şəxslərə, sadə vətəndaşlara İctimai Birliyin veb saytı üzərindən müraciət etdi. Müraciətdən dərhal sonra onlarla vətənpərvər insan, hətta xarici ölkədə yaşayan həmyerlilərimiz öz yardımlarının sistemli şəkildə ünvanlara çatdırılması üçün bizimlə əlaqə saxladılar və İctimai Birliyin səlahiyyətli şəxsləri rayon icra hakimiyyətləri ilə birgə mərkəzləşdirilmiş qaydada əməkdaşlığa başladı. Aprel və may aylarında Qazax rayonu üzrə 9400, Ağstafa rayonu üzrə isə 3200 ailə olmaqla ümumilikdə, həssas təbəqədən olan 12600 aztəminatlı ailəyə yardım edilmişdir. Hər iki rayon üzrə ümumi dəyəri 150 min manata yaxın olan 2500 ailəyə edilən yardım isə birbaşa “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri tərəfindən Birliyin təşkilatçılığı ilə həyata keçirilmişdir ki, günü bu gün də həmin yardımlar ehtiyacı olan ailələr üçün davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çağırışına əsasən Qazax və Ağstafa rayonlarında həssas təbəqədən olan aiələrə verilmiş yardımlar haqqında “Qazax” Xeyriyyə İctimai Birliyinin internet saytında geniş məlumat verilmiş və bu işdə əməyi olan hər kəsə Birliyin İdarə heyəti adından təşəkkür və minnətdarlıq bildirilmişdir https://qazaxib.az/2020/05/12/az%c9%99rbaycan-respublikasi/

Bundan başqa “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin üzvləri adından akademik, tarix elmləri doktoru Teymur Bünyadov, Xalq şairi, Heydər Əliyev mükafatı laureatı Nəriman Həsənzadə, “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, riyaziyyat elmləri doktoru, əməkdar müəllim İlham Pirməmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə  müraciət ünvanlamışdır və müraciətin tam mətni ilə İctimai Birliyin internet saytından tanış olmaq olar https://qazaxib.az/2020/07/30/az%c9%99rbaycan-respublikasinin-prezidenti-c%c9%99nab-ilham-%c9%99liyev%c9%99-qazax-xeyriyy%c9%99-ictimai-birliyinin-idar%c9%99-hey%c9%99tinin-uzvl%c9%99ri-adindan-muraci%c9%99t/

Həmçinin bu gün hədsiz qürur və məmnunluq hissi ilə qeyd edə bilərik ki, pandemiyanın doğurduğu çətinliklərə və cəmiyyət həyatının bütün sahələrinə vurduğu ziyana baxmayaraq, 2020-ci il xalqımızın çoxəsrlik tarixinə, ilk növbədə, möhtəşəm zəfər ili kimi daxil oldu.

Məhz bu ilin cəmi 44 günü ərzində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli əsgər və zabitlərimiz Ermənistan ordusunu darmadağın edərək, işğal altındakı torpaqlarımızı maksimum qısa müddətdə düşmən tapdağından azad etdilər.

Bu şanlı Zəfər xalqımızda, bütün dünya azərbaycanlılarında misilsiz ruh yüksəkliyinə səbəb oldu. Fəxr edirik ki, möhtəşəm qələbənin qazanılmasına Qazax mahalının cəbhədə döyüşən yüzlərlə igid və qəhrəman oğulları da öz töhfələrini vermişdir. Onların dillərdə əzbər olmuş qəhrəmanlıqları ilə bütün Azərbaycan xalqı fəxr edir. Vətən müharibəsində iştirak edərək qəhrəmanlıq göstərib döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfalar diləyirik!

Böyük məmnunluq hissi ilə qeyd etmək istərdim ki, hər sahədə olduğu kimi “Qazax” Xeyriyyə İctimai Birliyi də Vətən müharibəsi dövründə bütünlüklə öz fəaliyyətini cəbhəyə həsr etdi. İlk başdan Silahlı Qüvvələrin Yardım Fondu üçün könüllü ianələrin toplanması işində, cəbhədəki əsgərlərə ərzaq, isti pal-paltar, genarator, soba, odun, yatacaq dəstləri dərman vasitələri və əsgərlərin digər zəruri ehtiyacları üçün öz köməkliklərini göstərdilər.

İctimai Birliyinin üzvləri öz mənəvi borclarını yerinə yetirərək Qazax və Ağstafa rayonlarından olan döyüşlərdə şəhid olmuş əsgər və zabitlərin dəfnində iştirak ediblər. Xəstəxanada yaralı yatan əsgərlərimizin ziyarətində olublar. Şəhid və qazi ailələrini ziyarət edib onların durumu ilə yerindəcə maraqlanaraq maddi və ərzaq yardımları edilib, bir sıra problemlərinin həllində yardımçı olmuşlar. Ümumiyyətlə, bütün işlərə və keçirilən tədbirlərə İctimai Birliyin üzvləri tərəfindən ümumilikdə 70 min manata yaxın vəsait xərclənmişdir ki, bu sahədə işlər hələ də davam etdirilir.

Həmçinin Qazax və Ağstafa rayonlarının icra hakimiyyətləri ilə razılaşdırılmış iş planına uyğun olaraq Qazax və Ağstafadan şəhid olmuş, yaralanmış əsgərlərimizin ailələri ilə görüşülüb, bu görüşlər əsasında tanıtım məqsədli televiziya filmləri çəkiləcək. Çəkilişlərin bütün maliyyə xərcləri “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri tərəfindən qarşılanacaq və filmlər televiziya kanallarında yayımlanacaqdır. Eləcə də Qazax və Ağstafada fəaliyyət göstərən ali və orta ümumtəhsil müəssisələrində tədbirlər keçirilən zaman tələbə və şagirdlərdə vətənpərvərlik ruhunun yüksək səviyyədə aşılanması məqsədilə həmin filmlərdən istifadə ediləcək.

Xüsusi olaraq bir açıqlama vermək istərdim ki, “Qazax” Xeyriyyə İctimai Birliyi digər ictimai birliklərdən fərqli olaraq, öz büdcəsinə heç bir vəsait toplamadan şəffaflığı və ədaləti təmin etmək məqsədilə İctimai Birliyin üzvləri tərəfindən təqdim edilən maddi köməklikləri, ərzaq və digər yardımları özləri, qohumları və etibar etdikləri şəxslər tərəfindən rayon icra hakimiyyətlərinin müəyyən etdiyi siyahılara uyğun olaraq ehtiyacı olan ünvanlara çatdırılmışdır. Bununla da İctimai Birliyin üzvləri bu şəffaflıqdan motivasiya alaraq daha çox iş görməyə çalışırlar, eyni zamanda digər kömək etmək istəyən insanlar üçün də nümunə olurlar.

Fürsətdən istifadə edərək Pandemiya dönəmində və 44 günlük Vətən müharibəsinin ən həssas dönəmində cəbhədəki əsgər və zabitlərimizlə həmrəy olaraq xeyriyyəçilik fəaliyyəti göstərmiş “Qazax” Xeyriyyə İctimai Birliyinin hər bir üzvünə, həmçinin hər zaman bizimlə birgə olan Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşova, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı cənab Seymur Orucova “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin adından təşəkkür və minnətdarlığımızı bildiririk. Vətən müharibəsi dövründə “Qazax” Xeyriyyə İctimai Birliyi tərəfindən görülən işlərlə bağlı İctimai Birliyin İdarə Heyətinin sədri Birliyin internet saytı üzərindən məlumat vermişdir https://qazaxib.az/2020/12/25/v%c9%99t%c9%99n-muharib%c9%99si-dovrund%c9%99-qazax-xeyriyy%c9%99-ictimai-birliyi-t%c9%99r%c9%99find%c9%99n-gorul%c9%99n-isl%c9%99rl%c9%99-bagli-ictimai-birliyin-idar%c9%99-hey%c9%99/

Öncə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusuna hərbi sərkərdəlik etmiş, həmçinin koronavirus pandemiyasına qarşı ciddi-cəhdlə mübarizə aparan cənab Prezidentimiz, müzəffər Ali Baş Komandanımız İlham Əliyevə “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri adından təşəkkür və minnətdarlığımızı bildirərək Prezidentimizi və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanı 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, möhkəm can sağlığı, uzun ömür diləyib, ən xoş arzularımızı çatdırıram!

Hörmətli həmyerlilərimiz,

Bir daha Sizləri də 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyəti və Birliyin üzvləri adından təbrik edirəm. Arzu edirəm ki, qarşıdan gələn 2021-ci il və qarşılayacağımız bütün illər ölkəmiz, xalqımız, çoxmilyonlu həmvətənlərimiz və şəxsən sizlər üçün düşərli olsun.

Dərin hörmət və ehtiramla,

“Qazax” Xeyriyyə İctimai Birliyi

İdarə Heyətinin sədri İlham Pirməmmədov

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here