Professor Mahmud ALLAHMANLI: “FOLKLORLAŞAN FOLKLORŞÜNAS”

0
44

Folklorşünas alimimiz, Əməkdar mədəniyyət işçisi Elxan Məmmədlinin 70 illik yubileyi münasibətilə filologiya elmlər doktoru, professor Mahmud Allahmanlının yazdığı “FOLKLORLAŞAN FOLKLORŞÜNAS” məqaləsini dəyərli oxucularımıza təqdim edirik.

Folklorşünas Elxan Məmmədlinin haqqında müxtəlif vaxtlarda fikirlərimi bölüşməyə çalışmışam. Hətta onların bir hissəsini yazıya da gətirmişəm. Yəqin ki, bundan sonra da bir sıra yazılarımın mövzusu olacaqdır. Bütün yazılarımda, düşüncə və təhlillərimdə həmişə bir fikrə gəlib çıxmışam. Bu da ondan ibarətdir ki, Elxan Məm­mədli Azərbaycan folklorşünaslığına ləyaqət və şərəflə xidmət göstərən tək-tək folklorşünaslardandır. Bu, birmənalı qənaətimdir və fikrimcə, çox böyük göstəricidir. Etiraf edək ki, bu dəyər və keyfiyyətlər hər kəsə də nəsib olmur. Söhbət folklordan və folklorşünaslardan gedir. Gözlərim önünə Azərbaycan folklorşünaslığının keçib gəldiyi yol gəlir. M.Mahmudbəyov, E.Sultanov, T.Bayraməlibəyov, H.Zeynallı, Ə.Abid, Y.V.Çəmənzəminli, S.Mümtaz, V.Xuluflu, C.Əfəndizadə, H.Əlizadə, M.H.Təh­­masib, M.Həkimov, S.Paşayev, İ.Abbaslı, R.Rüstəmzadə, F.Fərhadov, P.Əfən­diyev və başqalarının gördükləri müqəddəs və savab işlər yaddaşımda canlanır. Onların bir hissəsini kitablardan oxumuşam. Əsərləri (toplu, tədqiqatları) ilə tanımışam. Vaxtımın mühüm bir hissəsi onların yazdıqlarını, gördüyü gərəkli işləri öyrənməklə keçibdir. Düşüncəmdə həmin kəsləri öyrənmək olubdur. Nə qədər öyrənmişəm deyə bilmərəm. Ancaq öyrənmişəm və öyrənməkdəyəm. Əsərləri stolüstü kitablarım olub. Ömrümün, yaddaşımın yol yoldaşına çevrilibdi. Digər bir hissəni (M.Həkimov, S.Paşayev, İ.Abbaslı, R.Rüstəmzadə, F.Fərhadov, P.Əfəndiyev) kitablardan öyrənməkdən əlavə, canlı olaraq müasirim kimi görmüşəm. Bunlar yaddaşımda bir tarixdir. Elxan Məmmədli ilə bağlı düşüncələrimi də məhz bu zəngin mədəniyyət, böyük məktəb və yaşanmış nümunəvi yol timsalında bölüşürəm. Və ilk olaraq gəldiyim qənaəti təkrar vurğulayıram ki, Elxan müəllim müasir çağımızda həmin folklorşünasların tipik nümunəsidir.

Azərbaycan folklorşünaslığının müasir mərhələsi uşurlarla, yeni-yeni folklor­şü­nas­ların elmə gəlişi ilə səciyyələnir. Bu, özlüyündə sevinc doğurur. Gənclərin, xü­su­silə istedadı, bacarığı olanların elmə gəlişi, onların əlindən tutub elmə gətirilməsi bö­yük savab işdir. Fikrimcə, qapıları onların üzünə açmaq gərəkdir. Ancaq son dövr elm­də baş verənlərə, gedən proseslərə diqqət yetirdikdə təəssüfləndirici tərəflər daha çoxdur. Daha doğrusu, layiq olandan qat-qat çox, münasibətlə elmə gətirilmə prosesi gedir. Elm müəyyən mənsəb, vəzifə adamları üçün hərraca çevirilmədədi. Keyfiyyət ye­ni­ləş­məsindən çox, kəmiyyət artımı gedir. İctimai, siyasi mühitin dolaşıqlıqları özü­nü elmə də göstərir. Bu bir xətdir. Düşünürəm, həm də ötəri olandır. Ancaq folklor, xalqın zəngin mədəniyyəti çörək qədər müqəddəsdir. Ona haram qatmaq olmaz. Həm də düşünürəm folklorşünaslıqda bütünlükdə ruhu, varlığı ilə folklorşünas olan, xalqın zəngin mədəniyyətinə bağlanan alimlərimiz var. Ağırlıq onların üzərinə düşür. Onların ruhunda, iç dünyasında, genetik yaddaşında folklor bir tərəf kimi daşınır. Elxan müəllim də həmin kəslərdəndir. El adamıdır. Folklor onun varlığında güclü tə­rəf kimi daşınır. Bu, onun fəaliyyətində, insanlarla münasibətində, hərəkət və dav­ra­nışlarında, ətraf aləmlə təmasında özünü güclü, əsas tərəf kimi göstərir.

Elxan Məmmədlini təxminən keçən əsrin səksəninci illərindən tanıyıram. Bir qədər dəqiqləşdirmə aparsam 1985-ci ilin əvvəllərindən. Otuz illik tanışlığım müddə­tin­də onu həmişə xeyirxahlıqlarla, yaxşılıqlarla dolu görmüşəm. O xeyirxah­lıq­lardan bü­tün çağlarda, ayrı-ayrı vaxt kəsimində mənə də pay düşüb. Yadımdadır, bir sıra mən­bələrin yerinin müəyyənləşməsində, faktların dəqiqləşməsində Elxan mü­əl­li­mə müraciət etmişdim. Namizədlik dissertasiyamın müdafiəsi ərəfəsində oppo­nent­ləri­min müəyyənləşməsi də onunla bağlı olmuşdu. Folklor İnstitutu yarananda mən ora­ya (Aşıq yaradıcılığı şöbəsinə) yarım ştat işə gəldim. Həmin vaxtdan bu günə qədər Aşıq yaradıcılığı şöbəsinin əməkdaşı kimi Elxan müəllimin rəhbərliyi altında çalışı­ram. Onun səmimiyyəti, qayğısı, şən ovqatı şöbədə əvəzsiz bir ruh yaradır. Əmək­daş­­­ların çöhrəsinə sevinc gətirir. Bu hər adama nəsib olan keyfiyyət də deyildir. Rəh­bərlər, müdirlər olubdu və görmüşük iddialı, özlərindən müştəbeh, mənəmmənəmlik duy­ğusu ilə yaşayan. Rəhbərlik etdiyi yerə dədə mirası kimi baxıblar. Və bugünki mühitdə bunların sayı-hesabı olmazın qədər çoxdu. Elxan müəllim isə idarəçilikdə, mühit yaratmada əvəzsizdi. Bu onun təbiətindən, ürək genişliyindən, xalq adamı ol­ma­sından, insanı dərkindən irəli gəlir. Bütün işlərində olduğu kimi, burada da o, nü­mu­nədir.

Elxan müəllimin bir şəxsiyyət kimi formalaşmasında, inasanlarla ünsiyyət və mü­nasibətində araşdırılmalı müxtəlif tərəflər var. Burada nəsildən, ocaqdan, gen yad­da­şından daşınanlar bir tərəfdir. Özü də mənim fikrimcə, güclü tərəfdir. Digər tərəf dün­­yaya göz açdığı mühitdir. E.Məmmədli türkün qədim, həm də əvəzsiz mədə­niy­yət ocaqlarından olan Borçalıda dünyaya göz açmışdır. Borçalı bir mədəniyyət ocağı olaraq bütün müstəvilərdə zənginliklərlə səciyyələnir. Mənə belə gəlir, bu məkanın ta­rixi insanlığın, türkün tarixi qədər qədimdir. Türkün yaratdığı mədəniyyətin ilkin ocaq­­larından biri kimi bu bölgə özündə çox qədimlərdən gələn təsəvvürləri daşıyır. Oradan alp-ərənlərin, ulu ozanların səsi gəlir. Böyük şairimiz S.Vurğun “tarixin nə qə­dər yazısı vardır” deyirdi. Bu yazı Borçalının mədəniyyət tarixində, daş yadda­şın­da daha aydınlıqla görünür. E.Məmmədli bir istiqamətdə həmin mədəniyyət layının, tarixin daşıyıcısıdır. Onun ruhuna kömülən sazın, folklor ruhunun qaynaqları torpaq­dan, ailədən, mühitin məişət zənginliyindən, aşıladığı təsəvvürlər sistemindən gəlir. Fol­klorşünas alimimiz E.Məmmədli bir istiqamətdə onun daşıyıcısıdır.

Onun digər tərəfində folklor daşıyıcısı olmadan əlavə folklorşünaslıq fəaliyyəti da­yanır. Yazımızın əvvəlində qeyd etdik ki, folklorşünaslar, eləcə də xalq ədəbiyya­tı­nın mənimsənilməsi müxtəlif tiplidi. Bizim bir sıra folklorşünaslarımız, sənətkar­la­rı­mız var ki, folkloru öyrənmə, onun mexanizmlərini mənimsəmə ilə formalaşıblar. Di­­gər bir qrup isə bütün ruhu, varlığı ilə folklora bağlıdır, genetik mahiyyətində folklor dayanır. Və özü də folklor daşıcısı olması ilə fərqlənir. Elxan müəllim məhz folklor daşıyıcısı olaraq fərqlənənlərdəndir. Onun folklorşünas kimi fəaliyyətinin əsa­sın­­­da aşıq yaradıcılığı dayanır. Azərbaycan folklorşünaslığının tarixinə də adını aşıq ya­radıcılığının tədqiqatçısı kimi yazmışdır. “Təcnis sənətkarlığı” (Bakı, Naftapress, 1998) monoqrafiyası folklorşünas alimimizin Azərbaycan folklorşünaslığına hədiy­yə­sidir. Xalq yaradıcılığında bir-birindən aktuallığı ilə seçilən maraqlı problemlər var. Aşıq yaradıcılığında da belədir. Ustad sənətkarların həyat və yaradıcılığının öy­rə­­nilməsi, aşıq mühitlərinin tədqiqi, bütünlükdə aşıq yaradıcılığının inkişaf tarixinin təhlili və s. problem mövzuların işlənməsi bir istiqamətdir. Elxan müəllim bu zəngin­lik­də tamamilə fərqli istiqaməti “Azərbaycan aşıq şeirində təcnis” kimi ciddi prob­le­mi tədqiq etmək yolunu tutdu. Olduqca ağır, həm də maraqlı olan təcnis sənət­kar­lığı təkcə nəzəri materialları mənimsəməklə yekunlaşmır, həm də bədii materiala, saza dərindən bələdliyi zəruri edir. Onu da əlavə edək ki, aşıq yaradıcılığında müxtəlif şeir şəkillərinin sistemli, dissertasiya səviyyəsində tədqiqi bir problem olaraq qal­maq­dadır. Düzdür, A.Laçınlı “Bayatıların mövzu və janr xüsusiyyətləri” adlı na­mi­zəd­lik dissertasiyası, M.Həkimov “Bayatılar”, A.Hacıyev “Bayatı poetikası” kimi mo­­noqrafik tədqiqatlar yazmışlar. Hətta M.Həkimovun “Aşıq şeir şəkilləri və onun qaynaqları” adlı monoqrafiyası vardır. Bütün bunlar aşıq yaradıcılığının zənginliyi müqabilində çox azdır. E.Məmmədli həmin dissertasiyanı müəyyən dəyişik­liklərlə monoqrafiya şəklində çap etdirdi. İndi aşıq yaradıcılığının hər hansı prob­leminin tədqiqi ilə məşğul olan folklorşünas ona əsaslı mənbə kimi müraciət edir.

Elxan Məmmədli yaradıcılığında mühüm bir hissəni Borçalı mühiti ilə bağlı top­­lamaları, araşdırmaları təşkil edir. Onun son dövr “Azərbaycan folkloru külliyatı” seriyasından buraxdığı otuzuncu cild folklorşünaslığa töhfədir. Onu da əlavə edək ki, Fol­klor İnstitutu son dövrlərdə region folklorunun öyrənilməsinə xüsusi qayğı göstə­rir. “Dərbənd folkloru” antologiyası, “Naxçıvan folkloru” antologiyası, “Ağba­ba folkloru” antologiyası, “Şirvan folkloru” antologiyası, “Muğan folkloru” anto­lo­giyası və s. bunun nümunəsidir. Elxan müəllim bu gərəkli işlərin bir tərəfi kimi “Borçalı folkloru örnəklərini” çap etdirdi. Yuxarıda dediyimiz bir fikri təkrar vurğulayırıq ki, folklorun toplanması, qorunub gələcəyə ötürülməsi bütünlükdə etnosun vətəndaşlıq borcudur. Xalqın mədəniyyətinə, tarixinə, olanlarına sahib durmaq missiyasıdır. Bun­­lar əvvəlki dövrlərdə, bizdən əvvəlki nəslin nümayəndələri tərəfindən daha ləyaqətlə həyata keçirilmişdir. Müəyyən vaxtlarda bu müqəddəs işə müəyyən əlavə­lər edilmək kimi tendensiya özünü göstərdi. Ancaq son dövrlərdə, Azərbaycanın müs­təqilliyindən sonra görülən işlər sırasında alqışlanmalı olan mühüm məsələlərdən biri toplama sahəsində edilənlərdəndir. Elxan müəllim “Azərbaycan folkloru külliy­yatı” nın otuzuncu cildi və iki cildlik “Borçalı folkloru örnəkləri” ilə Azərbaycan folklorşünaslığına özünün töhfəsini verdi.

Vacib olan digər bir məsələni də deyim ki, bu da E.Məmmədli yaradıcılığı üçün bir tərəfdir. Bu Şair Nəbinin şeirlərinin toplanıb kitab şəklində çapı ilə bağlıdır. Fol­klorşünas alimimiz Şair Nəbinin “Sığındım mövlaya” (Bakı, Çıraq, 2013) kitabını nəşr etdirdi. Günümüzə qədər ustad sənətkarın ayrı-ayrı toplularda bir neçə şeiri ge­dər­di. Halbuki, bu böyük, əvəzsiz sənətkarın ədəbi irsinin toplanmasına, ustad sənət­karların repertuarından yazıya alınmasına xüsusi ehtiyac vardı. Qərb bölgə­sində, onun bir hissəsi olan yaşadığım İncə dərəsində Şair Nəbi adı həmişə ucalıqla çəkilər­di. Uşaqlıqda bu adı mən böyüklərin dilindən, saz-söz məclislərində ustad söyləmə­lərində çox eşitmişdim. Elxan müəllimin bir neçə il bundan əvvəl Şair Nəbi ilə bağlı söhbətlərini eşidəndə, şeirlərini toplayıb toplu halında nəşr etdirmək istədiyini biləndə xeyli sevindim. Onun gəraylıları, qoşmaları, təcnisləri, divaniləri, müxəmməs və müsəddəsləri zəngir bir istedaddan, mühit zənginliyindən xəbər verir. Bundan əla­və kitabda “Rəvayət və deyişmələr” adlı bir başlıq var. Bunlar özlüyündə təkcə Şair Nəbi istedadını ifadəyə hesablanmır, digər istiqamətdə mühitin zənginliyini dü­şün­məyi zəruriləşdirir. Şair Nəbi E.Məmmədlinin folklorşünas kimi fəaliyyətində mü­hüm hissədir. O təkcə şeirlərin toplanması və nəşri ilə kifayətlənmədi, həm də “Şair Nəbi Borçalı: həyatı, mühiti, sənəti” (Bakı, Nurlan, 2014) mükəmməl bir tədqi­qat əsə­rini ortaya qoydu. Bununla o, bir tarix yazdı. Azərbaycan folklor­şünas­lığına öz la­yiq­li töhfələrinin birini də əlavə etdi. Burda xüsusi istedad sahibi Şair Nəbinin hə­yatı, yaradıcılığının müxtəlif istiqamətləri sistemli olaraq araşdırılma məqsədi daşı­yır. “Şair Nəbinin həyatı və mühiti”, “Şair Nəbinin poetik yaradıcılığı”, “Şair Nəbi Bor­çalı yaradıcılığında ürfani şeirlər”, “Əlavələr” başlıqları ilkin olaraq kitab haq­qın­da dolğun təsəvvür yaradır. Bir qədər əvvəl “Borçalı folklor örnəkləri”nin iki cildli­yini, külliyyatın otuzuncu cildinin adını çəkdik. Elxan müəllim ustad sənətkar Aşıq Aslan Kosalının dastan repertuarını yazıya almışdır. “Aşıq Qərib-Şahsənəm”, “Ab­bas-Gülgəz”, “Tahir-Zöhrə”, “Novruz-Qəndab”, “Səyyad-Səadət”, “Aslan şahla İb­ra­him”, “Alı xan-Pəri”, “Valeh-Zərnigar”, “Ağcaquzu”, “Pərizad xanımın Çənli­be­lə gətirilməsi” özlüyündə böyük xəzinədir. Bu müqəddəs və savab yoldan bəh­rə­lən­məliyik. E.Məmmədlinin bu işləri bizim üçün örnəkdir. Azərbaycan folklor məka­nı­na kifayət qədər bələd olan bu folklorşünas alimin gördüyü işlərdən ləyaqətlə bəh­rə­lən­məyin zamanı gəlib çatıbdır. Fikrimcə, Aşıq Aslan Kosalının repertuarından yazı­ya alınanlar da hələ ustadın repertuarının hamısı deyildir. Biz ustad sənətkarların zən­­gin repertuarını yazıya almağı vacib məsələ kimi diqqət mərkəzində saxlamalıyıq. E.Məmmədlinin gördüyü bu işin davamını gətirməliyik. “Borçalı folklor örnəklə­ri”­nin ikinci cildi də dastanlarla bağlıdır. “Mehralı bəy”, “Cahangir-Mələksima”, “Sam Şahzadə”, “Zərqam şah”, “İsmayıl-Qızyetər”, “Səlim bəy”, “Pəri-Hürü”, “Qul Əh­məd”, “Yetim oğlu Məhəmməd”, “Qaçaq İsaxan”, “Qaçaq Mahmud” dastan­larını vermişdir. Örnəklərin birinci cildində isə mifoloji mətnlər, ovsunlar, sınamalar, atalar sözü və məsəllər, bayatılar, laylalar, tapmacalar, rəvayətlər, deyimlər-düzgülər, tür­kə­ça­rələr, alqışlar, qarğışlar, andlar, inamlar, etiqadlar, əfsanələr, lətifələr, nağıllar və s. ayrı-ayrı başlıqlar altında verilmişdir. Əlbəttə burada uzun illərin zəhməti və təcrü­bəsi cəmləşir. Folklorşünas E. Məmmədli bu gördüyü böyük işlərlə adını Azərbaycan folklorşünaslığının tarixinə yazmışdır. Onu da əlavə edək ki, o, bu zəngin fəaliyyətdə hər hansı biri ilə də adını folklorşünaslığın tarixinə yaza bilərdi. Fikrimizcə, bir mə­sə­ləni də xüsusi olaraq vurğulamalıyıq. Bu da sənətkar repertuarının işlənməsi ilə bağ­­lıdır. Azərbaycan folklorşünaslığında sənətkar repertuarının işlənməsi problem olaraq qalmaqdadır. E.Məmmədli ustad sənətkar Aslan Kosalının timsalında sənətkar repertuarının sistemli yazıya alınmasının başlanğıcını qoymuşdur. Təkrar edirəm, bundan ənənə olaraq yararlanmaq lazımdır. Onu da əlavə edək ki, E.Məmmədlinin top­ladığı dastanlar ayrıca monoqrafik araşdırmaları zəruri edir. Borçalı folklor mühiti özlüyündə ayrıca tədqiqatlar mövzusudur. Onun müxtəlif səviyyələrdə işlənməsi Azər­baycan folklorşünaslığının qarşısında duran problemlərdəndir. Toplama sahə­sin­də bu işin sistemli mənzərəsini folklorşünas E. Məmmədli yaratmışdır. Davamı isə yəqin ki, yaxın vaxtlarda özünü göstərəcəkdir.

E.Məmmədlinin zəngin avtobioqrafiyasında xüsusi olaraq vurğulanmalı bir tərəf də var. Azərbaycan Televiziya və Radio Verilişlərindəki fəaliyyətini deyirəm. Folklorşünas alimin səsi “Bulaq”, “Gözəlləmə”, “Sarıtel”, “Sazın-sözün sehrində”, “Ustadnamə” ilə Azərbaycanı, türk ellərini, türkün ayaq basdığı yerləri dolaşdı. O bu verilişlərlə türk ruhunu bütünlükdə dünyaya bəyan etdi, dünya boyu səpələdi. Böyük mədəniyyəti, xalqın zəngin sərvətini “Bulağ”ın, “Sarıtel”in sehrində çatdırdı. Bir növ bu zənginlikdə özü də təravətləndi, müdrikləşdi, illəri belə gözəl arzu və istəklərlə yo­la verdi. Xalqın qəlbində “Bulaq” ,”Sarıtel”, Elxan Məmmədli sevgisini göyərtdi. Şəx­sən tanışlığıma qədər E.Məmmədlini radio dalğalarında, efir məkanında tanımı­şam. Onun xalq sevgisi ilə süslənmiş səsini və adını eşitmişəm. Şəxsi tanışlığımın təx­mi­nən otuz ilini demişdim. Efir tanışlığım isə qırx ildən çox bir zaman müddətini əhatə edir.

 Folklorşünas alimimiz Elxan Məmmədlinin yetmiş yaşı tamam olur. Bu ömür yolunda o, özü haqqında böyüklük, uca olmaq düşüncəsi formalaşdırmışdır. Onun hərəkət və davranışlarındakı nikbinlik, böyüklə böyük, kiçiklə kiçik ola bilmək baca­rı­ğı, ətraf mühitlə ünsiyyət qurmaq qabiliyyəti, ətrafına göstərdiyi qayğı və s. yüksək mə­nə­vi dəyərlərdir, insana, insanlığa olan sevgidir. M.Ə.Sabir keçən əsrin əvvəl­lə­rində “kim ki, insanı sevir aşiqi-hüriyyət olur” deyirdi. E.Məmmədli də məhz aşiqi-hüriyyət olanlardandı. Fəxr edilməli, iftixar duyulmalı kəslərdəndi. Bizim folklorlaş­mış alimlərimizdəndir.

 

Mahmud ALLAHMANLI

filologiya üzrə elmlər doktoru, professor

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here