“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin 2021-ci il üzrə tədbirlər planına uyğun olaraq 21 mart tarixində Novruz bayramı və Azərbaycanın Xalq şairi Səməd Vurğunun anadan olmasının 115-ci yubiley ildönümü münasibətilə mövcud pandemiya şəraitinin tələbləri gözlənilməklə Fəxri Xiyabanda tədbir keçirilmişdir.

“Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin təşkilatçılığı, Səməd Vurğunun Ev muzeyinin dəstəyi ilə keçirilən tədbirdə İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, İdarə Heyətinin sədr müavini Puşkin Əhmədov, millət vəkili MM-in Komitə sədri professor Səməd Seyidov, millət vəkili akademik Nizami Cəfərov, Səməd Vurğunun Ev muzeyinin direktoru Nüşabə xanım Vəkilova, akademik Məhəmməd Babanlı, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, professor Qəzənfər Paşayev, professor Valeh Nəsibli, dosent Məti Osmanoğlu, həkim Yusif Rəhimov, tibb üzrə fəlsəfə doktoru Əli Əliyev, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Bəhruz Əliyev, Əməkdar jurnalist, tanlnmış yazıçı Varis Yolçuyev, Sultanxanım Nəsibova, dosent Yusif Alıyev, şairlər Rafail İncəyurd, Zaməddin Ziyadoğlu, Ehtiram İlham, Mehman Mansurov, Babək Məmmədoğlu, Fərman Borçalı, Aşıq Avdı, Səbinə Yusif iştirak etmişdirlər.

  

   


Öncə mərasim iştirakşıları dahi Səməd Vurğunun məzarı önünə yığılaraq “Qazax” Xeyriyyə İctimai Birliyi adından Xalq şairinin abidəsi önünə əklil və gül-çiçək dəstələri qoydular. “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri İlham Pirməmmədov tədbir iştirakçılarını və Birliyin bütün üzvlərini Novruz bayramı mübnasibətilə təbrik edərək bildirdi ki, həmçinin biz bu gün 21 martda anadan olmuş Xalq şairi Səməd Vurğunun məzarı ilə yanaşı, 22 martda anadan olmuş Xalq yazıçısı İsmayil Şıxlının, 23 martda anadan olmuş Xalq yazıçısı Mehdi Huseynin, Xalq yazıçısı Yusif Səmədoğlunun, Xalq şairi Vaqif Səmədoğlunun, Xalq yazıçısı İsa Muğannanın və görkəmli ictimai-siyasi xadim Mövsüm Poladovun məzarlarını da ziyarət edərək onların da məzarları üzərinə əklil və gül dəstələri qoymağı onların da ruhlarına hörmət və ehtiramlarımızı bildirməyi özümüzə borc bilirik. Tədbir iştirakçıları həmin şəxslərin məzarlarını ziyarət edib “Qazax” Xeyriyyə İctimai Birliyi adından abidələri önünə əklil və gül-çiçək qoyaraq ruhlarına dualar oxuyub yenidən dahi Səməd Vurğunun məzarı ətrafına toplaşdılar.

 

 

Tədbiri giriş sözü ilə açan “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri İlham Pirməmmədov tədbir iştirakçılarını və İctimai Birliyin bütün üzvlərini Novruz bayramı mübnasibətilə təbrik edərək, türk dünyasının müqəddəs Novruz bayramı günündə, həmçinin dahi şəxsiyyətlərin doğum günündə Fəxri Xiyabana toplaşan hər kəsə öz təşəkkür və minnətdarlığını bildirdi. İ.Pirməmmədov qeyd etdi ki, artıq Səməd Vurğunun doğum və anım günlərinin məzarı başında qeyd olunması bir ənənə halını almışdır. Bu da ondan irəli gəlir ki, Səməd Vurğuna böyük bir el sevgisi vardır, böyük bir məhəbbət vardır. İlham Pirməmmədov həmçinin qeyd etdi ki, mövcud pandemiya vəziyyətinə uyğun olaraq bu gün biz burada iştirak etmək arzusunda olan çoxlu sayda vurğunsevər insanımızın iştirakına şərait yarada bimədiyimizə görə əminəm ki, hər kəs bizi düzgün başa düşəcək və inşallah gələn il dahi şairin ziyarətinə bu ağır günləri arxada qoyaraq rahat şəkildə toplaşa biləcəyik.

Lakin bütün çətinliklərə, pandemiyanın ağırlığına baxmayaraq, bu il biz həm Novruz bayramını, həm də dahi şairin doğum gününü daha sevincli, qürurlu şəkildə qeyd edirik. Çünki 2020-ci ilin 27 sentyabr tarixində Ali Baş Komandan cənab İlham Əliyevin hərbi sərkərdəliyi ilə başlayan qəhrəman Azərbaycan ordusunun şücayət və igidliyi ilə düşməni məhv edən və Azərbaycan xalqının qalibiyyəti ilə başa çatan 44 günlük Vətən müharibəsi bizə dünyanın qəhrəman xalqı kimi yaşamaq qürurunu bəxş etdi. Mən “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri və burada iştirak edən ziyarətçilərin adından Vətən müharibəsində canlarından keçən ölməz şəhidlərimizin ruhları qarşısında baş əyərək onlara uca Allahdan rəhmətlər diləyib, qazilərimizə, əsgərlərimizə sağlıqlar arzu edirəm.

Bəli, ölməz şairimiz Səməd Vurğun da hər zaman doğma Aəzrbaycanımızı bütöv, müstəqil görmək istəmişdir. Onun bu arzularını Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1996-cı ildə şairin 90 illik yubiley tədbirlərinin yekununa həsr olunmuş 7 mart 1997-ci il tarixdə “Respublika” sarayında təşkil olunan yubiley tədbirində özünə məxsus şəkildə ifadə edərək söyləmişdi: Biz Səməd Vurğunun ruhu qarşısında baş əyərək deyə bilərik: əziz şairimiz, sənin canın qədər sevdiyin Azərbaycan bu gün müstəqil dövlətdir. Sənin canın qədər sevdiyin xalqın bu gün azaddır. Bu gün mən bir daha bəyan edirəm ki, biz Səməd Vurğunun ruhunu gələcəkdə də şad edəcəyik. Müstəqil Azərbaycan yaşayacaq. Azərbaycanın dövlət müstəqilliyi əbədi, dönməz olacaqdır. Xalqımız daim sərbəst, öz taleyinin sahibi olacaqdır.

Yaşasın müstəqil Azərbaycan!

Yaşasın Səməd Vurğun yaradıcılığı!

Səməd Vurğuna eşq olsun!

Səməd Vurğuna ümumxalq məhəbbətinin ildən-ilə daha da dərinləşdiyini deyən İ.Pirməmmədov qeyd etdi ki, Səməd Vurğun bütün dövrlərin şairi olaraq Nizami, Füzuli kimi bundan sonra da yüzilliklər boyunca xalqın qəlbində, ruhunda yaşayacaq.

Həmçinin İ.Pirməmmədov qeyd etdi ki, Fəxri Xiyabanda müqəddəs ziyarətdə iştirak etmək arzusunda olan, lakin məlum səbəblərdən bu ziyarətə qoşula bilməyən çoxlu sayda vurğunsevərlərin bu tədbirdə iştirak etmək arzusunda olduğunu qeyd etdi. Bildirdi ki, “Şöhrət” və “Şərəf” ordenləri laureatı akademik Teymur Bünyadov, Xalq şairi, ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə bu il 90 illik yubileyi münasibətilə “İstiqlal” ordeni ilə təltif edilmiş Nəriman Həsənzadə və Azərbaycanın əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Vidadi Babanlı zəng edərək məndən xahiş etdilər ki, onların da adından böyük Vurğunun ruhuna ehtiramlarını bildirərək, isti salamlarını tədbir iştirakçılarına çatdırım. Biz də öz növbəmizdə hamınızın adından Teymur müəllimə, Nəriman müəllimə və Vidadi müəllimə Tanrıdan can sağlığı arzu edirik. Həmçinin Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov da zəng edərək “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvlərini və tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik etməyi və bütün qazaxlıların qucaq dolu salamlarını yetirməyi xahiş etdi. Fürsətdən istifadə edib bildirmək istəyirəm ki, Rəcəb Babaşov icra hakimiyyətinin başçısı olaraq son 5 il ərzində Qazax rayonunda şəhid və qazi ailələrinə, Qazax mahalının ziyalılarına, sənət insanlarına, elm-təhsil ictimaiyyətinə xüsusi diqqəti və qayğısı ilə seçilir. Biz də İctimai Birliyimizin üzvləri və sizlərin də adından bu işlərinə görə Rəcəb Babaşova təşəkkür və minnətdarlığımızı bildirərək onu və Qazax mahalının dəyərli sakinlərini Novruz bayramı münasibətilə təbrik edirik.

Daha sonra İ.Pirməmmədov çıxış üçün sözü professor Qəzənfər Paşayevə verdi. Q.Paşayev çıxışında Səməd Vurğunun yaradıcılığına bundan sonra da böyük sevgilərin olacağını, onun əsərlərinin akademik tədqiqatçıları üçün yeni-yeni mövzuların olacağını qeyd etdi. Həmçinin Səməd Vurğun yaradıcılığına dövlət tərəfindən böyük diqqət və qayğının da göstərildiyini bildirdi.

Sonra çıxış üçün söz millət vəkili akademik Nizami Cəfərova verildi. Akademik N.Cəfərov bildirdi ki, Səməd Vurğun Azərbaycanın sevilən şairi olmaqla yanaşı, onun Azərbaycan ədəbiyyatı, fəlsəfəsi, mədəniyyəti qarşısında böyük xidmətləri olmuşdur. Onun Elmlər Akademiyasının vitse-prezidenti olduğu dövrdə çoxlu sayda klassiklərin şeirləri toplanaraq çap edilmiş, Azərbaycan ədəbi-fəlsəfi fikir tarixi yenidən öyrənilmişdir.

Sonra İ.Pirməmmədov çıxış üçün sözü Milli Məclisin deputatı, Komitə sədri Səməd Sevidova verdi. Professor S.Seyidov çıxışında qeyd etdi ki, Şekspir ingilis dilini, Puşkin rus dilini şeiriyyətə necə təmizləyib gətirdisə Səməd Vurğun da Azərbaycan dilini o qədər duruldub, saflaşdırıb şeiriyyətə gətirmiş dahidir. Dahilər isə heç vaxt birmənalı qarşılanmır, ona görə də mən düşünürəm ki, Qazax mahalının dünyaya bəxş etdiyi bu dahi ilə bağlı zaman-zaman ziddiyətli fikirlər də ola biləcək.

Sonra çıxış üçün söz Səməd Vurğunun Ev muzeyinin direktoru Nüşabə xanım Vəkilovaya verildi. N.Vəkilova qeyd etdi ki, belə bir vaxtda bu cür tədbirin təşkil edilməsi, az sayda da olsa insanların dahi Səməd Vurğunun doğum günündə onun məzarı başına toplaşması Vurğuna olan xalq sevgisindən irəli gəlir. Səməd Vurğunla bağlı çoxlu sayda kitablar yazılıb, filmlər çəkilib, tədbirlər düzənlənib, bütün bunlar bu gün də davam edir, sabah da davam edəcək, çünki bütün bunlar Səməd Vurğunun daim xalqın içində yaşadığını göstərir. Vaxtilə Səməd Vurğuna qarşı xoşagəlməz çıxışlar etmiş insanlar sonrlardan xalqın qınağından çəkinərək öz mövqelərini də dəyişmişdilər. Çünki Səməd Vurğun hər zaman xalq tərəfindən yüksək sevgi ilə sevilib, sevilir, seviləcək.

Daha sonra jurnalist Səbinə Yusif şair Barat Vüsalın Səməd Vurğuna həsr etdiyi şeiri oxudu. Sonra “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin sədr müavini Puşkin Əhmədov şeir söylədi. Daha sonra şair Rafail İncəyurd və şair Zaməddin Ziyadoğlu şeirlər söylədi. Sonra Aşıq Avdının ifasında şairin bir neçə şeirini oxudu.

Sonda dahi Səməd Vurğunun məzarı ətrafında xatirə şəkli çəkdirildi.

“Qazax” Xeyriyyə İctimai Birliyinin mətbuat xidməti.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here