Ölümü ilə ürəklərə dağ çəkən ürək həkimi…

0
1312

Nədənsə bu gün gözlərim çox ağrıdı. Narahatçılıqlar üst-üstə yığıldımı? Yoxsa Vətən Müharibəsində itirdiyimiz oğulların yarıda qalan talelərimi, yoxsa sərhəddə əzizlərimizə nəsə olar deyib gecəni səhərə “dirigözlü” açmaqmı, yoxsa böyük ürəkli insanların həyatdan vaxtsız getməkləridimi gözlərimi ağrıdan???
Olub-keçənlər gözlərimə təsirsiz ötüşməmişdi. Bu gecə də çox narahat idim. Özümdən qeyri-ixtiyarı fikrim Qazaxda – Xanlıqlar kəndində Zaməddin Qağamla Hafizə Cijimin yanında idi. Bu gün onların gözlərinin ağı-qarası, ürək parası oğlu Cavid həkimin həyatının son gününü yaşadığı gündür. Düz 8 il öncə Cavid həkim taleyin amansız faciəsi ilə qarşılaşdı. 25 may 2013-cü il onun həyatının faciəli zəngi oldu!!!
Cavid Həmişəyev 1977-ci ildə ziyalı ailəsində anadan olub. Xanlıqlar kəndinin Həməşəlli soyundandır. Həməşəllilər ocaq olub. Həməşəlli Çoban Vəlinin qəbri ziyarət yeridir. O ocağa inam var, inanc var!
Cavid Həməşəyev 1999-cu ildə ATU-nun “Müalicə işi” fakültəsini bitirmiş.O, akademik M.A.Topçubaşov adına Elmi-tədqiqat Klinik Təbabət İnstitutuna təyinat almış və həmin tibb ocağında “Cərrahlıq” ixtisası üzrə 6 ay internatura kursu keçmiş, sonra isə dünya şöhrətli alim Doktor Cavad Heyətin təkidi və tövsiyyəsi ilə Tehranda İmam Xomeyni adına Tibb Elmləri Universitetinin Xəstəxana Kompleksində həkim-rezident işləmişdir. 2000-ci ildə Türkiyə Cümhuriyyətinin Ankara şəhərində kardiologiya ixtisası üzrə təhsilini davam etdirmək üçün Samsun şəhərində fəaliyyət göstərən Ondokuz Mayıs Universitetinin Uzmanlıq ixtisaslaşma kursuna ən yüksək balla qəbul olmuşdur. 2007-ci ilin oktyabr ayında “Uzmanlıq Belgesi” diplomu ilə mütəxəssis olmasına qərar verilmişdir. Həmin ilin sonunadək burada kardioloq-həkim kimi fəaliyyət göstərmiş. 14 yanvar 2008-ci ildə Bakıya dəvət almış, Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi Tibb Xidmətinin Mərkəzi Klinik Xəstəxanasında həkim-kardioloq kimi fəaliyyətə başlamışdır. 2011-ci ilin mart ayına kimi Mərkəzi Klinikada təbabət uzmanı işləmiş, kardioloq-alim kimi respublikamızın hüdudlarından kənarda da ad-san qazanmış, ABŞ, Türkiyə, Rusiya, Yunanıstan, Ukrayna, Fransa, Qazaxıstanda kardiologiya üzrə beynəlxalq konqreslərdə iştirak və çıxışlar etmiş, həmin ölkələrin “Kardioloqlar Cəmiyyəti”nin üzvü idi.
Cavid Həmişəyev bir çox elmi məqalələri ilə ölkəmizdə və xarici elmi dərgilərdə dərc olunmuş, kardiologiyaya dair bir neçə elmi ixtiraların müəllifi olmuşdur.
Doktor Cavid Həmişəyev 2011-ci ilin mart ayında yetkin bir həkim kimi ATU-nun Tədris Terapevtik Klinikasının Anjioqrafiya şöbəsinə müdir təyin olunur.
Dr.Cavid Həmişəyev həmçinin TQDK rəhbərliyinin istəyi ilə ölkəmizdə həkimlərin test-imtahan suallarını hazırlamışdır.
2012-ci ildə Prezident Yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dr. Cavid Həmişəyevə Türkiyə Cümhuriyyəti Səhiyyə Nazirliyi tərəfindən təqdim olunmuş “Uzmanlıq Belgesi” təsdiq olunaraq tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.
Bu yazılanlar nakam taleli bir insanın tərcümeyi-halı idi. Bu yazılanlar Səhiyyənin döyünən ürəyinin gələcəyə ümidli-inamlı səsi idi. Bu səs ürəkləri yaşamağa səsləyirdi. Bu səs 36 il dünyanı sevindirdi. 2013-cü ildə bu səs cismən susdu! Ancaq yaddaşlarda qaldı! Ürəklərdə yaşamaq haqqı qazandı. Elmi ilə, insanlığı ilə, loğman simasındakı işığı ilə dildən-dilə, nəsildən-nəsilə yaşamaq haqqı qazandı Cavid həkim.
Xəstələri, həkim dostları onun insanlığını, elmini dünyaya haqq tərəfindən göndərilmiş lütf kimi dəyərləndirir.
Millət vəkili, ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası idarə heyətinin sədri, Azərbaycan Respublikasının əməkdar həkimi Rəşad Mahmudov Cavid həkimi xatirələrində böyük hörmət və sevgi ilə xatırlayır : “…Onun necə səmimi, dostcanlı insan olduğunu hiss edirdim. İnanın, mən şəxsən öz həyatımdan onu deyə bilərəm ki, hər birimizin bu işlə əlaqədar, bu sahənin inkişafında bəlli rolumuz olub. Tibb Universitetində ilk dəfə belə bir sahənin açılması, rəsmiləşməsi və gözəl qardaşımızın oraya rəhbər seçilməsi fərqli bir inam yaratmışdı bizdə. Biz Cavidin bu uğuruna çox sevinirdik. Ona görə ki, gələcək tibbin inkişafında Azərbaycan kardiologiyasının 100 illər sonrasını belə rahat, səviyyəli bir şəkildə görmək artıq bizim üçün mümkün olmuşdur. Amma əlbəttə ki, sən saydığını say, gör fələk nə sayır.”
Bəli, Cavid həkim Rəşad həkimin dediyi kimi səhiyyənin gələcəyini rahat, səviyyəli şəkildə düzənləmək savadına malik idi. Azərbaycanın səhiyyəsinə ağır itki oldu Cavid həkimin vaxtsız gedişi.
Dəyərli insanların dünyadan köçməsi, sərhəddə dayanan qəhrəman insanlar üçün hər an keçirdiyim həyacan, yaxşı insanları itirmək qorxusu gözümdə dərdə-kədərə, ağrıya-acıya dönür. Yaxşı insanların varlığı ürəklərin dərmanı, gözlərin nurudur. Onları itirmək ürəkləri ağrıdır, gözləri dünyadan küsdürür. Bu cümlələri yazarkən qeyri-ixtiyarı olaraq Barat Vüsalın Cavid Həmişəyevin xatirəsinə həsr etdiyi şeirdən bir bənd dolanır beynimdə:

Qəlbi deşib neştər necə yaşasın?
Dur yolunu göstər, necə yaşasın?
Ay Zaməddin, dostlar necə yaşasın?
Cavidinin, axı dərdi öldürür!

Ruhuna ehtiramla: Səbinə Yusif

P.S. “Qazax” Xeyriyyə İctimai Birliyinin və Qazax RİH-nin birgə dəstəyi ilə tibb elminə böyük töhfələr vermiş, yüzlərlə insanı ürək xəstəliklərindən xilas edərək həyata qaytarmış Dr. Cavid Həmişəyevin doğma kəndi Xanlıqlarda onun xatirəsini əbədiləşdirmək məqsədilə xatirə-bulaq kompleksi tikilib istifadəyə veriləcək.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here