Şəhid mayor Namiq Əhmədovun xatirəsi anıldı

0
844

4 iyun 2021-ci il tarixində Azərbaycan Silahlı Qüvvələrinin Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Mərkəzi Zabitlər Evinin təşkilatçılığı, “Qazax” Xeyriyyə İctimai Birliyinin dəstəyi ilə Tovuz döyüşlərinin şəhidi Mayor Namiq Əhmədovun xatirəsi anıldı.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşı Gülxar Məmmədova tədbiri açıq elan edərək şəhid namiq Əhmədov haqqında məlumat verdi.
Anım Tədbirində “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin rəisi İlkin Qayıbov, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, ADPU-nun Quba filialının rektoru dosent Yusif Alıyev, ehtiyatda olan polkovnik-leytenant Elşən Abdullayev, Xalq artisti Gülyaz Məmmədova, “CARÇIOGLU GROUP” MMC-nin mətbuat katibi Səbinə Yusif, gizir Ağabala Abdullayev, şəhidin zabit dostu Ramin Dərgahquliyev, müğənnilər Kəmalə Xəlilova, Sədəf Budaqova çıxış etdilər.
Tədbirdə Şəhidin ailə üzvləri, “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri, Şəhidin zabit dostları iştirak etdilər.
Sonda Şəhidin ailəsi adından oğlu Məhəmməd çıxış edərək atasına göstərilən diqqət və qayğıya görə hər kəsə təşəkkür və minnətdarlığını bildirdi.

 

Namiq Hajan oğlu Əhmədov 8 noyabr 1984-cü ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub. 1991-ci ildə şəhid Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 2002-ci ildə həmin məktəbi bitirmişdir. 2002-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuşdur. 2006-cı ildə ali hərbi məktəbi artilleriya ixtisası ilə bitirmişdir. 2007-ci ildə Təlim Tədris Mərkəzində zabit kursunda təhsilini davam etdirmişdir.
Təlim Tədris Mərkəzində təhsilini başa vurduqdan sonra “N” saylı hərbi hissədə hərbi vəzifəsinə başlamışdır.
2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlarda Namiq Əhmədov da yaxından iştirak edirdi. Döyüşlərdə fərqlənməsi və fəallığı yüksək qiymətləndirilmiş, fəxri fərmanla təltif edilmişdir. Həmçinin, ona vaxtından əvvəl mayor rütbəsi verilmişdir.
2020-ci il iyulun 12-dən 13-nə ötən gecədən başlayaraq cəbhənin Tovuz rayonu, xüsusilə, rayonun Ağdam kəndi istiqamətində şiddətli döyüşlər başladı. Bu döyüşlər tarixə Tovuz döyüşləri olaraq yazıldı. Azərbaycan Silahlı Qüvvələrinin mayoru olan Namiq Əhmədov da bu döyüşlərdə xüsusi fəallıqla vuruşurdu. O, 2020-ci il iyulun 13-dən 14-nə ötən gecə Tovuz istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid oldu.
İyulun 14-də Namiq Əhmədov, doğulduğu Qazax rayonunun Yuxarı Salahlı kəndində dəfn olundu.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən mayor Namiq Hajan oğlu Əhmədov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Ruhunuz şad olsun, ölməz Şəhidlər.

P.S. Tədbirin təşklati işlərində yaxından kömək etdiyi üçün Zəminə Xınalıya təşəkkürümüzü bildiririk!

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here