İNSANLIĞIN ŞAH ƏSƏRİ – PROFESSOR BABƏK QURBANOV

0
1299
  • Bu gün Xalq şairi Osman Sarıvəllinin oğlu, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, fəlsəfə elmləri doktoru, professor mərhum Babək Qurbanovun doğum günüdür. Yaşasaydı 82 yaşı tamam olacaqdı. Bu münasibətlə bəstəkarın dostu Gaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi, Sənətşünaslıq elmləri doktoru, professor İlqar İmamverdinin yazdığı maraqlı məqaləni oxuculara təqdim edirik.

Böyük ziyalı alimimizin anadan olmasının 82 illiyinin tamam olması və 83-cü yaşa ruhən qədəm qoyması münasibəti ilə yazdığım xatrə məqaləsi üçün bu başlığı seçməyim təsadüfi deyil dəyərli oxucularım. Altmış ilə yaxındır ki, xoş sədalarını xalqımız arasında, xüsusən də elm camiasından eşidiyim, 18 il də sərasər bir yerdə çalışmamızda bu həqiqəti, Babək Qurbanov adlı nəcib insanlığın simvolunu özüm üçün kəşf etmiş oldum. Bu yöndən özümü bəxtəvər sayırdım ki 70 və 75 illik yubileyində 9 iyun tarixini, o xoş günü birlikdə Gaziantep Konservatoruyasının müəllimləri və məmurları ilə birlikdə qeyd edirdik. Təqdim etdiyimiz rəsimlər o anların xatirəsi kimi məni kövrək duyğuların ağuşuna almaqdadır. Hər il özünün xəbəri olmadan gizlicə tort təşkil edib çalışdığı masasının üstünə, kitapların əhatəsində mötəbərcəsində yer almasına diqqət edərdik. Müəllimlər və məmurlar onun ən yaxın dostları, qohum əqrəbaları kimi bu şənliyə qatılardılar.

Bu ad gününü mənim istəyimlə keçirməyin bir anlamı var idi. Düşünürdüm ki, bu dünada atasaı Osman Sarıvəlli, anası Səyalı xanım, qardaşları Rafik, Seyran, Afər haqq dünyasındadırlar. Yeganə bacısı Solmaz xanımın da əli çatıb, ünü yetmir ki, bu fani dünyada həyatda tək qalan əziz qardaşını təbrik edə bilsin. O mübarək gündə, sadəcə əl telefonuna zəng edib qardaş səsini duymaqla təbrik etməyə imkanı çatırdı. Babək müəllimin də ana yadigarı bircə bacısının doğma səsini dinlədiyi zaman mənən nə kövrək hisslər yaşadığına şahid olurdum. Bu duyğularını gizlətməyə çalışmasına rəğmən gözlərindəki nisgili sezməmək mümkün deyildi. Bu bir-iki dəqiqəlik telefonla təbrik zamanı: “Ad günümü müəllimlərimizlə birgə qeyd etdik ana” – deyə bacısına məlumat verirdi ki, Bakıda tək qalmış ana timsallı bacısı qəmlənib xiffət çəkməsin.

Hətta Azərbaycanın Türkiyə Böyükelçiliyində səmərəli xidmət göstərən, təhsil üzrə müşavirimiz Nəcibə xanım Nəsibovaya da bir gün öncə telefonla zəng edib dayımın ad günü olduğunun xəbərini verirdim. Bilirdim ki, Nəcibə xanım faksla təbrik məktubu və ya sifariş edib gül dəstəsi də göndərəcək. Və hər dəfə də Nəcibə xanım telefonla arayıb təbrik edəndə Babək müəllim həyəcanla üzümə baxırdı. Bilirdi ki, bu zəng edilmənin səbəbkarı mənəm. Dövlət təmsilçisi kimi Nəcibə xanımın xoş sözləri təbii ki, hər ikmizi qürurlandırırdı.

Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibəti ilə 7 may 2014-cü ildə Azərbaycan Böyük Elçiliyi ilə Gaziantep Universitetinin ortaqlaşa düzənlədiyi “Heydər Əliyev və Türkiyə” mövzulu tədbirdə professor Babək Qurnbanovun möhtəşəm çıxışı Azərbaycanımızı layiqli təmsil etməsi baxımınan diqqəti çəkirdi. Bu səbəblə də Böyük Elçiliyimizin təsis etdiyi qırmızı rəngə bələnmiş xüsusi plaketinin təqdimatı, Babək müəllimin siyasi-elmi səviyyəsinə verilən ən layiqli dəyər kimi tələbə və müəllimlərimizi qürurlandımışdı.

75 illiyi yaxınlaşdıqca xəyalən Babək müəllimi bir ifaçı-musiqiçi kimi səhnəyə çıxartmağı da özümdə qərarlaşdırdım. Fikrimi anlatdığımda tərəddüt etməsi təsadüfi deyildi. Neçə illərdi ki, fortepianoda mükəmməl məşq etməmişdi. Birtəhər razı salıb hər gün məşqlərə başladıq. Bu minvalla məşqlərimiz iki ay davam etdi. Fortepiano və tar üçün yazdığı “Şərq romansı” və “Keşkə” adlı bəstəsini özünün müşayiti ilə mükəmməl hala gətirdikdən sonra Babək müəllimin daxili aləmində mənəvi bir inam yaranmış oldu. Bu səbəblə də 4 may 2014-cü il tarixində Harran Universitetində təşkil olunan “Bahar Şənliklərinə” rəsmi dəvət aldıq. Uğurlu çıxışımızın sonunda Babək müəllim səhnənin arxasında həyəcanlı səslə etiraf etdi ki, piano ilə ilk dəfə səhnəyə sənin təkidinlə çıxmış oldum. Bu sözün qarşılığında zarafatla dedim: “75 yaşında Guinness rekorunu yenilədin ay dayı”. Sizin potensial imkanlarınızı fortepiano müşayiətində də test etdim.

Konsertin sonunda Harran Universitetinin rektoru prof. Dr. İbrahim Xəlil Mutlunun Babək Qurbanova xüsusi plaket təqdim etməsi hörmətli alimimizin elm sahəsindəki yüksək səviyyəsinə və musiqiçi kimi ifaçılığına verilən dəyər idi.

Doqquz iyun ərəfəsinə yaxın günlərdə mən də sakit durmayıb ədəbiyyatçı alim professor Kamil Vəliyevə, Qəzənfər Paşayevə, Mustafa İsgəndrzadəyə, Xalq şairimiz Zəlimxan Yaquba zəng edib nəhəng alimimiz-nəcib insan Babək Qurbanov haqda məqalə yazmalarını təvəqqə edirdim. Bütün bu davranışlarım Babək Qrbanova sürpiriz etmək, onu ürəkləndirmək, bu fani dünyada yalqız – yalnız olmadığını isbatlamaq məramımdan irəli gəlirdi. Xatirimdədir ki, bu sətirərin müəllifi də olmaqla Kamil Vəliyev və Qəzənfər Paşayev uzun illərə dayanan gənclik dostları olan Babək Sarıvəlli haqda mükəmməl yubiley məqaləsi ilə xalqımızı məlumatlandırmış oldular.

2009 ilin isti avqust günlərin birində Babək müəllimi ziyarət etmək məramı ilə İslam Səfərli küçəsindəki ata ocağına getmişdim. Evdə olduğuna çox sevindim. Osman qağanın bir zamanlar çalışdığı orijinal masa olan böyük otaqda Babək müəllimi ziyarət etmənin həzzini yaşayırdım. Solmaz xanımın dəmlədiyi pürrəngi çayı böyük billur stəkanda içə-içə fəaliyyətimizin planları haqda fikir mübadiləsi edirdik. Nə xoş anlar idi o günlər. Söhbət sırasında hər iki dostları görüşdürmək məramı ilə hörmətli alimimiz Qəzənfər Paşayevə zəng etdim. Əl telefonunda səsini duyduğum anda Babək müəllimlə bir yerdə, Osman Sarıvəlli ocağında olduğumuzu bildirdim. Və telefonu Babək müəllimə verdim. Xoş söhbətin yekununda anladım ki, Qəzənfər müəllim də bizlə görüşmək arzusundadır. Və qərarlaşıb “Fontanlar bağı”nda görüşümüzü gerçəkləşdirdik. Bu görüşü əbədiləşdirmək üçün xatirə fotosu da çəkdirdik.

Babək müəllim böyüklə-böyük, kiçiklə-kiçik rəftar edə bilən əsil insan övladı idi. Çünki insana dəyər verməyi bacaran şəxsiyyət idi. Bu xasiyyət təbiətindən, xarakterindən, canından, iliyindən, damarından, qanından, ən əsası isə genindən irəli gəlirdi. Ona görə də təmənnasız olduğu üçün böyüklü-kiçikli hər kəs ona hörmət bəsləyəridi, xidmətində olmağı arzu edərdilər. Çünki təməli doğru atılmış, bünövrəsi sərrast qurulmuşdu Babək müəllimin. Əqidəsi dürüst, məsləyi düz, gözü-könlü tox olan bu vətəndaşımızın possovet məkanında, 25 il qardaş Türkiyə Cumhuriyyətində alnıaçıq, üzüağ, möhtəşəm çalışmaları sayəsində əldə etdiyi uğurları ilə il ana Vətənmizə gətirdiyi şan-şərəfin sayı-hesabı yox idi. Özü də unutmşudu bu uğurların sayını. Sadəcə vicdanla xidmət etmək, onu yetirən xalqına başucalığı gətirmək Sarıvəlli ocağının bu şahəsərinin yeganə amalı idi. “Türk Dünyası Xidmət Mükafatı”nı da 2015-ci ildə təqdim etmələri bu qeyd etdiklərimin bir nümunəsidir.

Belə yaşadı bir ömür boyu. İctimai-siyasi quruluş dəyişsədə o dəyişməz qaldı. Olduğu kimi göründü, göründüyü kimi də doğru-dürüst, sözü bütöv, özü bütöv bir insan kimi, şərəfini, ləyaqətini, mənliyini qorumağa nail oldu. Bu səbəbdən dolayı da onu tanıyanlar Babək müəllimin adı çəkildiyi yerdə qeyri-iradi üzlərinə xoş bir təbəssüm qonurdu. Çünki elm dünyasında hərkəsə əl tutmağa, yardım etmyə çalışardı Osmanoğlu Babək. Bəzən məhdud maddi imkanı ilə hətta ədəbiyyata və elmə yeni qədəm basmış istedadlı vətən evladlarının kitabının və ya elmi məqalələrinin yayınlanmasına öz köməyini əsirgəmədiyini də müşahidə edirdim.

Bir ay Bakıda məzuniyyətdə olduğu zaman vaxt tapıb uşaqlıq illərinin futbolçu dostları, Hafis Paşayevlə böyük qardaşı Arif Paşayevlə də çalışdığı ali qurumlarda ziyarət etmək, nəzərdə tutduğu planlar arasında yer alırdı. Çünki ataları Mir Cəlal Paşayevlə Osman Sarıvəllinin dostluğu kiçik övladlarına da yansımışdır. Bu dostluğun təməli sağlam və təmənnasız atıldığı üçün uzunömürlü oldu.

Babək müəllimin Azərbaycanın böyük sənət adamları ilə tanışlığı sadəcə vətənimizlə məhdud deyildi. Digər ölkələrin Rusiya, Qazaxıstan, Türkiyə kimi məmləkətlərin şəxsiyyətləri ilə də bu tanışlığı davam etdirildiyinin şahidiyəm. Türkiyənin ən böyük saz virtuozu, Türkiyə Böyük Millət Məclisinin keçmiş üzvü olmuş Arif Sağ, 2011-ci il 15 aprel tarixində Gaziantep Universitetində konsert vermək üçün Konservatoriyamıza etdiyi ziyarət zamanı bu günü əbədiləşdirmək üçün foto çəkiminə də nail olduq. Bu görüşümüzü dəyələndirib “Miskin Abdal Ocağının El Sənətkarları” adlı kitabımı bu böyük sənətkara hədiyyə verməkdə əsas məqsədim Türkiyə-Azərbaycan mədəni əlaqələrinin inkişafında kiçik bir xidmət etmək məramından irəli gəlirdi.

Babək müəllimin TÜRKSOY, Beynəlxalq Türk Mədəniyyəti təşkilatının baş katibi Düsen Kaseinovla da tanışlığının kısa tarixcəsinin canlı şahidiyəm. 1991-ci il 19-24 fevral tarixində Gazaxıstanın Alma-ata şəhərində, Kurmankazı adına dövlət konservatoriyasında təşkil olunmuş “İfaçı-Musiqiçilər üçün ənənəvi musiqi təhsilinin keyfiyyəti” adlı bölgəsəl elmi praktik konfransında iştirak etiyim vaxtda (Prof. Dr. Fəttah Xalıqzadə, Sənətşünaslıq namizədi Fuad Əzimli, Türkiyədən Süleyman Şenel də bu simpoziuma qatılmışdılar) öyrəndim ki, hörmətli alimimiz Babək Qurbanov da Azərbaycan mədəniyyətini təmsil etmək üçün bu tədbirdə iştirak etməli imiş. Bakıya gəldiyimdə Babək müəllimə məlumat verdim və ona xüsusi dəvətnamə də göndərildiyini söylədiyim zaman bu barədə heç bir bilgisinin olmadığını dedi. Bu səbəblədə konfransa nədən qatılmadığı anlaşıldı. Qeyd etməliyəm ki, o zaman konservatoriyanın rektoru vəzifəsində çalışan məşhur skripkaçı Prof. Dr. Düsen Kaseinov idi.

Bu əhvalatfdan uzun illər keçməsindən sonra nəhayət 15-17 noyabr 2012-ci il tarixində Türk Ocaklarının 100 illiyi münasibəti ilə Ankara Böyük Şəhər Bələdiyəsi və TÜRKSOY təşkilatının işbrliyində düzənlənən beynəlxalq simpoziumda Babək müəllimlə Düsen Kaseinovu tanış etmək şərəfinə nail oldum. Bu tanışlığın simgəsi kimi yeni yayınlanmış “Koroğlu Havaları” isimli kitabıma “ön sözü”nün müəllifi olduğu üçün rus dilində avtoqraf yazııb Düsen Kaseinova təqdim etməsini Babək müəllimdən xahiş etdim. Bu avtoqraf yazısı təbii ki, Babək Qurbanovla Düsen Kaseinovun tanışlığına bir vəsilə oldu. Dəyərli oxucularımıza təqdim etdiyimiz şəkil həmin simpozyumun açılışı ərəfəsində çəkilmiş bir xatirədir.

Onu da qeyd etməliyəm ki, Babək müəllimin Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyada təhsil aldığı sənət, skripka aləti üzrə idi. Fəqət Qazaxıstana taxıl yığımında bir çox tələbələrlə birlikdə iştirak etdiyi günlərdə ani bir qəza nəticəsində arabadan yerə düşən Babək müəllimin qolunun üzərindən arabanın təkəri keçmiş, bu səbəblə də həkimlərin tövsiyəsi ilə skripkanı profesyonal çala bilməyəcəklərinin raporunu vermişlər. Buna görə də Babək müəllim təhsilini musiqi nəzəriyyəsi üzrə davam etdirmiş, bu ixtisasla da konservatoriyadan məzun olmuşdur. Düsen Kaseinov da profesonal skripka sənətcisi olduğu üçün Babək müəllimlə eyni məsləkdaş idilər. Əslində hər ikisini tanış etməmin səbəbi də skripka alətinin ifaçılıq məsələlərini hər iki musiqiçinin mükəmməl bilməsi ilə əlaqədar idi.

Babək müəllim qardaş Türkiyə universitetlərində və ya digər qurumlarda fəaliyyət göstərən elm adamlarının uğurları ilə fəxr edən, bu insanların sevncinə sevinən, dərdinə qəmlənib-kədərlənən həssas təbiətli bir insan kimi bu gün də gözlərimin önündə canlanmaqda, xəyalımda yaşamaqdadır. Üzü nurlu bu insanın xəyalı ömrümə qızıl hərflərlə həkk olub.

Tanınmış bioloq dosent dr. Yusif Zeynalov Universitetimizdə çalışmaqla bahəm həmdə Gaziantep Böyük Şəhər Bələdiyyə başcısı Asim Gözəlbəyin məsləhətçisi vəzifəsində xidmət etdiyi zaman 2008-ci ildə Ankarada yayınlanmış 614 səhifəlik “Gaziantep Çiçəkləri” adlı kitabına məqalə yazmaq üçün bir nüsxəsini Atatürk Universitetində çalışan Babək Qurbanova poçta ilə göndərdim. Qısa zamanda Ərzurumun yerli qəzetlərinin birində bu qiymətli kitab barədə mükəmməl bir yazını mənə göndərdiyi zaman məqaləni Yusif müəllimə təqdim etdim. Bu tanışlıq həmin kitab və o məqalə sayəsində gerçəkləşdi.

Şərəfli xidmətlərinə inamın nəticəsi idi ki, Böyük Şəhər Bələdiyyəsinin əmri ilə Antepdə Botanik Bağçasını qurmaq vəzifəsi də məhz, yabancı statusunda çalışan, əslən Gədəbəyli olan Yusif müəllimə həvalə olunmuşdur. Gecə-gündüz əzimlə, inamla çalışma sonucunda Botanik Bağçasının rəsmi səviyyədə açılış mərasimi də oldu. Bu fərəhləndirici xidmətə ürəkdən sevinən Babək müəllimlə məsləhətləşib Botanik Bağçasının müdürü vəzifəsində xidmət göstərən Yusif Bəyi məqamında ziyarət etmək qərarına gəldik. Bu gözəl qurumda və bağçada çəkilmiş şəkillər də həmin əlamətdar günün bir xatirəsidir.

16 Noyabr 2011 tarixində Gaziantep Üniversitesi Türk Musiqisi Dövlət Konservatoriyası və Fən – Ədəbiyyat Fakültəsi işbirliiyi və Prof.Dr. Ruhi Ərsoyun təşkilatcılığı ilə düzənlənən “Azerbaycan – Türkiyə Əlaqələrində Ədəbiyyat, Sənət, Kültür və Musiqi” adlı elmi toplantı səbəbi ilə Azərbaycandan millət vəkili, Şöhrət ordenli şair Sabir Rüstəmxanlı, Azerbaycan Türk Qadınları Birliyi Başcısı Tənzilə Rüstəmxanlı və sənətçı, yazar, tənqidçi Əhməd Şəfəq də bu mərasimə dəvət olunmuşdu. Hörmətli alimimiz Babək Qurbanovun adı da keçən afişada, ( yeni anju olması səbəbilə) təəssüf ki, bu mövzuda çıxış etməsi imkansız idi. Bu təqdim etdiyimiz şəkil həmin toplantıdan öncə foto ilə əbədiləşdirilmiş xatirədir.

Bir neçə il öncə bir beyt yarandı ay dayı. Kimsəyə deməmişəm. Bu yazımda ruhuna ərmağan olsun:

“İnsanların mədəsi hər loxmanı həzm edər,

Bəni-insan bir tikə, qara torpaq həzm edər.”

Özün bu fani dünyada olmasan da xəyalımda, ruhumda yaşayırsan. Röyalarımda görsənirsən ay dayı. Cismi-canın 80 yaşında qalsa da, mənim fikrimdə, düşüncəmdə 83 yaşa doğru yön almaqdasan, ay dayı! Hər dəfə Sizi təbrik etməkdən şövq alırdım. Qeyb olub getdiyin üçün bu dəfə özüm-özümü nisgilli qəlblə könül sınqınlığı ilə “təbrik edirəm”, mənim Babəkim, qardaş timsallı Babəkim, unudulmaz əziz Babəkim. Çünki qəlbimdə, canımda, xəyalımda, düşüncələrimdə yaşamaqdasan ey böyük şəxsiyyət, ey nəcib – nurlu insan. İnsanlığın lap əlası, insanlığın şah əsəri Osmanoğlu Babək Sarıvəlli. Ruhun şad olsun!!!

İLQAR CƏMİLOĞLU İMAMVERDİ

Sənətşünaslıq Elmləri Doktoru, Professor

Gaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının,

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi

06.06.2021, Gaziantep

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here