SON GÖRÜŞ

0
3090
  • Bu yazını Vətən Müharibəsinin qəhrəman oğullarından olan, 44 günlük Vətən müharibəsindəki xidmətlərinə görə “Qarabağ” ordeni ilə təltif olunmuş polkovnik Eldəniz Namazovun atası Firuddin Namazovun əziz xatirəsinə həsr edirəm.

Döyüşdən qayıdırdı. Sevincli olduğu qədər, yorğun idi. Qarlı dağların soyuğu hələ də canında idi. Güllələrin səsi qulağından, PUA-ların vahiməli uçuşu gözləri önündən getməmişdi. Sıldırım qayalarda, soyuq səngərlərdə Şəhid olan döyüş yoldaşlarının son sözləri bir an da olsun yadından çıxmırdı. Həm xidmət etdiyi uzun illər ərzində, həm də Vətən Müharibəsində şəhid olan döyüşçü dostlarının ayrılığının yarası sağalmaq bilmirdi. “Kəşfiyyatın Mixaylosu” adlandırılan Mühüd Orucovun ayrılığı nə qədər dözülməz idisə, anası Sima xanımın Vətən Müharibəsinin bitdiyi gün dünyasını dəyişməsi də ayrıca ağrı-acı idi. “Elə bil Sima xanım qələbə xəbərini Mühüdə çatdırmaq üçün tələsdi”, deyib dərindən ah çəkdi.
O, Qazaxa odlu-alovlu, ölümlü-qalımlı müharibədən Zəfərlə qayıtmışdı. Kəndə çatanda gözlərini ilk olaraq Göyəzən dağına zillədi. Dağın məğrurluğu yorğunluğunu unutdurdu. Öz-özünə Səməd Vurğunun məşhur misrasını söylədi: “Göylərə baş çəkir Göyəzən dağı”…
Göyəzəndən gözünü çəkər-çəkməz nəzərlərini evlərinə gedən yola dikdi. Özündən qabaq ürəyi addımlayırdı sanki. Ürəyində tez-tez deyirdi: “Bircə atamı sağ görə bilsəm”. Çırpınan ürəyi evlərinə çatmağa can atsa da, özü bu görüşə ehtiyat edirdi. Atasını yataqda görmək ona çox ağır idi.
Firuddin dayı əslən Qazax mahalının Qızıl Hacılı kəndindən idi. Abbasbəyli kəndində dünyaya göz açmışdı. Göyəzən dağının məğrurluğu, əzəməti onun xarakterinə də yansımışdı. Ötkəm baxışı, məğrur duruşu ona xüsusi görkəm verirdi.
Atasını ölüm yatağında görməyə ürək etmirdi. İndi atası ilə necə görüşəcəyini düşünürdü. Əzəmətli bir kişinin can çəkişməsini görmək ona çox çətin idi. İztirab çəkirdi. Birtəhər özündə güc tapıb tez-tez evlərinə tərəf addımladı. Körpə övladları qapıya bayraq asmışdılar. Üçrəngli bayrağın zirvələrdə dalğalanması üçün sinəsini düşmən gülləsinə sipər edən atalarının müharibədən sağ-salamat gəlişi sevincini yaşayan körpələr atalarını bayraqla qarşılayacaqlarına söz vermişdilər.
Həyətin qapısını astadan açdı. Evə tərəf qaçmaq istədi. Dizləri büdrədi. Qəhərləndi. Öz-özünə: “Mən səni belə görmək istəməzdim, ata. Həmişəki kimi məni ayaq üstə qarşılamağını istəyirdim”, -dedi. Bu vaxt evin qapısı açıldı. Onu həyətdə görən anası sevincindən bilmirdi nə etsin. Oğlunun boynuna sarıldı: “Qurban olum, oğul. Şükür, sağ-salamat gəldin. İndi dizimə güc, gözümə nur gəldi. Gəlişin məni dirçəltdi. Elə bilirəm dünyaya yenidən gəldim, ay mənim qəhrəman balam”. O, anasının başına sığal çəkdi: “Sən mənim ruhumun qidasısan, ana”!
Asta addımlarla pilləkanları qalxmağa başladı. Evə daxil olmağa ürək etmirdi. Evin qapısını açmamış başını sağ çiyni üstündən geri çevirib anasından soruşdu:
– Atam necədi?
Anası göz yaşlarını sildi. Anasının göz yaşları ona olacaqları dedi.
Bu görüş başqa görüşlərə bənzəmirdi. Bu görüş Zəfərlə süslənmiş görüş idi. Bu görüş həm də ayrılığın başlanğıcı idi. Özündə güc tapıb evə daxil oldu.
Dümağ yorğan-döşəkdə atasının saralan çöhrəsini görəndə sanki onu ildırım vurdu. Nitqi tutuldu. Söz tapıb danışmağa gücü çatmadı. Atası isə elə bil dünyaya yenicə gəldi. Dikəlib yastığa dirsəkləndi: “Gəl, oğul, xoş gəldin”, -dedi. Atasının səsini eşidib gözünə işıq gəldi.
Ağır xəstəliklə aylardır mübarizə aparan ata “Allah, müharibə bitənə kimi, oğlumu sağ-salamat görənə kimi mənə möhlət ver”, deyirdi tez-tez.
Müharibə bitmədən öncə, şiddətli döyüşlər gedən günlərdə düşmən dinc əhalini hədəf alırdı. Mənfur düşmənin “Smerç” raketləri və ağır artilleriya ilə Azərbaycan şəhərlərinə və mülki şəxslərə qarşı məqsədli hücumları nəticəsində dinc əhalinin həyatına son qoyulurdu. Həmin günlərdə səhhəti yenidən ağırlaşan Firuddin dayı Gəncədə müalicə alırdı. Odlu-alovlu gecələrin birində böyük oğlunun evində raket səsi eşidilir. Atılan raket evlərinin üstündən keçib, arxa binanı vurur. Dinc sakinlərin həyatına son qoyulur. Qəhrəman oğlunu görmək üçün Allah o gecə də ataya möhlət vermişdi.
Qısa sükutdan sonra o özünü toparlayıb atası ilə söhbətə başladı:
– Salam. Necəsən, ata?
– Qələbəmiz mübarək, bala. Şükür, Qarabağ azad oldu. Səni sağ-salamat gördüm, yaxşıyam.
– Ata, səni Bakıya müayinəyə aparacam.
– Mənə görə narahat olma, oğul. Səni gördüm, rahat ölə bilərəm.
– Elə demə, ata. Həkimlə danışmışam. Sabah gedək.
– Oğul, mən müharibə başlayandan Zəfər gününəcən hər dəqiqə, hər saniyə Allahdan möhlət istədim ki, sənin elinə, evinə sağ-salamat, qələbə xəbəri ilə qayıtdığını görüm. Elə həmin gün də əzrayıl canımı alsın. Səninlə görüşdüm, daha rahat ölə bilərəm. Səni gördüm, elə bil ki, Şuşanı ziyarət etdim. Şuşanın sıldırım qayalarında dayanıb 28 il, 6 aylıq həsrətin ağrı-acısını köksümdən qoparıb atdım. Ürəyim sərinlədi, ciyərlərim nəfəs aldı. Qarabağın füsunkar təbiətini özünlə gətirmisən. Bundan yaxşı dərmanmı var? Mənim loğmanım sənsən, oğul!
– Ata, həkimə də getmək lazımdır.
– Kişinin sözü bir olar! Bu gün mənim vəfa günümdür.
Ata başını oğlunun çiyninə söykədi. Elə oğlunun çiynində də bu dünyaya vida dedi.
Eldəniz əlləri ilə atasının əbədiyyətə qovuşan gözlərinə sığal çəkdi və onu bərk-bərk qucaqladı.
Həyat bu imiş demək. Eyni anda həm ayrılığa salam verirsən, həm də itirdiyin dünyanı geri qaytarmağa çalışırsan.
Elə bu vaxt onun telefonuna dostundan zəng gəldi:
-Salam. Necəsən?
-Atamı itirdim…

P.S. “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov və İctimai Birliyin üzvləri polkovnik Eldəniz Namazovun atası Firuddin Namazovun dünyasını dəyişməsi xəbərinə sarsıldıqlarını və döyüşdən sonra atasını tez zaman kəsiyində itirməsi xəbərinə üzüldüklərini bildirirlər.
Eldəniz Namazovun kədərinə şərik olduqlarını, Qəhrəman oğulun atasının xatirəsini daim əziz tutacaqlarını bildirirlər. Bir daha mərhumun doğmalarına, yaxınlarına, əzizlərinə baş sağlığı verirlər.

Allah rəhmət etsin!

“Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü Səbinə Yusif

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here